Ulu öndər azərbaycanlı olması ilə daim fəxr edib

post-img

Ümummilli lider Heydər Əliyevin azərbaycançılıq konsepsiyası vaxtilə dövlətimizə qarşı müxtəlif istiqamətlərdən yönələn təhdidlərin, ölkəmizi etnik separatizm əsasında parçalamaq cəhdlərinin qarşısının alınmasında mühüm vasitə olub. 

Ulu öndərin anadan olmasının 100 illiyi münasibətilə Qax şəhərində keçi­rilən “Heydər Əliyev və azərbaycançılıq məfkurəsi” adlı konfransda bu barədə ətraflı danışılıb. 

İştirakçılar əvvəlcə dahi rəhbərin abidəsi önünə gül dəstələri düzərək xatirəsinə ehtiramlarını bildiriblər. Kon­fransın əvvəlində ümummilli liderin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransı icra hakimiyyətinin başçısı Musa Şəkiliyev açaraq Prezident İlham Əliyevin 2022-ci il 29 sentyabr tarixli sərəncamına əsasən, 2023-cü ilin Azər­baycanda “Heydər Əliyev İli” elan edildi­yini və bununla əlaqədar rayonda silsilə tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb.

Bildirilib ki, tariximizin yetirdiyi ən böyük şəxsiyyətlərdən olan Heydər Əli­yev təkcə Azərbaycan xalqının deyil, bütün dünya xalqlarının və bəşəriyyətin tarixinə daxil olub. Ümummilli liderin 30 ildən artıq Azərbaycana rəhbərliyi döv­ründə ölkəmizin inkişafı və qüdrətlən­məsi naminə gördüyü tarixi xidmətlər xalqımız tərəfindən yüksək qiymətlən­dirilir. Azərbaycanlı olmağı ilə həmişə fəxr edən bu böyük şəxsiyyətin keçdi­yi şərəfli ömür yolu, xalqının yolunda göstərdiyi misilsiz xidmətlər müasirləri­miz, eləcə də gələcək nəsillər üçün əsl örnəkdir.

Konfransda rayon icra hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdi­ri Vəfa Heydərovanın mövzu ilə bağlı məruzəsi dinlənilib. Bildirilib ki, Heydər Əliyev təkcə müstəqillik dövründə deyil, Azərbaycanın sovet totalitar rejiminin tərkibində olduğu illərdə də mərkəzdən olan təzyiqlərə, türk xalqlarına qarşı aparılan ayrı-seçkilik siyasətinə və isla­mofobiya meyllərinə baxmayaraq, Azər­baycan dilinin və milli-mənəvi dəyərlərin qorunub saxlanması və inkişaf etdiril­məsi üçün mühüm tədbirlər görməklə dövlətçiliyin və milli ruhun ardıcıllığını təmin edə bilib. Ulu öndər hələ respubli­kamıza birinci rəhbərliyi dövründə azər­baycançılıq məfkurəsi istiqamətində çox böyük və qətiyyətli addımlar atıb. Azərbaycan tarixinin, dilinin, ədəbiyyatı­nın, mədəniyyətinin hərtərəfli şəkildə və dərindən öyrənilməsi, təbliği, gənc nəs­lin milli-mənəvi dəyərlər ruhunda təbliğ edilməsində, bütün sahələrdə azərbay­cançılıq amalının möhkəm, etibarlı ba­zasının formalaşdırılmasında Heydər Əliyevin böyük xidmətləri olub.

Konfransda çıxış edən Heydər Əliyevlə olan görüşləri ilə bağlı xatirələ­rini bölüşüb, ulu öndərin Azərbaycan mədəniyyətinin, elminin, kino sənətinin inkişafına, tarixi-mədəni və milli-mənəvi dəyərlərimizin qorunmasına, ordu qu­ruculuğu sahəsinə verdiyi töhfələrdən ətraflı bəhs ediblər.

Sonda ümummilli liderə həsr olun­muş ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

 

“Xalq qəzeti”

Sosial həyat