Erməni vandalları bu nadir gözəlliyə də ağır yaralar vurublar
Azərbaycanın mədəniyyət paytaxtı, Qarabağın tacı olan Şuşa düşmən tapdağından azad ediləndən sonra şəhərdə bərpa-quruculuq işlərinə başlandı. Tarixi binaların, abidələrin bərpası sürətlə həyata keçirildi, şəhərin yuxarı məhəlləsində yaşayış kompleksinin inşası diqqətdə saxlanıldı.
Şuşada olarkən bütün bu quruculuq işləri ilə maraqlandıq. Təbiətin qənirsiz gözəlliyini–Topxana meşəsini görmək isə insanda rahatlıq yaradır, bir yüngünlük hiss edirsən. Onu da deyək ki, Topxana bizim üçün təkcə meşə, təbiət deyil, həm də xalqımızın tarixi, ədəbiyyat və mədəniyyəti ilə bağlı müqəddəs bir məkandır. Bu meşə tarixən qəhrəmanlıq və gözəllik rəmzi sayılıb. Topxana adı da tarixlə bağlıdır. Bu barədə şuşalı məcburi köçkün Tahirə Məmmədova dedi:
– Topxananın adı tarixi hadisə ilə bağlıdır. 1795-ci ildə Ağa Məhəmməd şah Qacar Şuşanı mühasirəyə aldığı zaman topları bu ərazidə yerləşdirmişdi. Bu səbəbdən də həmin ərazi “Topxana”, meşə isə “Topxana meşəsi” adlanır.
Qədim tarixə malik Topxana meşəsi bu gün Şuşanın nadir sərvətlərindən biridir. Meşədə nadir ağaclarla yanaşı, heyvanat aləmi də zəngin olub. Vadidəki bulaqların suyu soyuqluğuna və keyfiyyətinə görə fərqlənib. Lakin düşmən işğal dövründə təbii sərvətlərimizi talayıb, meşələrimizi qırıb. 1988-ci ilin noyabrında başlanan ekoloji terror nəticəsində Topxanada minlərlə qiymətli ağac kəsilərək məhv edilib.
Tarix müəllimi Əmirxan Burzuyev isə bildirdi: 1988-ci ilin payızında namərd əllər Topxanaya, təbiətin bu qənirsiz gözəlliyinə uzanmışdı. Burada gecə-gündüz traktorlar, buldozerlər torpağın altını üstünə çevirir, nadir güllər, çiçəklər, ağaclar məhv olur, tikinti materialları daşınırdı. Ermənistan SSR-nin alüminium zavodlarından biri üçün sex və pansionatın tikintisi həyata keçirilirdi. Azərbaycana demək istəyirdilər ki, bu torpaqların sahibi bizik, istədiyimizi edəcəyik. Əgər bu plan tam həyata keçirilsəydi onda Topxana meşəsinin, Cıdır düzünün, Şuşanın təbiəti, havası, suyu nə günə düşərdi? Digər tərəfdən, bu, tariximizin bir parçasının məhv edilməsinə səbəb olacaqdı. Buna yol vermək olmazdı. Verilmədi də.
1988-ci il noyabrın 17-də yüz minlərə insan Bakının Azadlıq meydanına toplaşdı. Mən də mitinqdə iştirak edirdim. İnsanlar çox həyəcanlı idilər, özlərini təhqir olunmuş hiss edirdilər. Şuşa yaxınlığındakı Topxana meşəsinin qırılmasına və ərazidə Ermənistanın Kanaker alüminium zavodunun işçiləri üçün pansionatın tikilməsinə etirazımızı bildirdik. Sonradan Topxana meşəsinin qırılmasına etiraz kimi başlayan bu hərəkat ideya transformasiyasına uğrayaraq Sovet hakimiyyətindən azadlıq tələb edən milli oyanış hərəkatına çevrildi. 1988–1991-ci illərin Milli–Azadlıq Hərəkatı Azərbaycanda müstəqillik aktının (18 oktyabr, 1991-ci il) qəbul olunması ilə nəticələndi və Azərbaycan ikinci dəfə müstəqil dövlət olaraq öz varlığını dünyaya elan etdi. SSRİ-nin süqutuna qədər Topxana meşəsində isə heç bir tikinti işləri gerçəkləşmədi. Mən bu hadisələrin canlı şahidiyəm və bu gün qürur duyuram.
Tahirə Məmmədova yenidən söhbətə qoşularaq dedi:
– Şuşa erməni silahlı birləşmələri tərəfindən işğal olunduqdan sonra alüminium zavodunun sex və pansionatı tikilməsə də, işğalçı ermənilər sərvətlərimizi talan edir, meşələrimizi qırıb daşıyırdılar. Topxana meşəsindən 2 min ədəddən çox palıd və digər qiymətli ağaclar kəsilərək Ermənistana aparıldı.
Şuşanın Cıdır düzündə, “Ağzı yastı” kahanın qarşısında, meşənin lap hündür yerində geniş düzənlik açılıb, orada müxtəlif adda qiymətli ağaclar qırılaraq tikinti işlərində istifadə edilib. Beləliklə, 28 il 7 ay ərzində işğal altında qalmış Topxana meşəsi demək olar ki, dağıdılıb, bitki örtüyü, heyvanat aləmi məhv edilib. Buna Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük müharibədə Ermənistan silahlı qüvvələrini ağır məğlubiyyətə uğratması ilə son qoyuldu.
Dövlət başçımızın rəhbərliyi ilə aparılan bərpa-quruculuq işləri yenidən bu yerlərə həyat verir, ermənilərin ekoloji sistemə vurduqları ziyan aradan qaldırılır. Ekoloji tarazlığın bərpası istiqamətində görülən tədbirlər Topxana meşəsini də əhatə edir. Ərazilər minadan təmizləndikcə daha çox iş görüləcək. 2021-ci ildə işğaldan azad olunmuş ərazilərdə 20 mindən çox ting əkilib, 3 tona yaxın toxum səpilib. Heydər Əliyev Fondunun layihəsi çərçivəsində “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri tərəfindən Topxana meşəsində də ağacəkmə aksiyası keçirilib. Təkcə bir gündə, noyabrın 8-də Topxana meşəsini də əhatə edən ağacçəkmə kampaniyası zamanı 3 hektar ərazidə dağdağan, göyrüc, saqqızağacı, qarağac əkilib, əraziyə 100 kiloqram palıd toxumu səpilib. Bu proses sonrakı illərdə də davam edib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin rəisi Xalıqverdi Hüseynov bildirdi ki, həmin ərazidə həm ağaclar əkilib, həm də ağac toxumları səpilib:
– İlkin olaraq həmin ərazidə palıd, vələs, dağdan ağacları əkmişik. Həmçinin nazirliyin əməkdaşları meşədə təhlil aparıb. Təhlilin nəticəsindən asılı olaraq aiddiyyəti qurumlara təkliflər göndərilib. Proses davam edəcək, Topxana meşəsi əvvəlkindən daha zəngin meşə örtüyünə və heyvanat aləminə sahib olacaq.
Unutmayaq ki, Topxana meşəsi təkcə meşə, təbiət deyil, həm də xalqımızın tarixinin bir parçasıdır. O, Şuşanın ədəbiyyat və mədəniyyəti ilə bağlı müqəddəs bir yerdir.
Pünhan ƏFƏNDİYEV
XQ
Şuşa