Onun yeni kursu və texnoloji suverenliyi bu məqsədə xidmət edir
Avropa İttifaqı (Aİ) daxilində artan fikir ayrılıqları yeni strateji yanaşmaların formalaşmasına səbəb olub. Enerji təhlükəsizliyi, sənaye rəqabətliliyi, texnoloji müstəqillik və müdafiə məsələlərində üzv ölkələr arasında müxtəlif baxışların mövcudluğu Brüsseli daha sistemli və uzunmüddətli planlar üzərində düşünməyə vadar edir.
Bu kontekstdə Aİ ölkələri tərəfindən irəli sürülən “Buy European” (Avropanı al) təşəbbüsü xüsusi əhəmiyyət kəsb edir. Təşəbbüsün əsas məqsədi strateji sahələrdə Avropa istehsalına üstünlük verilməsi, daxili sənaye potensialının gücləndirilməsi və qlobal rəqabət qabiliyyətinin artırılmasıdır. Xüsusilə yeni texnologiyalar, süni intellekt və kosmos sənayesi prioritet istiqamətlər kimi müəyyən edilib.
Avropa İttifaqı (Aİ) daxilində artan fikir ayrılıqları yeni strateji yanaşmaların formalaşmasına səbəb olub. Enerji təhlükəsizliyi, sənaye rəqabətliliyi, texnoloji müstəqillik və müdafiə məsələlərində üzv ölkələr arasında müxtəlif baxışların mövcudluğu Brüsseli daha sistemli və uzunmüddətli planlar üzərində düşünməyə vadar edir. Bu kontekstdə Aİ ölkələri tərəfindən irəli sürülən “Buy European” (Avropanı al) təşəbbüsü xüsusi əhəmiyyət kəsb edir. Təşəbbüsün əsas məqsədi strateji sahələrdə Avropa istehsalına üstünlük verilməsi, daxili sənaye potensialının gücləndirilməsi və qlobal rəqabət qabiliyyətinin artırılmasıdır. Xüsusilə yeni texnologiyalar, süni intellekt və kosmos sənayesi prioritet istiqamətlər kimi müəyyən edilib.
Sözügedən yanaşma həm də ABŞ və Çin kimi iqtisadi nəhənglərlə rəqabətə cavab vermək məqsədi daşıyır və Aİ-nin strateji muxtariyyətini təmin etməyə yönəlib. Lakin strategiyanın tətbiqi ilə bağlı üzv ölkələr arasında fikir ayrılıqları mövcuddur. Bəzi dövlətlər proteksionizm meyillərinin (dövlətin öz daxili iqtisadiyyatını və yerli istehsalçılarını xarici rəqabətdən qorumaq məqsədilə tətbiq etdiyi məhdudlaşdırıcı və ya üstünlükverici siyasətlərə yönəlmiş tendensiyalar) güclənəcəyindən və azad bazar prinsiplərinin zədələnəcəyindən ehtiyat edirlər. Digərləri hesab edir ki, dövlət dəstəyi və koordinasiyalı sənaye siyasəti olmadan Avropa texnoloji yarışda geri qala bilər. Müzakirələr göstərir ki, Aİ yeni trendlərə üz tutsa da, vahid mövqe formalaşdırmaq asan deyil.
Aİ-nin “yerdə” prioritetləri ilk növbədə sənayenin modernləşdirilməsi, yaşıl enerjiyə keçid və rəqəmsal infrastrukturun genişləndirilməsi ilə bağlıdır. “Göydə” isə kosmos proqramlarının genişləndirilməsi, peyk rabitəsi, müşahidə sistemləri və kosmik təhlükəsizlik kimi istiqamətlər ön plana çıxır. Bu baxımdan, Avropa Kosmik Agentliyi ilə əməkdaşlıq və birgə layihələr Aİ-nin strateji baxışının mühüm komponentidir. Çünki kosmos artıq həm də iqtisadi və təhlükəsizlik amilidir. Süni intellektin inkişafına gəldikdə, bu, sənayenin avtomatlaşdırılmasında, müdafiə sektorunda, eləcə də ictimai xidmətlərin rəqəmsallaşmasında əsas rol oynayır. Aİ süni intellektin etik çərçivələr daxilində inkişafını təşviq etməyə çalışır. Bu isə Avropanın öz texnoloji modelini qurmaq niyyətindən xəbər verir.
Qlobal trendlərin dəyişməsi, xüsusilə Aİ-nin strateji muxtariyyət kursu Azərbaycan üçün də yeni imkanlar yaradır. Ölkəmiz həm enerji ixracatçısı, həm də regional logistika və nəqliyyat mərkəzi kimi Avropa bazarları ilə sıx əməkdaşlıq edir. Eyni zamanda, ölkə daxilində rəqəmsal transformasiya və innovasiya siyasəti prioritet istiqamətə çevrilib. Bu baxımdan, Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə xüsusi əhəmiyyət daşıyır. Həmin müşavirədə dövlət idarəçiliyində rəqəmsal həllərin tətbiqi, məlumat bazalarının inteqrasiyası, kibertəhlükəsizlik və süni intellektin tətbiqi kimi məsələlər müzakirə olunub. Sözügeən təşəbbüs Azərbaycanın qlobal rəqəmsal trendlərlə ayaqlaşmaq və milli iqtisadiyyatın rəqabət qabiliyyətini artırmaq istiqamətində atdığı addımları göstərir.
Bir məqamı da qeyd edək ki, Aİ-nin “Buy European” strategiyası ilə Azərbaycanın rəqəmsal arxitektura təşəbbüsü arasında maraqlı paralellər var. Hər iki halda məqsəd strateji sahələrdə asılılığın azaldılması, daxili potensialın gücləndirilməsi və texnoloji suverenliyin təmin olunmasıdır. Fərq ondadır ki, Aİ bunu çoxmillətli struktur daxilində koordinasiya etməyə çalışır. Nəzərə alınmalıdır ki, kosmos texnologiyaları artıq yalnız böyük dövlətlərin inhisarında deyil. Azərbaycan da öz peyk proqramları vasitəsilə bu sahədə təcrübə qazanıb. Rəqəmsal arxitekturanın inkişafı kosmik rabitə, müşahidə və məlumat ötürülməsi sistemlərinin təkmilləşdirilməsini tələb edir.
Bəs Aİ daxili fikir ayrılıqları şəraitində vahid strateji xətt necə qoruyacaq? Məlumdur ki, iqtisadi imkanlar arasındakı fərqlər, siyasi prioritetlərdəki müxtəliflik və milli maraqların toqquşması qərarların qəbulunu çətinləşdirir. Lakin qlobal risklərin artması ortaq maraq anlayışını gücləndirir. Enerji təhlükəsizliyi, texnoloji müstəqillik və müdafiə qabiliyyəti kollektiv məsuliyyət kimi qəbul edilir. Belə bir mərhələdə Aİ üçün əsas məsələ planın icrasını təmin etməkdir. Strateji sənədlər sadəcə bəyanat kimi qalarsa, real nəticə əldə olunmayacaq. Koordinasiya, maliyyə resurslarının düzgün bölüşdürülməsi və innovasiya ekosisteminin gücləndirilməsi həlledici rol oynayacaq. Əks halda, təşəbbüslər parçalanmış şəkildə həyata keçirilə bilər və gözlənilən effekt alınmaz.
Sonda onu da qeyd edək ki, Aİ-nin seçdiyi yol həm zərurətdən, həm də ambisiyadan qaynaqlanır. Zərurətdən, çünki qlobal sistemdə asılılıq risklidir. Ambisiyadan, çünki Avropa gələcəyin iqtisadi arxitekturasında söz sahibi olmaq istəyir. Daxili mübahisələr və fikir ayrılıqları prosesin ayrılmaz hissəsi olsa da, ümumi istiqamət dəyişmir. Görünən odur ki, Aİ daxili çəkişmələrdən və geosiyasi təzyiqlərdən bezərək nicatı həm “yerdə”, həm də “göydə”, yəni real sektorun gücləndirilməsində, kosmik və rəqəmsal transformasiyada axtarmağa başlayıb.
Nəzrin ELDARQIZI
XQ
Ekspert rəyi
Toğrul İSMAYIL, Ankara Universitetinin professoru, politoloq
Avropa İttifaqında son illər “açıq strateji muxtariyyət” anlayışı ön plana çıxır. “Buy European” (“Avropanı al”) strategiyası da məhz bu yanaşmanın davamı kimi irəli sürülüb. Bu siyasətin arxa planında bir neçə mühüm faktor dayanır. Birincisi, ABŞ-ın qəbul etdiyi “Inflation Reduction Act” (İnflyasiyanın Azaldılması Aktı) Avropa şirkətləri üçün yeni və sərt rəqabət mühiti yaradıb, investisiyaların ABŞ-a yönəlməsi riskini artırıb. İkincisi, Çinlə artan texnoloji rəqabət təchizat zəncirlərinin təhlükəsizliyini prioritet məsələyə çevirib. Üçüncüsü, pandemiya və enerji böhranı göstərdi ki, strateji sektorların yüksək xarici asılılıq üzərində qurulması ciddi siyasi və iqtisadi risklər yaradır. Bu kontekstdə Aİ daxilində sənaye siyasətinin daha koordinasiyalı aparılması və dövlət dəstəyi mexanizmlərinin genişləndirilməsi ideyası güclənib. Məsələn, yarımkeçirici istehsalını artırmaq məqsədilə qəbul edilən “European Chips Act” (Avropa Çiplər Aktı) artıq konkret institusional addım kimi qiymətləndirilir. Oxşar yanaşma batareya istehsalı, yaşıl hidrogen və kosmik sənaye sahələrində də müşahidə olunur.
Lakin “Buy European” strategiyasının qarşısında ciddi çətinliklər var. Aİ daxilində iqtisadi imkanlar bərabər deyil. Almaniya və Fransa kimi iri iqtisadiyyatlar geniş dövlət subsidiyaları ayıra bildiyi halda, Cənubi və Şərqi Avropa ölkələrinin fiskal imkanları daha məhduddur. Bu isə daxili bazarda rəqabət balansının pozulması riskini yaradır. Digər tərəfdən, Aİ həm Ümumdünya Ticarət Təşkilatının qaydalarına, həm də özünün azad bazar prinsiplərinə sadiq qalmağa çalışır. Açıq proteksionizm ittifaqın normativ və liberal imicinə zidd görünə bilər. Buna baxmayaraq, perspektivdə müəyyən irəliləyiş ehtimalı mövcuddur. Qlobal iqtisadi sistem artıq klassik liberallaşma modelindən uzaqlaşaraq geoiqtisadi rəqabət mərhələsinə keçib. ABŞ və Çin aktiv sənaye siyasəti apardığı halda, Avropanın tam neytral qalması real görünmür. Ehtimal olunur ki, Aİ açıq proteksionizmə deyil, “strateji layihələr üçün xüsusi fondlar”, “təhlükəsizlik əsaslı investisiya filtrləri” və “şərti yerli üstünlük mexanizmləri” kimi alətlərə üstünlük verəcək.
Ümumən, Aİ-nin “Buy European” strategiyasında qismən uğur qazanması mümkündür. Lakin bu, yalnız vahid sənaye siyasətinin dərinləşdirilməsi, maliyyə resurslarının balanslı bölgüsü və üzv dövlətlər arasında koordinasiyanın gücləndirilməsi ilə reallaşa bilər. Əks halda, təşəbbüs praktik nəticədən çox siyasi şüar səviyyəsində qalmaq riski daşıyacaq.


