Aprel döyüşləri – Qarabağın xilasına açılan qapı

post-img

Qarşıdan Azərbaycan tarixinə Aprel döyüşləri kimi düşmüş şanlı qələbəmizin ildönümü gəlir. Azərbaycan Ordusu 2-5 aprel 2016-cı il tarixində ərazilərimizi uzun illərdən bəri işğal altında saxlamış Ermənistan ordusuna özünün ilk sarsıdıcı zərbələrini endirmiş, bu terrorçu dövlətin bütün sütunlarını silkələmişdi. Hətta işğalçı ölkənin o vaxtkı terrorçu prezidenti Serj Sarkisyan da Azərbaycan əsgərinin gözlənilməz qələbəsi qarşısında çaşbaş qalmışdı. Bu, illərdən bəri sıralarını möhkəmlədən, silah-sursat ehtiyatını zənginləşdurən, döyüş qabiliyyətini artıran Azərbaycan Ordusunun düşmənə ilk böyük zərbəsi, tarixi qələbəsi idi. Şübhəsiz ki, Aprel döyüşlərində qazandığımız tarixi qələbə sonrakı zəfərlərimizin rəhni, müjdəçisi oldu. 

Yaxşı yadımızdadır ki, 2016-cı ilin ap­relində Ermənistan silahlı qüvvələri qo­şunların təmas xəttində növbəti təxribata əl atanda hələ Azərbaycan Ordusundan belə ağır cavab alacağını gözləmirdi. Amma əsgərlərimizin əks-əməliyyat za­manı göstərdiyi şücaət Azərbaycan Or­dusunun tarixi qələbəsi ilə nəticələndi. Aprel döyüşləri dövlətimizin, ordumuzun gücünü, xalqımızın birliyini, vətənpərvər­liyini nümayiş etdirdi.

Təbii ki, Ermənistan gözləməsə də, Azərbaycan Ordusu son illərdə kifayət qədər güc toplamışdı. Ölkədə Prezident İlham Əliyevin rəhbərliyi ilə ordumuzun təchizatı sahəsində böyük işlər görül­müşdü. Ümummilli lider Heydər Əliyevin 1993-cü ildən başladığı nizami ordu qu­ruculuğu prosesi 2020-ci ilin noyabrında Prezident İlham Əliyevin Ali Baş Koman­danlığı ilə Ermənistan ordusunun dar­madağın edilərək torpaqlarımızdan qo­vulması ilə başa çatıb. Ordumuz bu illər ərzində ən müasir silahlarla təchiz edilib, ən peşəkar səviyyədə hərbi təlimlərdə bərkiyib. Nəhayət, XXI əsrin müharibəsi­ni böyük rəşadətlə başa vurub, dünyanın ən yaxşı orduları sırasında özünə yer tu­tub.

Ordumuz 2016-cı ildən sonra 2018-ci ildə də erməni ordusuna öz gücünü göstərmişdi. Ali Baş Komandan İlham Əliyev bununla bağlı 2018-ci ilin iyunun­da Azadlıq meydanında keçirilmiş hərbi paraddakı çıxışında bildirmişdi ki, Ap­rel və Naxçıvan qələbələri ordumuzun, xalqımızın vətənpərvərlik ruhunu güclən­dirir: “2016-cı ilin Aprel döyüşləri, 2018-ci ilin Naxçıvan əməliyyatında işğaldan azad edilmiş torpaqlarda Azərbaycan bayrağı qaldırıldı. Bunun böyük mənəvi əhəmiyyəti var. Həmin bu bayraqlar bu gün bu hərbi paradda, Azadlıq meyda­nında nümayiş etdirilir. Bu bayraqlar dö­yüş bayraqlarıdır. Bu bayraqlar işğaldan azad edilmiş torpaqlarda dalğalanır və hərbi parad üçün bura gətirilib. Gün gələ­cək, işğaldan azad olunmuş torpaqlarda qaldırılan Azərbaycan bayraqları Azadlıq meydanına gətiriləcək və hərbi paradda nümayiş etdirləcək”.

Yaxın hərb tariximizin parlaq sə­hifələrindən olan Aprel döyüşləri zamanı müasir və qüdrətli Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbə vurmaqla stra­teji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqəsini, o cümlədən, Füzuli, Cəbrayıl, Ağdərə rayonlarının ərazilərində işğal altında olan hektarlar­la torpağımızı azad etdi. Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nə­zarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli Lələtəpə yüksəkliyi də Milli Ordumuzun nəzarəti altına keçdi. Aprel döyüşlərindəki parlaq qələbə işğaldan azad edilmiş ərazilərin, o cümlədən, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin təhlükəsizliyini də gücləndirdi. Sonradan dövlət başçımızın sərəncamla­rına əsasən, Cocuq Mərcanlı kəndi qısa zamanda bərpa olundu, quruculuq işləri həyata keçirildi və kənd əhalisi öz ev-eşi­yinə qayıtdı.

Tarix göstərdi ki, Azərbaycan xalqı Qarabağın işğalı ilə, doğrudan da, barış­madı. Amma əvvəlcə 2018-ci ilin mayın­da Naxçıvanda uğurlu Güngüt əməliyyatı aparıldı. Keçən əsrin 90-cı illərinin əvvəl­lərində ermənilər tərəfindən zəbt edilmiş 11 min hektar torpağımız Naxçıvan Əla­hiddə Ümumqoşun Ordusu tərəfindən aparılmış uğurlu əməliyyat nəticəsində azad olundu. 

Bundan bir ay sonra – 2018-ci il iyu­nun 26-da Azərbaycan Silahlı Qüvvələ­rinin yaradılmasının 100 illik yubileyi münasibətilə Bakının Azadlıq meydanın­da baş tutmuş təntənəli hərbi paradda 2016-cı ilin Aprel döyüşlərində, 2018-ci ilin Naxçıvan əməliyyatında işğalçılardan azad olunmuş torpaqlarda qaldırılmış Azərbaycan bayraqları nümayiş etdiril­di. Daha sonra azad edilmiş torpaqlarda qaldırılmış Azərbaycan bayraqları, Prezi­dent İlham Əliyevin dediyi kimi, 2020-ci il dekabrın 10-da Bakının Azadlıq mey­danında Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradında xalqın gö­rüşünə gəldi.

Azərbaycan tarixində Vətən müha­ribəsi kimi əbədiləşdirilmiş şanlı savaş isə 27 sentyabr 2020-ci ildə başladı. Nə­hayət ki, çoxdan gözlənilən “Dəmir yum­ruğ”un işə düşdüyü həmin gün Azərbay­can tarixində xüsusi bir səhifədir. Uzun əsrlərdən, illərdən sonra Azərbaycan zorla əlindən alınmış torpaqları uğrunda ölüm-dirim savaşına başladı və böyük Zəfər qazanaraq torpaqlarımıza qarşı qıcanmış məkrli dişləri sındırıb tökdü, tarixi ərazilərimizə susamış başları əzdi. Ona görə də sentyabrın 27-də başlamış və noyabrın 8-də Şuşanın alınması ilə, demək olar ki, başa çatmış 44 günlük sa­vaş Azərbaycanın şərəf tarixi kimi daim xatırlanmalı, şəhidlərimiz minnətdarlıq hissi ilə yad olunmalıdır. 

Prezident İlham Əliyev də xalqa mü­racətlərindən birində bildirirdi: “İkinci Qa­rabağ müharibəsi bizim şanlı tariximizdir. Bu Qələbə tarixdə əbədi qalacaq. Azər­baycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi. Mən dəfələrlə demişdim ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq…Biz Birinci Qa­rabağ müharibəsindəki məğlubiyyətlə barışmadıq, güc topladıq, bütün gücləri səfərbər etdik, ordumuzu gücləndirdik, ölkə iqtisadiyyatını gücləndirdik, ölkəmi­zin nüfuzunu qaldırdıq və öz tarixi missi­yamızı şərəflə yerinə yetirdik. Biz düşmə­ni torpaqlarımızdan qovduq və ədaləti, beynəlxalq hüququ bərpa etdik. Biz milli ləyaqətimizi bərpa etdik”.

Bu gün Azərbaycan xalqı təkcə Aprel döyüşlərinin iştirakçıları ilə deyil, özünün bütün qəhrəman oğulları, müqəddəs şə­hidləri ilə fəxr edir, onların xatirəsini uca tutur. Aprel döyüşlərində həlak olmuş Mil­li Qəhrəman Samid İmanovun ailəsi də onunla qürur duyur. Həyat yoldaşı Ba­dam İmanova bildirib ki, Samid İmanovun həlak olması ailəni nə qədər kədərləndir­sə də, onun Vətən uğrunda qəhrəmanlıq göstərməsi bir o qədər qürurvericidir: “Biz övladlarımızı böyüdürük ki, Vətəni qorusun, yeri gələndə belə şəhid olsun. Vətən sevgisinin ana sevgisi ilə eyni tu­tulması o deməkdir ki, Vətən torpağı ana qədər əzizdir”. 

 

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

Sosial həyat