ABŞ Prezidenti Donald Tramp daxili təhlükəsizlik naziri Kristi Noemi vəzifəsindən azad edib. Həm Demokratlar, həm də Respublikaçılar Minneapolisdəki immiqrasiya polisinin hərəkətlərinə görə onun istefasını tələb ediblər.
Məlumatı “Euronews” verib.
Məlumata görə, o, Trampın ikinci prezidentlik müddətində vəzifəsindən ayrılan ilk məmurdur.
Noem prezidentin miqrantlar və sərhəd təhlükəsizliyi ilə bağlı sərt mövqeyini dəstəkləmişdi.
Demokratlar və hətta bəzi respublikaçılar Minneapolisdə iki ABŞ vətəndaşının ölümü ilə nəticələnən qəddar ICE əməliyyatından sonra onun istefasını tələb ediblər. Noem ölənləri “daxili terrorçular” adlandırıb və bu sözləri geri götürməkdən imtina edib.
Lakin Tramp sosial media hesabında keçmiş nazirə xidmətinə görə təşəkkür edib və Noemin indi prezidentin “Amerika Qalxanı” müdafiə təşəbbüsü üzrə xüsusi elçisi olacağını açıqlayıb.
Tramp senator Markveyn Mallini daxili təhlükəsizlik naziri vəzifəsinə namizəd göstərib. O, həmçinin qanunsuz immiqrantlara qarşı sərt mövqeyi ilə tanınır. Onun namizədliyi Senat tərəfindən təsdiqlənməlidir.
P.ƏMİRCANOV
XQ

