“Maneken”in işvəli təbəssümü

post-img

Teatr sehrli məkandır, onun cazibəsinə düşdünsə, heç cür ayrılmaq istəmirsən. Bu mistik məkanda – səhnədə biz müxtəlif insan talelərini izləyir, ağlayır, gülür, kövrəlir, dünyanın, həyatın fəlsəfəsi ilə bağlı düşüncələrə dalırıq.

XX əsr ingilis teatrının nüfuzlu nümayəndələrindən olan teatr və kino rejissoru Piter Bruk yazırdı ki, “yaxşı tamaşaçı olmadan yaxşı teatr mövcud ola bilməz”. Bu gün teatrlara az insanlar gəlir, onlar teatra sadiqdirlər, demək, yaxşı tamaşaçıdırlar. Teatrlarımız yaxşı tamaşaçı sarıdan heç vaxt korluq çəkməyib.

Bu günlərdə Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında görkəmli yazıçı-dramaturq, Əməkdar incəsənət xadimi Firuz Mustafanın “Maneken” tamaşası nümayiş olundu. Dərin məzmunlu tamaşada tənha bir qadının daxili dünyası incələnir. Kişilərə inamı sarsılan qadın bir manekeni özünə ər seçir və bütün intim duyğularını onunla “bölüşür”, hesab edir ki, onu yalnız bu maneken başa düşə bilər.

Tamaşanın quruluşçu rejissoru Raulya Türkan pyesə fərqli yanaşaraq son dərəcə dinamik səhnə əsəri ərsəyə gətirib. Qadın obrazını canlandıran istedadlı aktrisamız İnna İmranova həyati ştrixlərlə bu obrazı öz təbiiliyinə qovuşdurur. Qadının mürəkkəb dünyası aktrisanın məharətli ifasında açılır.

Əsərin həcmi kiçik, iştirakçıları azdır, məkan və zaman da məhduddur, lakin oradakı monumentallıq, epik vüsət insan hisslərinin mürəkkəbliyində, psixoloji çarpışmalarında, hadisələrin gərgin dinamikasında və emosional təsir gücündədir.

Rejissor əsərdəki hisslərin, ehtirasların təzadlı səciyyəsindən bacarıqla istifadə edərək uğurlu bir tamaşa yarada bilmişdir. Onu da qeyd etmək vacibdir ki, söhbət böyük səhnədən getmir və rejissor həmin səhnənin spesifikasına uyğun olaraq “Maneken” tamaşasında monumentallıqla kamerallıq arasında bədii-estetik vəhdət yaratmışdır və bu işdə əsas ağırlıq qadın obrazının ifaçısı İnna İmranovanın üzərinə düşür. Onun Manekenlə “söhbəti” öz taleyinin nəqlinə çevrilir. Aktrisa lirik-psixoloji incəlikləri göstərmək bacarığı ilə bərabər, istedadının epik imkanlarını da nümayiş etdirir və psixoloji lirika ilə epik vüsətin belə bir qarşılıqlı əlaqəsi və təsiri “Maneken”də çox yaxşı nəticə vermişdir.

Başdan-başa təzadlarla dolu, son dərəcə mürəkkəb daxili aləmə, çılğın hiss-həyəcanlara, qızğın ehtiraslara malik qadın əslində özü də bu mürəkkəbliyin, çılğınlığın qurbanıdır. Onun ehtirasları “adi həyat” çərçivələrinə və adi təfəkkürə sığmır. Elə Manekeni özünə sevgili, ər seçməsi də buna sübutdur. Onun psixoloji iztirablarının melodramatik formada təqdimi qənaətbəxşdir. İnna İmranova daxili imkanları, potensialı geniş olan aktrisadır və bu rol sanki onun boyuna biçilib. Aktrisanın üzünü tamaşaçılara tutub monoloqunu deməsi interaktivliyə cəhd kimi maraqlıdır, o, suallarına tamaşaçılar arasında cavab axtarır.

Aktrisanın patetik vüsəti tamaşaçını da həyəcanlandırır, onu bu qadının taleyində xoş bir nüans axtarmağa sövq edir. İnna İmranovanın emosiyaları, oyun amplitudası sərbəstdir. Qadın tamaşa boyu müxtəlif hallar yaşayır, şərti və real ifadələrin arxitektonik payını bərabərləşdirir. Bu da rejissor mizanlarının dəqiqliklə seçilməsini göstərir.

Beləliklə, rejissor səhnədə qadının energetik tarazlığını qoruyub saxlamağa çalışıb və buna nail olub.

Tamaşa insanı öz iç dünyasına səyahətə, öz daxili aləmini təftiş etməyə, düşünməyə sövq edir. Günahkar kimdir? Qadın, ya kişi? Bu suallar ətrafında düşündükcə, “Maneken”in saxta təbəssümü gözlərim önündə canlanır.

Kənan HACI,
yazıçı-dramaturq





Mədəniyyət