BDU və Atırau Neft və Qaz Universiteti arasında təhsil və tədqiqat sahəsində əməkdaşlıq müzakirə edilib

post-img

Astanada keçirilən “Qazaxıstan – akademik təhsil məkanı” Strateji Tərəfdaşlar Forumu çərçivəsində Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev ilə Safi Utebayev adına Atırau Neft və Qaz Universitetinin İdarə Heyətinin sədri – rektoru, professor Gülzada Şakulikova arasında görüş keçirilib.

XQ xəbər verir ki, görüşdə tərəflər iki universitet arasında təhsil və elmi-tədqiqat sahəsində əməkdaşlığın genişləndirilməsi, eləcə də birgə innovativ layihələrin reallaşdırılması məsələlərini müzakirə ediblər. Xüsusilə neft-qaz mühəndisliyi, ekologiya, regionun sosial-iqtisadi inkişafı, rəqəmsal transformasiya və təhsil texnologiyaları kimi prioritet istiqamətlərdə birgə fəaliyyətin perspektivləri diqqət mərkəzində olub.

Tərəflər, həmçinin doktorantura səviyyəsində birgə rəhbərlik proqramlarının tətbiqi, birgə elmi məqalələrin hazırlanması, beynəlxalq elmi konfranslarda ortaq çıxışların təşkili, tələbə və müəllim mübadiləsinin genişləndirilməsi kimi istiqamətlərdə əməkdaşlığın dərinləşdirilməsi barədə razılığa gəliblər.

Rektor Elçin Babayev vurğulayıb ki, BDU Atırau Neft və Qaz Universiteti ilə əlaqələri elmi nəticələrə və praktiki tətbiqlərə yönəlmiş konkret layihələr əsasında inkişaf etdirmək niyyətindədir. O qeyd edib ki, bu əməkdaşlıq təkcə iki universitet arasında deyil, həm də Azərbaycan və Qazaxıstan arasında regional inkişaf, innovasiya və enerji elmləri sahəsində qarşılıqlı tərəfdaşlığın möhkəmlənməsinə mühüm töhfə verəcək.

Öz növbəsində Gülzada Şakulikova da BDU ilə əlaqələrin daha da gücləndirilməsinin vacibliyini qeyd edərək, bu əməkdaşlığın Qazaxıstanın qərb regionu üçün strateji əhəmiyyət daşıdığını bildirib. O, enerji təhlükəsizliyi, alternativ enerji mənbələrinin tədqiqi, yaşıl texnologiyaların tətbiqi və Xəzər dənizi hövzəsində ekoloji problemlərin öyrənilməsi sahələrində birgə tədqiqat qruplarının yaradılmasının əhəmiyyətini vurğulayıb.

Gülzada Şakulikova əlavə edib ki, iki universitet arasında gənc tədqiqatçılar və tələbələr üçün birgə yay və qış məktəblərinin, praktiki təlim proqramlarının təşkil edilməsi regionun elmi potensialının inkişafına xidmət edəcək və gələcəkdə Qazaxıstan-Azərbaycan akademik əməkdaşlığının mühüm istiqamətlərindən birinə çevriləcək.

Təhsil