Yeni kitablar

post-img

“Müqəddimətül- ədəb” ana dilimizdə

Beynəlxalq Muğam Mərkəzinin (BMM) nəşrləri seriyasından özbək xalqının böyük mütəfəkkiri Zəməxşərinin əsəri işıq üzü görüb. Bu, “Müqəddimətül- ədəb” kitabıdır.

Əsər filologiya elmləri doktoru, professor Tərlan Quliyevin əski əlifbadan müasir əlifbaya çevirməsi ilə ərsəyə gətirilib. AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda hazırlanan əsərin elmi redaktoru akademik Teymur Kərimlidir.

“Zəməxşərinin “Müqəddimətül-ədəb” əsəri türkoloji aləmdə Mahmud Kaşğarinin “Divani luğat-it Türk” əsərindən sonra mühüm yer tutur. Abidənin, ilk növbədə ərəbcə-farsca- türkcə (Xarəzm türkcəsi) lüğət olmasına baxmayaraq, kitabda yüzlərlə türk söz və söz birləşmələri öz əksini tapıb. Əsər Azərbaycan oxucusuna ilk dəfə təqdim olunur.

“Haqdan yanan çıraq”

“Mücrü” nəşriyyatında araşdırmaçı-yazar Tahir Həsənlinin “Haqdan yanan çıraq” kitabı çap olunub.

Kitabda VIII əsrin sonu - XIX əsrin ortalarınadək Quba və Dərbənd xanlıqlarında baş verən ictimai-siyasi hadisələr fonunda tarixi şəxsiyyətlərlə yanaşı, görkəmli el sənətkarı, Şirvan aşıq məktəbinin yaradıcısı Xaltanlı Tağının (1798–1873) həyat yolu işıqlandırılıb.

Bir əlimdə sazdır, birində qələm,
Haqqın dərgahında günah etmərəm.

Əsərdə Xaltanlı Tağı ilə görüşmüş bir sıra tarixi şəxsiyyətlər – A.Bakıxanov, Şeyx Şamil, Dağıstan və Çeçenistanın ilk imamı Qazi Məhəmməd, onların müəllimi, Qafqazda müridizmin banisi Məhəmməd Yaraqlı, Mövlanə Şeyx İsmayıl Siracəddin Şirvani, qubalı qaçaq Molla Nur və başqalarına da yer verilib.

“Salam sahibi Haqqdı...”

Ədəbiyyatımızın aşıq poeziyası ruhunu müasir düşüncə ilə yoğuran şair İbrahim İlyaslının– “Salam sahibi Haqqdı...” adlı yeni kitabı işıq üzü görüb. Kitab, Azərbaycan Yazıçılar Birliyinin layihəsi çərçivəsində nəşr olunub.

Layihənin rəhbəri – şair və ədəbiyyat təşkilatçısı Xəyal Rza, redaktoru Xaqani Qayıblı, ön söz müəllifi Rüstəm Kamal, məsləhətçisi Qorxmaz Tofiqoğlu, kitabı nəşrə hazırlayan isə Həmid Ormanlıdır.

Bu nəfis topluda şairin aşıq poeziyası üslublu, saz ruhlu seçmə şeirləri insanı ilkinliyinə, mənəvi saflığına qovuşdurur:

Yeddinci qatında haqqım var deyə,
Sidqinən eşqimi bağladım göyə.

İbrahim İlyaslının əvvəlki kitablarından seçmələr və son illər ərzində qələmə aldığı divani, təcnis, qoşma, gəraylı, qıfılbənd, müxəmməs kimi klassik janrlarda yazılmış poetik nümunələr yer alır. Əsərlər həm məzmun, həm də forma baxımından aşıq poeziyasına sədaqətlə yanaşı, şairin özünəməxsus söz dünyasının da zənginliyini əks etdirir. Kitab oxucunu Haqqa, səmimiyyətə, saf niyyətə səsləyir.

Ə.DOSTƏLİ
XQ



Mədəniyyət