“Vətən Qəhrəmanı” musiqili layihəsi təqdim olundu

post-img

Bu gün "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində Vətən Müharibəsi Qəhrəmanı, şəhid, polkovnik-leytenant Anar Əliyevin əziz xatirəsinə ithaf olunmuş “Vətən Qəhrəmanı” adlı mahnı və klipin təqdimat mərasimi keçirilib.   
Mahnının yaradıcısı, bəstəkar-pianoçu, Bakı Musiqi Akademiyasının professoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Könül Hüseynova vətənpərvərlik ruhunda yazılmış çoxsaylı mahnıların - “Yenilməzsən Azərbaycan”, “Şəhidlik zirvəsində”, “Murov qartalı”, “Şuşam mənim”, “Qəhrəman övladıyıq”, “Qoruyaq dünyamızı”, “Zəfər” və başqa əsərlərin müəllifidir. Yeni təqdim olunmuş “Vətən qəhrəmanı” mahnısı isə öz parlaq ritm-intonasiyaları ilə milli ruhun bədii tərzdə əksinin gözəl nümunələrindəndir.

Qəhrəmanın parlaq, mərd, şücaət dolu obrazı mahnının yüksək ruh aşılayan melodiyası ilə yaddaşlarda iz buraxır. Mahnının sözlərinin müəllifi Xalq şairi Vahid Əziz poeziyası isə əsərə xüsusi bir özünəməxsusluq bəxş edir.
Mahnıda Azərbaycan qəhrəmanlarının vahid obrazı canlanıb. Xalq artisti Samir Cəfərovun möhtəşəm tembri mahnıya əsl qəhrəmanlıq ruhu bəxş edib. Mahnının aranjımançısı Camal Qurbanov, səs rejissorluğu isə Toofan Promix Studioya məxsusdur. Klipin rejissoru Orxan Ali maraqlı film süjeti ilə klipi zənginləşdirib və ona orijinallıq bəxş etdirib. Əsas obrazı isə aktyor Ruslan Sabirli canlandırıb. 

Tədbirdə  “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə, Azərbaycan Respublikasının Nazirlər Kabineti Aparatının şöbə müdiri Qurban Sadıqov, Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, millət vəkilləri Sahib Alıyev, Ceyhun Məmmədov, Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru Teymur Eyyubov mədəniyyət və ictimaiyyət nümayəndələri, şəhid ailələri, qazilər və Vətən müharibəsi iştirakçıları, həmçinin KİV nümayəndələri iştirak ediblər.

R. Qurbanlı







Mədəniyyət