Füzuli sözü nə vaxt sadə olub ki... Füzulini tanıdığımız vaxtdan qəliz ərəb-fars sözləri, mürəkkəb, mübhəm fikirlər həmişə ətrafımızda dolaşmış, biz isə Füzuli sözünü, mənasını, eşqini bu mürəkkəbliyin içərisindən çıxarıb, özümüz üçün aydınlaşdırmağa çalışmışıq. Buna isə bəzən nail olsaq da (son onilliklərdə), adətən (sovet dövründə), nail olmamışıq. Amma nə olur-olsun, biz Füzulini sevmiş, onun təkcə ziyalılar, alimlər üçün deyil, bütün xalq üçün oxunaqlı, əlçatan olmasını istəmişik.
Alimlərimiz daim Füzulinin əsərlərinin müxtəlif nəşrlərini hazırlamış, onun haqqında rəngarəng tədqiqatlar aparmışlar. Amma son illəri çıxmaq şərtilə Füzuli əsərlərini sadələşdirmək fikri ağlımıza gəlməmiş, ümumiyyətlə, biz klassik ədəbiyyata yanaşmaqda türk və İran ədəbiyyatşünaslığında geniş yayılmış bu prinsipdən istifadə etməmiş, daha çox içi boş, adı dəbdəbəli dissertasiyalar yazmağa üstünlük vermişik. Nəticəsi də bu... Ona görə də xalq Füzuliyə həmişə əlçatmaz, anlaşılmaz, lakin müqəddəs, sirli-sehirli bir şair kimi yanaşmışdır. Bu mənada Prezident İlham Əliyevin Füzulinin 530 illiyi barədə verdiyi fərman dahi şairin irsinin öyrənilməsinə xüsusi bir təkan vermiş və hamını bu böyük şairin yaradıcılığını bir daha öyrənməyə, araşdırmağa həvəsləndirmişdir.
Bu baxımdan tanınmış jurnalist Vasif Sadıqlının yenicə işıq üzü görmüş “Füzuli. Qəzəllər” kitabı olduqca dəyərlidir. Dəyərlidir ona görə ki, bu kitab bizi, ilk növbədə, Füzuli sözünün, Füzuli qəzəllərinin sadələşdirilmiş variantı ilə tanış edir. Yəni Füzuli sözünü orijinalda, Azərbaycan dilində oxuyub başa düşməyən oxucu, bu kitab vasitəsi ilə Füzuli sözü, Füzuli fikri ilə tanış olur, onun mürəkkəb düşüncə tərzinin sirlərini qavrayır. Bu işi görmək isə o qədər də asan, sadə iş deyildir. Füzuli sözünün məna incəliyini anlamaq geniş oxucu kütləsinə çətin olduğu kimi, bəzən alimlərin özləri üçün də çətindir. Lakin alimin, tədqiqatçının işi, bu mürəkkəbliyi asan etməkdən ibarət olduğu üçün, biz öz işimizdən zövq alır, xüsusilə Füzuli kimi böyük bir şairin irsi ilə məşğul olduğumuza görə ikiqat ləzzət alırıq. Amma Füzuli sözünü, Füzuli mənasını anlamaq, həqiqətən də, bəzən alimlər üçün də çətin olduğundan bu kitabın əhəmiyyəti bir daha məlum olur.
Bu baxımdan Vasif Sadıqlının indi daha çox jurnalist kimi fəaliyyət göstərməsinə baxmayaraq, onun bir filoloq kimi baza təhsilinə sadiq qalaraq Füzuli sözünü - qəzəllərini sadələşdimək kimi çətin bir işə girişməsi olduqca diqqətəlayiqdir. Bu isə, dediyimiz kimi, müəllifdən xüsusi hazırlıq tələb edir. Birincisi, bu çətin işə qədəm qoyan tədqiqatçı, ilk növbədə, klassik irsə yaxşı bələd olmalı, onun ruhunu, mahiyyətini duymalıdır. Təbii ki, müasir ədəbiyyatı bilməklə və jurnalist fəaliyyəti ilə məşğul olmaqla bu ruha sahib çıxmaq olmaz. Bəzən, hətta, ömrü boyu klassik ədəbiyyatla məşğul olanların əsərlərində heç biz bu ruhu görmürük. Çünki onlar ömrü boyu əslində klassik ədəbiyyatla məşğul olsalar da, ruhları, mahiyyətləri, qələmləri publisistdir. Və yaxud da, ümumiyyətlə, qələmləri yoxdur. Şükür Allaha ki, Vasif Sadıqlı klassik ədəbiyyata, onun ruhuna yaxşı bələd olan və gözəl qələmə malik araşdırıcılarımızdandır.
İkincisi, ümumiyyətlə, Füzuli irsi ilə məşğul olmaq bu sahənin adamından araşdırıcılıq qabiliyyəti istəyir. Çünki Füzuli sözünü anlamaq üçün onu təkcə üzündən oxuya bilib, mənasını ala-yarımçıq başa düşmək kifayət etmir. Füzulini başa düşmək, ən azı, onun əsərlərinin məzmununu anlamaqdan keçir. Bu mənada Vasif Sadıqlının kitabının əvvəlinə və sonuna nəzər salmaq kifayət edir. Belə ki, müəllif kitabın əvvəlinə eşqlə, sufizmlə, irfanla bağlı kiçik bir giriş daxil etmiş, sonuna isə ədəbiyyat siyahısı əlavə etmişdir ki, oxucu da bu hissələrlə tanış olduqda müəllifin bu kitabı hazırlayan zaman özünün hansı mərhələlərdən keçdiyini aydın görür. Sufizmlə tanış olan zaman müəllifin Füzuli eşqinin mahiyyətini aydınlaşdırmağa, ədəbiyyatla tanış olan zaman isə bununla bərabər, eyni zamanda, onun sözünün də mənasını düzgün izah etməyə çalışdığı görünür. Çünki Füzuli üslubu çox mürəkkəb olduğu üçün onun sözünün üst qatını da anlamaq o qədər asan məsələ deyildir. Bəlkə də Füzuliyə yanaşmaqda ən çətin məsələ elə budur. Axı, ilk növbədə, şairin nə demək istədiyini ən sadə şəkildə anlamasaq, təbii ki, onun məna qatlarının dərinliyini də aça bilmərik. Bu mənada, həqiqətən də, Vasif Sadıqlının gördüyü iş olduqca böyük və əhəmiyyətlidir. Əhəmiyyətlidir ona görə ki, onun sadələşdirilmiş mətni ilə tanış olduqda bəzən həmişə oxuduğun, hətta əzbər bildiyin Füzuli sənə başqa şəkildə görünür. Və bu “başqa şəkildə görünmə” sənin üçün Füzuli məzmununun yeni istiqamətini, mənasını açdığına görə zövq verir. Və beləliklə, Füzuli sənin gözlərin qarşısında tam açılır. Bu baxımdan indi biz daha “Füzuli qəzəlləri mənim üçün anlaşılmazdır” deyə bilmərik. Füzulini duymaq, bilmək istəyirsənsə, buyur oxu. Əvvəl sadələşdirilmiş mətni oxu, başa düş, sonra qayıt orijinalı oxu və Füzuli sənətindən zövq al. İndi təbii ki, təkcə alimlər, füzulişünaslar deyil, füzulisevərlərin hamısı Füzuli sözünün mənasını tam şəkildə duyub, ondan zövq alacaqlar. İndi daha heç kim deyə bilməz ki, mən Füzulini oxudum, amma başa düşmədim. İndi Füzulinin hətta ən qəliz təşbehləri, istiarələri, mübaliğələri belə aydınlaşacaq. Qəliz ərəb-fars sözlərinin üstündən pərdələr götürüldükcə Füzuli bizə daha da yaxınlaşacaq və doğmalaşacaq. Füzulinin bədii təfəkkürü daha aydın görünəcək, onun mürəkkəb bədii konstruksiyaları əyaniləşəcək və biz onun nə böyüklükdə şair olduğunu bir daha görüb, onun istər Azərbaycan poeziyası və istərsə də Şərq ədəbiyyatı tarixində hansı mövqedə durduğunu bir daha anlayacağıq.
Beləliklə, Vasif Sadıqlı çiyinlərini bu ağır işin – Azərbaycan ədəbiyyatşünaslığında bu vaxta qədər, demək olar ki, heç kəsin görmədiyi bir işin altına vermiş və cənab Prezidentin Füzulinin 530 illiyi ilə bağlı verdiyi sərəncamla əlaqədar olaraq ilin sonunda füzulişünaslığa gözəl bir hədiyyə bəxş edə bilmişdir. Lakin bu kitabda bir qədər yuxarıda qeyd etdiyimiz kimi, Vasif Sadıqlı daha bir neçə iş görmüş, kitabın əvvəlinə irfan, sufizimlə bağlı “Ağıl-eşq “qarşıdurması” barədə bir neçə kəlmə” (Ön söz əvəzi)” adlı kiçik bir ön söz əlavə etmişdir. Doğrudur, sufizim, irfan haqqında olan bu ön soz bu vaxta qədər yazılanlardan bir o qədər fərqlənməsə də, əslində, yığcamlığına görə və bu yığcamlığın içərisində verdiyi məlumatın dəyərinə görə fərqlənir. Belə ki, biz bu ön sozdən aldığımız elmi, dəqiq məlumatları bəlkə də böyük-böyük məqalələrdən ala bilmirik. Digər tərəfdən, Vasif Sadıqlı kitabın əvvəlinə Füzulinin türkcə – Azərbaycanca Divanının mənim tərəfimdən sadələşdirilmiş dibaçəsinin mətnini də daxil etdiyi üçün kitab daha dolğun görünür. Çünki Dibaçənin, sadəcə olaraq, mənim tərəfimdən sadələşdirildiyinə görə yox, ümumiyyətlə, Füzulinin türkcə Divanının ayrılmaz tərkib hissəsi olduğuna görə, təbii ki, onun da bu kitaba daxil olunması olduqca zəruri idi. Və Vasif Sadıqlının gördüyü müsbət işlərdən biri də budur ki, o, bu zərurəti görmüş və Füzuli Divanının onun Dibaçəsindən ayrı olmayacağı kimi düzgün bir qərara gəlmişdir.
İndi söz hörmətli oxucularındır. Buyurun, bu da Füzuli sözünün sadəsi. Oxuyun və Füzulini daha dərindən anlayın.
Tərlan Quliyev,
filologiya elmləri doktoru, professor