Azərbaycan kitabı MDB “Kitab sənəti” müsabiqəsində

post-img

Ölkəmiz Tacikistanın paytaxtı Düşənbədə gerçəkləşən növbəti beynəlxalq kitab müsabiqəsində uğurla təmsil olundu. "Kitab sənəti" Beynəlxalq Müsabiqəsində  Müstəqil Dövlətlər Birliyi (MDB) İcraiyyə Komitəsinin təşkilatçılığı ilə 21-ci dəfə keçirilən yarışmada müxtəlif nominasiyalar üzrə Azərbaycan çap məhsulları nümayiş etdirilib.

Mədəniyyət Nazirliyi Kitab sənayesi şöbəsinin baş məsləhətçisi İslam Hüseynov müsabiqə barədə XQ-yə məlumatında bildirdi: 

– Son illər ölkəmizdə  inkişafına önəm verilən sahələrdən biri də nəşr və poliqrafiya sahəsidir. Bu yöndə müxtəlif mövzuları əhatə edən kitab və jurnalların yüksək keyfiyyətlə hazırlanmasını Azərbaycan nəşrlərinin uğuru kimi də qiymətləndirmək olar. Ölkəmiz mütəmadi olaraq müxtəlif çap məsulları ilə beynəlxalq müsabiqə və kitab yarmarkalarında təmsil olunur, uğurlara imza atır. 

Yüksək keyfiyyətlə hazırlanan çap məhsullarımız həm elmi araşdırmalarda istifadə baxımından, həm də oxucu məmnuniyyəti qazanmaq üçün faydalıdır. 9 adda kitabla builki müsabiqəyə qatıldıq. Ümumilikdə, 6 ölkədən bir sıra nominasiyalar üzrə 64 adda kitab təqdim edilmişdi. Açıq səsvermə yolu ilə hər nominasiya üzrə kitabların dəyərləndirilməsi aparıldı. Əvvəlcə nəşr məhsulları haqqında iştirakçı ölkələrin nümayəndələrinə ətraflı məlumat verildi. Ölkəmizin nəşrləri 4 nominasiya üzrə 1-ci, 2 nominasiya üzrə 2-ci, 3 nominasiya üzrə 3-cü yerlərə layiq görüldü.

Müsabiqədə iştirakımızın əhəmiyyətinə toxunan nazirlik rəsmisi qeyd etdi ki, ölkəmizin bu tədbirlərə qatılması milli kitablarımızı MDB məkanında daha yaxşı tanıtmaq  məqsədi daşıyır. Biz də birlik ölkələrinin yeni nəşrlərindən xəbər tuturuq. 

– Müsabiqədə Azərbaycanla yanaşı, Rusiya, Qazaxıstan, Belarus, Qırğız Respublikası və Tacikistan iştirak edirdi. Ötən illərdə bu müsabiqədə Ermənistan da təmsil olunub. Onların təqdim etdikləri bir nəşr-
də Şuşadakı tarixi abidələr də yer almışdı.Həmin kitabda milli irs nümunələrimiz ermənilərə aid edilmişdi. Biz buna etiraz etdikdən sonra həmin kitab müsabiqədən yığışdırıldı. Onlar isə bildirdilər ki, daha bu müsabiqəyə qatılmayacaqlar. Bu il Ermənistan tərəfi burada təmsil olunmadı. Göründüyü kimi, belə beynəlxalq müsabiqələrdə olmağımız çox əhəmiyyətlidir. Mədəniyətimizi təbliğ etməklə, kimliyimizi və milli irsimizi tanıtmaqla, ölkəmizi beynəlxalq aləmdə layiqincə təmsil edib, məşhurlaşdırırıq.

Müsahibimiz sonda onu da əlavə etdi ki, “Kitab sənəti” müsabiqəsinin mükafatları sentyabr ayında keçiriləcək ənənəvi Moskva Beynəlxalq Kitab Sərgi-Yarmarkasında təqdim olunacaq.

Ceyhun ALIŞLI
XQ

 





Mədəniyyət