Fermerlərin ötənilki uğurları son hədd deyil
Lənkəran yurdumuzun füsunkar guşələrindən biridir. Şərqdən mavi Xəzər, qərbdən əzəmətli Talış dağları ilə əhatələnib. Subtropiklər diyarı min bir nemət yetirən məhsuldar torpaqlara, rütubətli iqlimə, kifayət qədər su və əmək ehtiyatlarına malikdir. Rayonun iqtisadiyyatının əsasını aqrar-sənaye kompleksi təşkil edir.
Müsahibimiz Lənkəran Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru, aqrar sahədə zəngin təcrübəyə malik Tofiq Rzayev rayonun sadə, zəhmətkeş, əməkçi insanlarının uğurlarından, ötən il aqrar sahədə qazanılmış nailiyyətlərdən söhbət açaraq dedi:
– Lənkəran çoxşaxəli əkinçilik ənənələri olan aqrar rayondur. Əkin təyinatlı torpaqlar 12 min 700 hektar olmaqla, ümumilikdə rayonda 18 min 650 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Keçən il 8 min 672,7 hektarda kənd təsərrüfatı məhsulları becərilib. Ümumi məhsul buraxılışının dəyəri 206 milyon 251 min 700 manat olmuşdur. Bunun 106 milyon 410 min 800 manatı bitkiçilik, 99 milyon 840 min manatı heyvandarlıq məhsullarının payına düşür. Əvvəlki illə müqayisədə ümumi məhsul istehsalı 8 faiz artıb.
– İl ərzində 74 min 311 ton tərəvəz, 4 min 600 ton kartof, 1 545 ton taxıl, 395,8 ton yaşıl çay yarpağı, 2 min 781,2 ton çəltik, 6 min 930 ton naringi, 497,7 ton portağal, 3 min 784 ton limon, 5 min 750 ton feyxoa, 130,4 ton kivi, 1 599 ton çiyələk istehsal olunub.
– Lənkəran tarixən özünün yüksək keyfiyyətli ətirli çayı, düyüsü, sitrus meyvələri ilə şöhrət qazanıb. Ötən il bu sahədə hansı yeniliklər, uğurlar əldə olunub?
– Çayçılıq kənd təsərrüfatının prioritet istiqamətlərindəndir. Rayonda çayçılığın inkişafı üçün geniş imkanlar mövcuddur. 2017-ci il sentyabrın 3-də Lənkəran şəhərində keçirilmiş çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə 2018-2025-ci illər üçün respublikada çəltikçiliyin və sitrus meyvəçiliyinin inkişafına dair, 2018-2027-ci illər üçün çayçılığın inkişafına dair Dövlət proqramları qəbul olunub. Dövlətimizin aqrar sahənin inkişafına göstərdiyi misilsiz qayğı insanlarda torpağa münasibəti dəyişib, sahibkarlıq hissini gücləndirib. Çayçılıq yenidən Lənkəranın brendi kimi inkişaf etməyə və rayona şöhrət gətirməyə başlayıb.
Çayçılıqda müasir texnologiyaların tətbiqinə üstünlük verilir. Osaküçə kəndində Beta firması, İstisu qəsəbəsində “Yaşıl çay”, “Green Pland” MMC, “Tuado çay”, Vilvan və Haftoni kəndlərində fermer təsərrüfatları tərəfindən yeni çay sahələri salınıb. “Zəfər” çay sortu üzərində son sınaqlar aparılır. Rayonda 545,7 hektar çay plantasiyası mövcuddur. Bunun 43,3 hektarı cavan, 502,4 hektarı isə məhsul verən sahələrdir. “Bestarm” firması tərəfindən Sinovli kəndində 8,4 hektar, Osaküçə kəndində isə 1,95 hektar yeni üsulla çay tingləri əkilib. Ötən il məhsuldarlıq 7,9 sentner olmaqla 395,8 ton yaşıl çay istehsal olunub.
Gəlirli sahə olduğundan çəltikçiliyə maraq böyükdür. Keçən il 780,2 hektar sahədə çəltik əkilib. “Okean Pro” MMC, “Ruz” MMC, “Bestarm” firması, “Green Pland” MMC və ayrı-ayrı fermerlər tərəfindən əkin işləri müasir innovativ texnologiyaların tətbiqi ilə həyata keçirilib. Biçin vaxtı fasiləsiz yağışların yağması nəticəsində 662,2 hektar sahədə biçin aparılıb. Hektardan 42 sentner olmaqla 2 min 781 ton məhsul istehsal edilib. 2024-cü illə müqayisədə çəltik istehsalında artım nəzərə çarpır. Türkiyədən gətirilmiş “Feşan” çəltik sortu əkilmiş sahələrdən məhsuldarlıq 65 sentnerə çatıb. Bu, respublika üzrə ən yüksək göstəricidir.
Yeni intensiv sitrus bağlarının salınmasına görə birdəfəlik subsidiyaların verilməsi sahəyə marağı daha da artırıb. Keçən il ayrı-ayrı fermer təsərrüfatları, hüquqi və fiziki şəxslər yeni intensiv üsulla 47,2 hektar sahədə meyvə bağları salıblar. Meyvə bağlarının ümumi sahəsi 2 min hektara çatdırılıb.
“Hallabonq” dünyada ən qiymətli 10 meyvədən biri sayılır. Vətəni Yaponiyadır. Lənkəran rayonunun Sütəmurdov və Velədi kəndlərində 15 hektar “hallabonq” bağı salınıb. Dünyada cəmi 5 ölkədə “hallabonq” əkilir ki, onlardan biri də Azərbaycandır. Hər il bağlardan yaxşı məhsul götürülür. Prezident İlham Əliyev Lənkərana növbəti səfəri çərçivəsində Sütəmurdov kəndində salınmış “hallabonq” növlü yeni sitrus bağında görülmüş işlərlə tanış olub, tövsiyə və məsləhətlərini verib. Kinkan və kivi meyvələrinin əkininin subsidiyalaşdırılması nəticəsində əkin sahələri genişlənib.
– Son vaxtlar ekzotik meyvəçiliyin, çiyələkçiliyin inkişafına da maraq artıb...
– Mərkəzin mütəxəssislərinin təşəbbüsü ilə ekzotik bitki sortlarından olan qaragilənin “Bluecrop” (mavigilə) növünün yetişdirilməsinə başlanılıb. Aqrar Subsidiya Şurası 1 hektar ərazidə dibçəkdə salınmış “Bluecrop” bağına görə 20 min manat, torpaqda salınan bağlara görə 12 min manat subsidiya müəyyənləşdirib. Artıq 13 hektarda mavigilə bağı salınıb və gələcəkdə bu sahənin genişləndirilməsi nəzərdə tutulub.
Rayonda çiyələk əkinləri intensiv (damla suvarma) üsulla aparılır. İtaliya, İspaniya və Rusiya Federasiyasından gətirilmiş murano, sanandres, kleri və albion kimi yüksək məhsuldarlığa malik sortların əkilməsinə üstünlük verilib. Ötən il 307,6 hektardan 1 min 600,6 ton çiyələk yığılıb. Məhsuldarlıq 52 sentnerə çatdırılıb.
– Aqrar sektorda bitkiçiliklə yanaşı, heyvandarlıq da xüsusi yer tutur. İl ərzində heyvandarlıq sahəsində hansı işlər görülüb? Baramaçılıqda vəziyyət necədir?
– Heyvandarlığın inkişafına hər cür maddi-texniki dəstək göstərilir. İntensiv metodların tətbiqi mal-qaranın baş sayının və məhsuldarlığın artmasına müsbət təsir göstərir. Keçən il süni mayalandırma nəticəsində 2 min 595 baş heyvandan 1737 baş bala alınıb. Rayonda epizootik vəziyyət sabitdir. İribuynuzlu və xırdabuynuzlu heyvanlarda ayrı-ayrı xəstəliklərə qarşı peyvəndləmə, müalicə və profilaktik tədbirlər həyata keçirilib. Görülmüş işlərin nəticəsidir ki, ötən il 7 min 812 ton ət, 62,2 ton süd, 21 milyon ədəd yumurta və 42,2 ton yun istehsal olunub. Bundan əlavə, rayonda 12 min arı ailəsi bəslənilir.
Baramaçılığın və ipəkçiliyin inkişafı istiqamətində ardıcıl tədbirlər görülüb. 2025-ci ildə 45 kümçü tərəfindən 5 ton 426 kiloqram yaş barama istehsal edilərək “Azəripək” MMC-yə təhvil verilib. Barama istehsalına görə verilən subsidiyanın məbləği artırılarsa, məhsul istehsalı daha da yüksələ bilər.
Əlisəfa HƏSƏNOV,
XQ-nin bölgə müxbiri



