Əliabbas Qədirov – 80
60 illik ömrünün yarım əsrini teatr səhnəsində və kino çəkilişi meydanlarında keçirmiş Əliabbas Qədirov sənətsevərlərin ehtiramla andıqları mədəniyyət fədailərindən olub. İşıqlı çöhrəsi, xoş aurası, cazibədar səsi, yaddaqalan rolları ilə daim könülləri fəth edib.
Əslən xızılı olan Əliabbas Gülabbas oğlu Qədirov 13 fevral 1946-cı ildə Bakıda anadan olub. Paytaxtdakı 105 saylı orta məktəbdə oxuyub. 8-ci sinifdən “Dəmiryolçular” klubunda xalq artisti Ağadadaş Qurbanovun rəhbərlik etdiyi dram kollektivinin məşqlərinə gedib. Sonra İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Sənət müəllimi, ixtisas kurs rəhbəri Xalq artisti, professor Mehdi Məmmədov, səhnə danışığı müəllimi Əməkdar artist Müxlis Cənizadə olub.
Tələbə ikən institutun tədris teatrının ştatlı aktyoru kimi fəaliyyət göstərən Əliabbas orada Cəfər Cabbarlının “Aydın”, Hüseyn Cavidin “Azər”, Afanasi Salinskinin “Təbilçi qız” əsərlərinin tamaşalarında maraqlı rollar oynayıb. Son kursda oxuyarkən isə Mehdi müəllim istedadını nəzərə alaraq, onu Akademik teatrda quruluş verdiyi “Xəyyam” (Hüseyn Cavid) faciəsində Yusif roluna dəvət edib.
Deyilənə görə, atası onun aktyor olmasını istəmirmiş. Amma ailəsinin təkidindən sonra “Xəyyam”a baxmağa gedən Gülabbas kişi tamaşadan və oğlunun uğurlu rolundan əməlli-başlı təsirlənərək ona deyib: “Sən güclü aktyor olacaqsan. Mən bunu bilmirdim. İstədiyim o idi ki, seçdiyin sənətin güclülərindən olasan. Oynadığın tamaşaya baxanda həm sənə, həm də özümə görə kövrəldim. Özümü qınadım ki, uşağı qoymurdum aktyor olsun”.
Həmkarım İlqar Həsənov böyük aktyorun yubileyindən yazdığımı eşidəndə dedi:
– Əliabbas Qədirovun və yaxın qohumu, qiraət ustası Ənvər Vəliyevin məktəbdə ilk müəllimi xalam Dilşad Musayeva olub. Onlara şeiri, ədəbiyyatı sevdirib. Əliabbas Qədirovla söhbətlərimizdə, eləcə də mətbuata verdiyi müsahibələrində həmişə Dilşad müəllim haqqında ürəkdən, minnətdarlıqla danışırdı. Deyirdi ki, ilk rollarını Dilşad müəllimin məktəbdə təşkil etdiyi dram dərnəyində hazırlanan tamaşalarda oynayıb. Müəllimi Əliabbasa çox vaxt baş rolları tapşırırdı. Beləcə, onun böyük sənətə yolu məktəb dram dərnəyində hazırlanan “Hacı Qara”da Hacı Qara, “Vaqif”də Vaqiflə başlayıb.
Səhnədə ilk addımlarından teatr ictimaiyyətinin diqqətini çəkən Əliabbas Qədirov 1970-ci ildən Milli Dram Teatrının aktyoru olub. Orada bədii rəhbər və direktor vəzifəsinədək yüksəlib. Ömrünün sonunadək tərk etmədiyi baş səhnədə müxtəlif dram əsərlərində 40-a qədər obrazı canlandırıb. Hər bir rolu yaradıcılığının parlaq təcəssümünə çevrilib, onu seyrçilərin sevimlisi edib.
Əliabbas Qədirovun obrazlar qalereyasını “Zamanın hökmü”ndə Pronya, “Xırs quldurbasan”da Vəli, “Darıxma, ana!”da Givi, “Mahnı dağlarda qaldı”da Leytenant və Nicat, “Aydın”da İlyas, “Şöhrət və ya unudulan adam”da Fotoqraf, “Məhəbbət əfsanəsi”ndə Şərif, “Xurşidbanu Natavan”da Seyid Hüseyn, “İblis”də Vasif, “Kimdir haqlı?”da Rəşad, “Büllur sarayda”da Həbib, “Biganələr oteli”ndə Diş həkimi, “Torpağa sancılan qılınc”da Qazan xan, “Şeyx Xiyabani”də Şirzad, “Mənsiz dünya”da Mirzə Şəfi, “Sevgililərin cəhənnəmdə vüsalı”nda Mircəfər Bağırov, “Tənha iydə ağacı”nda Kərim bəy, “Sənsiz”də Tərlan, “Əcəb işə düşdük”də Misirxanov, “Kral Lir”də Qraf Qloster, “Hökmdar və qızı”ında İbrahim xan, “Özümüzü kəsən qılınc”da (“Göytürklər”) Qara xaqan, “Ulduz, yaxud “Ədirnənin fəthi”ndə Ənvər və bir-birindən maraqlı başqa rolları bəzəyir.
Müqtədir sənətkar Azərbaycan televiziyasında da çoxlu tamaşalarda oynayıb, “Məşəl” gənclər proqramının və populyar “Komediyalar aləminə səyahət” verilişinin aparıcısı olub. Kino xadimi kimi də məşhurlaşan aktyor Eldar Quliyevin çəkdiyi 2 seriyalı “Sevinc buxtası” bədii filmindəki Nazim roluna görə Dövlət mükafatına layiq görülüb. Bundan əlavə, “Azərbaycanfilm”də “Xatirələr sahilində” (İmran), “Nəğmə dərsi” (Ata), “Nə yaxşı ki, Səməd Vurğun var” (Vaqif), “Bizim evin kişisi” (Mansur), “Qızıl uçurum” (Cəlil), “Qocalar, qocalar” (Fəriz), “Babək” (Fəzl), “İşarəni dənizdən gözləyin” (Sultanov), “Sevinc buxtası” (Nazim) kimi 60-dan artıq ekran əsərinə çəkilib.
Yazıçı-dramaturq, Azərbaycan Dövlət Mədəniyyət və incəsənət Universitetinin professoru, Əməkdar İncəsənət xadimi Əli Əmirlinin dedikləri:
– Mənim “Mesenat” pyesimdə Əliabbas Qədirov Hacı Zeynalabdin Tağıyev obrazını böyük məhəbbətlə, zövqlə oynayırdı. Onun Bakı ləhcəsində gözəl vurğu ilə danışması (əsərdə bu, olmasa da) ayrı bir aləm idi. Hətta adama elə gəlirdi ki, səhnədəki elə Tağıyevin özüdür. Təəssüf ki, Əliabbas Qədirov sevgi ilə oynadığı bu rolda cəmi 10 dəfə səhnəyə çıxa bildi. Axırıncı dəfə amansız xəstəlik ona çox güc gəlmişdi və tamaşadan sonra seyrçilərə baş əyməyə çıxa bilməmişdi. Buna görə də mən səhnə arxasına gedib onu qrim otağında tapdım. Üzgün halda idi. Az qala inanmadım ki, 2 saatdan çox davam edən tamaşada, həm də baş rolda o qədər şövqlə oynaya bilib. Onu da deyim ki, həmin tamaşadan sonra o, cəmi 8 gün yaşaya bildi və Allah rəhmətinə qovuşdu. Bu gün də Tağıyevin obrazı haqqında düşünəndə Əliabbas Qədirov gəlib gözümün qabağında dayanır.
Onu da deyim ki, həmin tamaşamızın böyük uğurla keçməsi barədə mətbuatda çox yazılmışdı. Amma “Tağıyev səhnəyə baş əyməyə gəlmədi” başlıqlı bir məqalə də vardı ki, bəs, adamlar ayaq üstə nə qədər alqışlasalar da, o səhnəyə çıxmadı. Tamaşaçılar da, bunu yazan jurnalist də bilmirdi ki, o, həmin anlarda hansı vəziyyətdə idi. Pyes müəllifi olduğum ən yaxşı tamaşalardan danışanda “Mesenat”ı yada salıram və şübhəsiz ki, Əliabbas Qədirovun oyunu, səhnədəki yerişi, danışığı, təbəssümləri, son monoloqu yadıma düşür. Həmin monoloqda o, deyirdi ki, axırda hər şeyin yolu Allahadır. Sanki artıq getmək məqamının yaxında olduğunu hiss eləmişdi. Allah rəhmət eləsin!..
Xalq artisti, “Şöhrət” ordenli Əliabbas Qədirov 2006-cı il martın 8-də, 60 yaşında dünyasını dəyişib və İkinci Fəxri xiyabanda dəfn edilib. Böyük sənətkarın işıqlı xatirəsi onu sevənlərin qəlbində daim yaşayır.
Əli NƏCƏFXANLI
XQ


