AzTV – 70
Azərbaycan radiosundan 30 il sonra – 1956-cı il fevralın 14-də Bakı Televiziya Studiyası fəaliyyətə başlayıb. Şərqdə ilk dəfə Bakıda işıqlanan mavi ekran milli jurnalistikamızda, eləcə də ictimai həyatımızda vizual informasiya vermək, maarifləndirmək və əyləndirmək funksiyasında yeni təsirli vasitə olub və missiyasını layiqincə yerinə yetirərək, sosial-siyasi proseslərə təsir göstərmək özəlliyini ortaya qoyub.
Həmin gün gənc diktor Nəcibə Məlikovanın məşhur “Diqqət, göstərir Bakı!” sözlərini deməklə respublikada müntəzəm yayımın başlanmasını bildirməsindən sonra Mehdi Hüseyn, Süleyman Rüstəm və TV-nin rəhbərlərindən olan Teymur Elçin xalqımızı bu münasibətlə təbrik ediblər. Ardınca Sara Qədimovanın qısa muğam konserti olub. Kiçicik ekranda ilk olaraq “Bəxtiyar” bədii filmi göstərilib, amma həmin gün texniki səbəblərdən kinonun səsi çıxmayıb. Çünki teleqüllənin inşası sona yetmədiyi üçün studiya antennası adi neft buruğuna bağlanmış və bu üzdən səs siqnallarının ötürülməsində nasazlıq yaranmışdı. Ertəsi günün efirini məşhur aktrisa Hökümə Qurbanova aparıb və həmin filmi yenidən təqdim edib. Bakı studiyası əvvəlcə həftədə 2, sonra 3 dəfə ikisaatlıq proqramla efirə çıxıb...
Ana televiziyamızın inkişafında yaddaqalan bir sıra hadisələr Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi birinci dönəmə düşür. O dövrdə Azərbaycanın ictimai-siyasi və mədəni həyatına yeni texniki platforma kimi daxil olan televiziya həm videoxəbərlər, konsertlər verir, həm də milli-mənəvi dəyərlərimizi təbliğ edirdi.
AzTV-nin unudulmaz anlarının bəzilərini yada salaq. 1957-ci il iyunun 28-də ilk dəfə olaraq səyyar kameralar vasitəsilə respublika stadionundan canlı yayım həyata keçirilib. 1961-ci ildə Gəncə, Göyçay və Şuşa şəhərlərində güclü TV stansiyalar, 1962-ci ildə Naxçıvan MR-də kiçik güclü TV stansiya və studiya qurulub. 1967-ci ildən ağ-qara yayımdan rəngli (SECAM) TV yayımına keçilib... Sonra kinokameraları videokameralar əvəz edib.
AzTV-nin şanlı tarixinin şərəf səhifələri unudulmur. 1990-cı il yanvarın 19-da saat 19:26-da bu televiziyanın enerji bloku partladılıb. Milli efir öz tarixi ərzində cəmi 9 gün auditoriyasından ayrı düşüb. Ölkədə fövqəladə vəziyyət tətbiq edilsə də, televiziyanın yayımını yalnız yanvarın 28-də bərpa etmək mümkün olub. Dünya ölkələri ilə telekörpü 2004-cü ilin fevralından başlayaraq AzTV-nin proqramlarının Avropa miqyasında daha keyfiyyətli yayımını təmin edib. 2007-ci ildə Avropaya yayımın texniki müvafiqliyinə görə Azərbaycan Televiziyası “Avropa keyfiyyəti” medalına layiq görülüb.
2012-ci ildə Bakı Teleqüllə Kompleksində IPTV baş stansiyası qurulub və həmin kontentin provayderlərə ötürülməsinə başlanılıb. 2016-cı ilin sonunda daha müasir – rəqəmli TV yayımına keçid tam gerçəkləşib.
Azərbaycan dövlət televiziyası 70 ildə zəngin təcrübə qazanıb, dövlətçilik təfəkkürü və milli dəyərlərə söykənən məktəbə çevrilib və ölkə teleməkanının daimi öncülüdür. AzTV-nin güclü maddi-texniki bazası var, peşəkar yaradıcı heyəti, rəngarəng mövzuları, təqdimat formaları ilə seçilir. Prezident İlham Əliyevin təşəbbüsü və xeyir-duası ilə “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin bazasında yaradılan “İdman Azərbaycan” və “Mədəniyyət” telekanallarının da fəaliyyəti qənaətbəxşdir.
Bu sətirlərin müəllifi 20 ilə yaxın milli televiziyada çalışıb. Ünlü qələm sahibləri Elşad Quliyev, Nahid Hacızadə, Aydın Əliyev, Babək Hüseynoğlu, Şəmistan Nəzirli, Kamil Abdullayev, Sadıq Elcanlı, Səyyad Ağbabalı, Həsən Həsənov, Mülatif Adurov, Fikrət Adıgözəlli, rejissorlar Solmaz Həmzəyeva, Vaqif Ağayev, Miri Rzayev, Şərif Qurbanəliyev, Kamran Əliyev, Fərhad Nayibov, çoxsaylı peşəkar operator və montajçılarla birgə maraqlı verilişlər, telesüjetlər ərsəyə gətirmişik. Akif Cabbarlı, Bahadır Şəfi, Nadir Diridağlı, Sahəddin Hüseynov, Azad Müzəffərli, İlham Zeynallı ilə dostluğumuz bu günə qədər davam edir...
Dünən AzTV-yə növbəti güzarımız 70 illik yubileylə əlaqədar rəhbərliyin veteranlarla görüşünə təsadüf etdi. Keçmiş həmkarlarımız olan jurnalistlərlə, rejissorlarla səmimi söhbətlərimizdə xatırladıq ki, çalışdığımız redaksiyalarda sırf yaradıcı ruh, operativlik naminə fədakarlıq bir norma idi.
Ədəbi-dram verilişləri redaksiyasında çalışdığım vaxt bir gün hansı tədbirə gecikirdik. Bizi obyektə aparmaq üçün maşın yox idi. Çarəsiz qalıb sədr müavini rəhmətlik Nahid Hacızadənin kabinetinə girdim.
– Nahid müəllim, vaxt azdır, maşın isə yoxdur, – dedim.
– Bəs nə edək? – deyə soruşdu. Cavabım gözlənilməz və konkret oldu:
– Nə edəcəksiniz, xidməti maşınınızın sürücüsünə deyin, bizi tez ora çatdırsın.
– Yaxşı, gedin, amma gözəl veriliş hazırlayın ha!
Beləcə, çətin vəziyyətdən çıxdıq. Təcrübəli televiziyaçı olan Nahid müəllim sonra mənim o hərəkətimi hətta təqdir elədi...
Veteranlarla görüşü “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Rövşən Məmmədov açaraq doğma ocağa qonaq gəlmiş yaşlı məşhurları salamladı, hamısını yubiley münasibətilə təbrik etdi. O qeyd etdi ki, müstəqillik aktının qəbulunu, Ulu öndərin hakimiyyətə qayıdışını, digər mühüm tarixi hadisələri, o cümlədən Vətən müharibəsində möhtəşəm Zəfərimizi müjdələyən Azərbaycan televiziyası hər bir ailənin, necə deyərlər, sözü urvatda tutulan möhtərəm bir üzvüdür. İnformasiya texnologiyaları, mobil vasitələr həyatımıza nə qədər çox nüfuz etsə də, mötəbər canlı salnamə yaradan televiziyanın yeri başqadır. Son illərdə dövlətin qayğısı ilə milli sərvətimiz olan Teleradiomuz müasirliyi özündə ehtiva edir, bir neçə peyklə dünyaya yayımlanaraq yüksək “əyarlı” peşəkar telekanallar sırasındadır.
Görüşdə vurğulandı ki, hazırda ana televiziyanın kollektivi məhz veteranlardan öyrəndiyi milli-mənəvi dəyərlərə hörməti, gözəl ənənələri qoruyub saxlamağa çalışır. Əsas odur ki, seyrçi ekranın küncündəki leyblı görməsə belə, məhz AzTV-yə baxdığını bilir. Bu, özünü efir ədəb-ərkanı, mədəni davranışlar, səviyyəli çıxışlar, aydın və səlis nitqlər, keyfiyyətli texniki yayım sayəsində büruzə verir. Bu gün AzTV, sözün əsl mənasında, ana televiziya statusunu layiqincə doğruldur.
Arada fürsət tapıb veteran AzTV-çilərdən bəzilərinin ürək sözlərini dinlədik.
Telli Pənahqızı, “Vətənə xidmətə görə” ordenli Əməkdar mədəniyyət işçisi:
– Ömrümün əksər hissəsi burada keçib. Dostlarımı burada qazanmışam, duyğu və düşüncələrimi bu ekranın vasitəsilə seyrçilərə çatdırmışam. Bu gün də məni küçədə, yolda görənlər öz doğmaları kimi salamlayır, hörmət və ehtiramlarını bildirirlər. Çünki mən də, əziz həmkarlarım da heç vaxt xalqa yalan məlumat verməmiş, millətin zərərinə olan bir kəlmə söz belə işlətməmişik. Hər vaxt düşünmüşük ki, bütün televiziyaçılar, jurnalistlər, ilk növbədə, Vətənin, xalqın danışan dili olmalıdırlar. Biz belə yaşamışıq, belə işləmişik. Hazırda estafeti uğurla davam etdirən gənc həmkarlarımı təbrik edir, uğurlar diləyirəm.
Roza Tağıyeva, tanınmış telediktor, Xalq artisti:
– Televiziyamızın 70 yaşı tamam olur. Bu müddətin 64 ilini mən burada keçirmişəm. Bununla çox fəxr edirəm. Bütün teleradio işçilərinə yeni-yeni yaradıcılıq uğurları arzulayıram. Qoy, necə ki, televiziyamız çiçəklənir, belə də davam eləsin!
Solmaz Həmzəyeva, Ali dərəcəli ilk qadın televiziya rejissoru, Prezident təqaüdçüsü:
– İlk dəfə məni bura anam Barat Şəkinskaya gətirib. Sonra – 1962-ci ildə, Rozadan bir neçə ay sonra AzTV-də işə düzəlmişəm. Düz 50 il “Gənclik” baş redaksiyasında çalışmışam. Televiziya gözümün qarşısında gəlib 70 yaşına çatıb. Bütün ardıcıllarımızı, burada çalışan bütün həmkarlarımızı təbrik edirəm. Qoy, təqaüdə çıxandan illər sonra onlar da dəyərli veteranlar kimi, AzTV-yə dəvət olunsunlar, təbrikləri fərəhlə qəbul etsinlər.
Bəli, ana televiziyamız ölkəmizin son 70 ildəki tarixinin şahidi, bu tarixin şanlı səhifələrinin yazılmasının birbaşa iştirakçısıdır. Yüksək peşəkarlıq keyfiyyətlərinə, özünəməxsus efir mədəniyyətinə söykənən bu salnaməçilik AzTV-nin vizual jurnalistikanın inkişafındakı silinməz imzasını ehtiva edir. İnanırıq ki, ən güclü təbliğat kanalı olan milli televiziyamız bundan sonra da ölkəmizin və dövlətimizin qüdrəti, xalqımızın zəngin tarixi, vətəndaşlarımızın daha xoşbəxt gələcəyi ilə bağlı xəbərləri ilə geniş auditoriyasını sevindirəcək.
Əli NƏCƏFXANLI,
Rauf İBRAHİMOV (foto),
XQ



