Son illər iki qardaş ölkə – Azərbaycan və Türkiyə sənət adamlarının qarşılıqlı qastrol səfərlər etməsi ənənə halını alıb. Bu dəfə Türkiyənin məşhur kino və teatr aktrisası Sumru Yavrucuk ənənəni davam etdirərək, Bakıya “Şerli Valentin” monotamaşası ilə qastrola gələcək.
Mədəniyət Nazirliyindən XQ-yə verilən məlumata görə, tanınmış sənətçi oktyabrın 5, 6-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrının səhnəsinə çıxacaq.
İkipərdəli tamaşada gündəlik həyatın cansıxıcılığında itib-batan qəhrəmanın hekayəsi diqqət mərkəzində saxlanılır. O, özünü yenidən kəşf edir və həyat yolunda ayaqları üstə möhkəm dayanmağa başlayır.
Səhnə əsərinin rejissoru teatr sahəsi üzrə bir sıra mükafatların laureatı Sumru Yavrucukun özüdür. Sənətkar tamaşadakı bütün obrazları da özü canlandırır. Qardaş ölkənin tanınmış sənət adamının Bakı qastrolu Mədəniyyət Nazirliyinin dəstəyi, “Caspian Media Group”un təşkilatçılığı ilə reallaşacaq.
Xatırladaq ki, S.Yavrucuk “Yabancı damat” serialındakı obrazı ilə məşhurlaşıb. Daha sonra “Fatmagülün suçu nə?”, “Şahanə həyatım”, “Evlilik haqqında hər şey” kimi seriallarda da unudulmaz obrazlarla böyük şöhrət qazanıb.
C. BALABƏY
XQ