Dünya, deyəsən, kəsişməyəcək

post-img

Paşinyanın “xəritə məntiqi”nə sözardı

Ermənistan baş naziri Nikol Paşinyan Tbilisi Beynəlxalq İpək Yolu Forumunun açılış mərasimində çıxış edərkən, regi­onal nəqliyyat dəhlizləri ilə bağlı xəritə təqdim edib. Baş nazir Ermənistanın şi­malından və cənubundan keçən dəmir yolları ilə bağlı məlumat verib. 

Xəritədə, həmçinin Zəngəzur dəhlizi ilə Azərbaycanla dəmir yolu və avtomo­bil yollarının bərpasının mümkünlüyü və bunun Xəzər dənizi ilə Aralıq dənizi arasındakı nəqliyyat əlaqələrini daha da qısaldacağı qeyd edilib. Bu mən­zərəyə diqqət yetirərkən, yada bir atalar sözü düşür: Avazın yaxşı gəlir, oxudu­ğun Quran olsa. Əlbəttə, məqsədimiz heç də Nikolun söylədiklərinin məna­sızlığını vurğulamaq deyil. Şübhəsiz, məna var. Ancaq necə bir məna və o məna nə dərəcədə keçərlidir? Yazımız­da bu barədə söz açacağıq. 

Bəli, Paşinyanın danışdıqları əhə­miyyətsiz məsələlər deyil. Meydana iki sual çıxır. Birinicisi, o, nəyə görə bu barədə indi danışır? Halbuki Azərbay­can yolların açılması ilə region ölkələri arasında iqtisadi əlaqələrin güclənmə­si təklifini lap əvvəldən irəli sürmüşdü. Ölkəmiz 44 günlük müharibədə qalib gəlməsinə baxmayaraq, məğlub Er­mənistana əməkdaşlıq əlini uzatmışdı. Ancaq məlumdur ki, hər dəfə bu əl geri qaytarılmış və İrəvan Qarabağ avantü­rasının davamına siyasi sərmayə yatır­maqla məşğul olmuşdu... 

Digər tərəfdən, əgər söhbət yolla­rın açılmasından gedirsə, Ermənistan bununla bağlı 10 noyabr 2020-ci il ta­rixli üçtərəfli Bəyanata əsasən, üzərinə düşən heç bir öhdəliyi yerinə yetirmə­yib. Hətta bir daşı da daş üstə qoy­mayıb. Məsələnin təfərrüatlarına çox da diqqət yetirmədən ikinci sualımı­za keçid alaq. Erməni baş nazir nəyə görə hazırda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası ilə bağlı danışır və məqsədi nədir?

Məlumdur ki, N.Paşinyan Cənubi Qafqazda nəqliyyat əlaqələrinin qurulma­sını Azərbaycanla münasibətlər konteks­tindən kənarda görmür. İndiki durumda o, məsələni ölkəmizlə sülh gündəliyinin tərkib hissəsi kimi önə çəkir. Baxmayaraq ki, Tbilisidə çıxış edib xəritə göstərəndə buna köklənmədi. Ancaq onun əvvəlki açıqlama və müsahibələrinə diqqət ye­tirəndə qeyd etdiyimiz məqamı çox aydın şəkildə görmək mümkündür. Məsələn, Paşinyan istər ABŞ nəşri “The Wall Stre­et Journal”a müsahibəsində, istərsə də ondan əvvəl Avropa Parlamentindəki çıxışında “Dünya kəsişməsi” kimi göstər­diyi bir ideyanı ortaya atdı ki, Gürcüsta­nın paytaxtındakı nitqində məhz həmin ideyanı inkişaf etdirmək, müxtəlif slaydlar vasitəsilə toplantı iştirakçılarını ona inan­dırmaq yolunu tutdu. O zaman görək, “Dünya kəsişməsi” nə deməkdir? 

Birbaşa vurğulayaq ki, “Dünya kəsiş­məsi” Azərbaycanın irəli sürdüyü Zən­gəzur dəhlizi ideyasına qarşı alternativ iqtisadi və siyasi əhəmiyyət daşıyan platformadır. Əgər Zəngəzur dəhlizi Orta dəhliz məntiqindən qaynaqlanır, onun tərkib hissəsi kimi çıxış edirsə və ma­hiyyət etibarilə Çindən Avropaya doğru yükdaşımaların, müddətini əhəmiyyətli dərəcədə qısaldırsa, bir sözlə, Şərq-Qərb trayektoriyasını rəhbər tutursa, Paşinyanın “Dünya kəsişməsi”ndə Fars körfəzi ilə Qara dənizi birləşdirmək ide­yası əsasdır. Əlbəttə, Nikol Zəngəzur dəhlizinin də mahiyyətinin böyüklüyünü dərk edir. Buna görə xəritəsində ona da yer verməkdədir. Yəni, o, Ermənistanı Şərqdən Qərbə, Şimaldan Cənuba olan beynəlxalq tranzitin kəsişməsində görür. Yeri gəlmişkən, Nikol və komandasının üzvləri əvvəllər baş nazirin haqqında söz açdığı ideyanı “Erməni kəsişməsi” kimi təqdim edirdilər. Lakin sonradan ad də­yişiminə getdilər. Çox güman, məsələyə daha qlobal libas geyindirəcəklərini dü­şündülər. 

Əlbəttə, “Dünya kəsişməsi” cəlbedi­cidir. Amma ilk baxışdan. Burada düz­gün olmayan daha bir cəhət Paşinyanın məsələni anti-Azərbaycan ritorikasının tərkib hissəsinə daxil etməsidir. Nikol elə təəssürat yaradır ki, sanki bölgədə bu ideyanın reallaşmasını istəməyənlər var və ölkəmiz də onların sırasında yer alır. Bir qədər əvvəl erməni baş nazirin məsələni Azərbaycanla münasibətlər kontekstində ortaya qoyduğunu ona görə vurğuladıq. Əlavə edək ki, hazırda rəsmi İrəvan Bakıya qarşı nəinki beynəlxalq miqyasda antipatiya yaratmaqla məşğul­dur, eyni zamanda, özünün sülh gündəli­yini sırımaqdadır. 

Sülh gündəliyinə gəldikdə isə Nikol Qarabağ avantürasından daşınmayıb. Azərbaycanın ərazi bütövlüyünü tanıdı­ğını deyən Paşinyanın manipulyasiya predmetini iki amil təşkil edir. Birincisi, Qarabağ ermənilərinin qayıdışı. İkincisi, onların hüquq və təhlükəsizliyi ilə bağlı beynəlxalq təminat. Yəni, faktiki olaraq onun üçün suverenliyini tanıdığı Azər­baycanın konstitusion əsasda təqdim etdiyi təminatlar yetərli deyil. Mövcud xü­susda BMT sülhməramlılarının bölgəyə yeridilməsi kimi təkliflər də ortaya atıl­maqdadır. Deməli, məqsəd Qarabağın erməni əhalisinin ayrıca təbəqə kimi təq­dimatıdır. Yəni, sadə dildə desək, erməni əhali qayıdır və Azərbaycan vətəndaşı kimi evlərində yaşayır məntiqi nəzərə alınmır. Nəzərə alınmırsa, deməli, gizli şəkildə də olsa, Azərbaycanın ərazi bü­tövlüyünə hörmətsizlik var. 

Haşiyəyə çıxaq ki, vaxtilə də belə olmuşdu. 1923-cü ildə Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılmış, sonradan böl­gəni Azərbaycandan qoparmaq niyyətləri işə düşmüş, torpaqlarımız işğala məruz qalmışdı və s. Paşinyanın indi çalışdığı keçmişdə baş verənlər üçün bir növ zə­min formalaşdırmaqdır. Fərq yalnız on­dadır ki, əvvəl bu zəminin yaranmasında Rusiya amili vardı, hazırda Nikol erməni avantürizminin davamını Qərbdə gör­məkdədir. 

***

Məhz bu cür durumda N.Paşinyan özünə ağıllı strateq, siyasi novator görkə­mi verərək “Dünya kəsişməsi” ideyasını ortaya atmaqdadır. Əvvəldə də bildirdik ki, bu ideyanın anti-Azərbaycan məqsə­di daşıdığı gün kimi aydındır. Dedik ki, “Dünya kəsişməsi” Azərbaycanın Zəngə­zur dəhlizi ideyasına alternativdir və dü­şünək görək məsələnin ortaya atılması daha hansı məqsədi daşımaqdadır. 

Əlbəttə, Rusiya amilini vurğulama­lıyıq. Məlum olduğu kimi, kollektiv Qərb Ermənistanın əli ilə Rusiyanı Cənubi Qafqazdan sıxışdırmaq yolu tutur. Qa­rabağın belə tez-bazar boşaldılmasında da böyük məqsədlərdən biri məhz bu idi. Bölgədə erməni yoxdursa, müvafiq olaraq üçtərəfli bəyanata əsasən oraya yerləşdirilmiş Rusiya sülhməramlı kontin­gentinə də ehtiyac qalmır. Deməli, nəzəri baxımdan yanaşsaq, bir istiqamət üzrə Moskvanın regiondakı varlığı dayandı­rıldı. İkinci istiqamət isə Azərbaycanın digər ərazilərini Naxçıvanla birləşdirən yoldur. O yol ki, orada həmin üçtərəfli bə­yanatın 9-cu bəndinə əsasən, təhlükəsiz­liyi Rusiya Federal Təhlükəsizlik Xidməti təmin etməlidir. Hazırda Paşinyan böyük entuziazmla bildirir ki, sənəddə elə bir şey yazılmayıb. Əlbəttə, bu, ağ yalandır. Aydındır ki, Nikol Qərbin təlimatları ilə üç­tərəfli bəyanatın Rusiya üçün vacib olan hissəsini heçə sayır. Məsələni Ermənis­tanın ərazi bütövlüyünə və suverenliyinə hörmətsizliyin yolverilməzliyi prizmasın­da ictimailəşdirmək yolunu tutur. 

Əlbəttə, Paşinyanın Ermənistanın ərazi bütövlüyünü və suverenliyini dü­şünməsi pis hal deyil. Ancaq bunu gərək üç il əvvəl düşünəydi. Düşünmədi və Azərbaycana qarşı təxribat törətdi, mü­haribəyə səbəb oldu və müharibədə rüs­vayçılıqla üzləşib üçtərəfli bəyanata imza atmaq məcburiyyətində qaldı. Nikol anla­mır və anlamaq istəmir ki, o imza həm də öhdəlik yaradır. Elə bir öhdəlik ki, altın­dan çıxmaq üçün “Dünya kəsişməsi” və sair bu sayaq ideyalar ortaya atmaq tam mənasızdır. Paşinyan nəzərə almalıdır ki, üç il əvvəl Ermənistanı Azərbaycanın əlindən bəyənmədiyi Rusiya almışdı və bunun müqabilində onun da mənafeyi təmin olunmalıdır. Yəni, böyük siyasət uşaq oyunu deyil. Nikol və komandası bu reallığı görməzdən gəlir və hər addımda sözə, imzaya xəyanət edirlər. 

***

Heç şübhəsiz, belə bir xarakter nü­mayişi inamsızlıq yaradır. Yuxarıda Er­mənistanın Azərbaycanla sülh danışıq­larından və Qarabağ erməniləri ilə bağlı manipulyasiyalarından söz açdıq. Yəni, İrəvana inamsızlığın bir seqmentini vur­ğuladıq. İkinci seqment isə qeyd etdiyimiz müstəvi üçün keçərlidir. Deməli, Paşinya­nın “Dünya kəsişməsi” planına da etibar olmayacaq. Bir halda ki, Nikol Qərbin direktivləri ilə oturub-durur, müstəqil si­yasət yürütməkdən uzaqdır, marionetdir, onun gələcəkdə Avropadan, yaxud dün­yanın hansısa qütbündən gələn göstəriş­lər əsasında qlobal əhəmiyyətli layihənin işləkliliyinə zərər yetirməsi də mümkün­dür. Görünür, elə buna görə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Admi­nistrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirir: İrəvan razılaşmayacağı təqdirdə Zəngə­zur dəhlizi İran ərazisindən keçəcək. 

Nəticə həm də bu reallığı doğurur: 1. Müharibədə məğlub olmuş Ermənis­tan hansısa qlobal layihədə, indiki halda “Dünya kəsişməsi”ndə öncüllük dividendi əldə edə bilməz. Ona region dövlətlərinin inamı yoxdur. Qərbə ümid bəsləməsi isə faydasızdır. Çünki bölgə ölkələri Fransa­nın timsalında Qərbin yanaşmasındakı neokolonializm elementlərini, qeyri-bəra­bər münasibətlər trayektoriyasını görür­lər və istəməzlər ki, bu ab-hava Cənubi Qafqaz siyasi akvatoriyasına hakim kə­silsin. 2. Azərbaycanın digər ərazilərini Naxçıvanla, yəni həm də Türkiyə və türk dünyası ilə birləşdirən yol İrandan ke­çirsə, deməli, Paşinyanın “Dünya kəsiş­məsi” planı iflasa uğrayır. Ölkə yenə də təcrid durumda qalır və otuz il müddətin­də olduğu kimi, beynəlxalq layihələrdən kənar tutulur. 

Bəli, Ermənistanın baş naziri N.Pa­şinyan bütün bunları gördüyü və görə-görə yenə Qarabağ avantürizmindən, an­ti-Azərbaycan ritorikasından əl çəkmədiyi üçün Tbilisidə ortaya xəritə çıxarır, müsa­hibələrində durmadan regional kommuni­kasiyaların açılmasından danışır. 

***

Sonda bir daha bildirək ki, Cənubi Qafqaz müstəvisində, konkret olaraq, Azərbaycan – Ermənistan münasibətlə­rində bütün məsələlər bir-biri ilə bağlıdır. Bu bağlılıqda hansısa seqmenti ayrı tut­maq və inkişaf etdirmək mümkünsüzdür. Məsələyə kompleks yanaşmaq mütləq­dir. Paşinyanın, belə demək mümkünsə, xəritə məntiqi isə siyasi kontekstdən çıxarılmış bir manipulyasiyadır. O, öz alə­mində hesab edir ki, bu ideyanı ortaya at­maqla, onun zahiri cəlbediciliyi dünyanın diqqətini çəkəcək, Azərbaycana layihə­nin reallaşması üçün beynəlxalq təzyiq yaranacaq, nəticə etibarilə gələcək pro­ses erməni avantürizmi üçün baza for­malaşdıracaq. Bu məsələyə qeyri-ciddi yanaşmadır və tam yolverilməzdir. 

Əvəz RÜSTƏMOV
XQ



Siyasət