Bu gün Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) yaranması günüdür.
Azərbaycan HHQ-si Silahlı Qüvvələrimizin xüsusi qoşun növüdür. Yaranma tarixi 1919-cu ildən götürülsə də, milli hərbi qurum kimi formalaşdırılması ötən əsrin 90-cı illərinə təsadüf edir. 1992-ci il fevralın 14-də Milli Ordunun HHQ-si ayrıca bölmə kimi təsis olunub və həmin vaxtdan bu tarix Hərbi Hava Qüvvələri Günü kimi qeyd edilir.
1994-cü ildə atəşkəs müqaviləsi imzalandıqdan sonra Azərbaycanda başlanan hərbi islahatlar prosesinin özəyini məhz HHQ və Hava Hücumundan Müdafiə Qoşunları (HHMQ) təşkil edib. 1997-ci ildə Azərbaycanın Ali Hərbi Təyyarəçilik Məktəbi ilk milli hərbi təyyarəçilərimizin buraxılışına başlayıb.
Yeri gəlmişkən, Azərbaycanın ilk hərbi pilotu Fərrux ağa Qayıbov olub. O, Birinci Dünya müharibəsində almanlara qarşı keçirilən hava əməliyyatlarında fəal iştirak edib və indiki Belarus ərazisində gedən döyüşlərdən birində həlak olub.
AZƏRTAC xəbər verir ki, bu gün ən müasir təyyarə və helikopterlə arsenalını zənginləşdirən HHQ və HHMQ Azərbaycan səmasını tam gücü ilə qorumağa qadirdir.
Son illərdə ölkəmizdə müdafiəyə ayrılmış vəsaitlərin əhəmiyyətli hissəsi məhz HHQ və HHMQ-nin dirçəldilməsinə sərf edilib və onun aviaparkı müasirləşdirilib.
Azərbaycan və NATO arasında imzalanmış Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı çərçivəsində H.Z.Tağıyev qəsəbəsindəki hərbi aerodrom modernləşdirilib. Eyni zamanda, hərbi aerodromlarda uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə xüsusi avadanlıqlar quraşdırılıb, texniki təminat binaları yenidən tikilib və təmir edilib.

