Ziyalı nuru, yurd sevgisi

post-img

Şöhrəti el-obaya sığmayan müəllim

... Kasıb ailədə doğulan Nəbi Gülməmmədov kənd məktəbini bitirdikdən sonra Tiflis Pedaqoji Texnikumuna daxil olub. Orada görkəmli riyaziyyatçı - alim, akademik Zahid Xəlilovdan dərs alıb. Hələ o vaxtlar Zahid Xəlilov Nəbi Gülməmmədovun timsalında gələcəkdə ən güclü riyaziyyatçı və parlaq şəxsiyyət olacağını demişdi. Ona görə də təhsilini davam etdirməyi, ali təhsil almasını məsləhət bilmişdi. Gənc Nəbi isə hələlik bunun mümkün olmadığını söyləyir. Ailədə güzəranlarının çətin olduğunu açıqlayır. Beləliklə, Nəbi Gülməmmədov ali təhsil alanadək bir müddət Faxralı kənd orta məktəbində riyaziyyat müəllimi işləyir.

O, 1935-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) fizika-riyaziyyat fakültəsinə daxil olur və 1939-cu ildə ali təhsilini müvəffəqiyyətlə başa vurur. İş elə gətirir ki, oxuduğu ali məktəbdə də akademik Zahid Xəlilovdan dərs alır.

O zaman Nəbi Gülməmmədov Faxralının çox az sayda ilk ali təhsil alan müəllimlərindən biri idi. Oxuduğu ali məktəb, ziyalılar mühiti Nəbi müəllimin həyatında xüsusi rol oynamışdı. İnstitutda oxuyarkən görkəmli alimlər və şəxsiyyətlər Zahid Xəlilov, Məmməd bəy Əfəndiyev, Bəylər Ağayev və başqa adlı-sanlı alimlərdən dərs almış, onların sevimli tələbəsi olmuşdur. Eyni zamanda, unudulmaz tələbəlik illərinin acılı-şirinli günlərini Gədəbəyli Qoşqar Əhmədovla birgə yaşamışdılar. Hər ikisi də ucqar dağ kəndinin daşlı-kəsəkli yollarından keçib gəlmişdi. Bir qarnı ac, bir qarnı tox... tələbə həyatının romantikasını da görmüşdülər, şirin əzablarını və çətinliklərini də.

O dövrün tələbəliyi indiki kimi deyildi. Dərs vəsaitləri, ləvazimatlar, geyim, gündəlik yaşayış xərci – hamısı problem idi. Kənd-kəsəyin inci saflığını özündə saxlayan hər iki gənci bir amal birləşdirirdi; oxumaq, elm öyrənmək, mümkün qədər savadlı olmaq.

Sonra vəziyyət elə gətirdi ki, Qoşqar Əhmədov təhsilini Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) riyaziyyat fakültəsində davam etdirdi. Ali təhsilini başa vuran Nəbi Gülməmmədov isə Gürcüstanın Axalsx rayonundakı pedaqoji texnikuma müdir göndərildi.

İllər keçdi, Nəbi müəllim millətimizin balalarının maariflənməsi yolunda, Qoşqar Əhmədov isə elmin çətin yollarında irəlilədi. “Differensial və inteqral tənliklər” nəzəriyyəsi sahəsində görkəmli mütəxəssis, dünya şöhrətli alim Qoşqar Əhmədovla şöhrəti, hörməti el-obaya sığmayan Nəbi Gülməmmədovun dostluq bağları heç zaman qırılmadı, əlaqələri, dostluq münasibətləri ömrün sonuna qədər davam etdi.

Nəbi müəllim ayrı-ayrı vaxtlarda Qarayazı və Faxralı orta məktəblərində dərs hissə müdiri və məktəb direktoru işlədi. Pedaqoji fəaliyyəti zamanı daim uğur və böyük nüfuz qazanan Nəbi Gülməmmədov elmlərin şahı olan riyaziyyat fənni üzrə Borçalı mahalının müəllimləri arasında adını həmişə zirvədə saxladı. Bu dəyərli ziyalının milli məqsədlərə, xalqınını övladlarının maariflənməsinə hesablanmış pedaqoji fəaliyyəti işlədiyi məktəblərin tarixinə qızıl hərflərlə yazıldı. Ömrünün ən mənalı, yaddaqalan dövrü də böyüməkdə olan nəslin təlim-tərbiyəsinə, maariflənməsinə həsr etdiyi illər oldu.

Dərs dediyi şagirdlərinə elm, təhsil dalınca getməyi məsləhət bilən Nəbi müəllim neçə-neçə riyaziyyatçı-alimlərin yetişməsinin səbəbkarı, eyni zamanda, onlara mənəvi ata olmuşdur. O nurlu insan ömrünün ahıl çağlarında mənə də dərs deyib. Həmin illərdə mənə elə gəlirdi ki, o, kəndimizdə hamıdan yaşlıdı – hamıdan böyükdü, hamıdan güclüdü. Nəbi müəllim bizim qəlbimizdə ümid çırağı, inam işığı yandıra bilmişdi. Sanki onun gözlərinin nuru şagirdlərinin yolunu işıqlandırırdı. Hər dərsi şagird təfəkkürünün inkişafına xidmət edirdi.

Nəbi müəllim yaxşı bilirdi ki, “təhsil ictimai və fərdi dəyərləri özündə daşıyan bir sistemdir”. Ona görə də şagirdlərin biliklərə inadla yiyələnmələri üçün əlindən gələni əsirgəmirdi. O, təkcə özü haqda düşünən adam deyildi. Başqalarının yaşamasına gərək olan adam idi. Deyirdi ki, başqalarının yaşamasına gərək olmayacaqsansa, onda bu həyatda yaşamağın nə mənası var?..

O, dərs dediyi şagirdlərə qəlbində el-oba məhəbbəti, el-oba qeyrəti, Vətən sevgisi yaşatmağı təlqin edirdi. Vaxtilə kəndimizdə onun keçmiş şagirdləri arasından neçə-neçə görkəmli alimlər, adlı-sanlı ziyalılar yetişdi. İndi özü aramızda olmasa da, Nəbi müəllimdən dərs almış şagirdləri onun unudulmaz xatirəsini əsl vətəndaşlıq duyğusu ilə yad edirlər.

Həzi HƏSƏNLİ,
şair-publisist

Mədəniyyət