“Heydər Əliyev xatirələr işığında” layihəsinin qonağı olmuş ictimai-siyasi xadim Əhməd Əhmədzadə ilə söbətimizi davam etdiririk.
II söhbət
– Əhməd müəllim, belə demək mümkündürmü ki, sizin Füzuliyə təyinatınızda Heydər Əliyev haqlı çıxdı və orada işlədiyiniz müddətdə onun etimadını doğrultdunuz?
– Əlbəttə, başqa necə ola bilərdi. Sovet dövründə heç vaxt yüksək göstəriciləri ilə fərqlənməyən Füzuli rayonu orda çalışdığım 7 ilin hər birində yüksək nailiyyətlərinə görə keçici qırmızı bayraq aldı. Birinci bayraq alanda hamı məəttəl qalmışdı. Həmişə danlanan, tənqid olunan rayon birdən-birə belə uğur qazanır.
– Yəqin, bu uğurların qazanılmasında Heydər Əlyevin sizə real dəstəyi az olmayıb? Sizə vəd etdiyi köməyi göstərirdimi?
– Bunsuz uğur qazanmaq mümkün olardımı?! Nə məsələ qaldırırdıq, dərhal onu diqqətdə saxlayır və müzakirəyə çıxarıb həll edirdi. Məsələn, mən Füzulidə işə başlayanda, rayonun üzümlə yanaşı, beş min ton pambıq planı da var idi. Mərkəzi Komitənin kənd təsərrüfatı üzrə katibi Hacı İbrahimova telefon açdım və dedim, “Füzulinin 5 min ton pambığını növbəti ildə plandan çıxarmaq nəzərdə tutulur. Onu bu il götürün, biz də üzüm planını artıraq. Rayon üzüm üzrə ixtisaslaşırsa, bu pambığı indidən yığışdırmaq lazımdır”.
Dedi: “Əhməd, mən sənin mövqeyini dəstəkləyirəm, amma bu Heydər Əliyevin səlahiyyətində olan bir məsələdir. Gərək o özü buna razılıq versin. Heydər Əliyeviç Moskvadadır, gəlsin təklifini ona çatdırarıq”.
Üç gün sonra Heydər Əliyev Moskvadan gəldi. Bir gün keçməmiş Hacı İbrahimov mənə zəng vurdu ki, “Heydər Əliyeviç razılıq verdi, 5 min ton pambıq sizin plandan çıxarıldı”. Sonra Heydər Əliyeviç özü mənə telefon açdı və özünəməxsus şirin bir tərzdə dedi: “Əhmədzadə, eşitdim pambığı planından çıxartmaq istəyirsən. Əvəzində nə verəcəksən?” Dedim: “Heydər Əliyeviç üzüm əkin sahələrini artıracağam”. Soruşdu, “Nə qədər artıracaqsan?” cavab verdim ki, 1500 hektar. Dedi, “Əhmədzadə bu böyük rəqəmdir. Yaxşı, mən razıyam, başla”.
Biz isə 1500 yox, 3 min hektar üzüm əkdik. Bütün Arazboyu əkin sahələrində üzüm plantasiyası saldıq. Növbəti ildə görüləcək işləri bir il qabağa saldım...
1981-ci ildə Cəlilabadda üzümçülük üzrə respublika müşavirəsi keçirilirdi. Müşavirədə əvvəlcə Cəlilabadın birinci katibi İbrahim Qurbanov çıxış edib öhdəlik götürdü. Sonra mənə söz verdilər. Bizim üzüm planımız da 68 min tondur. Çıxış edəndə dedim, bu il 90 min ton üzüm verəcəyik. Heydər Əliyev yerindən qayıtdı ki, “Əhmədzadə bəs deyirlər sizdə 100 min ton üzüm var”. Dedim: “Heydər Əliyeviç düz deyirsiniz, 100 min ton üzüm olacaqdı, amma 2 min 700 hektar üzümlüyü dolu vurdu. Bu olmasa, əlbəttə 100 min ton üzümümüz olacaqdı”. Dedi: “Yox, deyirlər üzümlükləri dolu vursa da, 100 min ton üzüm olar”. Dedim: “Heydər Əliyeviç, son giləsinə qədər yığacağıq”. Dedi: “O son giləsiynən 100 min ton olacaq, olmayacaq?” Dedim, “100 min tona söz verə bilmirəm”. Dedi: “Eyb etməz, mən sizi 100 min ton nəzərdə tutmuşdum, amma indi ki arayış verirsən, bunu nəzərə alaram. Siz də elə eliyin ki, üzüm tam yığılsın”.
Özüm də qıp-qırmızı qızarmışam, tər basıb məni. O biri katiblərdən fərqli olaraq gəncəm, belə toplantılarda təcrübəm elə də yoxdur. Sonradan bir neçə katib mənə yaxınlaşdı ki, Əhməd müəllim siz düz elədiniz bu başdan yüksək rəqəmə söz vermədiniz. Dedim, mən Heydər Əliyeviçə yalan vəd verə bilmərəm...
Üzümü yığıb 68 min tona çatan günü özü mənə telefon açdı. Artıq planı doldurmuşduq. Dedi: “Əhmədzadə təbrik edirəm, planı doldurmusan. İndi nə gözləyirsən?” Dedim: “Heydər Əliyeviç 90 min ton olacaq”. 90 min ton üzümü yığıb məlumat verən günü də zəng vurdu. Dedi: “Təbrik edirəm. Sözünü tutdun, sağ ol. Əlavə yenə nəsə olacaqmı?” Dedim: “3 min tona yaxın məhsulumuz da olacaq”. Dedi: “Yaxşı, nə bacarırsız yığın, məhsul qalmasın”.
– Əhməd müəllim, bildiyimiz qədər Heydər Əliyev rayonlara tez-tez səfər edər, zəhmət adamları ilə birbaşa tarlalarda, üzüm plantasiyalarında, zəmilərdə görüşərdi. Sizin katib olduğunuz vaxtlarda Füzuliyə gəldimi?
– Füzulidə işlədiyim ikinci il –1982-ci il idi. Kabinetdə oturmuşdum, zəng gəldi. Telefonda Rafael Allahverdiyev idi. Dedi: “Yunus Qəhrəmaniçə cavab ver”. Yunus Rzayev dedi: “İndi çıxmışam kişinin yanından. Heydər Əliyeviçin tapşırığı ilə üç gündən sonra sizin rayonda üzümçülərin respublika müşavirəsi keçiriləcək. Respublika aktivindən tədbirdə 600 nəfər iştirak edəcək. İndi sənə zənglər gəlməyə başlayacaq. Amma, səni tanıdığım üçün deyirəm, o zənglərin heç birinə fikir vermə, öz bildiyin kimi hazırlıq gör”.
Telefonu qoyub, bir neçə dəqiqə bu tədbirin miqyasını təsəvvür etməyə çalışdım. Heydər Əliyevin keçirdiyi belə müşavirələr iki hissədən ibarət olurdu. Birinci hissədə səhər saat 9-dan günorta saat 3–4-ə qədər rayonun təsərrüfatlarını gəzir, zəhmətkeşlərlə görüşür, onların fikirlərini dinləyir, rayon fəallarının müşavirəsini keçirir, ondan sonra respublika müşavirəsi başlayır və axşam düşənə qədər davam edirdi. Bəzən gecə saat 12-ə, 1-ə qədər çəkirdi.
Yunus Rzayev dedi: “3-4 təsərrüfatda görüşlər üçün şərait yarat. Elə et ki, yolüstü təsərrüfatlar olsun, çox içəri ərazilərdə olmasın”. Heydər Əliyev gəlir əvvəl sahələrə baxır, sonra görüş keçirir, tarla düşərgəsində kolxoz sədrləri 4-5 dəqiqə məlumat verir, sonra özü çıxış edirdi və sonda sual-cavab olurdu.
Onun gəzəcəyi bütün kolxozlarda tarla düşərgəsi yaratmaq lazım idi. İyulun 18-i, qızmar hava, biz də yüngül konstruksiyadan örtüklü səhnə düzəltməliyik. Heydər Əliyevin özünəməxsus tələbləri vardı. O, düşərgələrdə düzəldilən səhnələrin çox hündür olmasını xoşlamırdı. Deyirdi, bizi göyə qaldırmayın, vətəndaşların yanında olaq. Ona görə səhnə yerdən, təqribən, 50-60 santimetr hündürlükdə olmalıydı ki, o camaatı, camaat da onu görsün.
Üç gün yatmadım. Ancaq arada sərin duş qəbul edib özümü ayıldırdım ki, işləri başa çatdıra bilim. Üç günə əhalini səfərbər edib lazım olan bütün işləri yekunlaşdırdım, 5-6 kolxozda düşərgələr saldıq, səhnələr quraşdırdıq.
Heydər Əliyev o vaxtlar da rayona qatarla gəlirdi və artıq rayonda “Çayka” avtomobili ilə hərəkət edirdi. Rayonun birinci katibi də onunla arxa oturacaqda oturur, yol boyu təsərrüfatlar haqqında məlumat verir, onun suallarını cavablandırır, verdiyi tapşırıqları qeyd edirdi.
Səhər saat 8-də Heydər Əliyev Horadizdə qatardan düşdü. Dəmiryol vağzalında üç mindən çox vətəndaş toplaşmışdı. Dedi: “Əhmədzadə, mən demişdim axı vağzala adamlar toplaşmasınlar”. Dedim: “Heydər Əliyeviç inanın biz heç kimə bura gəlməyi deməmişik, özləri ordan-burdan öyrənib toplaşıblar. Onların qarşısını necə kəsə bilərdik”.
Məktəblərin hansındansa Heydər Əliyevə xüsusi sevgisi olan bir müəllim pioner qalstukunda 100 məktəbli çıxarmışdı vağzala. Heydər Əlyev düşüb bir neçə dəqiqə camaata əl elədi, “Çox sağ olun! Əziyyət çəkmisiniz” deyib, maşına oturdu və təsərrüfatlara yola düşdük. Şamama Həsənovanın sahəsində baxdı ki, artıq pambıq yoxdur, yerinə üzüm əkilib. Şamama xanım dedi: “Heydər Əliyeviç bu pambığın qohum-qardaşı çox idi. Üzümün o qədər qohum-qardaşı yoxdur”. Heydər Əliyev güldü və soruşdu: “O nə deməkdir?” Dedi: “Pambığın dalıyca gələn çox olurdu, amma üzümün dalıyca Siz gəlirsiniz”. Dedi: “Darıxma Şamama, gələcəklər. Bu üzüm bizə çox böyük xeyir verəcək”.
Şamama xanımın kolxozundan çıxıb növbəti kolxoza getdik. Yolda mənə dedi: “Əhmədzadə, Yunus Rzayev səndən şikayət edir”. Yunus Rzayev də Üzümçülük və Şərabçılıq Komitəsinin sədri idi. Yunus müəllim o vaxt çox məşhur bir insan idi. Qərbi Azərbaycandan idi və o vaxt ermənilər onu həbs etdirmək istəyəndə, Heydər Əliyev onu xilas edib Azərbaycana gətirmişdi. Əvvəl Şamaxı rayonuna birinci katib, sonra da Respublika Üzümçülük və Şərabçılıq Komitəsinə sədr gətirdi. Çox etibarlı, sədaqətli, işini bilən adam idi. Dedim: “Heydər Əliyeviç, onunla elə bir problemimiz yoxdur. Yunus müəllimlə çoxdan işləyirik”. Dedi: “Yunus deyir ki, sən bu Araz boyu kolxozları sovxoz olmağa qoymursan”. Deməli, təsərrüfatlar kolxoz olanda qalır Kənd Təsərrüfatı Nazirliyinin sərəncamında, soxoz olanda keçir Yunus müəllimin sədr olduğu Üzümçülük və Şərabçılıq Komitəsinin sərəncamına.
Bu sözləri deyəndə biz o kolxozlardan birinin – Sabir adına kolxozun ərazisində idik. Dedim: “Heydər Əliyeviç, bu təsərrüfat Sabir adına kolxozdur. 750 hektar üzüm bağı var. Böyük təsərrüfatdır, bu yaşayış məntəqəsinin 15 minə yaxın da əhalisi var. Suvarılan ərazidir. 15 min ton üzüm verəcək. 15 min ton məhsulun qiyməti budur. Bu təsərrüfat kolxoz olduğu üçün məhsulun dəyərinin 25 faizini kolxozun bölünməz fonduna ayıra bilirlər. Bu da hardasa ildə 2-3 milyon manat vəsait deməkdir. Bu fond kolxozun sərəncamındadır və təsərrüfat bu fondda olan vəsait hesabına məktəb, bağça, öz işçiləri üçün fərdi ev, klub tikə, su çəkə, yol sala bilər. Fondun İdarə Heyətinin yeddi üzvü var, səs verir və məsələni həll edir. Bununla bərabər, kolxoz yerli büdcəyə və respublika büdcəsinə pul köçürür. Biz bu kolxozları sovxoz etsək, təsərrüfat gərək İttifaq büdcəsinə, respublika və rayon büdcəsinə pul versin. Qazandığı puldan Dövlət Plan Komitəsinin razılığı olmadan da bir manat xərcləyə bilməz”.
Heydər Əliyev məni maraqla dinləyəndən sonra, qayıtdı ki, deyirsən yəni bu qədər fərq var? Dedim: “Bəli. Mən istəmirəm kolxozların qazandığı pullar kənara çıxsın. İstəyirəm rayonda bir tikinti idarəsi yaradılsın və kolxozlar nə istəyirlər – bağça, məktəb, klub tiksinlər, su, yol çəksinlər və beləcə kəndlərimiz abadlaşsın”. Dedi: “Bu vaxta qədər biz xeyli kolxozu sovxoz etmişik, deyirsən düz eləməmişik?” Dedim: “Düz etmisiniz”. Dedi: “Səni başa düşmədim. Deyirsən bunları sovxoz etmək düz deyil, amma elədiklərimizi deyirsən düz eləmişik”. Dedim: “Heydər Əliyeviç, siz zəif, kasıb təsərrüfatları sovxoz edirsiniz ki, dövlət o təsərrüfatlara kömək etsin, vəsait ayırsın, onların ssuda borclarını ödəsin, tikintilərini maliyyələşdirsin”. Bir qədər fikrə gedib dedi: “Əhmədzadə mən yoldaşlara nə qədər deyirəm bunu əsaslandırın, bir düz-əməlli izahat ala bilmirəm, amma sən bu 10 dəqiqəyə hamısını çox aydın izah elədin. Gərək onlar da bunu başa düşsünlər”.
Ulu öndərin bu sözündən başa düşdüm ki, Heydər Əliyeviç özü bunları çox yaxşı bilir, sadəcə mənim bu məsələyə yanaşmamı öyrənmək istəyir. Əlbəttə, Heydər Əliyev bütün məsələlərdə Azərbaycanı, xalqı və regionlarımızın inkişafını düşünürdü və yalnız bizə faydalı olan qərarlara üstünlük verirdi. Bəzən bunun mahiyyətini geniş açmırdı ki, Moskva qısqanclıq edər...
Qarşıda bizi Məmməd Əsgərov, Yunus Rzayev və respublika aktivinin başqa nümayəndələri gözləyirdi. Heydər Əliyev maşından düşən kimi Yunus Rzayevə üzünü tutub dedi: “Yunus biləsən ki, mən Əhmədzadənin tərəfindəyəm. Əhmədzadə düz deyir, bu kolxozları sovxoz eləmək olmaz”.
Məmməd Əsgərov Heydər Əliyevə “Heydər müəllim” deyən iki üç kişidən biri idi. Dedi: “Heydər müəllim, mən də deyirdim kolxozları sovxoz eləmək olmaz”. Dedi: “Nə deyirdin? İki-üç dəfə səndən soruşdum, düz-əməlli bunu əsaslandıra bilmədin. Əhmədzadə mənə bunu elə sadə izah etdi, daha kimsə bunu mənə başqa cür yoza bilməz”. Bununla da məsələ bağlandı...
Yolda məndən hər bir kənd haqqında məlumat soruşurdu. Həmin kəndə çatanda o kənd, oranın əhalisi, təsərrüfatı haqqında elə izahlar, məlumatlar verib, insanlar haqqında elə danışırdı, özüm məəttəl qalırdım. O deyirdi ki, düşərgələrdə 300-500 adam olsun, amma 3 min, bəzən 5 min adam toplaşırdı. Kimə demək olardı ki, gəlmə, hamı Heydər Əliyevi görməyə maraqlı idi. Çünki onun haqqında o qədər maraqlı əhvalatlar, əfsanəyə bənzər gerçəklər eşitmişdilər, hamı onu görmək istəyirdi.
Bir kolxozda da çıxışlar qurtardı, özü danışdı, sonra camaata üz tutdu ki, kimin sözü var. Arxadan ahıl yaşda bir kişi əlini qaldırdı ki, mənim sözüm var. İyulun 18-i, göydən od tökülür, kişinin başında da qoyun dərisindən yekə papaq, əynində qara köynək, qara kostyum. Üzünü də gün qaraldıb. Dedi: “Yoldaş Əliyev, mənim sözüm var”. Mən bunu tanımadım. Heydər Əliyev altdan-altdan baxdı ki, yəni bu kimdi. Mən üzümün ifadəsilə göstərdim ki, tanımıram. Ulu öndər vaxt qazanıb bunu öyrənmək üçün dedi: “Kişi, gəl qabağa, gəl çıx bura”. Gəldi lap Heydər Əliyevlə iki-üç metr aralıda dayandı və dedi: “Yoldaş Əliyev, siz bizə bir katib göndərmisiniz, cavan oğlandır, heç məni tanımır. Mən “Qırmızı Oktyabr” sovxozunun heyvandarlıq fermasında çoban işləyirəm. Katib iki dəfə bizim fermada olub, istirahət günlərim olduğu üçün mən evdə olmuşam, onu görməmişəm. Bizim nə problemlərimiz olsa, o həll edir. Özümüzlə bağlı sözümüz yoxdur. Mən istəyirəm Füzuli camaatının bir arzusunu Leonid İliç Brejnevə çatdırasınız. Əslində bu arzu bütün Azərbaycan xalqının arzusudur. Amma çatdıra bilmirik”. Heydər Əliyevin qaşları çatıldı və bir az da təbəssümlə soruşdu: “Nə arzudur elə?” Kişi dedi: “Biz sizin döşünüzdəki o ulduzun yanında ikinci ulduzu görmək istəyirik. Xahiş edirik bu sözümüzü bizim adımızdan Brejnevə çatdırasınız”. Bu sözünü bitirər-bitirməz burda olan beş min adamın gurultulu alqışları başladı. Alqışlar dayanmaq bilmir. Heydər Əliyev özünəməxsus təbəssümlə kişiyə, camaata baxdı sonra dedi: “Yaxşı kişi, çatdıraram”.
Gəlib maşına oturanda dedi: “Əhmədzadə rəngin yaman ağarmışdı. Kişini tanımırdın”. Cavab verdim ki, Heydər Əliyeviç, həqiqətən tanımırdım. Füzulidən olduğunu bilmədim. Düşündüm yəqin qonşu rayonların hansındansa gəlib, şikayəti var. Bəzən belə şeylər olur, narazılıq yaradır”. Dedi: “Əhmədzadə, bəzən katiblər müəllimləri öyrədir, onlar belə şeylər deyirlər, o mənə yapışmır. Amma bu kişi xalqın ürəyindən gələn sözü dedi, həm də öz dilində, pafosnan yox. Mən onu qabağa çağırdım ki, görüm yanında kim var. Gördüm yanında heç kim yoxdur. O, öz ürəyindəkiləri dedi. Mənim işimə, əziyyətimə ən yaxşı qiymət budur. Xalq qiymət verirsə, bundan böyük qiymət ola bilməz. Sən də sağ ol ki, etimadı doğruldursan, burda yaxşı atmosfer yaradıbsan. Biz bu rayonda katibi dəyişməkdə bir az gecikdik. Amma yaxşı ki, səni göndərdim. Baxıram, görürəm burda çox iş görmüsən. Əvvəllər bu rayonda belə işlər görülməmişdi”. Dedim: “Heydər Əliyeviç, əvvəlki katib də az iş görməyib. Bax gördüyünüz bu üzüm bağlarının çoxu onun vaxtında salınıb. Bacardığını edib, çalışıb...” Dedi: “Əhmədzadə, mən birinci dəfədir görürəm təzə katib köhnə katibi tərifləyir. Bu yaxşı xüsusiyyətdir. Amma eyforiyaya uyma, o katibin səhvləri çox idi. O, səhvlərə yol vermək olmaz. Mən başqa tədbir də görə bilərdim, amma sənin yaxşı tanıdığın o üç katibi sadəcə cəzasız işdən çıxartdım. Uzun müddət işləyiblər, səhvlərini güzəştə getmək olar...”
Sahələri gəzirik, bol üzüm var. Mənim də əhvalım yaxşıdır. Bir aya yığım başlayacaq. Kolxozların birində briqadir elə sahədə məlumat verir, Heydər Əliyev də diqqətlə ona qulaq asır. Soruşdu: “Ay kişi, de görüm hər mövsümdə nə qədər pul qazanırsınız?” Kişi bir fantastik rəqəm dedi: “İllik gəlirim 34 min manat olur, yoldaş Əliyev”. Bu da o dövr üçün çox böyük pul idi. Soruşdu ki, necə qazanırsan bu boyda pulu? Cavab verdi ki, “bütün ailəmizlə burada çalışırıq. Mənim 10 uşağım var. Ali məktəbdə oxuyanı var, orta təhsil alanları var”. Dedi: “Uşaqların sənə kömək edirlərsə, bu yaxşıdır. Amma uşaqları təhsildən ayırmayın, qoyun oxusunlar, ali təhsil alsınlar. Bizə yaxşı təhsil alan gənclər lazımdır”.
Yəni Heydər Əliyev heç bir məsələni diqqətdən kənar qoymurdu. Zəhmətkeş insana başa saldı ki, qazanmaq yaxşıdır, amma uşaqlarını təhsildən ayırma, onların təhsil almasına mane olma, əksinə çalış yaxşı oxusunlar.
Burdan ayrılıb növbəti kolxoza gəldik. Bu təsərrüfatda da Lenin ordenli Pənah adlı briqadir vardı. Çox dilli-dilavər, diribaş kişi idi. Heydər Əliyevin bunun sahəsindən xoşu gəldi. Ordan-burdan sual verdi. Sonra qayıtdı: “Pənah, neçə uşağın var?” Pənah cavab verdi, “Altı uşağım var”. Dedi: “O biri briqadir dedi 10 uşağı var”. Bu briqadir də cavandır. Dedi: “Biz də ona çatdırarıq”. Dedi: “Pənah, bunu sən deyirsən, bəs həyat yoldaşın?”. Dedi: “Yoldaş Əliyev deyəndən sonra onun haqqı nədir nə desin...” Heydər Əliyev briqadirin bu sözündən uğundu gülməkdən.
Bu fenomen insan harda nə deməyi, necə insanların qəlbinə yol tapmağı, onlarla belə zarafatlar etməyi bacaran bir şəxsiyyət idi. Amma onun burda zarafatla dediyi sözün arxasında Azərbaycanda əhalinin sayının artması kimi çox uzaqgörən bir siyasət, istək, arzu var idi. Bu sözü elə-belə, təsadüfən demirdi. O bir çox yerlərdə çoxuşaqlı ailələrin olmasını dəstəklədiyini bildirirdi.
Söhbəti qələmə aldı:
İlqar RÜSTƏMOV, “Xalq qəzeti”