“Xalq qəzeti”nin sorğusu
Ermənistan 30 illik hərbi təcavüz zamanı Azərbaycanın işğal olunmuş ərazilərində mədəni irsi tamamilə dağıdıb və vandalizmə məruz qoyub. Tarixi və arxeoloji abidələr, məscidlər, məbədlər, məqbərələr, məzarlar, muzeylər, eksponatlar, sənət qalereyaları və kitabxanalar, vəhşicəsinə talan olunaraq yerlə-yeksan edilib. İşğal altında olmuş ərazilərdə 2000-dən çox təhsil müəssisəsi Ermənistan tərəfindən tamamilə dağıdılıb.
Ermənistanda da Azərbaycanın mədəni irsinin dağıdılması və mənimsənilməsi üzrə sistemli siyasət həyata keçirilib. İrəvan, Qərbi Zəngəzur, Vedi, Nüvədi, Göyçə və bir çox digər dədə-baba və tarixi torpaqlarından didərgin salınmış azərbaycanlıların izləri tamamilə silinib.
Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayevin təşkilatın İcra Şurasının 217-ci sessiyasında təqdim etdiyi ölkəmizin milli bəyanatında bildirilib ki, Azərbaycan öz milli imkanları daxilində və Qoşulmama Hərəkatının sədri kimi sülh, təhlükəsizlik və Qlobal Dayanıqlı İnkişaf Gündəliyinə töhfə verməkdə davam edir, beynəlxalq həmrəyliyi və çoxtərəfliliyi təşviq etmək üçün səylərini əsirgəmir. Ancaq regionda hələ də mövcud olan irqçilik, ayrı-seçkilik və bununla bağlı dözümsüzlük kimi təhlükəli tendensiyalar narahatlıq doğurur.
Tarixi torpaqlarımızda məskunlaşan ermənilər təkcə torpaqlarımıza deyil, eyni zamanda da qədim türk-alban mədəniyyətinə mənsub olan abidələrə sahib çıxırlar. İndiki Ermənistan ərazisində bir sıra abidələr var ki, sırf türk-alban mədəniyyətinin tarixini əks etdirir. Zaman-zaman Azərbaycana qarşı əsassız ərazi iddiaları irəli sürən erməni millətçiləri işğalçılıq əməllərinə haqq qazandırmaq məqsədilə Qafqaz Albaniyasının xristian kilsəsinə aid kilsə, məbəd və monastrları erməni abidələri elan edirlər. Türk-alban, qıpçaq xristian məbədlərini erməni abidələri adı ilə UNESCO-ya təqdim edirlər. Hətta bir neçə abidə “erməni mədəniyyətinin nümunəsi kimi” beynəlxalq təşkilatın siyahısına salınıb.
Azərbaycan hökumətinin, çoxsaylı Azərbaycan QHT-lərinin və Qərbi Azərbaycan İcmasının Ermənistanda mədəni irsimizin dağıdılmasından dərin narahatlıq ifadə edən və bu ölkədə mövcud vəziyyəti qiymətləndirmək üçün UNESCO-nun Baş direktoruna faktaraşdırıcı missiya göndərməklə bağlı müraciətləri Azərbaycan xalqının haqlı tələbidir. Ancaq bu tələbə əhəmiyyət verilmir.
“Xalq qəzeti” Mədəniyyət Nazirliyinə sözügedən məsələ ilə bağlı sorğu göndərib. “Bu gün erməni vandalizminin araşdırılması üçün hansı konkret addımlar atılır, nə kimi işlər görülür?” – sualına aldığımız cavabı olduğu kimi təqdim edirik: “Ermənistan Respublikası işğalda saxladığı müddətdə suveren ərazilərimizdə yerləşən abidələrimizi dağıntı, vandalizm və özününküləşdirməyə məruz qoymuşdur. Bütün bunlar həm Azərbaycan Respublikasının qanunvericiliyinə, həm ümumbəşəri dəyərlərə, həm də beynəlxalq hüququn norma və prinsiplərinə, xüsusilə də "Silahlı münaqişələr zamanı mədəni sərvətlərin qorunması haqqında" UNESCO-nun 1954-cü il Haaqa Konvensiyası, "Dünya mədəni və təbii irsinin mühafizəsi haqqında" UNESCO-nun 1972-ci il Konvensiyası, "Arxeoloji irsin mühafizəsi haqqında" 1992-ci il Avropa Konvensiyası və digər beynəlxalq hüquqi sənədlərin kobud şəkildə pozulmasının, bu ölkənin təcavüzkar siyasətinin göstəricisidir.
Sözsüz ki, Ermənistan Respublikası beynəlxalq hüququn norma və prinsiplərinə zidd olaraq Azərbaycan xalqına məxsus olan tarixi irsin dağıdılmasına, məhv edilməsinə görə məsuliyyət daşıyır. Azərbaycan tərəfi iştirak etdiyi bütün beynəlxalq kürsülərdən, o cümlədən UNESCO səviyyəsində bu məsələyə diqqət yönəldilməsini tələb edir”.
Göründüyü kimi, nazirliyin cavabında hər hansı bir iş görülməsindən deyil, yalnız kağız üzərində olan qaydalardan danışılır. Bu yazılanlar qəzetimizin sualına cavab deyil, hamının bildiklərini, sadəcə, bir daha təkrar etməkdir.
Bilavasitə vəzifə borcu, milli təəssübkeşlik, haqlı tələblə bağlı qətiyyətli mövqe budurmu? Nazirliyin müvafiq qurumları nəyə görə mədəni irsimizin dağıdılması və mənimsənilməsinə dair “həyəcan” təbilini daha ucadan çalmırlar?! Hansı əsasla mətbuatın sorğusuna başdansovdu cavab verməklə işlərini bitmiş hesab edirlər?
UNESCO-ya, digər beynəlxalq təşkilatlara erməni vandalizminə qiymət verilməsi üçün daha intensiv çağırışlar etməyin, müvafiq tədbirlər görülməsinə nail olmağın, dünya ictimaiyyətini ayağa qaldırmağın vaxtı deyilmi?!
Azərbaycan Prezidenti İlham Əliyev beynəlxalq məclislərdə, işğaldan azad edilmiş ərazilərə səfərlərində UNESCO-nu dönə-dönə regiona dəvət edib. Dövlət başçısı aydın və konkret şəkildə deyir: “UNESCO gəl, gör Ermənistan Azərbaycanda hansı vandalizmi törədib?” UNESCO-dan isə səs çıxmır.
Mədəniyyət Nazirliyinə müraciətimizin mədsədi də bu idi ki, qurumun ölkə rəhbərliyinin çağırışlarının UNESCO-ya çatdırılmasında gördüyü işləri barədə xalqa məlumat verək. Nazirliyin cavabından bu məlum oldumu?
R.QURBANLI
XQ