Mənəvi dəyərlərimiz milli varlığımızın əzəli və əbədi mövcudluq qaynağıdır
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” və “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” 2025-ci il 30 dekabr tarixli qanuna əsasən, fevralın 1-dən etibarən ölkədə mədəni irsin korlanması və məhv edilməsi ilə bağlı məsuliyyəti əhəmiyyətli dərəcədə sərtləşdirən yeni qaydalar qüvvəyə minib.
Tarixin “üz qırışları” olan qədim memarlıq abidələri yarandığı dövrün ictimai, mədəni və intellektual mühitini də özündə yaşadan yadigardır. Başqa sözlə desək, mədəni irs nümunələri xalqın təfəkkür tərzi, estetik zövqü və dünyagörüşünü təsdiqləyən qənimət “pasport”lardır. Buna görə onların mühafizəsi həm milli kimliyimizin qorunması, həm də gələcək nəsillərə ötürülməsi baxımından xüsusilə önəmlidir.
Qanunvericiliyə edilən dəyişikliklərə əsasən, beynəlxalq təcrübə nəzərə alınaraq, daşınar və daşınmaz mədəni sərvətlərə qarşı törədilən cinayətlərin xarakteri və tətbiq olunan cəzalar təsbit edilib. Yeni qaydalarda mədəni sərvətlərlə bağlı cinayət əməllərinə görə hüquqi və vəzifəli şəxslərin də hüquqi məsuliyyəti artırılıb. Bundan əlavə, “Mədəni sərvətlərin ehtiyatsızlıqdan məhv edilməsi” əməlinin cinayət məsuliyyətinə səbəb olması müəyyən edilib və Cinayət Məcəlləsinə müvafiq maddə (246-1) əlavə edilib. Buna qədər bənzər əməllər İnzibati Xətalar Məcəlləsində təfsir olunurdu.
İnşaat və digər təsərrüfat işləri görülərkən tarix və ya mədəniyyət abidəsi aşkar edildikdə dərhal işləri dayandıraraq, bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verilməməsi, həmçinin dəfinələrdə aşkar edilmiş və ya tapılmış abidələrin dövlətə təhvil verilməməsi ilə bağlı İnzibati Xətalar Məcəlləsinə yeni 231.3-2-ci maddə əlavə edilib. Yalnız xüsusi mühafizə dərəcəsi tətbiq olunan deyil, dövlət tərəfindən mühafizə olunan bütün mədəni sərvətlərə qarşı törədilən əməllərə tətbiq olunan sanksiyalar isə proporsionallaşdırılıb.
Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən “Azərbaycan Mədəniyyəti – 2040” konsepsiyasında isə bu problem daha qlobal şəkildə əksini tapıb və işğaldan azad edilmiş ərazilərdə mədəni irsin, o cümlədən arxeoloji abidələrin qorunması ilə bağlı fəaliyyətin təkmilləşdirilməsi də önə çıxarılıb. Sənədə əsasən, Mədəniyyət Nazirliyi AMEA, DTA, Şuşa Şəhəri DQİ, digər aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə 2026-2030-cu illərdə mövcud vəziyyətin təhlilini, məlumatların sistemləşdirilməsini, tədbirlər planının hazırlanması və təsdiqini, mədəni irsin, o cümlədən arxeoloji, mədəni irsin, o cümlədən arxeoloji abidələrin qorunması ilə bağlı tədbirlərin həyata keçirilməsi və nəticələrin “e-culture” platformasına inteqrasiyasını təmin etməlidir.
Müsahiblərimizin ölkədə mədəni irsin korlanması və məhv edilməsi ilə bağlı məsuliyyəti sərtləşdirən yeni qaydalarla bağlı fikirlərini oxuculara təqdim edirik.
Aygün Arifli, Hüquq və İnsan Haqları İnstitutunun şöbə müdiri:
– Mədəni irs xalqın qanunla qorunan yaddaşı, keçmişinin ifadəsidir. Bu səbəbdən də onun qorunması təkcə mənəvi borc deyil, həm də ictimai öhdəlik kimi müəyyənləşdirilir. Uzun illər Ermənistanın işğalı altında qalmış Azərbaycan torpaqlarında düşmənlər tərəfindən çoxsaylı mədəni irs nümunələrinin dağıdılması və təhqir edilməsi, Azərbaycan kəndlərinin adlarının dəyişdirilməsi, tarixi irsin silinməsi, mədəniyyət abidələrinin dağıdılması, müqəddəs yerlərin və milli-mənəvi dəyərlərin təhqir olunması mədəni hüquqların pozulması ilə nəticələnmişdir. Buna görə də mədəni irsin qorunması Azərbaycan xalqı üçün xüsusilə həssas əhəmiyyət kəsb edir.
Bu faktlar göstərir ki, mədəni irsin qorunması təkcə daxili məsələ deyil, həm də beynəlxalq məsələdir. Müasir beynəlxalq hüquqda mədəni mülkiyyətin qorunması məsələləri beynəlxalq sənədlərdə əks olunub. Belə ki, UNESCO-nun 1954-cü il tarixli “Silahlı münaqişə zamanı mədəni mülkiyyətin qorunması haqqında” Konvensiyası mədəni mülkiyyətin ümumi (dinc və müharibə dövründə) və xüsusi (yalnız müharibə dövründə) qorunma səviyyələrini müəyyən edir.
Konvensiyaya görə, dövlətlər mədəni mülkiyyətin dağıdılmasını, zərər görməsini və qanunsuz mənimsənilməsini qadağan etməli və qarşısını almalıdır. Onlar, həmçinin bu mülkiyyətə qarşı düşmənçilik hərəkətlərindən çəkinməlidirlər.
Beynəlxalq səviyyədə mədəni irsin qorunmasına dair prinsipləri və həmin sərvətlərin qorunmasının strateji əhəmiyyətini nəzərə alaraq, Azərbaycan Respublikasında mədəni irsin qorunması sahəsində hüquqi mexanizmlərin təkmilləşdirilməsi məqsədilə mövcud normativ-hüquqi bazada mühüm dəyişikliklər edilib. Bu ayın 1-dən qüvvəyə minən həmin dəyişikliklər mədəni irsin qorunması sahəsində daha sistemli və prinsipial yanaşmanın formalaşdırılmasına yönəlib.
Sözügedən dəyişikliklər mədəni irs obyektlərinin qorunmasına dövlət nəzarətinin gücləndirilməsini, bu sahədə hüquqpozmaların qarşısının alınmasını və preventiv təsir mexanizmlərinin effektivliyinin artırılmasını hədəfləyir. Qanunvericilikdə edilən yeniliklər nəticəsində mədəni irs obyektlərinə vurulan zərərə görə cinayət və inzibati məsuliyyətin differensiasiyası daha dəqiq müəyyən edilmiş, sanksiyaların sərtləşdirilməsi yolu ilə bu əməllərin ictimai təhlükəlilik dərəcəsi hüquqi müstəvidə adekvat şəkildə qiymətləndirilmişdir.
Beləliklə, qəbul edilən dəyişikliklər mədəni irsin milli kimliyin və tarixi yaddaşın mühüm tərkib hissəsi kimi qorunmasına xidmət etməklə yanaşı, beynəlxalq hüquqi öhdəliklərə uyğun olaraq davamlı mədəni inkişafın təmin edilməsinə yönəlmiş kompleks yanaşmanın formalaşdırılmasına zəmin yaradır.
Ancaq burada bir sualın meydana çıxması qaçılmazdır: Mədəni irsi yalnız cərimə və ya azadlıqdan məhrumetmə cəzasımı qoruyur? Qanunun sərtləşməsi vacibdir, amma mədəni irsin qorunması üçün yetərli deyil. Çünki mədəni irs nümunəsini məhv edən təkcə düşmənlər, texniki vasitələr, avadanlıqlar deyil. Bəzən onu səssizlik, biganəlik, hər hansısa bir tarixi abidənin yanında yaşayan, amma onun dəyərini anlamayan insanın “mənə nə” düşüncəsi də məhv edir.
Ölkəmizdə mədəni irsin korlanması və məhv edilməsi ilə bağlı məsuliyyətin sərtləşdirilməsi, əslində, cəmiyyətə ünvanlanan açıq bir mesajdır: Tarix sahibsiz deyil! Bu baxımdan qanunvericiliyə edilən dəyişikliklər yalnız hüquqi mexanizm kimi qiymətləndirilə bilməz. Bu, ictimai məsuliyyət çağırışıdır. Belə ki, mədəni irsin qorunması insanların gündəlik davranışında, təhsil prosesində, ailədə formalaşan dəyərlərdə və mediada nümayiş olunan münasibətlə birgə mümkündür.
Əgər cəmiyyətdə bu münasibət formalaşmazsa, qanun yalnız baş vermiş pozuntulara reaksiya verəcək və nəticə olaraq, inzibati mübarizə ilə məhdudlaşacaq. Axı, əsas məqsəd təkcə cəza tətbiq etmək deyil, mədəni irs nümunələrinin qorunmasına yönəlmiş davamlı vərdiş və məsuliyyətin ictimai şüurda formalaşması, yəni pozuntuların səbəbinin aradan qaldırılmasıdır. Bu gün qorunmayan tarix sabah öyrədilə və sevdirilə bilməz.
Daşı, divarı sındırmaq asandır, amma dağıdılan tarixi bərpa etmək mümkün deyil. Ona görə də bu məsuliyyət təkcə qanunda yox, hər birimizin vicdanında yaşamalıdır.
Cavid Şahverdiyev, Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzi İctimai Birliyinin sədri:
– Mədəni irsin qorunması ilə bağlı hüquqi tələblərin artırılması və cəzaların sərtləşdirilməsi dövlətin, cəmiyyətin mədəni irsə təəssübkeş münasibətinin növbəti təzahürüdür. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində bir çox tarixi abidə bərpa olunub, beynəlxalq səviyyədə təbliğ edilib və onların bir neçəsi UNESCO-nun Ümumdünya Mədəni İrs Siyahısında öz yerini alıb.
Prezidentin imzaladığı müvafiq fərman və sərəncamlar bu sahədə həm hüquqi-normativ çərçivənin formalaşmasında, həm də praktiki tədbirlərin icrasında xüsusi əhəmiyyət daşıyır. Dövlət başçısının təşəbbüsü ilə qəbul olunan strateji sənədlər sırasında “Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası”, “Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyası və daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair Dövlət proqramları vacib yer tutur.
Azərbaycanın mədəni irsin qorunması sahəsində qazandığı uğurlar, heç şübhəsiz, ölkəmizin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın da parlaq fəaliyyətinin nəticəsidir. Onun mühüm təşəbbüsləri sayəsində milli mədəniyyətimizin nadir nümunələri dünya ictimaiyyətinə təqdim olunub, Azərbaycan irsinin ümumbəşəri dəyər kimi qəbul olunmasına mühüm töhfə verilib. Mehriban xanım Əliyevanın təşəbbüsləri sayəsində mədəni irsə münasibət cəmiyyətin bütün təbəqələrində fərqli müstəviyə keçib, maarifləndirmə, mədəni diplomatiya və irsə sahib çıxmaq ənənəsi daha da güclənib.
Azərbaycanın mədəni irsin qorunması üçün rəqəmsallaşdırma və yeni texnologiyaların tətbiqi mühüm əhəmiyyət daşıyır. Bu yanaşmalar vasitəsilə tarixi abidələr, sənət əsərləri və mədəni dəyərlər həm mühafizə olunur, həm də dünya səviyyəsində tanıdılır. Gələcəkdə texnologiyanın inkişafı ilə Azərbaycanın mədəni irsin qorunması və tanıdılması daha da effektiv olacaq.
Biz də bu mənəvi əmanətin qorunmasına yeni töhfələr vermək əzmindəyik. Bizim ictimai birliyimiz Mədəniyyət Nazirliyinin 2025-ci il üzrə qeyri-hökumət təşkilatları üçün elan etdiyi qrant müsabiqələrində qalib olub və bu da vətəndaş cəmiyyətinin mədəni irsin qorunmasına fəal cəlb olunmasının nəticəsidir.
Bundan sonra da QHT olaraq, tədqiqat və sənədləşdirmə formatında Azərbaycanın dünya əhəmiyyətli daşınmaz tarix və mədəniyyət, arxeoloji abidələrin foto və video arxivinin yaradılması layihəsini həyata keçirmək niyyətindəyik. Bu həm mədəni irs nümunələrinin gələcək nəsillərə ötürülməsinə xidmət edəcək, həm də yerli və xarici ictimaiyyət internet üzərindən Azərbaycanın mədəni irs nümunələri ilə tanışlıq üçün canlı geniş imkanlar əldə edə biləcəklər.
Mütəxəssislərin qeyd etdikləri bir daha göstərir ki, yeni qaydalar mədəni irsin qorunmasına dövlət səviyyəsində verilən xüsusi əhəmiyyətin növbəti göstəricisidir və bu sahədə hüquqi məsuliyyətin gücləndirilməsinə xidmət edir. Söhbət tarixi abidələrdən, qədim tikililərdən, arxeoloji tapıntılardan, muzey eksponatlarından, bir sözlə, dövlətin qoruduğu bütün mədəni dəyərlərdən və onların qorunub zənginləşdirilməsindən gedir.
Əli NƏCƏFXANLI
XQ



