“Şahdəniz” yatağında yeni mərhələ başlanır

post-img

“Kompressiya” layihəsi əlavə 50 milyard kubmetr qaz hasilatına imkan yaradacaq

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağının zəngin qaz və kondensat ehtiyatları ölkəmizə olan beynəlxalq marağı getdikcə artırır. Bunun nəticəsidir ki, “Şahdəniz” qazı zaman keçdikcə özünə daha çox alıcı tapır. Avropanın enerji xəritəsinin zənginləşdirilməsinə xidmət edən Cənub Qaz Dəhlizinin uğurlu fəaliyyəti isə “Şahdəniz” layihəsi səhmdarlarının səmərəli fəaliyyətindən asılıdır.

“bp–Azərbaycan” şirkətinin 2025-ci ilin yekunları ilə bağlı hesabatına əsasən, il ərzində “Şahdəniz” layihəsinin əməliyyat tədbirlərinə 2 milyard 315 milyon dollar, əsaslı məsrəflərinə isə 1 milyard 87 milyon dollar xərclənib. Həmin vəsaitin böyük əksəriyyəti hazırda fəal işlənmə mərhələsində olan “Şahdəniz-2” layihəsinə sərf edilib.

Zəngin qaz və kondensat ehtiyatlarına görə seçilən “Şahdəniz” yatağında ötən müddətdə iki hasilat platforması quraşdırılaraq istismara verilib. Həmin qurğuların gündəlik hasilat gücü, təxminən, 77 milyon (ildə 28 milyard kubmetrdən artıq) kubmetr təşkil edir. Ötən il “Şahdəniz-Alfa” və “Şahdəniz-Bravo” adlı platformalardan, ümumilikdə, 27 milyard kubmetr qaz və 4 milyon ton kondensat çıxarılıb.

Layihə səhmdarları tərəfindən “Şahdəniz” yatağının bir neçə mərhələdə işlənməsi ilə bağlı qərar qəbul olunub. Yatağın birinci işlənmə mərhələsi çərçivəsində tikinti-quraşdırma işlərinə 2003-cü ilin əvvəllərində, ilk qazın hasilatına isə 2006-cı ilin sonlarında başlanılıb. Yatağın ikinci işlənmə mərhələsi isə genişliyi və əhatəliyi baxımından daha çox seçilir. İl ərzində əlavə olaraq daha 16 milyard kubmetr qaz hasilatını nəzərdə tutan bu mərhələ çərçivəsində genişmiqyaslı tədbirlər həyata keçirilir.

Hazırda “Şahdəniz-2” layihəsi çərçivəsində ilk dəfə olaraq Xəzər dənizində yatağın sualtı işlənməsi texnologiyası tətbiq olunur ki, bu da bp şirkətinin dünya üzrə operatoru olduğu ən iri sualtı infrastrukturdur. Təxminən, 28 milyard ABŞ dolları həcmində investisiya qoyulmuş bu layihə, ümumilikdə, planlaşdırılmış ən azı 26 sualtı quyudan, bir-birinə körpü ilə birləşdirilmiş iki platformadan, 500 kilometr uzunluğunda sualtı boru kəmərləri və axın xətlərindən, Səngəçal terminalında əsaslı genişləndirmə işlərindən ibarətdir.

Layihənin detallarına, həmçinin Azərbaycan ərazisində 428 kilometr, Gürcüstan ərazisində isə 59 kilometr uzunluğunda yeni boru kəmərləri və iki yeni kompressor stansiyası, eləcə də Cənubi Qafqaz boru kəmərinin (CQBK) genişləndirilməsi daxildir.

“Şahdəniz” yatağının ikinci işlənmə mərhələsində qaz hasilatına 2018-ci il iyulun 30-da başlanılıb. Həmin gün yatağın şimal cinahındakı “SDC03Z” quyusunun istismara verilməsi ilə “Şahdəniz Bravo” platformasından ilk qaz əldə olunub. Sonrakı illərdə yeni quyuların istismara daxil edilməsi ilə hasilat artmağa başlayıb. 2022-ci ildə “Şahdəniz-2” layihəsi çərçivəsində daha bir uğura imza atan konsorsium iştirakçıları yatağın qərb-cənub cinahını işlənməyə daxil ediblər.

2025-ci ilin dördüncü rübündə “Şahdəniz-“2 layihəsi çərçivəsində yatağın şərq-şimal cinahındakı quyularda sualtı işlər üzrə fəaliyyətlər davam etdirilib. “Xankəndi” sualtı tikinti gəmisi ilə hazırda istismarda olan bütün “Şahdəniz-2” və AÇG sualtı hasilat obyektlərinə texniki xidmət, yoxlama və müdaxilə ilə bağlı ümumi işlərə dəstək verilib. İlin son rübündə gəminin ümumi yoxlama və texniki xidmət işləri, o cümlədən yan hərəkəti tənzimləyən qurğunun təmiri uğurla başa çatdırılıb.

Ötən il layihə çərçivəsində nəzərdə tutulmuş qazma əməliyyatları da qrafikə uyğun davam etdirilib. Dördüncü rübdə “Şahdəniz Alfa” platformasının qazma qurğusu ahəngdar iş rejiminə qaytarılıb. Bu da quyularda bir sıra əlavə perforasiya işlərinə başlamağa imkan yaradıb. Bununla yanaşı, rüb ərzində “İstiqlal” qazma qurğusu SDG03 quyusunda əlavə perforasiya işləri həyata keçirib və yatağın qərb cinahında SDD05 quyusunda karotaj və birləşdirmə borularının düzülməsinə başlayıb. “Heydər Əliyev” qazma qurğusu isə yatağın şərq-şimal cinahında SDH05 quyusunun qazma işlərini davam etdirib.

Bütövlükdə isə, ötən müddətdə “Şahdəniz-2” layihəsi çərçivəsində 23 quyu qazılıb. Həmin quyuların 5-i yatağın şimal cinahında, 5-i qərb cinahında, 4-ü şərq-cənub cinahında, 5-i qərb-cənub cinahında, 4-ü isə şərq-şimal cinahında yerləşir.

“Şahdəniz” yatağından çıxarılan qaz sualtı infrastruktur vasitəsilə Səngəçal terminalına nəql olunur. Buradakı qurğular qazı qəbul edərək Cənubi Qafqaz boru kəmərinə (CBQK) ötürür. 2025-ci ildə “Şahdəniz” qazının, eləcə də “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan neftlə bərabər çıxarılan səmt qazının sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam edib. Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda, təqribən, 81 milyon kubmetrdir.

Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik 100 milyon standart kubmetr təşkil edir. Qaz Səngəçal terminalından Cənubi Qafqaz boru kəməri (CQBK) və terminalın qaz emalı obyektlərini SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyininın qazpaylama sistemi ilə birləşdirən Azərbaycana məxsus qaz kəməri ilə ixrac olunur. Ötən il buradan gündəlik orta hesabla, təxminən, 74,4 milyon kubmetr “Şahdəniz” qazı göndərilib.

İl ərzində qazın “Şahdəniz” yatağından Azərbaycan (SOCAR-a), Gürcüstan (GOGC şirkətinə) və Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına, çoxsaylı obyektlər üçün BTC şirkətinə, eləcə də Avropadakı alıcılara çatdırılması davam etdirilib. 2025-ci ildə CQBK-nin ixrac üçün gündəlik orta ötürücülük gücü 63,7 milyon kubmetr təşkil edib. Ötən il kəmərin əməliyyat xərclərinə 71 milyon dollar, əsaslı xərclərinə isə 38 milyon dollar sərf olunub.

Xatırladaq ki, Azərbaycan qazını Avropaya çatdıran Cənub Qaz Dəhlizinin mühüm seqmentlərindən sayılan Cənubi Qafqaz boru kəməri 2006-cı ilin sonlarında istismara verilib. Ötən müddətdə Gürcüstan, Türkiyə və Avropadakı istehlakçıları daha çox “mavi yanacaq”la təmin etmək məqsədilə sözügedən kəmərin imkanları xeyli genişləndirilib. Yeri gəlmişkən, genişləndirilmiş Cənubi Qafqaz boru kəməri sistemi ilə kommersiya qaz həcmlərinin Türkiyəyə çatdırılmasına 2018-ci ilin iyun ayında, Avropaya isə 2020-ci ilin dekabrında başlanılıb.

Ötən il “Şahdəniz” yatağında daha bir mühüm layihənin icrasına başlanılıb. Dəyəri 2,9 milyard dollar təşkil edən “Şahdəniz kompressiya” layihəsində məqsəd yataqdakı aşağı təzyiqli qaz ehtiyatlarını əlçatan etməklə burada maksimum qazvermə əmsalına nail olmaqdır. Layihə çərçivəsində istismara veriləcək unikal platformanın “Şahdəniz” yatağından, təxminən, 50 milyard kubmetr əlavə qaz və 25 milyon barelə yaxın əlavə kondensat hasilatına və ixracına imkan yaradacağı gözlənilir. Layihə, həmçinin yataqdan hasil edilən qazın təzyiqini artıraraq ixracını təmin etmək məqsədi daşıyır. Mövcud “Şahdəniz” platformalarının yaxınlığında yerləşəcək yeni kompressiya platforması suyun 85 metr dərinliyində quraşdırılacaq.

2025-ci ilin iyun ayında yekun investisiya qərarı qəbul edildikdən sonra “Şahdəniz kompressiya” layihəsi üzrə bir sıra müqavilələr imzalanıb. Həmin müqavilələrə mühəndis-layihələndirmə və təchizat xidmətləri, üst modulların və dayaq blokunun tikintisi, platformanın daşınması və dənizdə quraşdırılması, eləcə də sualtı qurğuların layihələndirilməsi, təchizatı, tikintisi və quraşdırılması işləri daxildir. Layihə, həmçinin “Şahdəniz” müqavilə sahəsində quraşdırılacaq bir sıra əlaqədar obyektləri, eləcə də “Şahdəniz Alfa” və “Şahdəniz Bravo” platformalarında, eləcə də Səngəçal terminalında mövcud infrastruktur üzərində aparılacaq bir sıra mühüm işləri də əhatə edir.

Tələb olunan hərtərəfli keyfiyyət və əməyin təhlükəsizliyi yoxlamaları uğurla bitdikdən sonra sentyabr ayında “Şahdəniz kompressiya” platformasının üst modulları üçün polad kəsimi işlərinə start verilib. Tikinti-quraşdırma işlərinin 2029-cu ildə başa çatması ilə “Şahdəniz kompressiya” platformasının həmin ildə “Şahdəniz Alfa”, 2030-cu ildə isə “Şahdəniz Bravo” platformalarından hasil edilən qaz həcmlərini kompressiya etmək üçün qəbul etməyə hazır olacağı planlaşdırılır.

Mirbağır YAQUBZADƏ
XQ

İqtisadiyyat