FHN qurumlarının şahmat çempionatı

post-img

Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-sağlamlıq klubunun bazasında nazirliyin qurumları arasında komanda və şəxsi birincilik üzrə şahmat çempionatı keçirilib.

İdman-sağlamlıq klubunun təşkilatçılığı ilə keçirilən çempionatda FHN-in Aparatı və qurumlarının 17 komandasından ümumilikdə 70-ə yaxın əməkdaş iştirak edib. Çempionatın baş hakimi Fikrət Sideifzadə tərəfindən idarə olunan turnirdə yığılan xalların ümumi sayına görə qalib komandalar və əməkdaşlar müəyyən olunub.

5 gün davam edən yarışda Dövlət Yanğından Mühafizə Xidmətinin komandası bütün rəqiblərinə qalib gələrək birinci olub. Mülki müdafiə qoşunlarının komandası 2-ci, Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarət Dövlət Agentliyinin komandası isə 3-cü yerə layiq görülüblər.

Şəxsi yarışlarda çempion adını Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin əməkdaşı Elçin Əsədov qazanıb. 2-ci yerə FHN Akademiyasının kursantı Mehdi Qasımov, 3-cü yerə isə Sumqayıt Regional Mərkəzinin əməkdaşı Şahin Mehdiyev layiq görülüb.

Sonda qaliblərə, fərqlənən hakim və komandaya kubok, diplom, medal və fəxri fərmanlar təqdim olunub.

Qabil YUSİFOĞLU
XQ

İdman