Fevralın 9-dan 11-dək Yunanıstanın paytaxtı Afinada Beynəlxalq Akademiyalar Birliyinin Təsis konfransı keçirilib. Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli mərasimdə iştirak və çıxış edib.
Plenar iclasda Afina Elmlər Akademiyasının prezidenti, akademik Nikifiros Diamantourosun açılış nitqi ilə çıxış edib. Sonra Yunanıstanın keçmiş prezidenti, Afina Universitetinin fəxri professoru Prokopios Pavlopousosun “Süni intellekt dövründə mif və həqiqət” mövzusunda məruzəsi dinlənilib.
İclas “Süni intellekt, insan sağlamlığı və zəka”, “Süni intellektdə kollektiv və iqtisadi baxış”, “İnnovasiya, rəqabətlilik: Avropa iqtisadiyyatının inkişafı və gələcəyi”, “Rəqəmsal arxeologiya və insan faktoru”, “Antropogen dövrdə iqlim dəyişiklikləri və Aralıq dənizi hövzəsində mədəni irsin dayanıqlığı” mövzularında məruzələr və onların müzakirəsi ilə davam edib.
Yunanıstan Elmlər Akademiyasının Neoklassik zalında fevralın 10-da keçirilən Beynəlxalq Akademiyalar Birliyinin Təsis konfransında Yunanıstan Elmlər Akademiyasının vitse-prezidenti, akademik Kristos Zerefos Beynəlxalq Akademiyalar Birliyi İdarə Heyətinin sədri seçilib. İclasda 41 ölkənin Elmlər akademiyalarından Beynəlxalq Akademiyalar Birliyinin tam üzvləri, fəxri üzvləri də seçilib, üzvlüyə namizədlər müəyyən olunub. Azərbaycan Milli Elmlər Akademiyası Beynəlxalq Akademiyalar Birliyinin fəxri üzvləri sırasında yer alıb.
AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli səfər çərçivəsində Türkiyə Elmlər Akademiyasının prezidenti, professor Müzəffər Şəkərlə görüşüb. Söhbət zamanı qarşılıqlı əməkdaşlıq məsələləri və Birinci Türkoloji Qurultayla əlaqədar keçiriləcək tədbirlər barədə müzakirə aparılıb. AMEA rəhbəri Avstriya Elmlər Akademiyasının prezidenti, professor Hayns Fabman və Macarıstan Elmlər Akademiyasının vitse-prezidenti Vanda Lamm ilə də görüşüb.
Qabil YUSİFOĞLU
XQ

