Paytaxtda böyük şəhər bələdiyyəsi ideyası

post-img

Milli Məclisdə belə bir modelin yaradılması təklif edildi

Fevralın 13-də Milli Məclisin növbəti plenar iclası keçirildi. Ənənəvi olaraq parlamentin sədri Sahibə Qafarova açılış nitqi ilə çıxış etdi. Spiker ABŞ-ın Vitse-prezidenti Ceyms Devid Vensin u günlərdə ölkəmizə rəsmi səfərindən bəhs edərək, tarixi əhəmiyyət daşıyan bu səfərin Azərbaycan ilə ABŞ arasında münasibətlərin inkişafında yeni mərhələ açdığını qeyd etdi: “Səfər çərçivəsində imzalanmış Strateji Tərəfdaşlıq Xartiyası birgə əməkdaşlığın uzunmüddətli prioritetlərini müəyyən edir, energetika, iqtisadiyyat, investisiya qoyuluşu, kosmik sənaye, rəqəmsal infrastruktur, müdafiə, təhlükəsizlik və digər sahələrdə əməkdaşlığın dərinləşməsinin möhkəm təməlini yaradır. Sülh, sabitlik və dayanıqlı inkişaf sahəsində ümumi maraqlara əsaslanan Xartiya tərəflərin suverenliyə, ərazi bütövlüyünə, sərhədlərin toxunulmazlığına və milli maraqlara hörmət əsasında iş birliyini genişləndirmək niyyətini əks etdirir”.

Plenar iclas bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın ötən il üzrə fəaliyyəti haqqında məruzəsi ilə davam etdi. Məruzəni ədliyyə nazirinin müavini Toğrul Hüseynov səsləndirdi. Nazir müavini çıxışında qeyd etdi ki, 2025-ci ildə inzibati nəzarət orqanına daxil olmuş 81.711 bələdiyyə aktı hüquqi ekspertizadan keçirilib və onların 97,2 faizinin qanunvericiliyə uyğun olduğu müəyyən edilib. Nazir müavini onu da əlavə etdi ki, normativ hüquqi aktların tələblərinə zidd olan aktların dəyişdirilməsi və ya ləğv edilməsi üçün “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanuna əsasən aidiyyəti bələdiyyələrə təkliflər verilib: “Bu təkliflər nəticəsində 644 akt ləğv edilib, 950 akt dəyişdirilib, bələdiyyələr tərəfindən təmin olunmayan 7 təklif üzrə məhkəmələrdə iddia qaldırılıb”.

T.Hüseynov digər tərəfdən bələdiyyə orqanlarının səlahiyyətlərində edilən mühüm yenilikdən danışdı. O, qeyd etdi ki, Mülki Prosessual Məcəlləyə və “İcra haqqında” Qanuna edilmiş son dəyişikliklərə əsasən, artıq bələdiyyələr icra sənədlərini “Elektron icra” informasiya sistemi vasitəsilə birbaşa icraat üçün yönəltmək hüququna yiyələniblər: “Prosesin rəqəmsallaşdırılması məqsədilə bələdiyyələr üçün “Elektron icra” informasiya platformasında xüsusi elektron kabinetlər yaradılıb. Bu yenilik sənədlərin həmin kabinetlər üzərindən daha çevik və operativ şəkildə icraya yönəldilməsinə geniş imkanlar yaradır. Nəzərə çatdırım ki, 2025-ci il ərzində debitor borcların ödənilməsi ilə bağlı bələdiyyələr tərəfindən qəbul edilmiş 9.696 inzibati akt icra məmurları tərəfindən icraata qəbul edilib”.

Nazir müavini məruzəsində 2025-ci ildə bələdiyyələrdə 43 vəzifəli şəxsin məsuliyyətə cəlb olunduğunu da diqqətə çatdırdı: “Ötən il bələdiyyələrlə bağlı 62 material istintaqa göndərilib, onlardan 14-ü üzrə cinayət işi başlanıb, 17-si üzrə təqdimat verilib, 31-i üzrə isə araşdırma davam edir. Nazirlik 3.142 hektar torpaqla bağlı qanunsuz qərarların ləğvi üçün tədbir görüb. Nəticədə 3.121 hektar icarə, 21 hektar mülkiyyət qərarı ləğv olunub. Həmçinin 2025-ci il ərzində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə 50 inzibati xəta haqqında protokol tərtib edilərək məhkəmələrə göndərilib. Həmin protokollar əsasında 43 bələdiyyənin vəzifəli şəxsi inzibati məsuliyyətə cəlb olunub”.

Məruzə barədə rəy bildirmək üçün deputatlara söz verildi. Çıxış edən MM-in Regional məsələlər komitəsinin sədri, deputat Siyavuş Novruzov bildirdi ki, yerli özünüidarəetmənin daha səmərəli və funksional institut kimi formalaşdırılması üçün sistemli islahatların həyata keçirilməsi zəruridir. Komitə rəhbərinin sözlərinə görə, ilk növbədə, bələdiyyələrin fəaliyyətini kompleks tənzimləyən yeni qanunvericilik bazasının hazırlanması və seçki mexanizmlərinin daha çevik, rəqabətli əsaslarla təşkili məqsədəuyğundur: “İri şəhərlərdə vahid böyük şəhər bələdiyyəsi modelinin yaradılması imkanları nəzərdən keçirilməlidir. Eyni zamanda, bələdiyyələrin onlayn iclas keçirmək səlahiyyətinin qanunvericiliklə təsbit olunması, ərazi sərhədlərini əks etdirən xəritələrin rəsmi qaydada təqdim edilməsi idarəetmənin effektivliyini artıracaq”. S.Novruzov digər tərəfdən qəbiristanlıqların bələdiyyələrin balansına verilməsi və “Bələdiyyələrin operativ təminat fondu”nun yaradılmasını təklif etdi.

Deputat Fazil Mustafa həmkarı Siyavuş Novruzovun böyük şəhər bələdiyyəsinin yaradılması ilə bağlı təşəbbüsünü dəstəklədiyini bildirdi. Onun sözlərinə görə, bələdiyyələrdə vəziyyət o qədər də ürəkaçan deyil: “Sənəddə göstərilir ki, 2025-ci ildə Gədəbəydə və digər yerlərdə cəmi 4 yeni bələdiyyə müəssisəsi yaradılıb. Bu bələdiyyə üçün minumum bir fəaliyyətdir. Necə olar bilər ki, Azərbaycan kimi dövlətdə yerli özünüidarəetmədə bir il ərzində cəmi 4 müəssisə yaradılır. Onlarla, yüzlərlə müəssisə yaradılmalı idi. Kriminal fəaliyyət göstərən beş-on bələdiyyəyə görə bütün bələdiyyələrin fəaliyyətini iflic etmək olmaz. Biz məşğulluqla bağlı problemi həll etmək itəyiriksə, bələdiyyələrin bu imkanlarını artırmalıyıq”.

Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın 2025-ci ildə fəaliyyəti haqqında məruzəsi ətrafında edilən çıxışlardan və təkliflərdən sonra sənəd səsverməyə çıxarıldı və qəbul edildi.

Daha sonra gündəlikdə duran “Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsini üçüncü oxunuşa parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev təqdim etdi. Dəyişikliyə əsasən, minimum əməkhaqqının məbləğinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın təklifləri əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən ildə bir dəfədən az olmayaraq yenidən baxılacaq. Layihə müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edildi.

MM-in İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov Vergi Məcəlləsinə, “Banklar haqqında” və “Gömrük tarifi haqqında” qanunlara təklif edilən dəyişiklikləri üçüncü oxunuşa təqdim etdi. Qanun layihəsinə əsasən, Azərbaycanda alıcısı olanlara elektron ticarət yolu ilə xidmət göstərən və illik dövriyyəsi 10 min ABŞ dollarının manat ekvivalentini aşan qeyri-rezidentlər 30 gün ərzində elektron qaydada vergi uçotuna alınmalıdırlar. Bu həddən aşağı dövriyyə üçün qeydiyyat könüllüdür. Məsləhət, hüquq, maliyyə, mühasibat, dizayn, mühəndislik, onlayn tədris və tədbir biletlərinin sifarişi bu çərçivədə elektron ticarət xidməti sayılmır. Qeydiyyat və ƏDV ilə bağlı prosedurlar müvafiq icra orqanı tərəfindən müəyyən ediləcək. Layihə müzakirəyə çıxarılaraq qəbul edildi.

“Əhalinin sağlamlığının qorunması haqqında” və “Onkoloji yardım haqqında” qanunlara təklif edilən dəyişikliklər barədə qəbul edilən qanun layihəsinə əsasən, onkoloji yardım artıq yalnız ixtisaslaşmış dövlət müəssisələrində deyil, həm də “Lisenziyalar və icazələr haqqında” qanuna uyğun olaraq bu sahə üzrə xüsusi lisenziyaya malik özəl tibb müəssisələrində göstərilə biləcək. Hazırda qüvvədə olan “Onkoloji yardım haqqında” qanuna görə xidmət yalnız dövlət müəssisələrində və dövlət büdcəsi hesabına həyata keçirilir, özəl sektorun bu sahədə fəaliyyəti isə lisenziyadan kənar hesab olunur. Dəyişiklik pasiyentlərin həkim və tibb müəssisəsini sərbəst seçmək hüququnun təmininə, eləcə də ölkə daxilində mövcud özəl tibbi potensialdan istifadəyə imkan yaradacaq. Layihə üçüncü oxunuşda qəbul edildi.

Plenar iclasın gündəliyinə daxil edilmiş digər qanun layihələri də müvafiq oxunuşlar üzrə səsverməyə çıxarılaraq qəbul edildi. Bununla da MM-in növbəti iclası öz işinə yekun vurdu.

Tacir SADIQOV
XQ

Siyasət