Müstəqil Azərbaycan Ulu öndərin xalqımıza əmanətidir

post-img

Vüqar RƏHİMZADƏ,
Milli Məclisin deputatı

Güclü Azərbaycan dövləti öz suverenliyini, müstəqilliyini qorumağa qadir olduğunu 44 günlük Vətən müharibəsində və Qarabağda həyata keçirdiyi birgünlük lokal antiterror tədbirləri zamanı şanlı zəfərləri ilə sübuta yetirdi

“Həyatımın mənasını ancaq xalqa sədaqətlə xidmət etməkdə görürəm. Bir daha bəyan edirəm ki, mənim üçün ən yüksək mükafat bundan sonra da xalqın etimadını doğrultmaqdan ibarətdir.” Bütün ömrünü Azərbaycanın bugününə, uğurlu gələcəyinə həsr edən fenomen şəxsiyyət Heydər Əliyev, eyni zamanda, bildirmişdir ki, mənim həyatımın məqsədi Azərbaycandır, Azərbaycan xalqıdır, Azərbaycan Respubilkasıdır, Azərbaycan vətəndışıdır. Əgər mən buna nail ola bilsəm, ən xoşbəxt adam kimi həyatımı başa çatdıracağam. Ümummilli lider Heydər Əliyev məhz Azərbaycan dövləti, xalqı qarşısındakı xidmətlərinin böyüklüyünə söykənərək əminliklə qeyd etmişdir ki, nə qədər ki Azərbaycan var, mən də varam. Mən isə Azərbaycanda əbədi olacağam!

Hər bir uğurumuz Heydər Əliyev siyasətinin təntənəsidir

Bu gün hər birimizin qürur duyduğumuz müasir müstəqil, qalib, yeni Azərbaycan ulu öndər Heydər Əliyevin şah əsəridir. Ümummilli liderin dövlətini, xalqını canından artıq sevməsi, “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” çağırışı harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlıya dərin vətənpərvərlik hissi aşıladı. Bu gün böyük qürur hissi ilə qeyd edirik ki, 2020-ci ilin 44 günlük Vətən müharibəsində Zəfər tarixini yazan gənclərimiz Ulu öndər Heydər Əliyevin məktəbindən bəhrələnən, Onun layiqli davamçısı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yetişdirdiyi gənclərdir. O gənclər ki, illərdir torpaqlarımızı düşmən tapdağından azad etmək, Xankəndidə, Şuşada, Xocalıda, işğal altında olan bütün torpaqlarımızda Azərbaycan Bayrağını ucaltmaq üçün Müzəffər Ali Baş Komandandan “Hücum!” əmrini gözləyirdi. Əbəs yerə deyilmir ki, torpaq, əgər uğrunda ölən varsa, Vətəndir. Azərbaycan gəncliyi qəhrəmanlığı, şücaəti ilə bunu bir daha təsdiqlədi. Bu gün qalib, bütövləşən Azərbaycanın uğurlarından bəhs edirik. Hər bir uğurumuz Heydər Əliyev siyasətinin təntənəsidir.

Bu mühüm məqam hər zaman xüsusi vurğulanır ki, dövlət o zaman güclü olur, xalq o zaman gələcəyə böyük inamla baxır ki, milli maraqları hər şeydən üstün tutan, dövrün, zamanın tələblərini müəyyənləşdirdiyi inkişaf strategiyasında nəzərə alaraq yeni reallıqlar yaradan Lideri vardır. Heydər Əliyev adını dövlətçilik tariximizə məhz liderlik nümunəsini yaradan şəxsiyyət kimi əbədi həkk etdi. Onun uzaqgörənliyi bugünümüzə və gələcəyimizə hesablanmış inkişaf strategiyasında özünün aydın ifadəsini tapır. Bu baxımdan ki, Lider dövlətin gələcəyini öncədən görmək və gördüyünü həyata keçirmək imkanlarına, gücünə malik olmalıdır. Ümummilli lider Heydər Əliyevin hakimiyyətinin hər iki dövrü Azərbaycanın xoşbəxt gələcəyini görməklə yanaşı, atılacaq zəruri addımların təqdimatıdır.

Tarixə, Ulu Tanrının Heydər Əliyev kimi dahi şəxsiyyəti Azərbaycan xalqına bəxş etdiyi gündən ötən 102 ilin ayrı-ayrı dövrlərinə qısa baxış keçirək. Ulu öndər Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyulun 14-də keçirilmiş plenumunda Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildi. 22 il Azərbaycan SSR Ali Sovetinin və keçmiş SSRİ-nin Ali Sovetinin deputatı oldu. 1974–1979-cu illərdə isə SSRİ Ali Soveti İttifaq Sovetinin sədr müavini vəzifəsini tutdu. 1976-cı ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvlüyünə namizəd, 1982-ci ilin dekabrında isə Siyasi Büronun üzvü seçilən ümummilli lider Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edildi. Bu vəzifədə işləyərkən ulu öndər Heydər Əliyev keçmiş İttifaqın iqtisadi, sosial və mədəni həyatının ən mühüm sahələrinə rəhbərlik etdi.

Böyük siyasi iradə, Vətən sevgisi, tükənməz dövlət idarəçiliyi istedadı

Azərbaycana rəhbərliyinin birinci dövründə ümummilli lider Heydər Əliyev özünün böyük idarəçilik bacarığı, polad iradəsi və yüksək vətənpərvərliyi sayəsində, uzaqgörən və məqsədyönlü qərarları ilə çox qısa müddətdə respublikamızda sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail olmuşdur. Tarixin gedişatının və həyatımızın ahənginin köklü surətdə dəyişdiyi, azadlıq və müstəqillik duyğularının milli düşüncəmizdə üstünlük təşkil etməyə başladığı bu illər Azərbaycanın quruculuq salnaməsinin ən parlaq səhifələridir. Ulu Öndərin xalqın yaradıcılıq enerjisini bir məqsədə yönəltməklə tarixi yaddaşın bərpası istiqamətindә atdığı qətiyyətli addımlar o dövrdə milli ruhun canlanmasına xidmət göstərmiş, özünüdərki və soykökə qayıdışı təmin etmiş, müstəqil dövlət quruculuğuna aparan yolun təməl daşına çevrilmişdir. Böyük siyasi iradəyə, sarsılmaz əqidəyə malik olan ulu öndər Heydər Əliyevin tükənməz dövlət idarəçiliyi istedadı Onun keçmiş SSRİ-nin rəhbərlərindən biri kimi çalışdığı və irimiqyaslı layihələr həyata keçirdiyi illərdə özünü bir daha parlaq surətdə təzahür etdirmişdir. Ümummilli Lider bütün varlığı ilə sevdiyi və canından əziz bildiyi doğma xalqının mənafelərini daim önə çəkmiş və respublikamızın inkişafı üçün malik olduğu bütün imkanlardan istifadə etmişdir.

Dahi rəhbərin həmin illərdə Azərbaycanın müstəqil gələcəyini düşünərək gördüyü işlərdən bəhs edərkən azərbaycanlı gənclərin keçmiş İttifaqın ən nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsi xüsusi qeyd edilir. Ümummilli lider bildirirdi ki, indi bizim təhsilimizin məqsədi gənc nəslə təhsil verib onları gələcəyə hazırlamaqdır. Amma bununla yanaşı, ən böyük məqsədimiz Azərbaycan vətəndaşını, müstəqil Azərbaycan cəmiyyətinin ləyaqətli üzvünü hazırlamaqdır. Hər bir insan gərək vətəndaş olsun. Gərək dövlətinə, ənənələrinə, xalqına sadiq vətəndaş olsun. Ulu öndər, həmçinin bu çağırışı edirdi ki, cəmiyyət təhsilsiz inkişaf edə bilməz. Keçmiş Sovet İttifaqı dövründə Ulu öndər Heydər Əliyev milli kimliyin qorunmasına, ana dilində təhsilin inkişafına böyük sərmayə yatırırdı. Dünya klassiklərinin və elmi ədəbiyyatın Azərbaycan dilinə tərcüməsi, Azərbaycan dilində günün tələblərinə uyğun bədii və elmi əsərlərin nəşri, Konstitusiyada Azərbaycan dilinin dövlət dili statusu alması azərbaycançılıq ideologiyasının inkişafına və təbliğinə xidmət edən mühüm addımlar oldu. “Millətin milliliyini saxlayan onun dilidir. Şübhəsiz ki, musiqi də, ədəbiyyat da, ayrı-ayrı tarixi abidələr də millətin milliliyini təsdiq edir. Amma millətin milliliyini ən birinci təsdiq edən onun dilidir. Əgər Azərbaycan dili olmasa Azərbaycan dilində mahnılar olmaz, musiqi olmaz. Bunların hamısı biri-birinə bağlıdır. Azərbaycan dilinin dövlət dili kimi yaşaması, möhkəmlənməsi, inkişaf etməsi də bizim ən böyük nailiyyətlərimizdən biridir. Bu, təkcə dil məsələsi deyil, həm də azərbaycançılıq məsələsidir” deyən ulu öndər Heydər Əliyev bir daha ana dilinə sevgisini, dövlətinə, xalqına bağlılığını nümayiş etdirdi. Bu çağırış Onun təşəbbüsü ilə 27 aprel 1978-ci il tarixində Azərbaycan SSR Konstitusiyasına “Azərbaycan SSR-in dövlət dili Azərbaycan dilidir” maddəsinin əlavə olunmasında özünün aydın ifadəsini tapdı. Belə ki, ümummilli lider Heydər Əliyevin təklifi ilə 73-cü maddənin bu redaksiyada verilməsi təklif olundu: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir.” Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ümummilli Lider Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindəndir. Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra da Azərbaycan dilinə diqqət və qayğı dövlət siyasətinin əsas tərkib hissəsinə çevrildi. 1995-ci ildə müstəqil Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər irəli sürülmüşdü. Ulu Öndər müstəqil dövlətimizin yeni Konstitusiya layihəsini hazırlayan komissiyanın iclasında müzakirələrin məntiqi nəticəsi kimi dövlət dilinin adı barədə öz qəti mövqeyini bildirdi. Geniş müzakirələrdən sonra 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapdı.

Əvvəldə də qeyd etdiyimiz kimi, Ümummilli Lider 1969-1982-ci illərdə Azərbaycanı keçmiş SSRİ-nin ən geridə qalmış müttəfiq respublikasından ən qabaqcıl respublikaları sırasına çıxardı. Müstəqil Azərbaycanın sənaye və iqtisadi potensialı məhz o illərdə formalaşdı. Məhz o illərdə yetişmiş kadrlar bu gün də müstəqil Azərbaycanda fəaliyyət göstərərək ölkənin ümumi inkişafını təmin edirlər.

Ümummilli liderin titanik gücü, müdrikliyi Azərbaycanı təhlükələrdən qorudu

Bu reallıq Prezident İlham Əliyevin çıxışlarında da xüsusi vurğulanır ki, Azərbaycan xalqının faciələri ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətdən getməsindən sonra başlamışdır. 1987-ci ildə Ulu öndər SSRİ-nin ali rəhbərliyindəki vəzifələrindən istefa verməsindən iki həftə keçməmiş erməni millətçiləri və onların Kremldəki himayədarları o vaxtkı Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycanın tərkibindən çıxarılıb Ermənistana verilməsi ilə bağlı məsələ qaldırdılar və Azərbaycan xalqının faciələri o gündən başladı. Əgər ulu öndər Heydər Əliyev hakimiyyətdə təmsil olunsaydı, heç vaxt erməni millətçiləri bu çirkin əməllərə əl atmağa cürət etməzdilər. Ümummilli liderin titanik gücü, müdrikliyi, ümumiyyətlə, Heydər Əliyev fenomeni Azərbaycanı bir çətir kimi hər cür təhlükələrdən qoruyurdu. “Baxmayaraq ki, siyasi fəaliyyətdən kənarda qalıb, amma Ulu öndər hər zaman Azərbaycanın maraqları ilə yaşayırdı, ürəyi Azərbaycanla bir döyünürdü və xalqımız üçün ağır günlərdə - 20 Yanvar faciəsindən sonra yenə də xalqımızın haqq səsini dünyaya məhz o çatdırmışdır. Yanvarın 21-də Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək öz haqq səsini ucaltmış, sovet hökumətinin, Sovet İttifaqının rəhbərliyinin bu qanlı əməlini pisləmiş və bu qırğınla bağlı dünyaya bəyanat vermişdir” söyləyən dövlət başçısı İlham Əliyev onu da bildirir ki, o günü yaxşı xatırlayıram. ...Moskvada yaşayan azərbaycanlılar daimi nümayəndəliyin önünə toplaşmışdılar və ulu öndər Heydər Əliyev binaya yaxınlaşanda sanki bir canlı dəhliz açılmışdı. Baxmayaraq ki, o, bütün vəzifələrdən çıxarılmışdır, ona qarşı Azərbaycanda ovaxtkı rəhbərlik tərəfindən çirkin kampaniya aparılırdı, sovet mətbuatında da çirkin kampaniya aparılırdı, ancaq Azərbaycan xalqının qəlbində o, daim böyük lider kimi yaşayırdı. Bu bəyanat böyük cəsarət, əsl vətənpərvərlik tələb edirdi.

Ulu öndər Heydər Əliyev 1990-cı ilin iyul ayında Moskvadan Bakıya gəldi. Ancaq ovaxtkı Azərbaycan rəhbərliyi Ümummilli liderin güclü lider olmasından narahatlığını Ona edilən təzyiqlərlə təsdiqlədi. Bu təzyiqlər nəticəsində O, doğulduğu Naxçıvana getdi və orada yaşamağa başladı.

Ümummilli lider Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyətinin bütün mərhələləri bir-birini tamamlamış, öz xalqına sıx bağlılığın, milli dövlәtçilik məfkurəsinə sadiqliyin canlı təcəssümü olmuşdur. Geniş bilik və dərin təfəkkür sahibi olan ümummilli lider Heydər Əliyev düşünülmüş və cəsarətli qərarları ilə təkcə müstəqillik illərində deyil, bütün dövrlərdə Azərbaycan ictimaiyyətini ən ciddi şəkildə düşündürən məsələləri uğurla həll etmişdir. Ulu öndər cəmiyyət həyatının müxtəlif sahələri arasında üzvi bağlılığı aydın görərək müəllifi olduğu milli inkişaf strategiyasında ictimai, siyasi, sosial, iqtisadi, mədəni və digər sahələrdə qarşıda duran vəzifələri düzgün müəyyənləşdirmiş və məharətlə həyata keçirmişdir.

Müstəqilliyin bərpasına gedən yol

Ulu Öndər Heydər Əliyevin gələcək fəaliyyəti üçün Naxçıvan dövrünün böyük əhəmiyyəti vardır. Təsadüfi deyildir ki, Azərbaycanın müstəqilliyin bərpasına gedən yol məhz Naxçıvandan başlamışdır. Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Bayrağı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında Dövlət Bayrağı kimi təsis edilmişdir. Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından “Sovet Sosialist” sözləri çıxarılmışdır, Sovet İttifaqının və sonra artıq Rusiyanın hərbi birləşməsi olan motoatıcı diviziya Naxçıvandan çıxarılmışdır. Ulu Öndər Heydər Əliyev Sovet İttifaqı Kommunist Partiyasının sıralarından çıxmışdır.

Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 1991-ci il dekabr ayının 16-da hər il dekabr ayının 31-nin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd edilməsi haqqında qərar qəbul etmişdir. Ulu öndər 1993-cü ildə xalqın təkidli tələbi ilə Azərbaycanda hakimiyyətə qayıtdıqdan sonra da diaspor quruculuğu dövlət siyasətinin əsas tərkib hissəsinə çevrildi. 2001-ci ildə Ümummilli liderin Sərəncamına uyğun olaraq 9-10 noyabr tarixlərində Bakıda Dünya Azərbaycanlılarının I Qurultayı keçirildi. Ondan sonrakı dövrlərdə hər 5 ildən bir Dünya Azərbaycanlılarının qurultayları keçirilərək soydaşlarımızın birliyinin daha da möhkəmləndirilməsinə xidmət edən addımlar atıldı, təşəbbüslər irəli sürüldü.

Bu gün ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının yaradılması da Ümummilli Liderin fəaliyyətinin Naxçıvan mərhələsi ilə bağlıdır. Partiyanın yaradılması ilə ölkəmizdə müasir siyasi sistem formalaşdırıldı.

Xilaskarlıq missiyası

Bütövlükdə Ümummilli Liderin hakimiyyətinin hər iki dövrü, həmçinin fəaliyyətinin Naxçıvan mərhələsi dahi rəhbərin xilaskarlıq missiyasının təqdimatıdır. Bütün dövrlərdə əsas məqsəd Azərbaycanın gələcək inkişafını təmin etmək idi. Zamanın hökmü ilə ötən əsrin 90-cı illərinin başlanğıcında dövlət müstəqilliyini bərpa edən Azərbaycan Ermənistanın təcavüzü, xarici təzyiqlər və daxili çəkişmələr üzündən dünyanın siyasi xəritəsindən silinmək və dövlətçiliyini itirmək təhlükəsi ilə qarşılaşmışdı. Taleyimizin həll olunduğu ağır bir zamanda xalqın təkidli tələbinə səs verərək yenidən hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirdi, ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtardı, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını aldı, yenidən qurduğu və hər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etdi. Ulu Öndər Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi illər xalqımızın nadir tarixi imkandan faydalanaraq, böyük əziyyətlər bahasına öz müstəqilliyini əbədi və dönməz etdiyi taleyüklü mərhələdir.

Məlumdur ki, müstəqilliyimizin bərpasının ilk illəri çağdaş tariximizə xaos, anarxiya, özbaşınalıq dövrü kimi yazılıb. Reallıq budur ki, 1993-cü ildə Ulu Öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmasaydı, bu gün Azərbaycan adlı dövlətin varlığından danışmaq mümkün deyildi. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın qarşısında geniş imkanlar açdı. Bu qayıdış Azərbaycanın hazırkı Zəfərli günlərinin, qürurlu anlarının əsası oldu. Həmin vaxtdan başlanan inkişaf, tərəqqi yolu Azərbaycanı böyük təhlükələrdən, faciələrdən xilas etdi, yeni Azərbaycan quruldu, bugünümüz üçün möhkəm təməl formalaşdı. Ulu öndər hakimiyyətə qayıdışının ilk günündən sabitliyin yaradılmasının vacibliyini bildirdi və belə bir çağırışı diqqətə çatdırdı ki, sabitlik olmasa heç bir sosial-iqtisadi layihənin həyata keçirilməsindən danışmaq olmaz. Məhz dahi şəxsiyyət Heydər Əliyevin gərgin səyləri nəticəsində 1994-cü ilin 12 may tarixində Ermənistanla atəşkəs sazişinin imzalanması ölkədə ictimai-siyasi sabitliyin yaradılmasında əhəmiyyətli rol oynadı. Bu mühüm addım elə həmin ilin 20 sentyabr tarixində “Əsrin müqaviləsi”nin imzalanmasını da şərtləndirdi. Ümummilli lider dünya təcrübəsinə əsaslanaraq belə bir çağırış edirdi ki, səylər birləşdirilmədən, təcrübə mübadiləsi aparılmadan heç bir dövlət təkbaşına iqtisadi tərəqqiyə nail ola bilməz. “Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi və siyasi mövqeyinin möhkəmlənməsində, etibarlı tərəfdaş kimi nüfuz qazanmasında mühüm rol oynadı. Ümummilli liderin müəllifi olduğu neft strategiyasının əsas tərkib hissələrindən olan, çoxlarına əfsanə kimi görünən Bakı–Tbilisi–Ceyhan neft və Bakı–Tbilisi–Ərzurum qaz kəmərlərinin reallığa çevrilməsi istiqamətində addımlar atıldı. Reallıq budur ki, Azərbaycan yerləşdiyi coğrafi məkana, malik olduğu təbii resurslara görə hər zaman dünyanın diqqətində olub. Ölkəmizin bu resurslardan səmərəli istifadəsini təmin edən yeni neft strategiyası Ümummilli liderin uzaqgörənliyinin təqdimatı oldu. İqtisadiyyatın inkişafında neft amilinə xüsusi önəm verən ulu öndər Heydər Əliyev, eyni zamanda, belə bir çağırışı da səsləndirdi ki, neft Azərbaycanın ən böyük sərvəti olub, xalqa, özü də təkcə indiki nəslə deyil, həm də gələcək nəsillərə mənsubdur. Onun böyük uzaqgörənliklə 1999-cu ildə yaratdığı Azərbaycan Respublikasının Dövlət Neft Fondu bu gün neft gəlirlərinin xərclənməsində şəffaflığı yüksək səviyyədə təmin edir. Ümumilikdə, Dövlət Neft Fondu beynəlxalq səviyyədə şəffaflıq kriteriyaları üzrə nümunəvi qurum kimi dəyərləndirilir. Dövlət Neft Fondunun vəsaitləri hesabına həyata keçirilən sosial-iqtisadi layihələr ölkəmizin hərtərəfli inkişafını şərtləndirir.

Dövlət quruculuğu

Hər bir ölkənin inkişafında iqtisadi amil əsasdır. Ümummilli liderin “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” çağırışı bu gün də öz aktuallığını qoruyur. Bu məqamı da xüsusi qeyd etməliyik ki, Ümummilli lider iqtisadi və siyasi islahatların vəhdətinin qorunmasını qarşıya əsas hədəf kimi qoydu. Dahi rəhbərin hakimiyyətə qayıdışının ilk günündən Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu yolunu tutaraq bu istiqamətdə mühüm addımlar atdı. Ümummilli lider demokratik cəmiyətin varlığını təsdiqləyən bütün atributların bərqərar olmasına- insan hüquqlarının qorunmasına, müstəqil, azad mətbuatın formalaşdırılmasına, çoxpartiyalı sistemin yaradılmasına, demokratik, beynəlxalq standartlara cavab verən seçkilərin keçirilməsinə və sair kimi demokratik dəyərlərin qorunmasına xüsusi diqqət yönəltdi və ölkəmizdə demokratik təsisatların yaradılması üçün yüksək şərait yaradıldı.

Medianın inkişafı prioritet oldu

Mətbuatı cəmiyyətin güzgüsü kimi dəyərləndirən ümummilli lider Heydər Əliyevin azad medianın inkişafı istiqamətində atdığı addımlar davamlılığı ilə diqqətdə oldu. Dövlət başçısı İlham Əliyevin bu günlərdə imzaladığı “Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamında qeyd edildiyi kimi, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar ölkəmizdə söz və məlumat azadlığının, fikir plüralizminin və digər demokratik dəyərlərin bərqərar olması üçün etibarlı zəmin yaratdı. Ümummilli lider medianın inkişafını prioritet vəzifələrdən biri hesab etmiş, onun fəaliyyətini tənzimləyən qanunvericilik bazasının formalaşdırılması, inkişafını əngəlləyən süni maneələrin aradan qaldırılması, maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl qərarlar qəbul etmiş, dövlət-media münasibətlərində mütərəqqi ənənələrin əsasını qoymuşdur. Onu da qeyd edək ki, Ümummilli liderin imzaladığı Fərmanla mətbuat üzərində senzuranın ləğvi azad, müstəqil medianın inkişafının başlanğıcı oldu.

(ardı var)

Siyasət