Növbəti Hun-Türk Qurultayı hərtərəfli inteqrasiyanı gündəmə gətirdi
Orta əsrlər Avrasiyasının qüdrətli imperiyasını yaratmış Hun türklərinin Şərqi Avropada varisləri olan macarlar son vaxtlar qədim soy-köklərinə sevgi və ehtiramla bu öyünclü tarixə sahib çıxır.
Ümumtürk ailəsində layiqli yer tutmaq üçün Macarıstanda müxtəlif etno-mədəni tədbirlər keçirilir, bu dövlət Türk Dövlətləri Təşkilatının və digər ümumtürk qurumlarının tədbirlərində yaxından iştirak edir. Bugünlərdə isə Macarıstanın Buğac şəhərində növbəti Hun-Türk Qurultayının rəsmi açılış mərasimi keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsindən XQ-yə bildirilib ki, Qurultayda Azərbaycanı Diaspora Dəstək Fondu təmsil edib.
Macarıstan parlamentində keçirilən qurultayı vitse-spiker Sandor Lezsak açaraq məclisin Türk dünyasında birliyin və bərabərliyin yaradılmasına, hərtərəfli əməkdaşlığın genişlənməsinə önəmli töhfə verəcəyinə əminliyini bildirib.
Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüraliyev, TÜRKPA-nın Baş katibi Mehmet Sureyya Er, TÜRKSOY-un rəhbəri Sultan Raev, Beynəlxalq Türk Akademiyasının rəhbəri, akademik Şahin Mustafayev, Özbəkistan və Qazaxıstanın mədəniyyət nazirlərinin müavinləri çıxışlarında Türk dünyasında birlik və bərabərliyin önəminə toxunublar.
Azərbaycan nümayəndə heyəti adından çıxış edən Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Əkrəm Abdullayev Hun–Türk Qurultayının Türk dünyası hərtərəfli inteqrasiyası üçün gündəmə gətirdiyi ideyaların önəmini vurğulayıb. O, çuvaş türklərinin bir deyimini öyünclə səsləndirib: “Var olmuşuq, varıq, var olacağıq”.
3 gün davam edən və 3 mindən çox insanı əhatə edən qurultay günlərində ilk dəfə Azərbaycan çadırının qurulması, qədim xalçalarımızın sərgilənməsi, xalq yaradıcılığı nümunələrinin və aşıq sənətinin, eləcə də milli rəqslərimizin təqdim olunması böyük maraqla qarşılanıb.
Xatırladaq ki, 2 ildən bir təşkil olunan Hun-Türk Qurultayının keçirilməsində məqsəd türk xalqları və onların diaspor təşkilatları arasındakı birliyi günün çağırışlarına qovuşdurmaqdır.
T.RÜSTƏMLİ
XQ