Qazaxda bir rəssam var...

post-img

Nəcməddin Hüseynov kənddə yaşasa da, əsərlərinin sorağı xaricdən gəlir

Bu yaxınlarda xaricdən aldığımız şad bir xəbər ölkənin mədəni aləmini dolaşdı: Qazaxlı rəssam Avropa Təbiət Elmləri Akademiyasının “Şərəf” medalına layiq görülüb. Görüşüb təbriklərimizi çatdırdıq. Ömür yoluna, yaradıcılıq uğurlarına nəzər saldıq. Söhbət zamanı sənətə vurğunluğuna heyran qaldıq.

Nəcməddin Hüseynovun 69 yaşı var.  Qazaxın Çaylı kəndində yaşayır. Rəssamlığa kiçik yaşlarından, 3-cü sinifdə oxuyandan karandaşla, kömürlə çəkdiyi şəkillərlə başlayıb. Sənətə bağlılığı qətiləşəndən sonra fırça və akvarelə keçib. O vaxtdan, özü demişkən, fırçanı əlindən yerə qoymayıb. Obraz və mənzərələrə can verdikcə yaratmaqdan, həyata rəng qatmaqdan zövq alıb.    

Ötən günlərin bir hadisəsini heyranlıqla danışır: “Məktubə adlı müəllimimiz bizə ev tapşırığı vermişdi. Dərslikdəki həmin mövzunun səhifəsində Xürrəmilər hərəkatının rəhbəri Babəkin şəkli var idi. Qəhrəmanın rəsmini çəkməyə başladım. Gözlədiyimdən də yaxşı alındı. Məktəbin yuxarı siniflərində oxuyan zaman görkəmli alim Xudu Məmmədov şagirdlərlə görüşə gəlmişdi. Mənim çəkdiyim rəsmlərlə tanış oldu. Təxəyyülümü və qabiliyyətimi çox bəyənən Xudu müəllim rəssamlıq məktəbində oxumağımı məsləhət gördü. Hətta mənə söylədi ki, istəsən, sənin yol biletini də mən alaram, yetər ki, gəlib rəssamlıq məktəbində oxuyasan. 10-cu sinfi bitirdikdən sonra Xudu müəllim istirahətdə olduğundan məni rəssamlıq məktəbinə aparmağı Xalq şairimiz Bəxtiyar Vahabzadədən xahiş etdi”.

Beləliklə, istedadlı gənc Azərbaycan Dövlət Rəssamlıq Məktəbində təhsil aldı. Tələbəlik illərində Xudu müəllimlə sıx əlaqəsi, dostluğu oldu. Burada tanınmış fırça ustaları Sirus Mirzəzadə, Elxan Tahirov və Rüfət Əsədullayevdən sənətin sirlərini öyrəndi. 1981-ci ildə təhsilini uğurla başa vurdu. Bir müddət Bədii Fondda tərtibatçı-rəssam kimi çalışan Nəcməddin daha sonra şəhərdəki çətinlik və sıxıntılara görə doğma kəndinə qayıdır.

O gün-bu gün, neçə ildir ki, necə deyərlər, bir qırağa çəkilib yaradıcılıqla məşğul olur. Qazandığı uğurları da elə kəndə bağlıdır. Sübut edib ki, tanınmaq üçün məkanın fərqi yoxdur. Azərbaycan Rəssamlar İttifaqı, Rusiya Peşəkar Rəssamlar İttifaqı və Beynəlxalq Müasir İncəsənət Akademiyasının fəxri üzvü olan Nəcməddin Hüseynov həqiqi üzv qəbul edildiyi “Gottfried Wilhelm Leibniz” adına Avropa Təbiət Elmləri Akademiyasının medalına layiq görülüb.

“Əsərlərimə internet vasitəsilə baxdılar. Beynəlxalq sərgiyə təqdim etdiyim beş rəsmimdən biri - “Mənim babam” adlı əsərim rəngkarlıq üzrə Müasir İncəsənət Akademiyasının qızıl medalına layiq görüldü. Bu mənim üçün ən böyük uğurdur”.

Nəcməddin Hüseynov əsərlərinin əksəriyyətini boya ilə işləyir. Əsasən natürmort janrında çəkir. Amma o, qeyri-adi bacarığı ilə də diqqət çəkir. Ölkəmizdə ilk dəfə şam tüstüsündən istifadə etməklə 30-dək əsər ərsəyə gətirib.

“Bəzi rəssamların yanan çırağın hisi ilə çalışdıqlarını öyrənib bildikdən sonra qərara gəldim ki, bunu kətan üzərində yoxlayım. Sonra şam tüstüsündən istifadə etdim. Rəsmləri belə üsulla çəkmək çox səbir, təmkin və dəqiqlik tələb edir. Tüstü daha effektli, daha çalarlıdır. Şam tüstüsündən ancaq “ağ-qara” əsərlər işləmək mümkündür. Fikrimcə, tüstü ilə çəkilən rəsmlərin qalma müddəti yağlı boyadan çox olur. Həm də tüstü texnikası mənim xarakterimə uyğundur”.

Onun rəsmləri ölkəmizdə bir çox tədbirlərdə sərgilənib, sosial şəbəkələrdə paylaşılıb, məşhur şəxsləri də heyran qoyub. İndiyədək 4 minə yaxın əsərin  müəllifi olan rəssamın əl işləri dəfələrlə beynəlxalq sərgilərdə də nümayiş etdirilib.

Nəcməddin Hüseynovun çətinlik çəkmədiyini də söyləmək düzgün olmazdı. Kənddə fəaliyyət göstərdiyindən, lazımi ləvazimatı tapa bilmir, emalatxanası da yoxdur, evindəcə  çalışır. Bir şakəri də var: iş başında olanda musiqiyə qulaq asır. Bu, ona ruh və yaradıcı fantaziya verir. Əsərlərini xaricdən onlayn sifariş göndərib, əldə edənlər də var...

“2006-cı ildə “Üçüncülər” adlı rəsm kataloqum işıq üzü gördü. Qazax və Ağstafa rayonlarında fərdi sərgilərim keçirildi. Şəxsi kolleksiyalarda, bir sıra muzey və qalereyalarda da əsərlərim nümayiş olunur. Prezident İlham Əliyev 2008-ci ildə Qazax Dövlət Rəsm Qalereyası binasının açılışında iştirak edərkən mənim də əl işlərimlə tanış olub və bəyənib”.  

2018-ci ildə Bakıdakı “NUR Art House” qalereyasında rəssamın növbəti fərdi sərgisi təşkil edilir. Rəngkarlıq və qrafika əsərləri maraqla qarşılanır. Onun fərdi üslubu, texnikası diqqət çəkir, mövzu və janr baxımından rəngarəng yaradıcılığı qeyd edilir. Müəllifin “Qaçqınlar”, “Hücumdan sonra”, “Xocalı faciəsi”, “Həlledici an”, “Müharibəli Novruz”, “Mustafa kişi”, “Mənim babam”, “Külək”, “Göyəzən”, “Sevinc”, “İblis”, “Bir dünya” və s. əsərlərinin düşündürücü olduğu vurğulanır. Duyğularını yüksək peşəkarlıqla əks etdirə bildiyi “Mənim babam” əsəri Rusiyada Beynəlxalq Müasir İncəsənət Akademiyası və Rusiya Peşəkar Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə keçirilən “Art excellence awards – 2020” müsabiqəsində qızıl medala layiq görülür. Müasir İncəsənət Muzeyində, Səməd Vurğunun ev-muzeyində əsərləri var. 

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev  sənətdə Novruz palitrasından danışarkən görkəmli mənzərə ustası Səttar Bəhlulzadənin monumental tutumlu “Azərbaycan nağılı” tablosundan  sonra  Azərbaycan təsviri və tətbiqi sənətində Nəcməddinin işini xüsusi fərqləndirib: “Novruz ünvanlı çoxsaylı əsərlər yaradılsa da, qənaətimizcə, onların ən təsirlisi Qazax rayonunda yaşayan Nəcməddin Hüseynovun ərsəyə gətirdiyi “Müharibəli Novruz” rəngkarlıq tablosudur. Burada Qarabağ cəbhəsində əsgərlərimizin bayram süfrəsi görüntüyə gətirilib. Cəbhədəki gərgin vəziyyət əsgərlərə səməni göyərtməyə imkan vermədiyindən, onlar yaşımtıl rəngə çalan döyüş güllələrinin belinə qırmızı parça zolaq bağlamaqla onu “səməni”yə döndərmiş, rəngli yumurtaları isə iki döyüş qumbarası ilə əvəzləmişlər. Bu, doğrudan da, obrazlı bədii ifadəsinə görə çox gözlənilməz və təsirli bir kompozisiyadır...”

Nənəsinin toxuduğu xalçaların, kilimlərin yanında böyüyüb, ilmələrə, ərişə-arğaca, rənglərə vurulub. Bu vurğunluq onu rəssam edib. Özü də əsl rəssam.

Əli NƏCƏFXANLI
XQ

 



Mədəniyyət