Biz niyə kitab oxumuruq?

post-img

Mütaliə insanı mənəvi zənginliyə və üstün mövqeyə qovuşdurur

Kitab sevgisi, fəal oxucu olmaq məxsusi bir mədəniyyətdir. Bunun qaynağı sağlam ailə mühiti, meydanı təhsil, özünümaarifləndirmədir.

Ölkəmizdə kütləvi savadlanmada sonrakı nəsillərin ən sevimli vərdişlərindən biri də kitab oxumaq idi.

Rəqəmsal məlumat və bilik mənbələri kütləviləşənədək peşəsindən, savadından asılı olmayaraq hər evdə, kiçik də olsa, kitabxana var idi. Mənim dayım sürücü idi, su maşınında işləyirdi, həyat yoldaşı isə evdar qadın idi. Onların evlərində klassiklərin kitablarından ibarət yığcam bir kitabxana vardı. Öz evimimizdə də ortabab bir kitabxana yaranmışdı.

Yaxın onillərədək kitab bütün ailələrin qiymətli relikviyası idi, kitablar oxunmaqdan didik-didik olurdu. Ən ucqar kəndlərdə belə kitab mağazaları vardı və müxtəlif yaş kateqoriyasına aid insanlar bu mağazalardan kitab alırdılar. Mən o xoşbəxt dövrün canlı şahidlərindənəm.

8 yaşım olanda anam məni kənd kitabxanasına aparıb üzv etmişdi. İllər boyu mən o kitabxanadan qidalandım, o kitabxanada oxumadığım kitab qalmadı. Bəs bu gün valideynlər uşaqlarını bu ruhda tərbiyə edirmi? Bəzən qohum ailələrə qonaq gedəndə evdə gözüm kitab axtarır. Əksər evlərdə dərman üçün bircə kitaba da rast gəlməzsiniz. Baxırsan, geniş, yaraşıqlı mənzillərdir, içində bircə kitab belə yoxdur. Bu, sadəcə, dəhşətdir.

Bəzən belə ifadələrə rast gəlirəm: “kitab görəndə ürəyim sıxılır”. Əsasən, gənc və orta yaşlı insanların əksəriyyəti belə düşünür. Təsəvvür edin, bu insanlar valideynlərdir və onların kitaba ikrah doğuran münasibəti övladlarda hansı təəssürat doğuracaq?! Problemin kökü bundan qaynaqlanır. Ailə mühitində kitaba yer yoxdursa, uşaq vətəndaş kimi necə yetişə bilər?

Bundan əlavə, cəmiyyətdə, mediada kitab təbliğatı qaneedici səviyyədə deyil. Kitab sement, diş məcunu, kolbasa ... deyil ki, telekanallar reklam üçün nəşriyyatlardan ödəniş tələb etsinlər. Kitab mənəvi sərvətlər mücrüsüdür. Kitab təbliğatından qazanc götürməsələr, dünya dağılmaz, əksinə, bununla ədəbiyyata, mədəniyyətə böyük xidmət göstərmiş olarlar. Yazıçının və kitabın nüfuzu artdıqca oxucuların da sayı çoxalacaq. Sadəcə, hədəfləri dəqiq müəyyənləşdirmək lazımdır.

Gənclərin əksəriyyəti belə düşünür: internet olan yerdə kitab oxumağa ehtiyac yoxdur. Kökündən yanlış fikirdir. İnternet kitab oxumaq üçün qətiyyən əlverişli resurs deyil. İnternet saytlarında müxtəlif sahələrdə (tarix, mədəniyyət, və s.) “elmi məlumatlar” da yerləşdirilir, amma onların, demək olar ki, hamısı yarımçıq və səhv məlumatlar olduğu üçün gənclərə yanlış bilgilər verir. Kitab bilgi “korları”nın gözünü açan əvəzsiz bir vasitədir. Kitab Azərbaycan insanının həyatının tərkib hissəsinə çevrilməyincə, sağlam cəmiyyət haqda danışmaq boş xülyadır. Bəs nə etməli?

Normal kitab bazarının formalaşması üçün nəşriyyatlara faizsiz və uzunmüddətli kreditlər verilsə, onların fəaliyyət dairəsi genişlənər və şəbəkə formalaşa bilər. Ölkədə Naşirlər Assosiasiyası yaradılıb, mütəmadi kitab yarmarkaları keçirilir, lakin kitab sənayesinin yaradılması hələ də ləngiyir. Əksər rayonlarımızda bircə kitab mağazası belə yoxdur. Mərkəzdə nəşr olunan kitablar əyalətlərə gedib çatmır, əyalət insanı kitabsız qalıb.

Azərbaycan insanı həyatının heç bir döngəsində kitabla rastlaşmır. Ümumtəhsil məktəblərində seminar və diskussiya klublarının yaradılması şagirdlərdə kitab oxuma vərdişi yarada bilər. Yaxud məktəblərdə, kitabxanalarda yazıçılar və kitab müəllifləri ilə görüşlərin keçirilməsi və yeni çıxan kitabların təqdimatının təşkil edilməsi çətin məsələ deyil. Rey Bredberinin sözləridir: “Bir mədəniyyəti yox etmək üçün kitabları yandırmağa ehtiyac yoxdur. Kitab oxumamaq kifayət edir”.

Sübut etməyə ehtiyac yoxdur: kitab insanı formalaşdırır, kamilləşdirir, onu uğura aparır. Kitab oxuyan insan özünü ifadə etməyin yollarını öyrənir və cəmiyyətə daha çox fayda verir. Mütaliəyə sərf etdiyimiz vaxta görə heyfsilənməməliyik, bunun əvəzi mütləq ödəniləcək. Kitab oxumayan insan isə eyni palçığa dəfələrlə girməyə məhkumdur. Kitab fanatizmin, cəhalətin düşmənidir, tərəqqinin katalizatorudur.

Çox təəssüf ki, bizim toplum elmi-kütləvi ədəbiyyatın oxunma qaydalarından da xəbərsizdir. Təsəvvür edin, dünya elmində bədii ədəbiyyatın oxunma qaydaları, elmi-kütləvi ədəbiyyatın oxunma qaydaları haqqında ayrıca kitablar yazılıb. Bu kitabların demək olar ki, heç biri Azərbaycan dilinə tərcümə olunmayıb. Bu da başqa bir söhbətin mövzusudur.

Kitab kultunun yaranması üçün görüləsi işlər həddən artıq çoxdur. Bu işlər mərhələli şəkildə həyata keçirilsə, arzularımız gerçək olar.

H.KƏNAN
yazıçı-dramaturq

Sosial həyat