“Düzəlmişdi hər yarağı, qalmışdı saqqal darağı”. Bu el misalını Ermənistana və onun havadarlarına tətbiq edərək, bir çox məsələlərdən söz açaq. Hələlik həmin məsələlərdən ən yenisinə diqqət yetirək. Bu dəfə söhbət Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin qəbul etdiyi deklarasiyadan – Ermənistan və dünya erməniliyi üçün növbəti saqqal darağından gedir.
Ermənipərəstliyin geniş vüsət aldığı hazırkı şəraitdə, nəhayət, belə bir qurumun olduğundan da xəbər tutduq. Çox güman, son vaxtlar erməni maraqlarını özlərinin qətnamə məntiqlərinə kökləyərək, ortaya qoyan Avropa Parlamentinin deputatları kimi, Avropa Şurasının sözügedən konqresində əyləşənlər də görünür ya korrupsionerdir, ya da... Hər halda avropalı ağıllarının başlarında olmadığı aşkardır.
Bəli, AŞ-nin Yerli və Regional Hakimiyyətlər Konqresi ermənipərəstliyin dozasını o qədər çox edib ki, heyrətlənməyə bilmirsən. Sual yaranır: görəsən, qurumda oturanlar nə yeyir, nə içirlər ki belə qərəzə yol verirlər. Qərəzə yol vermələri bir yana, beynəlxalq hüququdamı saymırlar? Deyəsən, məsələ yeyib-içməkdən keçib. Hər halda erməni havadarlığına hədsiz “ahəng” qazandırmağın başqa cür təsvirini vermək sadəcə mümkünsüzdür.
Əlqərəz, AŞ konqresinin deklarasiyasında nələrin əksini tapdığına diqqət yetirək. Birincisi, sənəddə Azərbaycanın bu il sentyabrın 19-da başladığı və 23 saat 43 dəqiqə davam etmiş lokal xarakterli antiterror tədbirləri pislənilib. Sən demə, ölkəmizin öz Konstitusiya quruluşunun bərpası üçün istifadə etdiyi yol düzgün deyilmiş.
Qeyd edək ki, belə bir yaramaz ritorikaya son zamanlar çox rast gəlməkdəyik. Görünür, növbə AŞ konqresinə də çatıb. Qurum, belə demək mümkünsə, ermənipərəstlik trendinə qoşulub. Böyük ehtimalla orada təmsil olunanların Azərbaycanın da Avropa Şurasının üzvü olduğundan və təşkilatın vaxtilə ölkəmizin torpaqlarının işğal olunduğunu vurğulayan, separatçılığın yolverilməzliyini əsaslandıran sənədlərindən xəbərləri qətiyyən yoxdur. Hazırkı hədsizlikləri başqa cür düşünməyə əsas vermir. İstər-istəməz yada erməni lobbi və diaspor təşkilatlarının səpələdikləri pullar, bəxşişlər düşür...
Deklarasiyadakı ikinci məqam da elə birincinin davamıdır. Məsələ barədə söz açmazdan əvvəl bildirək ki, Ermənistan hakimiyyəti və onun xaricdəki havadarları özlərinin anti-Azərbaycan ritorikasına Qarabağda humanitar böhran şousunu çoxdan əlavə ediblər. Lokal xarakterli antiterror tədbirlərinədək məsələ daha çox “gündəmdə” idi. Maraqlıdır ki, AŞ-nin sözügedən qurumu da böhran şousunu qabartmaqdadır. Belə çıxır ki, ölkəmizin Qarabağda suverenliyini bərpa etmək məqsədilə gerçəkləşdirdiyi tədbirlər kəskin humanitar nəticələr doğurubmuş (?).
Üçüncü məqama keçid alaq. Hesab edirik ki, bu bölümdə səslənmiş çağırış deklarasiyanın bir növ kulminasiya nöqtəsidir. Bəli, avropalı konqresmenlər Azərbaycanı “Dağlıq Qarabağın nümayəndələri” kimi qiymətləndirdikləri separatçıları azadlığa buraxmağa çağırırlar. Deməli, belə çıxır ki, artıq canını tapşırmış separatçı rejimin sabiq rəhbərlərindən olan Arayik Arutyunyanın Gəncədə onlarca dinc sakinin həyatını itirməsinə səbəb olmuş raket hücumu ilə öyündüyü videomüraciətinə əhəmiyyət verməyək... Digər separatçıbaşılarının Azərbaycan əleyhinə cinayətlərini görməzdən gələk! Onların Birinci Qarabağ müharibəsi zamanı törətdikləri hərbi cinayətlərin üzərindən keçək! Bəlkə Xocalı və Malıbəyli qatillərinə qarşı humanist davranaq?! Görəsən, başqa istək və arzuları varmı? Utanmayıb desinlər. Onsuz da utanan sifətlərinin yerini simasızlıq tutub ki, bu barədə yazımızın sonunda söz açacağıq. İndi isə...
Keçək növbəti məqama. AŞ-nin Yerli və Regional Hakimiyyətlər Konqresinin deklarasiyasında Ermənistanın Cənubi Qafqazda sülhyaratma səyləri alqışlanıb. Bu alqışlanma da “sifarişdən” irəli gəlməkdədir. Həmişəki kimi İrəvanın məzlum obrazı yaradılmaqdadır. Deməli, bölgədə sülh istəyən ancaq Ermənistan imiş! Axı, ölkənin sülh yolunda hansı təşəbbüsləri olub? Görünür, avropalılar baş nazir Nikol Paşinyanın Avropa Parlamentindəki çıxışını əllərində yaylıq dinləyiblər. Ola bilər, Nikol əvvəlcədən onlara erməni konyakı da paylayıb ki, içib sentimental “zəngulələr” vursunlar. Avropa təşkilatlarındakı “pensionerlər klubları”nın təmsilçilərindən nə desən gözləmək mümkündür. Heç şübhəsiz, konqres də həmin klublardan biridir. Belə getsə, Nikol Paşinyanı Nobel sülh mükafatına da namizəd qismində təqdim edə, hələ ondan Nelson Mandella düzəldə də bilərlər. Beynəlxalq hüququ, haqqı və ədaləti neynirlər, əsas populizm olsun...
AŞ-nin Yerli və Regional Hakimiyyətlər Konqresinin deklarasiya kimi təqdim olunmuş lakmus kağızının Azərbaycana qarşı qərəz məntiqi ilə bağlı bir çox başqa məqamlardan da söz açmaq mümkündür. Elə bu qurumun adına nəzərən onun, ümumiyyətlə, belə sənədlər qəbul etmək səlahiyyətinin olmadığını diqqətə çatdırmaq da həmçinin. Amma məsələ barədə danışmağa ehtiyac duymuruq. Çünki ermənipərəstlik Avropa təsisatlarının gözünü tutub, necə deyərlər, at izi it izinə qarışıb. Buna görə sonda söz açmağı vəd etdiyimiz məqama keçid alaq.
***
Bəli, Avropanın bu sayaq institutları aşkar ermənipərəst mövqe tutmaqla, beynəlxalq hüquq prinsiplərini saymazdan gəlməklə, separatçılığa leqal libas geydirmək cəhdləri ilə nəinki “qoca qitə”, ümumilkdə dünya üçün son dərəcə qorxunc presedentin formalaşmasına zəmin yaradırlar. Əlbəttə, ermənipərəstlik sevdaları güclü olduğundan, erməni lobbi və diaspor təşkilatlarının ənam və bəxşişlərinin çoxluğundan, məsələnin fərqində deyillər. Fərqində deyillər ki, Avropanın özü də separatçılıq üçün zəmin verən kifayət qədər münbit platformadır. Bu baxımdan qitənin ayrı-ayrı bölgələrindəki təfriqə ocaqlarından söz açmaq mümkündür. İspaniyadan tutmuş İrlandiyaya qədər mübahisəli yerlərin sayı yetərincədir və ani siyasi kataklizmlər nəticəsində həmin yerlərin münaqişə ocağına çevrilməsi labüddür. Görəsən, Avropada bunu düşünən beyinlər varmı və ya qalıbmı? Təəssüf ki, ilk baxışdakı mənzərə bunun əksini deyir. Əksini deyir ki, bir ovuc erməninin əlində əsir-yesir qalıb simasızlaşanlar və sifətini itirmiş siyasi manqurt sürüsü öndə gedir.
Ə.RÜSTƏMOV
XQ