Caliber.az saytı avqustun 6-da ABŞ Hərbi Hava Qüvvələrinə məxsus 2 təyyarənin Ermənistanın “Zvartnots” hava limanına enməsi ilə bağlı eksklüziv material paylaşmışdı. Sayt bildirmişdi ki, “Boeing C-17” hərbi yük təyyarələrində hərbi yüklə yanaşı, İran ərazisindən buraxılan raketlərin və digər uçan aparatların trayektoriyalarını izləyən xüsusi qurğular daxil olmaqla, bu avadanlıqları idarə edəcək şəxsi heyət də Ermənistana gətirilmişdi.
Azərbaycan və İranla sərhəddə yerləşdiriləcək şəxsi heyətə diqqəti cəlb etməmək üçün hərbçilərin xüsusi olaraq seçildiyi vurğulanırdı. Onların əksəriyyəti erməni əsilli, Amerika ordusunda xidmət edən ABŞ vətəndaşları, postsovet ölkələrindən ABŞ-ə köçmüş slavyan və Qafqaz görünüşlü şəxslərdir. Eyni zamanda, şəxsi heyətin Ermənistan silahlı qüvvələrinin forması ilə təchiz olunduğu və Zəngəzurdakı Ermənistan ordusunun hərbi bazasında yerləşdirildiyi bildirilirdi.
Caliber.az-ın sensasiyalı məqaləsinin dərcindən sonra ABŞ-nin Ermənistandakı səfirliyi Zəngəzura Amerika hərbçilərinin yeridilməsi ilə bağlı yayılan məlumatlara reaksiya verməyə tələsdi. ABŞ diplomatik missiyasının cavabında deyilirdi: “ABŞ və Ermənistan arasında əməkdaşlığın artırılmasına yönəlmiş “Eagle Partner 2024” təlimləri iyulun 24-də uğurla başa çatmışdır. Biz təsdiq edə bilərik ki, Amerikanın bütün texnikası və şəxsi heyəti Ermənistanı tərk etmişdir”.
Ancaq Caliber.az saytı yazır ki, “Eagle Partner 2024” təlimi iyulun 15-dən 24-dək Ermənistanda keçirilmişdir. ABŞ Hərbi Hava Qüvvələrinin hərbi-nəqliyyat təyyarələri isə Ermənistana avqustun əvvəlində gəlmişdi. Yəni səfirlik saytın məlumatına reaksiya verdi, amma bu reaksiya tamamilə mövzudan kənar oldu. Beləliklə, ABŞ səfirliyi Caliber.az saytının təqdim etdiyi məlumatları təkzib edə bilmədi. Görünən odur ki, ortada region ictimaiyyətini çaşdırmaq üçün nəzərdə tutulmuş təxribatçı manevr etmək cəhdi var.
Dünən isə Caliber.az-ın redaksiyası “Zvartnots” İrəvan hava limanına enən hərbi-nəqliyyat təyyarələrindən birinin fotolarını ictimaiyyətə açıqladı. Caliber.az-a avqustun 2-3-də Ermənistana gələn amerikalı hərbçilərin irəli çəkilmə marşrutu və dəqiq yerləşdirmə yeri də məlumdur. Belə ki, fotoda göstərilən təyyarə Qətərdən havaya qalxaraq Gürcüstanın hava məkanından Ermənistan ərazisinə daxil olmuşdur. 2 gün əvvəl rus sərhədçilərinin çıxarıldığı "Zvartnots"da, bu Amerika hərbi təyyarə daşıyıcısından ABŞ Silahlı Qüvvələrinin silahları və şəxsi heyəti olan 3 konteyner boşaldıldı və sonrakı yerləşdirmə ərazisinə göndərildi.
Caliber.az saytı xəbərdarlıq edir ki, ABŞ səfirliyi və erməni tərəfi aşkar olanı inkar etməyə davam edəcəyi təqdirdə, redaksiya ABŞ müdafiə naziri Lloyd Ostinin tabeçiliyində olan hərbçilərin Ermənistanda qalması ilə bağlı yeni təfərrüatları təqdim edəcək. Sayt bildirir ki, əlində materiallar var, lakin həmin məlumatları hissə-hissə dərc edəcək. O ümidlə ki, amerikalı tərəfdaşlar saytın mövzu ilə bağlı yaydığı məlumatları Azərbaycan vətəndaşlarına əvvəlkindən daha səmimi şəkildə şərh etmək arzusunda olacaqlar.
Çox maraqlıdır, Tehranın “qırmızı xətləri”, Ermənistanın ərazi bütövlüyü və Cənubi Qafqazda qeyri-regional qüvvələrin mövcudluğunun yolverilməzliyi barədə “tezislərini” yorulmadan təkrarlayan İranın Ermənistandakı səfirinin reaksiyası necə olacaq? Caliber.az yazır: “Mifik İsrail hərbi bazalarını Azərbaycanda həvəslə axtaran bir sıra iranlı deputatların, ictimai xadimlərin və politoloqların reaksiyası da maraqlıdır. Onlara demək istədiyimiz budur: siz Azərbaycanda heç vaxt olmamış İsrail bazalarını axtararkən, erməni dostlarınız artıq Amerika əsgərlərini sərhədlərinizə gətiriblər. Doğru yerdə axtarmırsınız, cənablar”.
XQ