Müşfiqin ruhunu incitməyək-VİDEO

post-img

Böyük şairin Xızıdakı ev muzeyi biganəliyin qurbanına çevrilir 

...Səhərdir, bir saatdır ki, Bakıdan çıxıb Müşfiqin ata yurdu, Xızı rayonunda yerləşən Sayadlar kəndinə gedirik. Xızı dağları sanki asfalt yolu ağuşuna alaraq bizi mehribancasına müşayiət edir. 

Bir vaxtlar bu kənddə Müşfiqin atası, dövrünün tanınmış şairi Mirzə Əbdülqədir Vüsaqiyə məxsus su dəyirmanı olub. Təəssüf ki, həmin o dəyirman da, kəndin palçıqdan inşa edilən daxmaları da hələ ötən əsrin əvvəllərindən “qeybə çəkilib”. Necə deyərlər, lələ köçüb, yurdu qalıb. Bu gün buranı yaddaşlardan əbədi silinməyə qoymayan isə yalnız bu elin-obanın şair oğlu Mikayıl Müşfiq və onunla bağlı unudulmaz kövrək, şirin xatirələrdir.

Budur, artıq çatmışıq. Əvvəlcə yolun sağ tərəfindəki uca təpələrdən birinin üzərində zövqlə hazırlanmış başıbəlalı musiqi alətimiz – tarın mozaik pannosu diqqətimizi cəlb edir. Üzərində sadəcə nümayişkaranə şəkildə cəmi bir söz həkk olunub – “Oxu!”. Dərhal qəlbimizdən müşfiqanə bir nida qopur: “Oxu, tar!” Şeiri, o ağır dövrü də xatırlayıb həyəcanlanırıq. Müşfiqin milli qeyrəti, hünəri, cəsarəti qəlbimizi riqqətə gətirir!  

Tarın abidəsi ilə üzbəüz yolun sol tərəfindəki hündür təpələrin üzərində isə sevimli şairin büstü və ev muzeyi yerləşir. Yol boyu bizi müşayiət edən çılpaq qayalardan fərqli olaraq, buradakı yamaclara xeyli ağac və bəzək kolları əkilib. Muzeyin əməkdaşları min bir zəhmət hesabına bu yaşıllıqları qorumağa çalışırlar.  

Bələdçilər bizi çox səmimi qarşılayb dillənirlər: Müşfiq ocağına xoş gəlibsiniz! Onlar, əlbəttə, bizimlə birlikdə bura təşrif buyuran tanınmış müşfiqşünas alim-tədqiqatçı, filologiya elmləri üzrə fəlsəfə doktoru Firudin Qurbansoyu yaxşı tanıyırlar. Buranı tez-tez ziyarət edən bu dəyərli ziyalı hər dəfə olduğu kimi, bu dəfə də özü ilə Müşfiqlə ­bağlı xeyli kitab, broşür və qəzet nüsxələri hədiyyə ­gətirib. Onları bir-bir muzey işçilərinə izah edərək təhvil verir. 

Müşfiqin ata ocağı sayılan bu yerdə onun qonağı olmaq son dərəcə qürurvericidir. Sanki ruhumuz təzələnir, sevinirik. Axı, o, hər birimizin ən ülvi duyğularını ən gözəl sözlərlə ifadə edən böyük sənətkardır! Allah ona böyük istedad verib, taleyi, bəxti isə gətirməyib, amma o boyda şər imperiyası qarşısında əyilməyib, sınmayıb. Müşfiqin şəxsiyyəti də, büllur kimi şaf şeiriyyəti də hər birimiz üçün əzizdir, doğmadır. 

Azərbaycan xalqının Müşfiqə sevgisi sonsuzdur, əbədidir. Heç bir qüvvə bu məhəbbəti qəlbimizdən zərrə qədər azaltmaq gücündə deyil. Əksinə, zaman əbədi olaraq gənc şairin xeyrinə işləyir. Xalqımızın hər bir yeni nəsli Müşfiqin ecazkar poeziyasının sehrinə düşür. Bu, qeyri-adi, ilahi poeziyadır! 

...“Xalq qəzeti”nin yaradıcı qrupu Müşfiq ocağına bir müddət əvvəl qəzetdə dərc olunan tənqidi yazı ilə bağlı burada görülən işlərlə yerindəcə tanış olmaq məqsədilə gəlib. Əslində, həmin yazının ortaya çıxmasının səbəbkarı Firudin müəllimdir. O, Müşfiqin ev muzeyinin bərbad vəziyyətə düşməsinə dözməmiş, redaksiyamıza müraciət ünvanlamışdı. Bu tənqidi qeydlər dərhal XQ-nin səhifələrində işıq üzü gördü. 

Hörmətli oxuculara bir daha xatırladaq ki, ötən il avqustun 29-da muzeyin həyətindəki dərədən axan, adətən, az sulu Tuğ çayı o ərəfədəki bərk yağışlardan sonra bir anın içində kükrəyərək məcrasından çıxmış, muzeyin binasına və ətrafdakı infrastruktura böyük zərər vurmuşdur. Sel, hətta, çayın üstündəki dəmir körpünü xeyli kənara atmışdır. 

Tənqidi yazı qəzetdə dərc olunandan sonra gözləmək olardı ki, muzeyin inzibati ərazisində yerləşdiyi Xızı Rayon İcra Hakimiyyətinin və Mədəniyyət Nazirliyinin rəhbərliyi bu məsələ ilə bağlı təcili tədbirlər görəcəklər. Lakin təəssüf ki, hər iki məsul qurum ümidlərimizi doğrultmadı. 

Redaksiya əvvəlcə Xızı RİH başçısının imzası ilə cavab məktubu almışdır. Orada yazılır ki, obyekt Mədəniyyət Nazirliyinin balansındadır. Yəni hörmətli jurnalistlər, bizi narahat etməyin və daha vacib işlərimiz var.  

Bu günlərdə isə Mədəniyyət Nazirliyindən cavab almışıq. Məktubda yalnız belə bir fakt qeyd olunur ki, guya, muzeyin həyətindəki körpü artıq bərpa olunub. Dərhal qeyd edək ki, hər iki cavab başdansovdu yazılıb və reallığı qətiyyən əks ­etdirmir. 

Düzdür, bir nəfər iş adamı Tuğ çayının üzərində müvəqqəti olaraq iki beton plitə saldırıb ki, muzeyə gələnlər heç olmasa çayın üzərindən təhlükəsiz şəkildə adlaya bilsinlər. Həmin şəxs, üstəlik, muzey ərazisinin bir hissəsini hasara da aldırıb. Məqsədi də odur ki, ətrafdakı mal-qara muzeyin ərazisindəki gül və ağaclara zərər vurmasın.  

Mədəniyyət Nazirliyinin rəhbərliyi həmin iş adamının təmənnasız xidmətini öz ayağına yazmaqla, yəni mənimsəməklə, redaksiyanı və oxucuları aldatmağa çalışıb. Fikirləşiblər ki, heç kim bundan duyuq düşməyəcək. Bu, sözün həqiqətən bitdiyi yerdir! Məmurlar, ən azı, etik və mənəvi qaydaları pozublar.   

Xatırladaq ki, Müşfiqin ev muzeyi 1988-ci ildə, şairin anadan olmasının 80 illiyi ərəfəsində inşa edilib. İstedadlı heykəltaraş Münəvər Rzayeva Müşfiqin tuncdan yonduğu büstünü hazırlayaraq bura təqdim edib. Muzeyin ətrafında daim yaşıl ağaclarla əhatə olunan söhbətgah qurulub, gül-çiçək əkilib, digər abadlıq işləri görülüb.   

Müşfiqin xatirə muzeyi inşa ediləndən sonra xalqımızın bir çox görkəmli ziyalıları, o cümlədən Xalq yazıçısı, professor Gülhüseyn Hüseynoğlu, Xalq şairləri Nəbi Xəzri, Cabir Novruz, tanınmış jurnalist Firuz Əhmədli və digərləri o dönəmdə mədəniyyət naziri vəzifəsində çalışan Polad Bülbüloğludan bu obyektin nazirliyin balansına qəbul edilməsini xahiş ediblər. İnsafən, Polad müəllim bu təşəbbüsü dəstəkləyib və nazirin müvafiq əmri ilə bir neçə nəfər burada daimi işə götürülüb.  

Təəssüf ki, zaman keçdikcə muzeyə diqqət və qayğı azalmağa başlayıb. Bir tərəfdən də muzeyin binası aşınmaya məruz qalıb və hazırda müasir tələblərə cavab vermir. Bura cəmi 53 kvadratmetrlik bir otaqdan ibarətdir. Əlavə otaqların tikilməsinə kəskin zərurət yaranıb. Təsəvvür edin ki, muzeyin eksponatları üçün kiçik saxlanc yeri belə yoxdur. 

Muzeyin divarlarında bir çox yerdə çatlar əmələ gəlib. Dəfələrlə olub ki, ətrafdakı ilan-çayırlar həmin çatlardan içəri girərək, muzeyin işçiləri və ziyarətçilərin həyatı üçün təhlükə törədiblər. Soyuq qış-payız aylarında buranı odunla qızdırmalı olurlar. Muzeyin ərazisinə hələ də içməli su çəkilməyib. Burada heç telefon da yoxdur. Bu səbəbdən muzeyin internet saytını yaratmaq mümkün olmur. Halbuki indiki şəraitdə bu, çox vacibdir. 

Yuxarıda qeyd etdiyimiz kimi, bütün bunlar azmış kimi, ötən ilin avqustunda Tuğ çayı daşaraq muzeyə  və ətrafındakı infrastruktura ciddi ziyan vurub.  

F.Qurbansoy dedi ki, adətən, sısqa axan Tuğ çayı hər 20–25 ildən bir böyük təlatümlə sellənir. Bu məqamda maraqlı bir faktı qeyd etmək yerinə düşür. Belə ki, “Ədəbiyyat qəzeti”nin 2 fevral 2001-ci il tarixli sayında Xalq şairi Nəbi Xəzri həmin hadisə ilə bağlı “Müşfiq evi” adlı şeirini dərc etdirib. Şeir belə bir qeydlə başlayır: “Payız vaxtı dağlar qoynunda Müşfiq evinə gedən körpünü sellərin uçurduğunu gördüm”.

N.Xəzri həmin sel hadisəsindən təsirlənərək yazıbdır:

“Əziz Müşfiqimi

Bu doğma dağdan

Dünən qanlı-qanlı əllər ayırdı.

Bu gün bura gələn dostdan, qonaqdan

Çağlayan dalğalar, sellər ayırdı.

Qumral saçlarını

Daradı külək, 

Xoşbəxtlik gəzərkən dərd çəkdi burda”.

Biz şeirdən qısa bir parçanı təqdim etdik. Ürəyi dolu olan Firudun müəllim şeiri əvvəldən-axıradək əzbərdən söyləyib sonda dedi:

– İndikindən fərqli olaraq, Nəbi Xəzrinin bu həyəcan dolu misraları vaxtında ünvanına çatdı, “dəstə-dəstə el oğulları” körpünü yenidən ­qurdular. Amma bu dəfə üstündən 10 ay keçməsinə baxmayaraq nə körpünü yerinə qaytaran tapılır, nə də selin fəsadlarını aradan qaldırmaq üçün əncam çəkilən...

Haqlı sözə nə deyəsən? Əlbəttə, hörmətli ziyalımız tamamilə haqlıdır. Bu dəfə də Müşfiq muzeyinin taleyinə soyuq, ögey münasibət göz önündədir. Bu məsələnin həllinə məsul olan şəxslər isə heç nəyi veclərinə belə almırlar. Başa düşmürlər ki, nakam taleli Müşfiqin ruhunu incitmək olmaz! 

Müşfiq yazırdı ki, “Kainat olduqca, şeir olacaq!” Düşünürük ki, XX əsr dünya poeziyasının ən gözəl nümunələrini yaradan bir şairin ruhunu incidənlər səhv edirlər. İnanmaq istərdik ki, səlahiyyətli şəxslər öz səhvlərini və günahlarını başa düşəcək, haqq yoluna qayıdacaqlar. Mövzuya yenidən qayıdacağıq! 

Kəmalə ABDİNOVA, 
Məsaim ABDULLAYEV,  
Cavid QAÇAYEV (foto)
XQ

 






















Mədəniyyət