Vasitəçilər dəyişməz, təşəbbüslər təzə, maraqlar köhnə, Bakının sözü isə bütövdür...
Deyəsən, postmüharibə dövrünün reallığı özünün məntiqi finiş xəttinə yaxınlaşmaqdadır. Cənubi Qafqaz hazırda ilk növbədə beynəlxalq nəqliyyat-kommunikasiya xətlərinin önəmli qovşağına çevrilmək imkanları ilə dünyanın diqqət mərkəzindədir.
Xüsusilə də, bölgənin Avropa və Asiya qitələrini birləşdirmək perspektivi, hər il əldə olunacaq böyük maliyyə dövriyyəsi ilə bağlı proqnozlar daha ucadan səslənməkdədir. Sahənin mütəxəssislərinin təxminlərinə görə, bu proqnozlar özündə yüz milyonlarla ABŞ dolları üzərindən aparılan maliyyə hesablamalarını ehtiva edir. Daha praqmatik ekspertlər isə iqtisadi-ticari tranşlardan hər il ortaya çıxacaq maliyyə dövriyyəsinin 500 milyardla bir trilyon dollar arasında dəyişə biləcəyini proqnozlaşdırırlar.
Göründüyü kimi, Cənubi Qafqaz hazırda dünya iqtisadiyyatının “ən yağlı və böyük pay”larından birinə çevrilmək perspektivini özündə birləşdirir. Bu baxımdan yaxın gələcəkdə regionun yüksək templərlə dəyişərək, yeni inkişaf mərhələsinə qədəm qoya biləcəyi nə yerli, nə də əcnəbi politoloqlarda şübhə doğurur. Sadəcə, Cənubi Qafqazın gözlənilən inkişaf perspektivinin qarşısındakı əsas əngəl Azərbaycanın tarixin arxivinə göndərdiyi “Qarabağ problemi”nin birdəfəlik aradan qaldırılmasıdır. İndi sülh bütün tərəflərə hava–su kimi lazımdır. Bundan ötrü rəsmi Bakı İrəvanla ikitərəfli, çoxtərəfli, istənilən formatlı dialoqa hazır olduğunu dəfələrlə bəyan edib.
Maraqların kəsişmə nöqtəsi
İndi gələk tərəflərə sülh platformalarını təklif edən supergüclərin bölgədə kəsişən maraqlarının üzərinə. “İrəvan siyasi iradə nümayiş etdirəcəyi təqdirdə Rusiya mükəmməl üçtərəfli sammitə çıxış perspektivi ilə Azərbaycan və Ermənistanın xarici işlər nazirlərini öz platformasında qəbul etməyə əvvəlki kimi hazırdır”. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ənənəvi həftəlik brifinqdə deyib.
Azərbaycan və Ermənistan liderlərinin bu ayın sonlarına gözlənilən Brüssel görüşü baş tutmadıqdan sonra Moskvanın bu platformada təşəbbüsü ələ almaq cəhdləri normal qarşılanmalıdır. İnsafən, son dönəmlər istər Kremlin siyasi isteblişmentindən, istərsə də hökumətyönlü mediadan Bakının ədalətli mövqeyinin daha yaxşı başa düşüldüyünün şahidi oluruq. Hətta, Qarabağ məsələsində bizə qarşı ən radikal mövqeyi ilə seçilmiş Rusiya Müdafiə Nazirliyinin saytında, rəsmi xəbərlərinin başlığında “Dağlıq Qarabağ” deyil, Azərbaycanın “Qarabağ iqtisadi rayonu”, “Mardakert” yox, “Ağdərə” ifadələrini oxuyuruq. Biz rəsmi Moskvanın Azərbaycana münasibətində bu keyfiyyət dəyişikliyinə həm də Ermənistan baş nazirinin son vaxtlar sərgilədiyi aşkar anti-Rusiya mövqeyi, siyasi ritorikası fonunda baxmalıyıq. Şimal–Cənub, Şərq–Qərb qitələrarası nəhəng layihələrin tezliklə işə düşməsi, bundan ötrü Zəngəzur dəhlizinin də bu şəbəkəyə qoşulması Bakı kimi Kremlin də maraqları ilə tam üst-üstə düşür. Böyük gəlirli bu layihələrin gerçəkləşməsinə mane olan yeganə tərəf Ermənistandır. İrəvanın bu məsələdə Rusiyanın mənafeyinə zidd çıxışları, yersiz iddiaları Moskvanı qıcıqlandırdığı kimi, İranın da xoşuna gəlmir. İndi “sülh savaşı”na qalxmış Qərbin və Rusiyanın strateji maraqlarının kəsişmə nöqtəsinə çevrilən Cənubi Qafqaz öz tarixinin ən keşməkeşli və ən önəmli dövrünü yaşayır.
Vaşinqton hansı ciddi addımı atmalı idi?
“Vaşinqton sülh sazişini imzalamaqdan ötrü Ermənistana və Azərbaycana öz köməkliyini davam etdirəcək”. Bu sözləri ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller jurnalistlər üçün keçirdiyi brifinqdə səsləndirib. M.Miller Ermənistan baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyev arasında Brüsseldə planlaşdırılan görüşün təxirə salınması faktına özünəməxsus şəkildə münasibət bildirib: “Biz əvvəlki kimi hesab edirik ki, tərəflərin öz aralarında sülhə nail olmaları onların, regionun, eləcə də bütün dünyanın maraqlarına cavab verir. Bunun üçün təkidli təşəbbüslərimizi davam etdirəcəyik”. Bəli, Birləşmiş Ştatlar bu bölgədə öz maraqlarını güdür. İntəhası, onun maraqlarına erməni lobbi və diaspor “çete”si destruktiv planlarını yedək etməyə cəhdlər göstərir.
“Ermənistan tərəfi Vaşinqtonda və başqa şəhərlərdə Cənubi Qafqaza diqqəti artırmaları üçün ciddi səy göstərməlidir”. APRI Armenia analitik mərkəzin “2023 APRIL From: Making Progress in Times of Uncertainty” konfransında çıxış edən Ermənistanın ABŞ-dakı sabiq səfiri Qriqor Ovannisyan daha sonra Ermənistanın heç bir bloka qoşulmayan, tam neytral və aktiv bir ölkəyə çevrilməsinin vacibliyindən danışaraq, institutisional yaddaş probleminə diqqəti yönəldib: “ABŞ–Ermənistan münasibətləri 1990-cı illərdən deyil, 1920-ci ildən başlayır. O vaxt Vaşinqton Ermənistan dövlətini tanımış, orada bizim səfirliyimiz açılmışdır. 1930-cu illərə qədər Ermənistanın bayrağı ABŞ-da dalğalanıb. Amma sonralar, artıq 1990-cı illərdə Birləşmiş Ştatların Azərbaycanla birgə layihələri Bakının mövqeyini gücləndirdi və İrəvanın mövqeyini zəiflətdi”. Keçmiş diplomatın qənaətinə görə, Vaşinqton hələlik bu bölgədə daha ciddi və çəkindirici addımlar atmağa hazır deyil. Maraqlı mülahizədir. Görəsən, “ciddi və çəkindirici addım” deyəndə eks-səfir nəyi nəzərdə tuturmuş?
Biz isə Cırtdanın nağılında ortaya çıxan suala cavab tapmalıyıq. İndi üzümüzü hansı səmtə çevirməyimiz daha doğru olar? 100 ildən sonra Qarabağı Azərbaycan torpağı kimi tanıyan, işıqlarını gördüyümüz Rusiya tərəfə, yoxsa Bakıya ədalətli sülh vəd edən, okeanın o tayından yalnız səsini eşitdiyimiz Amerikaya? Bizim üçün işıqgələn və ya səseşidilən tərəflərdən sülh platformalarına dəvətlər nə qədər dəyərli olsa da, hər şeydən önəmlisi əldə ediləcək son nəticədir.
Bakının sözü və iradəsi
Belə məlum olur ki, Nikol Paşinyan yenə öz ampluasında “nömrələrini” davam etdirir. Tbilisidə Beynəlxalq İpək Yolu Forumunun açılış mərasimində çıxış edən Ermənistan baş naziri iştirakçılara Azərbaycanın ərazi bütövlüyünə tam riayət olunduğu regional nəqliyyat dəhlizlərinin xəritəsini təqdim edib. Maraqlıdır ki, Paşinyanın göstərdiyi xəritədə Azərbaycan ərazisi bütöv və yarlıqsız şəkildə təsvir olunub. Bu, əlbəttə, yaxşıdır. Fəqət hayların baş naziri bu mövqeyində sabit qalacaqmı, sülh sazişinin imzalanması yönündə addım atacaqmı? Açıq sualdır.
Ermənistanın “dünyanın qovşağı”nda qərar tutduğunu bəyan edən baş nazir Nikol Paşinyan sanki ayın günlərini iki hissəyə ayırıb. O, birinci yarımayda səmərəli, xoşməramlı, ikinci hissədə isə qeyri-sağlam, avantürist bəyanatlar verməyə vərdiş edib. Yəni, gah nala vurur, gah da mıxa. Bu zaman kənar təsirlərin ucbatından tez-tez “barmaqlarını əzir”. Eyni hal təkrar-təkrar baş versə də, Nikol bundan nəticə çıxarmağa tələsmir. Elə iki ölkə arasında sülh sazişinin imzalanmasının gecikməsinin səbəbi onun məhz sağa-sola vurnuxmasıdır. Ötən ilin payızında da deyirdi ki, ilin sonunadək sülh müqaviləsi imzalana bilər. İntəhası, sonra onun hansı siyasi hoqqabazlığa əl atdığının hamımız şahidi olduq. Tbilisidəki həmin beynəlxalq konfransdakı çıxışında “Yaxın aylarda Azərbaycanla sülh və münasibətlərin qurulması haqqında saziş imzalayacağımıza ümid edirik” – deyib. Hətta, sənəd üzərində “fəal iş”in aparıldığını da bəyan edib.
Aydın məsələdir ki, vasitəçi aktorların Cənubi Qafqaza maraqlarının daha da artması təkcə Azərbaycanın deyil, ümumiyyətlə, bölgənin gələcək inkişaf perspektivləri üçün açar rolunu transmilli layihə olmağa iddialı Zəngəzur dəhlizi oynayır. Yəni, bölgənin Avropa və Asiya arasında birbaşa nəqliyyat-kommunikasiya qovşağına, loqistik mərkəzinə çevrilməsi üçün Zəngəzur dəhlizinin mütləq reallaşması əsas şərtdir. Elə Ermənistanla imzalanacaq sülh sazişi də bu yolun üstündə yaşıl işıq sayılır. Burada Azərbaycanın maraqları mütləq nəzərə alınmalıdır. Son vaxtlar bu məsələ ətrafında cərəyan edən siyasi-iqtisadi məsələlər onu göstərir ki, bu dəhlizə alternativ olacaq variantlardan yararlanmaq artıq qaçılmaz xarakter daşıyır. Rəsmi Bakı Qərbdən, eləcə də okeanın o tayından gələn sifarişləri yerinə yetirən İrəvanın “şıltaqlığı”na daha dözmək, onun ucbatından vaxt itirmək niyyətində deyil. Azərbaycan həm özünün, həm də bölgənin sənədləşdirilmiş sülhə söykənən inkişaf yoluna çıxmasından ötrü bütün səylərini və imkanlarını ortaya qoyub. Arzu edilən sülhün hansı şəhərdə, hansı qitədə əldə olunacağı isə Bakı üçün böyük əhəmiyyət kəsb eləmir. Çünki bütün variantlarda onun mövqeyi dəyişməz, sözü isə bütövdür.
Fərid ŞƏFİYEV,
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin rəhbəri, politoloq
Bakı bütün müstəvilərdə balanslı siyasət yeridir. Azərbaycan Prezidenti İlham Əliyev İrəvana vasitəçisiz görüş təklifini vermişdi. Gürcüstanda, yaxud başqa bir yerdə. Görünən odur ki, Ermənistan hakimiyyəti bu təklifə müsbət cavab vermir. Yəqin hazırda Qərbin Azərbaycana təzyiq göstərməsinə görə gözləyir. Paşinyan məhz həmin platformalarda görüşməyi arzulayır. Tet-a-tet dialoqdan çəkinir. O ki qaldı, Bakının atacağı növbəti addımlara, hər halda, biz bütün vasitəçilərin dəvətini qəbul etməyə hazırıq. Qranada sammitindən imtinamızın səbəbi məlumdur. Səbəb odur ki, Avropa İttifaqı, bura daxil olan ölkələr Azərbaycana qarşı birtərəfli bəyanat və qərarlar qəbul ediblər. Məhz buna görə onlar vasitəçilik rolunu itiriblər. Fikrimizcə, Amerikanın sülh çağırışları Avropaya nisbətən daha balanslıdır. Bu əməkdaşlıqdan imtina etməməliyik. Amma yenə də bizə danışıqların nəticəsi, sülh sazişinin imzalanması lazımdır. Çox güman ki, rəsmi Bakı növbəti görüş barədə açıqlama verəcək.
Məlumdur ki, ermənilər Rusiyanın vasitəçiliyi ilə keçirilən görüşlərdə iştirak etməyəcəklər. Bu halda Azərbaycan da Brüssel formatını qəbul etmir. Vaşinqton da Qərbyönümlü siyasət yeritdiyinə görə, Moskva bu platformaya qısqanclıqla yanaşır. Ən ideal variant məhz cənab Prezidentin təklif etdiyi vasitəçilərsiz danışıqlardır.
Tofiq ABBASOV,
siyasi şərhçi
Azərbaycan vəziyyəti köklü şəkildə öz xeyrinə dəyişib. Həqiqətən də ikitərəfli münaqişədə bütün göstəricilər üzrə dominantlığımızı təsdiqləmişik. Bundan sonra Moskva, Vaşinqton və Brüssel anlamalıdırlar ki, daha bizimlə siyasi oyunbazlıq keçməyəcək. On il əvvəl, belə demək mümkünsə, yalançı qalibin kölgəsində qalmışdıq. Təşəbbüs onların əlində idi. Doğrudur, Azərbaycan obyektiv həqiqəti arqumentlərlə irəli sürürdü, amma bizi eşitmək belə istəmirdilər. Düşünürəm ki, biz bu gün tələsməməliyik. Sözümüzü demişik, artıq heç kəsdən heç nə xahiş etməyəcəyik. İndi İrəvan özündə o qətiyyəti tapacaqsa, gəlsin əyləşsin, danışıqları aparaq. Azərbaycan, həqiqətən də, heç bir qeyri-qanuni iş görməyib. Buna görə tələsmirik. Qoy Ermənistana havadarlıq edənlər tələssinlər. İşğalçını təmizə çıxaran beynəlxalq təşkilatları, onların emissarlarını görərək, yaxşı məktəb keçmişik. Qarşımızda üç platforma var. Hər üçündə sülh prosesi özünün davamını tapa bilər. Fəqət Azərbaycan bu platformalara kortəbii şəkildə qatılmayacaq. Ermənistan baş naziri, digər rəsmilər indi gəlişigözəl ifadələrlə boşluğu doldurmağa çalışırlar. Amma Bakı o boşluğu konkret addımlarla doldurur. Moskva, Vaşinqton və Brüssel ermənilərlə iş aparsınlar. Özləri bilərlər. Biz mütləq qalibik və kimin harada və necə hərəkət etdiyini çox yaxşı bilirik.
İmran BƏDİRXANLI
XQ