Etiraz aksiyası Azərbaycanın haqq səsinin dünyaya çatdırılması, erməni cinayətlərinin beynəlxalq müstəvidə ifşası baxımından mühüm əhəmiyyətə malikdir. Bu aksiya, hər şeydən əvvəl, onu göstərdi ki, Azərbaycan xalqı öz təbii sərvətlərinin talan edilməsinə, ekologiyasının korlanmasına imkan verməyəcək.
Bu aksiya həm də Azərbaycan xalqının separatizmə qarşı barışmaz olduğunu, erməni faşizminin yenidən baş qaldırmasına imkan verməyəcəyini göstərdi. Aksiyada səslənən əsas tələblərdən biri Laçın yolunda şəffaflığın təmin edilməsi, nəzarət-buraxılış məntəqələrinin qurulması ilə bağlıdır. Məhz bunun üçün ekokönüllülərtələb edirlər ki, Laçın yolunda Azərbaycanın dövlət qurumlarının fəaliyyəti təmin edilsin. Çünki Azərbaycan dövlətinin nəzarəti olmadan bölgədə şəffaflığı təmin etmək mümkün deyil. Bu aksiya həm separatizmə, həm də onun hər cür təzahürlərinə qarşı yönəlib və regionda sabitliyin, təhlükəsizliyin təmini baxımından mühüm əhəmiyyətə malikdir.
Erməni tərəfi, həmişə olduğu kimi, aksiyanı kontekstdən çıxararaq, özlərinə sərf edən şəkildə təqdim edir. Laçın-Xankəndi yolu açıqdır, burada hansısa yolun bağlanmasından söhbət gedə bilməz. Aksiya dinc məqsədlidir. Dünya ictimaiyyəti də görür ki, haqqında danışılan yoldan humanitar təyinatlı keçidlər heç bir maneə olmadan işləyir. Müşahidə olunan ab-hava və haqlı etirazlar onu deməyə əsas verir ki, heç bir kənar təzyiq aksiyanı dayandıra bilməz!
***
Gün ərzində Şuşada hava dəyişkən keçib. Aksiyaya dəstək məqsədilə yeni könüllü qrupları əraziyə gəliblər. Onlar da digərləri kimi, Azərbaycan, rus və ingilis dillərində mütəmadi olaraq plakatlar qaldırır, şüarlar səsləndirirlər. Ekofəallar tələblərində qəti olduqlarını nümayiş etdirirlər. Ərazidə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən bütün təhlükəsizlik tədbirləri yüksək səviyyədə təşkil edilib.
Etirazçılar hər zaman olduğu kimi, humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətməyiblər. Laçın–Xankəndi yolundan humanitar nəqliyyat vasitələri sərbəst keçiblər. Həmin nəqliyyat vasitələrinin arasında evakuasiya, mətbuat, tibbi yardım maşını, təminat-təchizat və minik avtomobilləri olub. Ermənistan mətbuatında yayılan və etirazçıların guya Xankəndi-Laçın yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.
Rizvan FİKRƏTOĞLU, “Xalq qəzeti”