(əvvəli qəzetin 12 fevral 2026-cı il tarixli sayında)
A.Baytursunovu belə bir sual maraqlandırır: orfoqrafiyadan nə tələb olunur? Onun fikrincə, bunun iki əsas meyarı vardır: orfoqrafiya dilin səslərini dəqiq və düzgün əks etdirməlidir və öyrənilməsi baxımından mümkün qədər sadə olmalıdır; orfoqrafiya yalnız natamam olduqda əlifba ilə sıx bağlı olur. Bəs onda etimologiyanı, yoxsa fonetik prinsipi əsas götürmək lazımdır? Müəllifin qənaətinə görə, ən ideal orfoqrafiya fonetik prinsiplərə əsaslanmalıdır. O qeyd edir ki, qırğız və qazax dillərində səslərin qanunları çox sərtdir; bu dillər çox nizamlı və mükəmməl sistemə malikdir. Əgər digər türk dilləri də eyni qaydaları tətbiq edə bilirsə, etimoloji prinsipin tətbiqinə ehtiyac qalmır. Bəzi türk xalqları isə hələ də ənənəyə sadiqdir. Məsələn, azərbaycanlılar və osmanlılar tarixi yazı prinsipinə bağlıdırlar, bu qədim prinsiplə artıq vidalaşmaq lazımdır. Yeni yanaşmada sözlər yalnız xalq danışığında istifadə olunduğu şəkildə götürülməlidir, elmi və tarixi mənşəyə görə deyil. Məsələn, “ажол” sözünü qırğızlar öz sözləri sayır və heç vaxt bunun ərəb mənşəli olduğunu qeyd etmirlər. Digər nümunə: “комиссар” sözü qazaxlarda “комyüsser” kimi tələffüz olunur. Baytursunov sual edir: niyə biz bu sözü avropalıların tələffüzü ilə saxlamalıyıq? Qazaxların artikulyasiyası bu quruluşu qəbul etmir. Nəticə etibarilə, bütün xarici sözlər hər türk xalqının danışığı və artikulyasiyasına uyğun şəkildə qəbul edilməlidir, yəni sözlərin mənşəyi deyil, fonetik realizasiyası əsas götürülməlidir.
Yakovlev əlifba ilə orfoqrafiya arasında mövcud olan əlaqə barədə məruzə edir. Məsələn, əlifbadakı hərflərin sayı məsələsini götürür. Baytursunov qırğız dilində əlifba hazırlayarkən yumşaqlıq işarəsini daxil etməklə əlifbadakı simvolların sayını azaltmışdır. Dillər “disfonetik” və “sinfonetik” olur; bəzi dillərdə fonetik qanunlar demək olar ki, istisnasız, bəzilərində isə bu qanunlar bir çox istisna ilə qorunur. Bunun səbəbini həmin dillərin tarixində axtarmaq lazımdır, Məsələn, daha mədəni xalqların dilləri əsrlər boyu müxtəlif dillərdən çoxlu element qəbul edib, nəticədə öz fonetik qanunları digər dillərin qanunları ilə qarışıb. Qırğız dili hələ indi dil mədəniyyəti arenasına çıxır, yazı dili olmağa başlayır. Bu dilə digər dillərdən az sayda element daxil olub. Buna görə də bu dili mən “sinfonetik” adlandırıram: demək olar ki, heç bir xarici element yoxdur, qırğız dilinin fonetik qanunları tam qorunur və digər dillərdən gələn sözlər bu dildə tam mənimsənilir.
Əsasən iki prinsip mövcuddur və hər ikisi dillərdə bərabər şəkildə rast gəlinir: fonetik və etimoloji. Hətta fonetik yazı olsa belə, orada bəzi etimoloji yazı qaydaları da mövcuddur. Təsadüfi deyil ki, etimoloji yazını müdafiə edənlər nisbətən inkişaf etmiş ədəbiyyata malik dilin nümayəndələridir, fonetik yazını müdafiə edənlər isə dili hələ ədəbiyyat yaratmağa başlayanlardır. Hər kəs hələ də öz ləhcəsində yazacaq, çünki vahid ədəbiyyat dili olmadığı üçün heç bir fərman və qayda ilə bir ləhcədə yazmağa məcbur etmək olmaz. Hər kəs öz ləhcəsini düzgün sayır. Yazılı ədəbiyyat tarixi olan xalqlarda isə yəni artıq müəyyən ədəbi dil və dialektlərarası standartlar mövcud olan xalqlarda, təbii ki, etimoloji prinsip üstünlük təşkil edir. Bu məsələləri eyni şəkildə həll etmək olmaz. Ümumiyyətlə, hər iki prinsip orfoqrafiyada mövcud olacaq, amma fonetik prinsip yalnız yazı prosesi yeni başlayan xalqlarda üstün olmalıdır, etimoloji prinsip isə artıq ənənələri formalaşmış xalqlarda.
* * *
Yakovlevin məruzəsini belə sistemləşdirmək olar:
1. Əlifba və orfoqrafiya arasındakı əlaqə. O, məruzəsində əlifba ilə orfoqrafiyanın funksional əlaqəsini ön plana çıxarır. Onun arqumenti elmi baxımdan vacibdir: əlifbadakı hərflərin sayı və struktur xüsusiyyətləri orfoqrafiyanın dəqiqliyini birbaşa müəyyən edir. Məsələn, Baytursunov qırğız əlifbasına yumşaqlıq işarəsini daxil etmək ilə işarə sayını optimallaşdırıb. Bu yanaşma göstərir ki, fonetik uyğunluq və əlifba strukturu bir-birini tamamlayır, yalnız birini təkmilləşdirmək digərini effektli edə bilər.
2. Dillərin fonetik tərtibi: disfonetik və sinfonetik. Yakovlev burada dilləri fonetik cəhətdən belə təsnif edir. Sinfonetik dillərdə fonetik qanunlar, demək olar ki, istisnasız qorunur, disfonetik dillərdə isə bir çox istisna mövcuddur. Analitik baxımdan bu təsnifat çox vacibdir, çünki orfoqrafiya islahatı planlaşdırılarkən dilin fonetik stabilliyi və xarici elementlərin sayı nəzərə alınmalıdır. Qırğız dilində xarici elementlərin az olması onun fonetik nizamının qorunmasını asanlaşdırır və sinfonetik xarakterini ortaya qoyur. Bu yanaşma fonetik-prioritetli yazı sistemlərinin tətbiqini elmi cəhətdən əsaslandırır.
3. Fonetik və etimoloji prinsiplərin dialekt və dil səviyyəsinə görə tətbiqi. Yakovlev iki: fonetik və etimoloji prinsipin istifadəsində tarixi və ədəbi inkişaf səviyyəsinin fərqini qeyd edir. Yazılı ədəbiyyat hələ formalaşmamış xalqlarda (yazıya yeni başlayan dillər) fonetik prinsip üstün tutulmalıdır. Bunun səbəbi açıqdır: vahid ədəbi dil yoxdur, fərqli ləhcələr yazıda bir-birinə qarışır, hər bir ləhcə özünü “norma” hesab edir. Fonetik prinsip burada sosial və kommunikativ vasitə kimi əsas götürülür, çünki hər kəsin danışığı yazıya bərabər şəkildə əks olunur. Digər tərəfdən, artıq ədəbi tarixə malik, yəni dialektlərarası standartlar və normativ ədəbi dili formalaşmış xalqlarda etimoloji prinsip üstünlük təşkil edir. Bu yanaşma göstərir ki, orfoqrafiya yalnız fonetik uyğunluqla məhdudlaşmamalı, tarixi ənənələr və dilin etimoloji strukturu qorunmalıdır. Bu, dilin tarixi-mədəni identikliyini təmin edir.
4. Orfoqrafiyada prinsiplərin tarixi və mədəni kontekstdə tətbiqi. Yakovlev qeyd edir ki, etimoloji yazını müdafiə edənlər inkişaf etmiş ədəbiyyata malik olan, fonetik yazını müdafiə edənlər isə yazı prosesinə yeni başlayan xalqlardır. Bu fərq dil mədəniyyətinin səviyyəsi ilə birbaşa bağlıdır. Belə yanaşma həm tarixi, həm də sosial-linqvistik konteksti nəzərə alır, yəni orfoqrafik islahat yalnız texniki məsələ deyil, həm də dilin inkişaf mərhələsinə uyğunlaşdırılmış sosial qərardır.
Yakovlevin dəlilləri aydın şəkildə praktik nəticələr ilə izahını tapır: yeni yazı prosesinə başlayan xalqlar üçün fonetik yazının tətbiqi məcburidir, artıq ədəbi ənənəyə malik xalqlarda isə etimoloji yanaşma qorunmalıdır. Bu yanaşma həm milli dil siyasəti, həm də sosial inklüzivlik baxımından əsasdır. O, orfoqrafiya və əlifbanın bir-biri ilə funksional əlaqəsini açıq göstərir, fonetik və etimoloji prinsiplərin tətbiqi tarixi-mədəni və dilin inkişaf mərhələsinə görə fərqləndirir, bu isə müasir linqvistik düşüncəyə uyğundur, yazının sosial funksiyasına diqqət yetirir: fonetik prinsip yeni yazı sistemləri üçün ədalətli yanaşmadır, etimoloji prinsip isə mədəni və tarixi sabitliyi qoruyur. Yakovlevin yanaşması orfoqrafik islahatı yalnız texniki məsələ kimi deyil, tarixi, morfo-fonoloji və sosial-linqvistik kontekst daxilində qiymətləndirir.
Orfoqrafiya məsələsi üzrə müzakirədə Eldes Omarovun (1892–1937) məruzəsi maraq doğurur: “Qazax nümayəndəsi qismində fonetik yazı sistemini müdafiə etməyim təəccüblü olmayacaq. Burada qeyd olundu ki, fonetik prinsip az inkişaf etmiş xalqlar üçün daha uyğundur, mədəni xalqlar üçün yox. Qazaxlar mədəni baxımdan bütün türk xalqları arasında ən geri qalanlardandır. Amma dil məsələlərində qazax dilinin yalnız qrammatikanın, yazı qaydalarının işlənib hazırlanması ilə deyil, həm də özünün inkişafı ilə irəliləmişdir. Bizim gözümüzün önündə dilin qanunları inkişaf edir: yeni qanunlar yaranır, səslər yoxa çıxır, yeni səslər yaranır. Radlov da qeyd etmişdi ki, bizim dilimizdə “ç” səsi mövcud idi, amma indi yox olmaqdadır. Bizim dilimizdə “c” səsi də bir neçə on il ərzində itmişdir. Morfologiyamızda, şəkilçilər dəyişir. “l”, “ль” şəkilçiləri tatarlarda və başqalarında var, amma bizdə bu şəkilçi yalnız 2-3 sözdə qalmışdır. Məsələn, bəzi yerlərdə “тынлы” sözünü deyirdilər, indi isə “тынды”, yaxud “кынлы” indi “кынды” olub. Köhnə sözlər göstərir ki, bu şəkilçilər yaxın keçmişdə yaranmışdır.
Etimoloji yazı sistemi dilin inkişafını məhdudlaşdırır. Fonetika qanunları, morfologiya təbii şəkildə dəyişir və inkişaf edir, amma ədəbi dil yazının sərhədlərindən kənara çıxa bilmir. Söz bazası baxımından qazax dilində sözlər bəlkə azdır, amma bütün xarici sözlər bizdə dəyişdirilib. Məsələn, интымак, heç bir qazax inanmır ki, bu söz qazax sözü deyil, sadəcə ərəb sözü olan ittifaqın səsləndirilməsi kimi qəbul edilir. Türk dilləri qeyri-flektivdir: sözün kökü heç vaxt dəyişmir, buna görə yazıda çətinlik yaranmır. Tatar dilində ahəng qanunu tam işləmir. Məsələn, “сина”, “мина” “Исхак”, “китаб”, “Галимджан”, “Ибрагим” və s. Eyni zamanda yeni mədəniyyət və texnikanın təsiri ilə dilimizə daxil olan sözlər: кино, килограмм, километр, гидро və s. bu qanuna tabe ola bilməz, məsələn, кылограмм yazmaq düzgün olmaz. Yeni latın əlifbasının tətbiqi ilə orfoqrafiya məsələlərinin kökündən həlli mümkün olacaq.
* * *
Omarov fonetik yazının tətbiqini az inkişaf etmiş xalqlar üçün daha uyğun hesab edir:
1. Fonetik yazının sosial və mədəni kontekstdə üstünlüyü. Bu yanaşma metodoloji baxımdan çox əsaslıdır: fonetik prinsip yeni yazı sistemi və ədəbi dili formalaşdıran xalqlarda dilin qanunlarının təbii inkişafına imkan verir. Qazax dili nümunəsi bunu təsdiqləyir. O göstərir ki, qazax dili yalnız qrammatika və yazı qaydaları ilə deyil, həm də dilin canlı inkişafı ilə irəliləmişdir. Bu, yazı və danışıq dilinin uyğunlaşdırılması üçün fonetik yanaşmanın elmi əsasını təşkil edir.
2. Dil dəyişkənliyi və fonetik prinsipin əsaslandırılması. Omarov fonetik yazının üstünlüyünü tarixi-morfoloji kontekstdə izah edir. Məsələn: “ç” və “c” səslərinin itməsi, “l/ль” şəkilçilərinin məhdudlaşması və söz formalarının dəyişməsi (məsələn, “тынлы” – “тынды”) kimi nümunələr göstərir ki, qazax dilinin fonetik və morfoloji qanunları təbii şəkildə dəyişir. Etimoloji yazı sistemi bu dinamikanı məhdudlaşdırır, çünki ədəbi yazı dəyişikliklərə tab gətirə bilmir. Yəni fonetik prinsip dilin canlı inkişafını qoruyur, etimoloji prinsip isə inkişafı məhdudlaşdırır.
3. Alınma sözlərin fonetik adaptasiyası. Omarov vurğulayır ki, qazax dilində xarici sözlər fonetik sistemə uyğunlaşdırılır. Məsələn: интымак sözü ərəb mənşəli olsa da, qazax tələffüzünə uyğun olaraq assimilyasiya olunub. Bu, fonetik-prioritetli yazının əsas sosial və dilçilik faydalarından biridir: xarici sözlərin dilin daxili sisteminə inteqrasiyası. Tatar dili nümunəsi isə əksini göstərir: ahəng qanunu gözlənilmir və bəzi ərəb, fars sözləri orfoqrafiyada fonetik qanuna tabe deyil. Bu müqayisə fonetik prinsipin dinamik olduğunu açıq şəkildə ortaya qoyur.
4. Yeni texnoloji və mədəni sözlərin inteqrasiyası. Omarov qeyd edir ki, texniki və mədəniyyət terminləri (kino, килограмм, гидро və s.) fonetik qanuna uyğun olmalıdır. Əgər etimoloji yazı qorunarsa, sözlərin yazılışında uyğunsuzluq yaranar (məsələn, кылограмм). Bu, fonetik prinsipin praktik əhəmiyyətini göstərir: yeni sözlərin təbii assimilyasiyası yalnız fonetik yazı ilə mümkün olur.
5. Əlifba ilə fonetik orfoqrafiyanın ayrılmazlığı. Omarov məruzəsinin sonunda yeni latın əlifbasının tətbiqinin üstünlüyünü vurğulayır: “Bu, orfoqrafiyanın yalnız fonetik əsaslarla işləməsi üçün struktur mexanizmi təmin edir. Beləliklə, yeni əlifba həm fonetik dəqiqlik, həm də morfoloji uyğunluq üçün zəruri alət rolunu oynayır”.
Omarov fonetik prinsipin üstünlüyünü canlı dil, sosial ədalət və sözlərin fonetik mənimsənilməsi kontekstində əsaslandırır: dilin morfoloji və fonetik dəyişkənliyi etimoloji yazının tətbiqini məhdudlaşdırır, alınma sözlərin assimilyasiyası və texniki terminlərin yazılışı üçün fonetik yanaşma labüddür, yeni latın əlifbasının tətbiqi bu yanaşmanı texniki cəhətdən mümkün edir və orfoqrafiyanın sistemləşdirilməsinə zəmin yaradır. Omarov məruzəsində fonetik yazı yeni yazı sisteminə malik, dilinin inkişaf mərhələsində olan xalqlar üçün optimal model olduğunu qeyd edir.
Professor Jirkovun məruzəsindən məlum olur ki, ərəb dilindən alınmış sözlərin yazılışı xüsusi əhəmiyyət kəsb edir. Fərqli xalqlar bu məsələni müxtəlif cür həll edirlər: ruslar və italyanlar öz sözləri ilə müqayisədə xarici sözləri ayrı qeyd etmirlər; almanlar isə əksinə, yunan mənşəli sözlərdə bu prinsipi saxlayırlar. Tarixi prinsipin əhəmiyyətindən danışarkən o, vurğulayır ki, bu prinsip oxumağı çətinləşdirir və mürəkkəbləşdirir. İngilis dilində ortodoks yazı sisteminin çətinliyi bunu sübut edir: dil heç vaxt ingilis dili kimi çətin vəziyyətə düşməməlidir. O qeyd edir ki, “dediyin kimi yaz” fonetik prinsip ideal həll yoludur, eyni zamanda, praktik həyatın tələbləri də nəzərə alınmalıdır, həyat real düzəlişlər tələb edir, bəzi hallarda tarixi-etimoloji prinsip yardımçı ola bilər.
* * *
Professor Jirkova görə, tarixi prinsipin tətbiqi oxunaqlılığa və fonetik sadəliyə əks təsir göstərə bilər, bu isə dilin sosial funksiyasına mane olur.
Ərəb mənşəli sözlərin yazılışının sosial və funksional əhəmiyyəti. Jirkov vurğulayır ki, ərəb mənşəli sözlərin problemi yalnız yazılış qaydası deyil, həm də oxunaqlılıq və praktik istifadə məsələsidir. Burada iki əsas yanaşma qeyd olunur: bəzi xalqlar (ruslar, italyanlar) alınma sözləri milli sözlərdən ayırmadan yazır, bu, dilə fonetik və morfoloji sadələşmə gətirir. Məsələn, almanlarda yunan mənşəli sözlərin ayrılması qorunur, bu isə tarixi-etimoloji məlumatın saxlanması məqsədinə xidmət edir.
Fonetik prinsipin üstünlüyü və praktik əhəmiyyəti. Jirkov “dediyin kimi yaz” prinsipini ideal sayır. Burada diqqətçəkən məqam odur ki, fonetik yazı sisteminin əsas məqsədi oxumağı asanlaşdırmaq və dilin sistemli istifadəsini təmin etməkdir. Eyni zamanda, o, praktik həyatı nəzərə alır: real kommunikasiya tələbləri fonetik prinsiplərin bəzən yumşaldılmasını tələb edə bilər. Bu yanaşma fonetik prinsipin yalnız nəzəri bir model deyil, həm də praktik həyat və sosial ədalət üçün mühüm olduğunu göstərir.
Tarixi-etimoloji prinsipin rolu. O, tarixi-etimoloji prinsipi yardımçı vasitə kimi görür. Yəni dilin oxunaqlığını pozmayan və praktik baxımdan çətinlik yaratmayan məhdud hallarda istifadə oluna bilər. Bu yanaşma, Yakovlev və Omarovun arqumentləri ilə uyğun gəlir: fonetik prinsip yazı prosesi yeni başlayan və ya dəyişən dillərdə dominant olmalıdır, etimoloji prinsip isə ənənəsi formalaşmış dillərdə köməkçi rol oynaya bilər.
Jirkov məruzəsində diqqəti fonetik-praktik balans məsələsinə yönəldir: fonetik yazı oxunaqlılıq və sistemlilik üçün əsasdır, tarixi-etimoloji yazı yalnız yardımçı, məhdud kontekstdə tətbiq oluna bilər, alınma sözlərin yazılışının sosial və mədəni kontekstə uyğun tənzimlənməsi vacibdir, ingilis dili nümunəsi ilə göstərilir ki, tarixi-etimoloji prinsiplərin tam tətbiqi oxumağı mürəkkəbləşdirə və dilin funksiyasını çətinləşdirə bilər, buna görə sosial baxımdan uyğun həll tələb olunur. Professorun çıxışı göstərir ki, orfoqrafiya yalnız yazının texniki tələbi deyil, dilin fonoloji, morfoloji və sosial funksiyasını təmin edən kompleks sistemdir; fonetik prinsip oxunaqlılıq və sistemlilik üçün əsasdır, etimoloji prinsip isə tarixi və mədəni məlumatı qorumaq məqsədilə məhdud şəkildə tətbiq edilməlidir.
Qalimcan İbrahimov məruzəsində qeyd edir ki, praktik məsələlərdə dəqiq məlumat vacibdir: məsələn, başqırd ləhcələrinin təsnifatı və reformaların gedişi. Məlumat mənbələri müxtəlifdir və konkret təfsilatlar üçün mövcud kitab və sənədlərə müraciət etmək lazımdır. Heç bir halda başqa türk dilini əsas götürüb bütün orfoqrafiyanı onun üzərində qurmaq olmaz; məqsəd hər bir dilin öz xüsusiyyətlərinə uyğun yazı yaratmaqdır. Əsas ideya budur: fonetik prinsip əsasdır, tarixi-etimoloji elementlər ona dəstək ola bilər, lakin praktik tətbiq zamanı geniş ictimaiyyətin öyrənməsini asanlaşdırmaq və dilin özünəməxsusluğunu qorumaq vacibdir. Ortaq fonetik və morfoloji prinsiplər əsas götürülməlidir, səs harmoniyası və qoşma şəkillər nəzərə alınmalıdır və orfoqrafiya ilə əlifba məsələləri sistemli şəkildə müzakirə edilməlidir. Onun fikrincə:
• Türklərin öz dillərinə sahib çıxması vacibdir. Elm adamları xalqı üçün, öz dillərində həll edə biləcək qədər səlahiyyətli olmalıdırlar.
• Avropaya baxmaq kifayət deyil. Avropa xalqları daha əlverişli tarixi şəraitdə bu məsələləri həll etmişlər, amma türk tədqiqatçıları da eyni səviyyədə, hətta daha yaxşı işləyə bilərlər.
• Beynəlxalq elmdən yardım tələb etmək doğrudur. Metod və təcrübə baxımından dəstək almaq mümkündür və elmi cəmiyyət bu yardımı edə bilər.
• Gələcək kadrların yetişdirilməsi vacibdir. Türk dillərini öyrənəcək elmi personalın xalqın içindən çıxması lazımdır, türk elm adamları öz dillərini daha dərindən öyrənməlidirlər.
Beləliklə, öz dillərinə sahib çıxmaq, elmi müstəqillik qazanmaq və beynəlxalq elmdən dəstək tələb etmək lazımdır.
* * *
Qalimcan İbrahimovun çıxışı Azərbaycan və digər türk dillərinin orfoqrafiyası, dil siyasəti məsələlərinə dərin, praktik, strateji yanaşma təqdim edir. Burada bir neçə əsas məqam önə çıxır:
1. Dilin daxili özünəməxsusluğu və fonetik prinsip.
– Hər bir türk dili öz xüsusiyyətinə görə yazı sisteminə malik olmalıdır, heç bir digər dil nümunəsi universal norma kimi qəbul edilməməlidir.
– Fonetik prinsip burada əsas norma kimi göstərilir, çünki yazının oxunaqlılığı və xalq tərəfindən öyrənilmə rahatlığı fonetikanın birbaşa tətbiqi ilə təmin olunur.
– Tarixi-etimoloji elementlər yalnız dəstək üçün dilin daxili sistemini qorumaq və tarixi məlumatı ötürmək üçün tətbiq olunur.
2. Praktik tətbiq və morfo-fonoloji prinsiplərin rolu.
– Ahəng qanunu və qoşma şəkilçilərin qorunması vahid və sistemli yazı üçün vacibdir.
– Orfoqrafiya yalnız texniki norma deyil, eyni zamanda dilin daxili məntiqi, morfoloji bütövlüyü və sosial funksiyası ilə bağlıdır.
– Əlifba məsələləri ilə bağlı müzakirələrin sistemli aparılması göstərir ki, yazı sistemi və fonetika bir-birindən ayrı düşünülə bilməz.
3. Elm və milli müstəqillik.
– Türk alimləri öz xalqının dilini öyrənməli, yazı və orfoqrafiya islahatlarını həyata keçirməlidir.
– Avropaya baxmaq faydalı olsa da, burada məqsəd tarixi müqayisəni və metodu öyrənməkdir.
– Beynəlxalq elmdən dəstək alınması vacibdir, amma bu dəstək yalnız metod və təcrübəyə yönəlməlidir; milli dil siyasətində əsas qərarlar türk tədqiqatçıları tərəfindən qəbul edilməlidir.
Gələcək kadrların yetişdirilməsi və türk dillərini öyrənəcək elmi personalın xalq içindən çıxması vacibdir. Bu həm elmi müstəqilliyi, həm də milli dilin davamlı inkişafını təmin edir. Bu yanaşma dilin praktik, sosial və elmi funksiyalarını birləşdirir: orfoqrafiya təkcə yazı qaydası deyil, həm də dilin xalq tərəfindən mənimsənilməsi və öyrənilməsi üçün sosial vasitədir. Qalimcan İbrahimovun məruzəsində qeyd olunduğu kimi, fonetik və morfoloji prinsiplər orfoqrafiyanın təməlini təşkil etməli, tarixi-etimoloji elementlər isə yardım etməlidir. Eyni zamanda, dil siyasəti yalnız xalqın öz təcrübəsi və elmi potensialı üzərində qurulmalıdır, beynəlxalq metod və təcrübə isə dəstək xarakteri daşımalıdır. Bu yanaşma türk dillərinin gələcəyi üçün davamlı, sistemli və praktik orfoqrafik model formalaşdırır.
Nadir MƏMMƏDLİ,
AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor


