Ötən əsrin 80-ci illərinin ortaları idi, “Kommunist” qəzetində işləyirdim. Hələ erməni məsələsi cəmiyyət üçün ortada yox idi, arada şayiələr gəzir, bəzi söhbətlər danışılırdı. Filoloq alim, tərcüməçi, elmlər doktoru, professor Zeydulla Ağayev Xarici Dillər İnstitutunda kafedra müdiri işləyirdi. Tez-tez redaksiyaya gələr, ictimai-siyasi həyatda baş verən hadisələr, elmi nailiyyətlər, xarici ölkələrdə yaşayan azərbaycanlılardan bəhs edən çox oxunaqlı publisistik yazılar gətirərdi.
1986-cı ilin sentyabrından isə demək olar ki, hər gün redaksiyaya gəlib əməkdaşlar və redaktor Rəşid Mahmudovla görüşsə də, qəzetdə yazısı görünmürdü...
Nəhayət, 27 sentyabr sayında 3-cü səhifənin aşağısında altı sütunda “Publisistin qeydləri” rubrikası altında “Aşkarlıq” adlı bir yazısı işıq üzü gördü. Məqalə bəzi yuxarı dairələrdə bomba partlayışı effekti yaratmışdı.
Bu yerdə Zeydulla müəllimin “Aşkarlıq” məqaləsinin əks-sədası ilə bağlı bəzi məqamları yada salmaq istərdim: Moskvadan və Azərbaycan KP MK-dan zəng vurub ciddi narazılıq bildirmişdilər. Günün sonunda və daha bir neçə gün redaktorumuz Rəşid müəllimin üzü gülmür, çox qayğılı görünürdü. Bir qədər sonra Rəşid müəllimi “Kommunist” qəzetinin redaktorluğundan “Azərbaycan Kommunisti” – “Kommunist Azerbaydjana” ideoloji jurnalına baş redaktor göndərdilər.
“Aşkarlıq” yazısından bir neçə sətri yada salım...
“...Böyük binada qəflətən yanğın baş verməsi də, həmin gözlənilməz hadisələrdən biri oldu. Səhərisi milyon yarımlıq şəhərdə hər ağızdan bir avaz gəlirdi:
– Şəhərdə quldur dəstəsi var, nə istəyir onu da eləyir, milis də izə düşə bilmir...
– Avtobusu da həmin dəstə partlatmışdı...
– Səbr edin, görək, qəzetlər nə yazacaq...
Qəzetlər isə heç nə yazmadılar. Uzaq Çili, yaxın İran–İraq hadisələrindən gen-bol yazılmışdı.
...Yenidənqurma, cəsarət pərdəsi altında problemlərin şərhində nöqsanların tənqidində ifratçılığın, qüsurların ümumiləşdirilib başqa məna verməyin əleyhinəyəm və buna yol verilə bilməz”.
Zeydulla müəllimin yazısından gətirdiyim iqtibasda 40 il bundan əvvəl baş vermiş hadisələrdən söhbət getdiyindən, yaşı 60-dan az olanlar üçün aydın olmaya biləcəyini nəzərə alıb kiçik bir şərh vermək istərdim...
Bir qədər əvvəl 106 saylı şəhərdaxili marşrutda işləyən, iri tutumlu avtobus indiki Milli Məclisin, o vaxtkı Ali Sovetin binasının önündə partladılmış, onlarla azərbaycanlı paytaxt sakini erməni terrorçuları tərəfindən şəhid edilmiş, yenicə təmir olunmuş, Şərqdə ilk opera binası da ermənilər tərəfindən yandırılsa da, hadisəninin məhz kimlər tərəfindən və kimlərin sifarişi ilə, nə məqsədlə törədildiyi haqda mətbuatda bir cümlə də danışılmamış, günahkarlar tapılmamışdı....
Bu cür hadisələrə seyrçi münasibətimizi görən düşmən isə milyon tirajlarla çap olunan mərkəzi mətbuat səhifələrində Azərbaycan ərazilərini – Dağlıq Qarabağı Ermənistan ərazisi kimi göstərməklə xalqımıza qarşı açıq təxribat aparır, mərkəzi hökumət də onlara havadarlıq edirdi.
Zeydulla müəllim bu məsələlərə biganə qala bilmədiyindən “Aşkarlıq” məqaləsini yazmış və çətinliklə onun “Kommunist” qəzetində ixtisar və müəyyən düzəlişlərlə nəşrinə nail ola bilmişdi. Əslində, Zeydulla müəllimin yazdıqları redaktorun və digər ziyalılarımızın qəlbinin səsi idi. Kimsə, hansısa hörmətli ziyalı sözünü deməli idi. Bu cəsarətli addımı atanlardan, erməni terrorizminə qarşı səsini ucaldanların birincisi məhz Zeydulla Ağayev oldu.
Rəşid müəllim sonrakı illərdəki görüşlərimizdə “Aşkarlıq” məqaləsi ilə bağlı belə deyirdi: “Sənin dostun da o vaxt mənim başıma iş açdı, amma nə yaxşı ki, o yazını çap etdirdik”...
Mən Zeydulla müəllimi Bakıya gəldiyim ilk günlərdən tanımışam. Universitetin mətbəəsində işləyir, jurnalistika fakültəsinin qiyabi şöbəsində oxuyurdum. Çətinliyə düşən tələbələr universitetdə işlədiyimdən məni özlərinə hayan bilirdilər. Xarici Dillər İnstitutunda kəsri olan, təqaüdü kəsilən və digər problemləri olanlar da yanıma qaçırdılar. O vaxt Zeydulla müəllim Xarici Dillər İnstitutunda dərs deməklə “Bilik” qəzetinin redaktoru idi. Mən də gələcək jurnalist kimi ona müraciət edirdim. Heç vaxt yox deməzdi. Hamıya kömək etməyə çalışardı, həmişə üzündə təbəssüm olardı. Tədricən tanışlığımız dostluğa çevrildi. Bir-birimizin evinə get-gəlimiz oldu. Tez-tez qəzetlərdə, tədbirlərdə, teatr tamaşalarında, operada və xeyir-şər məclislərində görüşərdik.
Ötən əsrin 90-cı illərinin əvvəllərində Amerikaya 2 illik ezamiyyətə getmişdi. Orada zamanın bir anını da boşa vermədən gecə-gündüz çalışmış, dilimizdən və dilimizə tərcümələr edib çapa vermişdi. Dünyanın ən böyük alimlərindən biri sayılan həmyerlimiz, Bakıda doğulmuş Lütfizadənin və dünya şöhrətli yazıçı – bakılı, 40 il yaşadığı 37-ci mərtəbədəki evindən kənara çıxmayan yüzlərlə elmi fantastik kitabın müəllifi Ayzek Əzimovun evində qonaq olmuş və burada – vətəndə baş verənlər barədə onları məlumatlandırmışdı.
Ezamiyyətdən qayıtdıqdan sonrakı görüşümüzdə mənə və dostlarımıza üstündə Amerika bayrağı çap olunmuş diyircəkli qələm bağışlayıb, “Baxın, – deyirdi, – Amerika özünün dövlət atributlarını, xüsusi ilə bayrağını necə təbliğ edir. Hər bir məktəbli, əlinə qələm alıb yazan adam sanki Amerikanın bayrağını daşıyır. Bu, çox gözəldir. Biz də öz dövlətçiliyimizi, dövlət atributlarımızı belə təbliğ etməliyik”.
Zeydulla müəllim Amerikada çalışdığı illərdə dövlətlərarası və xalqlararası xidmətlərinə görə Luiziana ştatının “Fəxri vətəndaşı” adına layiq görülmüşdü.
Bu illərdə Artur Heylinin ingilis dilindən birbaşa ilk tərcümə hesab olunan irihəcimli “Aeroport” romanı böyük tirajla çap olunmuşdu. İki ay sonra kitabdan bir nüsxə belə tapmaq müşkül məsələ idi. Zeydulla müəllimin dili çox gözəl və oxunaqlı idi. Oxuduqca yazılarından ayrılmaq olmurdu. Mən ingilis və rus dilindən müxtəlif tərcüməçilər tərəfindən dilimizə çevrilmiş yüzlərlə kitab oxumuşam. Və bunların içində ən oxunaqlısı və orijinala yaxın olanı Zeydulla Ağayevin tərcümələridir desəm, yanılmaram.
Hərbi nəşriyyatda işlədiyim vaxt ordu zabitlərimiz Türkiyədə türk və ingilis dillərindən hərbi-texniki ədəbiyyatların bir neçəsini ordumuzda istifadə olunması üçün tərcümə etmiş, üç dilli hərbi terminlər lüğəti hazırlamışdılar. Zeydulla müəllim tərcümələri çox qısa bir müddətdə redaktə etdi. Kitablar işıq üzü gördü, ordumuz onlardan bəhrələnir.
Azərbaycan Dövlət Konstitusiyasını ilk dəfə ingilis dilinə təmənnasız tərcümə etmiş və bu sənəd Hərbi nəşriyyatda dərc olunmuşdu.
Amerikanın müdafiə nazirinin Bakıya gəlişi gözlənilirdi. Nazirlikdən mənə tapşırıldı ki, Castin Makkartinin “1918–1920-ci illərdə Türk-müsəlman əhalisinə qarşı həyata keçirilən soyqırım problemi” adlı ermənilərin iç üzünü ifşa edən kitabı ABŞ-ın müdafiə nazirinə və respublikamıza gələn digər xarici qonaqlara təqdim etmək üçün təcili axtarış aparım.
Zeydulla müəllimə müraciət etdikdən bir həftə sonra kitabın 50-yə yaxın nüsxəsini Amerikadan gətizdirdi və kitab olduğu kimi burada 1000 nüsxə tirajla çap olunaraq Müdafiə Nazirliyinə və digər orqanlara verildi. Zeydulla müəllim böyük vətənpərvər ziyalı, xalqını sevən idi.
Daim axtarışda idi. Avropada ən çox tanınmış azərbaycanlı yazıçı, 30-dan çox romanın müəllifi Muhəmməd Əsəd bəy Qurban Səidi – Lev Nissenbaum imzasıyla yazan həmyerlimizi Azərbaycan oxucusuna tanıdan, onun əsl müsəlman və azərbaycanlı olduğunu bizə çatdıran Zeydulla Ağayev olmuşdur.
Muhəmməd Əsəd bəyin ölümündən əvvəl can üstə olduğu vaxt dostu tərəfindən oxunan Quran sədaları altında haqqa qovuşmasını və İtaliyadakı müsəlman qəbiristanlığında dəfn olunduğunu da Zeydulla müəllimin yazılarından öyrənmişik.
Muhəmməd Əsəd bəyin “Şərqdə neft və qan” əsəri barədə mətbuatda çıxışı Müdafiə Nazirliyinin rəhbərliyini maraqlandırmışdı. Nazirlik tərəfindən mənə əsərin Azərbaycan dilinə tərcümə edilib, çap olunması tapşırıldı. Zeydulla müəllimə müraciət etdikdən sonra o, alman dilində olan kitabın tərcümə edilməsi üçün məni professor Həsən müəllimlə tanış etdi. Əsər qısa müddətdə tərcümə olunaraq 1000 nüsxə tirajla çap olunaraq Müdafizə Nazirliyinə təhvil verildi və yayıldı.
Zeydulla müəllim xalqını, müstəqil Azərbaycan Dövlətini canından əziz bilir, dövlətçiliyimizi qorumağı, Ulu öndər
Heydər Əliyevə və Prezidentimiz Ali Baş Komandan möhtərəm cənab İlham
Əliyevə sədaqətli və dəstək olmağı həmişə bizlərə tövsiyə edərdi. Zeydulla Ağayev ruhu, cismi və bütün varlığı ilə xeyirxahlıq mücəssəməsi idi.
Ötən ay – mübarək Ramazan günlərindən birində Bakıdakı Nizami Kino Mərkəzində Zeydulla Ağayevin 80 illik yubileyi təntənə ilə qeyd olundu. Tədbir çox gözəl keçdi: Zeydulla müəllimi sevənlər, Milli Məclisin Komitə sədri, professor Anar İskəndərov, deputat Məşkur Məmmədov, Respublika Ağsaqqallar Şurasının üzvü İmran Əbilov, professor Qəzənfər Paşayev, Əsədulla Cəfərov, yazıçı-tədqiqatçı Nurəddin Ədiloğlu, şair Ağacəfər Həsənli və digərləri, bu sətirlərin müəllifi ürək sözlərini, xatirələrini Zeydullasevənlərlə bölüşdülər.
Zeydulla Ağayev uzun illər xatirələrdə, onu tanıyanların, yetişdirdiyi tələbələrinin, yazdığı və tərcümə etdiyi kitabların səhifələrində yaşayacaq, seviləcək və xatırlanacaq.
Hacı Mehman FƏRZULLAYEV