Azərbaycan, Türkiyə və Gürcüstan bu marşrutun önəmli ölkələridir
Gürcüstanda 4-cü Tbilisi İpək Yolu Forumu keçirilib. Xatırladaq ki, bu mövzuda ilk toplantı Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1998-ci ildə Bakıda reallaşıb. Həmin vaxt tarixi İpək yolunun bərpası layihəsinə ilk qoşulan Gürcüstanın ovaxtkı prezidenti Eduard Şevardnadze, həmçinin digər 8 ölkənin dövlət başçısı, 13 beynəlxalq təşkilat və 32 dövlətin nümayəndə heyəti bu forumda iştirak edib. Konfransın yekununda Avropa İttifaqının (Aİ) TRACECA Proqramı əsasında “Avropa–Qafqaz–Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Əsas Çoxtərəfli Saziş” imzalanıb.
Bu məqamda onu da qeyd edək ki, 1998-ci ildə Bakıda keçirilən 1-ci İpək Yolu Forumunda qəbul olunan adıçəkilən Əsas Çoxtərəfli Sazişin müddəalarına əsaslanılaraq TRASEKA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin Bakı şəhərində yerləşdirilməsi və 2001-ci il fevralın 21-də rəsmi açılışı olması Azərbaycanın tarixi İpək yolunun bərpasına öz töhfəsini verməklə, əsas inkişaf trayektoriyalarının müəyyənləşdirilməsində mühüm roloynayıb. Prezident İlham Əliyevin 2015-ci ilin dekabrında Çinə dövlət səfəri çərçivəsində “İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviq edilməsi barədə Azərbaycan Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında qarşılıqlı anlaşma memorandumu imzalanması da prosesin sürətlənməsini şərtləndirib.
Burada mühüm bir məqama da toxunmağı zəruri bilirik. Hazırda Orta dəhlizin (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) yeni İpək Yolu olması üçün əhəmiyyətli layihələr həyata keçirilir. Əslində, bu, Asiya, Avropa və Yaxın Şərqi birləşdirən “Bir kəmər, bir yol” təşəbbüsüdür. Nəqliyyat Marşrutu 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Sonradan layihəyə Ukrayna, Rumıniya və Polşa qoşulub.
Hazırda marşrut Çin–Qazaxıstan sərhədindən başlayır və Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Avropaya qədər uzanır.
Bütün marşrut boyunca vahid tarif yaradılıb, “vahid pəncərə” prinsipi tətbiq olunub. Aİ Orta Dəhlizi Trans–Avropa Nəqliyyat Şəbəkəsini inteqrasiya baxımından ən perspektivli adlandırır. İlkin qiymətləndirmələrə görə, perspektivdə fasiləsiz tədarükü təmin etməsi üçün marşrutun inkişafına 18,5 milyard avro tələb olunur. Ekspertlər bildirirlər ki, investisiyanın əhəmiyyətli hissəsini Aİ öz üzərinə götürməyə hazırdır. Sərmayə əsasən, dəmir yolu və avtomobil dəhlizlərinin bərpası və yenidən qurulması, limanların ötürücülük qabiliyyətinin artırılması və sərhədlərdə infrastrukturun inkişafı üçün lazımdır.
Bu il oktyabrın 26-da isə Tbilisi şəhərində keçirilən 4-cü İpək Yolu Forumunda çıxış edən Baş nazir Əli Əsədov dünyada baş verən son dəyişikliklər fonunda iqtisadi əməkdaşlıq və nəqliyyat bağlantıları ilə əlaqədar yaranan çağırışların toplantının region və bütün dünya üçün əhəmiyyətini daha aydın şəkildə göstərdiyini vurğulayıb. Əli Əsədov, eyni zamanda, Azərbaycan və Gürcüstanın tarixən Avropa ilə Asiya arasında iqtisadi-ticari əlaqələrdə oynadıqları körpü rolunun bu gün də uğurla davam etdirildiyini, həmçinin hər iki dövlətin ötən əsrin 90-cı illərin sonlarında İpək yolunun bərpası konsepsiyasını ilk dəstəkləyən ölkələrdən olduqları diqqətə çatdırıb.
Şübhəsiz ki, bu gün Orta Dəhlizin (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) yeni İpək Yolu olması üçün bu xətt üzərində yerləşən ölkələrin, o cümlədən Azərbaycanın fəaliyyəti, regional nəqliyyat dəhlizinin inkişafı üçün gördüyü işlər və müsbət nəticələr beynəlxalq miqyasda yüksək dəyərləndirilir. Bu fikrin təsdiqi olaraq bəzi faktları diqqətə çatdırmaq istərdik. Əvvəlcə onu qeyd edək ki, yüklərin Qazaxıstandan Gürcüstan limanlarına çatdırılma müddəti ötən illərlə müqayisədə əhəmiyyətli dərəcədə azalıb. Növbəti il üçün hədəfin bu müddəti iki dəfəyə qədər, yəni 11-15 günə endirilməsi nəzərdə tutulub.
Gürcüstan da ötən illər ərzində İpək yolunun bərpasında fəal iştirak edib, bu istiqamətdə genişmiqyaslı layihələr reallaşdırıb. Məsələn, qonşu ölkə ərazisindəki dəmir yollarını müasirləşdirib, yeni limanlar salıb və genişləndirib, yol infrastrukturunu gücləndirib.
Qardaş Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu da ölkəsində bu sahədə görülən işlər haqqında mediyaya müsahibəsində bildirib ki, Orta Dəhlizin yeni İpək Yolu olması üçün respublika daxilində şərq-qərb və şimal-cənub istiqamətlərində çatışmayan nəqliyyat əlaqələrini tamamlayacaq layihələr həyata keçirilir. O, həmçinin diqqətə çatdırıb ki, bu kontekstdə Asiya, Avropa və Yaxın Şərqi birləşdirəcək “Bir kəmər, bir yol” layihəsi Türkiyə üçün çox mühüm fürsət hesab edilir. Londondan Pekinə uzanan “Dəmir İpək Yolu”nun reallaşdırılması Türkiyənin əsas hədəflərindən biridir.
Nazir vurğulayıb ki, Türkiyədə hazırda 4 faiz olan dəmir yolu daşımalarının payını 2029-cu ildə 11 faizə, 2053-cü ildə isə 22 faizə yüksəldilməsi gözlənilir. Bununla da, 2053-cü ilə qədər ölkəsində yük daşımalarında dəmir yollarının payının 7 dəfə artırılması planlaşdırılır. Bundan başqa, beynəlxalq yük daşımalarında dəmir yollarının payını 10 dəfəyə qədər artırmaq nəzərdə tutulur.
İpək yolunun bərpasında Azərbaycana gəldikdə isə deyə bilərik ki, bu qədim marşrutun inkişafında tarixən təkcə iqtisadi deyil, həm də ictimai-siyasi, mənəvi və elmi dünyagörüşü, sülh şəraitinin, dinc-yanaşı yaşam tərzinin qorunub saxlanması baxımından mühüm önəm daşıyıb. Bununla belə yolun mənəvi-mədəni, sosial nəticələri, eyni zamanda, tranzit cəmiyyətlərin də tərəqqisində xüsusi rol oynayıb. Ümumiyyətlə, İpək yolu ölkələri quru və dənizlər vasitəsilə yaxınlaşdırmaqla, mövcud əlaqələri genişləndirməklə bərabər, ticarət münasibətləri əsasında konkret iqtisadi-maddi tələbat və ehtiyacları gerçəkləşdirib.
Azərbaycan İpək yolunun bərpası ilə bağlı ötən müddətdə dövlətimizin başçısının vurğuladığı kimi, ilk olaraq yerli infrastrukturu inkişaf etdirmək üçün bu sahəyə geniş həcmdə investisiya qoyub, qonşularla bağlantı körpülərinin qurulmasını diqqətdə saxlayıb. Beləliklə, “Bir kəmər, bir yol” layihəsi ilə bağlı ölkədaxili infrastruktur sistemini qısa zamanda gerçəkləşdirib. Bununla da, sözügedən istiqamətdə sonrakı proseslərin sürətlə aparılmasına əlverişli zəmin yaradıb.
Hazırda Yeni Bakı Ticarət Limanı genişləndirilir, bununla da Şərqdən–Qərbə daşınan yüklərin həcminin artacağı təqdirdə yükaşırma problemlərinin qarşısı alınır. Başqa sözlə, Azərbaycanın mövcud ticarət infrastrukturu bir neçə il əvvəl fəaliyyətə başlayanda onun yükaşırma qabiliyyəti 15 milyon ton idi. Hazırda isə Yeni Bakı Ticarət Limanının imkanlarını 25 milyon tona qədər çatdırmaq qarşıya mühüm vəzifə kimi qoyulur. Bundan başqa, gəmi tikintisi diqqətdə saxlanılır. İndi gəmiqayırma zavodunun ildə 20-dək gəmi inşa edəcəyi planlaşdırılır. Bu, həm Azərbaycanda, həm də Xəzər dənizində yükdaşımaya tələbat artması ilə bağlıdır. Ümumiyyətlə, hazırda Azərbaycan Xəzəryanı dövlətlər arasında Xəzər dənizində ən böyük ticarət donanmasına sahibdir. Bu, ölkəmizin daha çox yük daşımaq imkanından xəbər verir.
Azərbaycan yuxarıda qeyd edilənlərlə yanaşı, respublikanın dəmir yolunu qatarların sayının və sürətinin artırılması məqsədilə müasirləşdirib. Nəticədə ölkəmiz vasitəsilə daşınan yüklərin həcmi ildən-ilə artıb. Eyni zamanda, tariflərlə bağlı vahid siyasətin reallaşması istiqamətində danışıqlar aparıb, gömrük qaydaları sahəsində daha geniş qarşılıqlı əlaqələndirmə qurulmasını diqqətdə saxlayıb.
Avropa ilə Asiyanı birləşdirən Bakı-Tbilisi-Qars (BTQ) nəqliyyat dəhlizinin inkişafı da İpək yolunun yenidən qurulmasında böyük əhəmiyyətə malikdir. 2017-ci il oktyabrın 30-da istifadəyə verilən BTQ dəmir yolu Trans-Avropa və Trans-Asiya dəmir yolu şəbəkələrinin birləşdirilməsini təmin etməklə, qədim İpək Yolunun polad magistrallar üzərində bərpasıdır.
Xatırladaq ki, 2007-ci il fevralın 7-də Tbilisidə Prezident İlham Əliyevin təşəbbüsü ilə BTQ dəmir yolunun tikintisinə dair saziş imzalanıb. Elə həmin ilin noyabrında Gürcüstanın Marabda məntəqəsində dəmir yolu xəttinin təməli qoyulub. 2008-ci ilin iyulunda isə Qars şəhərində Qars-Gürcüstan sərhədi hissəsinin tikintisinin təməlqoyma mərasimi keçirilib.
Yeri gəlmişkən, ümumi uzunluğu, təxminən, 850 kilometr olan BTQ dəmir yolu xəttinin 504 kilometrlik hissəsi Azərbaycanın ərazisinə düşür. Dəmir yolu marşrutunun 263 kilometri Gürcüstan, 79 kilometri isə Türkiyə ərazisindən keçir. Ekspertlərin fikrincə, BTQ dəmir yolu Çindən Avropaya yüklərin çatdırılması müddətini dəniz daşımalarına nisbətən iki dəfədən çox azaldır. Sabitlik və təhlükəsizliyə xidmət edən bu dəmir yolu vasitəsilə birinci mərhələdə 5 milyon ton, ikinci mərhələdə 17 milyon ton, ondan sonra isə daha böyük həcmdə yüklərin daşınması nəzərdə tutulur.
BTQ dəmir yolunun tarixi İpək Yolu üzərində qurulması region ölkələri üçün layihənin cəlbediciliyini artırmaqla bərabər, Mərkəzi Asiya ölkələrinin–Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistanın, həmçinin Əfqanıstanın Avropaya, eləcə də dünya bazarlarına çıxışını asanlaşdırır, həmin dövlətlərin iqtisadi-ticari əməkdaşlığının möhkəmlənməsində mühüm əhəmiyyət daşıyır.
V.BAYRAMOV
XQ