İş-gücsüz qalmasın bircə insan da

post-img

Məşğulluqdan məmnunluğa aparan davamlı yol

Son illərdə qlobal əmək bazarında yeni tendensiya və çağırışlar yaranır. Texnoloji dəyişikliklər, süni intellekt, rəqəmsallaşma, yeni bacarıqlara dair tələblər, iqtisadi strukturun transformasiyası və digər amillər dövlətləri öz məşğulluq siyasətlərinə yenidən baxmağa məcbur edir.

Yeni şəraitdə məşğulluq sahəsində daha çevik, hədəfli, insan mərkəzli və daha məsuliyyətli yanaşma tələb olunur. Qlobal miqyasda gedən bu çağırışlara uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi (DMA) də aktiv məşğulluq proqramlarının əhatəsini, rəqəmsal həllərin tətbiqini daim genişləndirir.

Agentlikdən “XQ”-yə verilən məlumata görə, 2025-ci il ərzində qurum tərəfindən 189 min şəxs münasib işlə təmin edilib. 16 min 800 nəfər özünüməşğulluq proqramına, 18 min 400 nəfər peşə hazırlığı kurslarına cəlb olunub, 10 800 nəfərə isə işsizlikdən sığorta ödənişi təyin olunub.

Əsas diqqət yalnız yeni iş yerlərinin yaradılmasına deyil, məşğulluğun keyfiyyətinə, davamlılığına və sosial təsirinə yönəlib. Bu yanaşmanın mərkəzində vətəndaşın iqtisadi cəhətdən gücləndirilməsi prinsipi dayanır. Ölkədə son illər genişmiqyaslı sosial islahatlar, iqtisadi sahədə vətəndaşyönümlü kompleks tədbirlər həyata keçirilib. Qeyri-neft sektorunun inkişafı, əhalinin rifahının yaxşılaşdırılması, məşğulluq imkanlarının genişləndirilməsi, əmək, məşğulluq və sosial təminat sistemlərinin müasir tələblərə uyğun qurulması istiqamətində mühüm addımlar atılıb.

Böyük Qayıdış – məşğulluqdan məskunlaşmaya

2025-ci ildə Agentliyin fəaliyyətində işğaldan azad edilmiş ərazilərdə məşğulluğun təmin edilməsi əsas prioritetlərdən olub. Çünki məşğulluq “Böyük Qayıdış”ın əsas sosial və iqtisadi dayağını təşkil edir. Həmçinin bu proqram yalnız fiziki köçürülmə prosesi deyil, eyni zamanda, dayanıqlı iş yeri, artıma meyilli gəlir mənbəyi və sosial sabitlik deməkdir.

Rəqəmlərə gəlincə, 2025-ci il də daxil olmaqla, işğaldan azad edilmiş ərazilərdə görülmüş məşğulluq tədbirləri nəticəsində cari ilin yanvar ayının sonunadək həmin ərazilərə köçürülmüş əhalidən 8 min 228 nəfərin məşğulluğu təmin olunub. İşğaldan azad edilmiş ərazilərdə məşğulluq göstəricisi 90 faizin üzərindədir. Qeyd edilən dövrədək işğaldan azad edilmiş ərazilərdə öz kiçik biznesini qurmaları üçün özünüməşğulluq proqramı çərçivəsində dövlət dəstəyi göstərilənlərin sayı 716 nəfərə çatıb.

İşğaldan azad edilmiş ərazilərdə peşə hazırlığının təşkili istiqamətində də xeyli işlər görülüb. Belə ki, ötən il bu ərazilərdə 152 nəfər peşə hazırlığı kurslarını uğurla başa vurub və ixtisaslar üzrə işlə təmin edilib. Ümumilikdə, bugünədək bu ərazilərdə peşə hazırlığına cəlb olunanların sayı 361 nəfərə çatıb.

Aktiv məşğulluq tədbirlərindən biri kimi əmək yarmarkalarının təşkili işğaldan azad edilmiş ərazilərdə sistemli şəkildə həyata keçirilib. 2025-ci ildə 18 belə yarmarka keçirilib və beləliklə, bu ərazilərdə keçirilmiş əmək yarmarkalarının sayı 26-ya çatıb. Bunlardan başqa, sözügedən ərazilərdə “Qayıt İş” və “BioKarabakh” layihələri də həyata keçirilməkdədir. “Qayıt İş” layihəsi üzrə dövlət–özəl tərəfdaşlığı çərçivəsində 17 nəfər hazırda işləyir. “BioKarabakh” layihəsi isə Xocavənd rayonunda kompot və meyvə şirələrinin istehsalını nəzərdə tutur.

Özünüməşğulluq – sosial dəstəkdən iqtisadi fəaliyyətə

Özünüməşğulluq DMA-nın həyata keçirdiyi aktiv məşğulluq tədbirləri arasında ən önəmli yer tutur. Təsadüfi deyil ki, Prezident İlham Əliyev yerli televiziya kanallarına son müsahibəsində cəmiyyətdə ələbaxımlılığın yolverilməzliyini vurğulayaraq, özünüməşğulluq proqramının işsizliyin böyük hissəsini faktiki olaraq aradan qaldırdığını bildirib. Ona görə də bu proqrama yanaşma ondan ibarətdir ki, məşğulluq siyasəti yalnız iş tapmaqla yekunlaşmamalıdır.

Əsas məqsəd vətəndaşı passiv sosial dəstək alan subyektdən iqtisadiyyatın fəal iştirakçısına çevirməkdir. Bu baxımdan, 2025-ci ildə də özünüməşğulluq proqramı əsas fəaliyyət istiqamətlərindən biri olub. Proqramın əsas məqsədi aztəminatlı ailələrin gəlir imkanlarını genişləndirmək, kiçik sahibkarlığı təşviq etmək və regionlarda əlavə dəyər yaradan iqtisadi fəallığı artırmaqdır.

2025-ci il ərzində 16 min 800 nəfər özünüməşğulluq proqramına cəlb edilib. Bu şəxslər arasında şəhid ailələrinin üzvləri – 94 nəfər, məcburi köçkünlər – 976 nəfər, ünvanlı sosial yardım alan ailələr – 131 nəfər, pensiya yaşına 2 ildən az qalan şəxslər – 520 nəfər, cəza müəssisələrindən azad edilmiş şəxslər – 262 nəfər, əlilliyi olan şəxslər isə 1284 nəfər olub. Ümumilikdə, 2017-ci ildən bəri proqram çərçivəsində 100 mindən artıq vətəndaş aktivlərlə təmin olunaraq kiçik ailə təsərrüfatlarını qurub. Bu yanaşma bir daha onu göstərir ki, dövlətin məqsədi sadəcə dəstək vermək deyil, vətəndaşın öz ayaqları üzərində durmasına şərait yaratmaqdır.

Ötən il pilot olaraq əmək bazarının real tələblərinə əsaslanaraq 5 yeni biznes ideyanın (kotançılıq, qəssab, avtodəmirçi və zədələrin boyasız təmiri xidmətləri, avtorazval xidməti və özünəxidmət avtoyuma) tətbiqinə başlanıb. Hazırda proqram çərçivəsində vətəndaşlara 32 müxtəlif biznes ideyası təklif edilir. 2025-ci ildə ilk dəfə olaraq klaster əsaslı özünüməşğulluq modeli pilot şəkildə tətbiq edilib. Oğuz rayonunda həyata keçirilmiş avtoklaster layihəsi eyni sahədə fəaliyyət göstərən kiçik bizneslərin bir ekosistem daxilində işləməsinə, xidmət keyfiyyətinin yüksəlməsinə və bazara çıxış imkanlarının genişlənməsinə şərait yaradıb.

Bunlara paralel şəkildə, özünüməşğulluq proqramını daha da gücləndirən və genişləndirən daha bir layihə icra olunmaqdadır.

Söhbət Dünya Bankının maliyyə dəstəyi ilə icra olunan “Məşğulluğa Dəstək Layihəsi”ndən gedir. Bu il bu layihənin 2026–2029-cu illəri əhatə edən ikinci mərhələsinin icrasına başlanacaq. 2020–2025-ci illəri əhatə edən ilkin mərhələdə 22 min işsiz şəxsin özünüməşğulluq fəaliyyətinə cəlb edilməsi nəzərdə tutulsa da, layihənin uğurlu icrası nəticəsində ümumilikdə 26 min nəfərdən artıq şəxs bu layihəyə cəlb edilib. Növbəti mərhələdə daha 30 min nəfərin kiçik bizneslərini qurmasına dəstək nəzərdə tutulur. Layihə əlillər, müharibə iştirakçıları və şəhid ailəsi üzvləri, qadınlar və digər həssas qruplara aid şəxslərin istehsal və xidmət sahələri üzrə kiçik bizneslərini qurmalarına dəstək məqsədi daşıyır.

Layihə çərçivəsində keçirilən “Həvəsləndirmə mükafatları” müsabiqəsində qalib elan olunanlara da layihə üzrə qurduqları bizneslərini genişləndirmək üçün əlavə avadanlıqlar verilir. 2026-cı ildə isə daha 190 nəfərə bu dəstəyin göstərilməsi planlaşdırılır.

Həyata keçirilən “Sosial cəhətdən həssas şəxslər üçün əlavə iş yerlərinin yaradılması” pilot layihəsi isə işsiz və ya işaxtaran şəxslərin istehsal və xidmət sahələri üzrə məşğulluq imkanlarını artırmaq, o cümlədən özünüməşğulluğunu təmin etmiş şəxslərin bizneslərini inkişaf etdirmələrinə dəstək məqsədi daşıyır. Layihə ilkin mərhələdə Bakı, Abşeron-Xızı, Quba-Xaçmaz və Lənkəran-Astara iqtisadi rayonlarını əhatə edəcək. Layihədə iştirak üçün proqram iştirakçılarına dair tələblər bunlardır: Özünüməşğulluq proqramı çərçivəsində qurduğu təsərrüfatı son bir il ərzində fəaliyyətdə olan; Müraciət tarixinə Azərbaycan Respublikasında vergilər və digər icbari ödənişlər üzrə vaxtı keçmiş öhdəlikləri olmayan (bununla bağlı müvafiq vergi orqanından alınmış arayış müraciətə əlavə edilməlidir). Qeyd edilən meyarlara cavab verən 50 benefisiar seçiləcək və onların işə qəbul etdikləri işçilərin əməkhaqqı və ona bağlı icbari ödənişlərinin ilk 3 ayda tam məbləği, növbəti 3 ayda isə 50 faizi “Məşğulluğa Dəstək Layihəsi” tərəfindən ödəniləcək.

Peşə hazırlığı – dəyişən tələblərə cavab

Agentliyin həyata keçirdiyi aktiv məşğulluq tədbirlərindən biri də peşə hazırlığı xidmətləridir. Peşə hazırlığı işaxtaran və işsiz şəxslərin bilik və bacarıqlarının artırılması, onların əmək bazarının tələblərinə uyğunlaşdırılması, bununla da onların sosial müdafiəsinin gücləndirilməsi və işlə təmin olunma imkanlarının genişləndirilməsi məqsədilə işəgötürənlərin real tələbləri nəzərə alınmaqla həyata keçirilən aktiv məşğulluq tədbiridir. 2025-ci ildə 18,4 min nəfərdən artıq işsiz və işaxtaran peşə hazırlığına cəlb edilib. Onların əksəriyyəti kursları bitirdikdən sonra artıq işlə təmin olunub.

Ötən il ümumilikdə 85 ixtisas üzrə kadr hazırlığı aparılıb və bu, son illərdə ən çox ixtisas üzrə kadr hazırlığı aparılan ildir. Müsbət haldır ki, tədris edilən ixtisaslar arasında müasir peşələr də var. Xüsusən gənclərin İT peşələrə marağı gündən-günə artır. Eyni zamanda, “Böyük Qayıdış” proqramı çərçivəsində hazırda Qarabağda yaradılan sənaye kompleksləri, azad iqtisadi zonalarda fəaliyyət göstərən müəssisələr üçün də kadr hazırlığı istiqamətində müvafiq işlər aparılıb. Peşə hazırlığına cəlb edilənlər arasında həssas kateqoriyadan olan şəxslər xüsusi yer tutur. Belə ki, ötən il əlilliyi olan 500-dək şəxs, habelə müharibə veteranı olan 300-dən artıq şəxs, cəzaçəkmə müəssisəsindən azad edilmiş 50-dən artıq vətəndaşın peşə hazırlığına cəlb edilərək onların əmək bazarına transformasiyasına şərait yaradılıb.

Düzgün məsləhət – sağlam karyera

DMA aktiv məşğulluq tədbirlərindən biri kimi karyera və peşəyönümü məsləhət xidmətlərinin göstərilməsinə də xüsusi önəm verir. Burada əsas məqsəd ölkə səviyyəsində ömür boyu təhsili təşviq etmək, beynəlxalq təcrübədən yararlanaraq karyera məsləhət xidmətini inkişaf etdirmək, karyera məsləhəti mütəxəssisləri üçün ölkədaxili sertifikatlaşdırma imkanları yaratmaq, karyera planlaması və inkişafı mövzusunda təlimlər təşkil etmək, karyera məsləhət xidmətlərini vahid mərkəzdən idarə etmək, karyera planlaması və inkişafına dair vətəndaşlara xidmət göstərməkdir. Bu çərçivədə 2025-ci ildə 343 min nəfərə peşəyönümü məsləhət xidməti göstərilib. “Alo karyera” onlayn dəstək xidməti vasitəsilə 1849 vətəndaş üçün 2248 fərdi karyera məsləhəti konsultasiyası həyata keçirilib.

Ötən il həyata keçirilmiş kütləvi maarifləndirmə tədbirlərindən biri də “PeşəFest” olub. “Peşə öyrən, gələcəyini qur!” devizi altında gənclərin və şagirdlərin peşə seçiminə dəstək göstərmək, onların karyera istiqamətində düzgün qərar vermələrinə kömək məqsədi ilə ölkənin 11 regionunu əhatə edən peşələr festivalında ümumilikdə 95 min nəfərdən çox iştirakçı olub.

Ötən ilə damğasını vuran daha bir layihə “Gələcəyin Peşələri Sammiti” olub. Sammit əmək bazarında baş verən dəyişiklikləri, yeni peşə və bacarıqlarla bağlı tələbləri, texnologiya və innovasiyaların iş dünyasına təsirlərini peşəkar mühitdə müzakirə etmək, təhsil və məşğulluq sahələrində yeni çağırışlar nəzərə alınmaqla, bu ekosistem iştirakçılarının gələcək əmək bazarına hazırlıqlarını dəstəkləmək məqsədi daşıyıb. “Gələcəyə tərəf” devizi ilə Naxçıvan və Bakıda təşkil edilmiş bu tədbirlərdə ümumilikdə 670 nəfər iştirak edib.

Rəqəmsallaşma – dövrün tələbidir

Məşğulluq sahəsində rəqəmsal layihələrin inkişaf etdirilməsi ötən il də əsas prioritetlərdən olub. ƏMAS-ın “Peşə hazırlığı” modulu istifadəyə verilib. Modul sayəsində özəl tədris müəssisələrinin əməkdaşlığına dair bütün proseslər elektronlaşdırılıb. “İşsizlikdən sığorta” modulunda işsizlikdən sığorta ödənişinin təyin olunmasının elektronlaşdırılması istiqamətində işlər yekunlaşıb, “Kvota” modulu istifadəyə verilib.

Modul sayəsində işəgötürənlər müəssisə üçün ayrılmış kvota iş yerlərinin sayını və icra vəziyyətini real vaxt rejimində ƏMAS vasitəsinə görə, həmçinin cari kvota iş yerlərinə nəzərən öhdəlikləri barədə tam məlumat əldə edə bilərlər. Eyni zamanda, sistem kvota iş yerləri üzrə müraciət edən şəxslər barədə operativ məlumatların alınmasını təmin edir və vətəndaşların “sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslər” kateqoriyasına uyğunluğunu avtomatik təsdiqləməyə imkan verir.

Karyera ilə əlaqəli rəqəmsal platformalardan “Mərkəzi Karyera Portalı” istifadəyə verilib. Portalın tərkibinə həm istifadə olunan xidmətlər (“Məzunların məşğulluq reytinqi” platforması, “CV yarat” və “Alo karyera” dəstək xidməti), həm də yeni yaradılmış iki innovativ platforma – “İş dəyərləri aləti” və “Peşələrin atlası” daxildir. Müstəqil platforma kimi “Peşələrin atlası” üzrə işlər yekunlaşdırılıb və platformaya 40 peşə haqqında məlumat əlavə olunub. “İş dəyərləri” aləti vasitəsilə test və sorğulardan istifadə edilərək karyera məsləhəti prosesindən öncə vətəndaşların peşə seçimi haqqında məlumatları formalaşdırılır və peşə seçiminə dəstək göstərilir.

“Məzunların məşğulluq reytinqi” platformasında məlumatların yenilənməsi təmin edilib. DMA və “PashaPay” MMC-nin birgə təşkilatçılığı ilə “Qayıt İş” layihəsi çərçivəsində Füzuli şəhərində “Bir ekosistem” daxilində “m10” və Milliön Telesatış mərkəzi istifadəyə verilib. “İşədüzəlmədə vasitəçilik” modulu üzrə işədüzəltmə fəaliyyəti göstərən hüquqi şəxslər ilə DMA-nın qarşılıqlı öhdəlikləri tam elektronlaşdırılıb.

Azərbaycanın məşğulluq modeli

Dövlət Məşğulluq Agentliyi dünyada mövcud olan müasir trendləri izləmək, həmçinin çağırışlara vaxtında reaksiya verə bilmək üçün beynəlxalq əməkdaşlığın inkişafına da xüsusi önəm verir. Agentlikdən verilən məlumata görə, 2025-ci ili də bu mənada məhsuldar il hesab etmək olar. Belə ki, 2025-ci ilin 5–9 may tarixlərində Kot-d’İvuar Respublikasının Abican şəhərində Ümumdünya Məşğulluq Xidmətləri Assosiasiyası (WAPES) tərəfindən keçirilmiş Dünya Konqresində agentlik təşkilatın Avropa regionu üzrə İdarə Heyətinə 2025–2028-ci illər üçün üzv seçilib.

WAPES-in ölkə təqdimatı layihəsi çərçivəsində agentliyin fəaliyyəti barədə WAPES-in üzv ölkələri üçün vebinar keçirilib və Azərbaycan məşğulluqla bağlı öz təcrübəsini bölüşüb. Bundan başqa, Avropa Sosial Şəbəkəsi və İslam Əməkdaşlıq Təşkilatının Məşğulluq Xidmətləri Şəbəkəsi ilə əməkdaşlıq davam etdirilib. Türkiyə, Rumıniya, Sloveniya, Qazaxıstan, Koreya, Malayziya, İspaniya, Mərakeş, Xorvatiya, Almaniya, Özbəkistan, Bosniya və Herseqovina, Monteneqro və Birləşmiş Ərəb Əmirlikləri ilə əlaqələr genişləndirilib, o cümlədən Mərakeş, Malayziya və Qazaxıstanla əməkdaşlıq sənədləri imzalanıb. Görülmüş uğurlu işlərin nəticəsi olaraq, DMA ötən il 13 beynəlxalq mükafata, o cümlədən Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) “Antikorrupsiya idarəetmə sistemi” standartı üzrə sertifikatına layiq görülüb.

Daha çox məşğulluq, daha dayanıqlı imkanlar

2026-cı ildə də işsiz və işaxtaran şəxslərin məşğulluq imkanlarının artırılması işləri davam etdiriləcək. DMA-dan verilən məlumata görə, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin, o cümlədən əlilliyi olan şəxslərin aktiv məşğulluq proqramlarına cəlb edilməsi diqqət mərkəzində saxlanacaq. Dayanıqlı peşəyönümü məsləhət xidmətinin göstərilməsini təmin edəcək mexanizm yaradılacaq.

Özünüməşğulluq proqramı çərçivəsində mövcud zərflərin təkmilləşdirilməsi və klaster əsaslı mexanizmin tətbiqi davam etdiriləcək. Əmək bazarındakı dinamika nəzərə alınmaqla gələcəyin peşələri üzrə yeni peşə hazırlığı proqramları hazırlanacaq. İşəgötürənlərlə daha sıx əməkdaşlığın qurulması məqsədilə onlara yönəlik təşviq mexanizmləri yaradılacaq.

Məşğulluq sahəsində göstərilən xidmətlərə əlçatanlığın artırılması məqsədilə rəqəmsallaşma prosesi də davam etdiriləcək, ƏMAS-da mövcud modullar təkmilləşdiriləcək, yeni funksionallıqlar əlavə olunacaq. Xüsusilə də “Böyük Qayıdış” proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərdə məşğulluğun təmin edilməsi diqqət mərkəzində saxlanacaq. Bundan başqa, “Məzunların məşğulluq reytinqi” platforması üzrə axtarış və vizuallaşdırma parametrləri təkmilləşdiriləcək, habelə peşə hazırlığı üzrə reytinq sistemi yaradılacaq.

Zərifə BƏŞİRQIZI
XQ





Sosial həyat