Rəsmi Bakı daha 3 il qurumun “sədrlik üçlüyü”ndə yer alacaq
Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin – sonradan artırılmış bir il də daxil olmaqla dörd ili tamam olur. Xəbər verildiyi kimi, gələn il yanvarın 15 – 20-də Uqandanın Kampala şəhərində keçiriləcək Qoşulmama Hərəkatının XIX Zirvə görüşü ilə QH-yə sədrlik Azərbaycandan Uqandaya keçəcək. Ancaq bizim üçün daha maraqlı olan məqam ondan ibarətdir ki, ölkəmiz bu qurumda yenə də mühüm söz sahibi olacaq. Belə ki, rəsmi Bakı növbəti 3 il müddətində Qoşulmama Hərəkatının “sədrlik üçlüyü”ndə yer alacaq.
Azərbaycanın Xarici İşlər Nazirliyinin yaydığı məlumatda belə bir əminlik ifadə olunur ki, ölkəmiz üçlüyün üzvü qismində də QH-nin beynəlxalq nüfuz və mövqelərinin gücləndirilməsi istiqamətində öz səylərini əsirgəməyəcək.
Ekspertlərin fikrincə, “QH-nin nüfuz və mövqelərinin gücləndirilməsi” deyəndə Azərbaycanın bu quruma sədrlik etdiyi son 4 ildə həyata keçirilən çoxsaylı tədbirlər nəzərdə tutulur. Məhz həmin tədbirlər nəticəsində Qoşulmama Hərəkatı bu gün dünyanın aparıcı beynəlxalq təşkilatlarından birinə çevrilib.
Xatırladaq ki, Azərbaycan 2019-cu il oktyabrın 25-də Qoşulmama Hərəkatının XVIII sammitində təşkilatın sədri seçilmişdi. Dövlət başçımız həmin sammitdə bəyan etmişdi ki, təşkilata sədrlik etdiyi dövrdə “Bandunq prinsiplərini” əsas götürəcək və beynəlxalq tədbirlərdə təşkilatı təmsil edəcək. Bandunq prinsipləri ərazi bütövlüyü və insan azadlıqlarına hörmət, ölkələrin daxili işlərinə qarışmaqdan, böyük dövlətlərə yersiz yarınmaqdan çəkinmək, mübahisələrin sülh yolu ilə həllinə çalışmaq və qarşılıqlı əməkdaşlığa təşviq etmək məramıdır.
Təşkilata üzvlük prinsipləri hələ təşkilatın təsis olunmasından əvvəl 1955-ci ildə İndoneziyanın Bandunq şəhərində keçirilən konfransda qəbul edilib. Göründüyü kimi, bu prinsiplərin hamısı Azərbaycanın xarici siyasətinin tərkib hissələri ilə üst-üstə düşür.
Qoşulmama Hərəkatı “soyuq müharibə” dövründə bir sıra dövlətlərin iki siyasi-hərbi qütb arasında qarşıdurmaya cəlb edilməmələri üçün təsis olunub. Hazırda təşkilatın 120 üzvü var. Orada, eyni zamanda, 17 müşahidəçi dövlət və 10 müşahidəçi beynəlxalq təşkilat da var. Qurumda idarəçilik rotasiya əsasında dəyişir. Əsas məqsədi beynəlxalq hüquqa hörmət əsasında dünyada sülh, təhlükəsizlik və inkişafa yardım etməkdir.
Hərəkat daxilində razılaşdırılmış mövqe BMT Baş Assambleyası çərçivəsində qərarların qəbuluna təsir baxımından əhəmiyyətli rol oynayır. Təşkilatın daimi orqanı və mənzil–qərargahı yoxdur. QH BMT-nin Mənzil–Qərargahında yerləşən əlaqələndirici büro (ƏB) vasitəsilə təşkilatın sədri və üzv dövlətlərin nümayəndəlikləri tərəfindən idarə olunur.
Büro QH-nin daimi əsasda fəaliyyət göstərən və təşkilatdaxili əlaqələndirmə işlərini tənzimləyən əsas orqanıdır. Büro vasitəsilə Qoşulmama Hərəkatı öz üzvlərinin BMT orqanlarında vahid mövqedən çıxış etməsini əlaqələndirir, BMT yanında daimi nümayəndəliyi vasitəsilə QH-nin Bürosuna rəhbərliyi və sədrliklə bağlı digər vəzifələri icra edir. Qoşulmama Hərəkatının bilavasitə münaqişələrə müdaxilə edəcək resurs və alətləri yoxdur. Bu qurum, sadəcə, beynəlxalq məsələlərin müzakirəsi üçün bir platformadır.
Onu da əlavə edək ki, Azərbaycan təşkilata qoşulan sonuncu ölkədir. Xüsusilə vurğulanmalı məqamlardan biri də odur ki, Qoşulmama Hərəkatının sammitlərində 2 dəfə – 2012-ci ilin mayında və avqustunda yekun sənədlərdə Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə həsr edilmiş maddə qəbul edilib. Həmin sənədlərdə qeyd olunmuşdu ki, adıçəkilən münaqişə məhz Azərbaycan Respublikasının “ərazi bütövlüyü, suverenliyi və beynəlxalq miqyasda tanınmış sərhədləri daxilində” həll edilməlidir.
***
Xarici İşlər Nazirliyinin hesabatında göstərilir ki, ölkəmizin sədrliyi dövründə əldə edilən uğurlar bütün üzv dövlətlər tərəfindən təqdir edilib və Azərbaycanın QH-yə 3 il müddətinə nəzərdə tutulan sədrliyi yekdilliklə əlavə 1 il müddətinə artırılıb. Sədrlik dövründə Azərbaycan QH-nin beynəlxalq münasibətlər sistemindəki əvvəlki nüfuzunu bərpa etməyə yönəlmiş və heç bir beynəlxalq aktorla ziddiyyətə getmədən “Bandunq prinsipləri”nin təşviqinə köklənmiş siyasət sərgiləyib: “Sədrliyin böyük bir hissəsinin COVID-19 pandemiyasının yayılmasının intensiv dövrünə təsadüf etməsinə baxmayaraq, Azərbaycan Prezidenti İlham Əliyevin Qoşulmama Hərəkatının sədri qismində irəli sürdüyü qlobal əhəmiyyətli təşəbbüslər sayəsində mövcud çağırışlar yeni əməkdaşlıq imkanlarına çevrilib. Burada, xüsusilə inkişaf etmiş ölkələrin “peyvənd millətçiliyi siyasəti” və inkişaf etməkdə olan ölkələrə qarşı ədalətsiz və biganə yanaşmasına son qoyulması üçün BMT Baş Assambleyası və İnsan Hüquqları Şurasında ölkəmiz tərəfindən mühüm qətnamələrin irəli sürülərək qəbul etdirilməsini qeyd etmək olar”.
O da əlavə olunur ki, sədrliyin geridə qalan 4 ili ərzində Azərbaycan, həmçinin qurumun təsisatlandırılması istiqamətində mühüm addımlar ataraq, ölkə başçısının təşəbbüslərinə uyğun olaraq, Qoşulmama Hərəkatının Parlamentlər Şəbəkəsi və Gənclər Təşkilatını yaradıb: “Hazırda QH-nin Qadın və Media platformalarının yaradılması istiqamətində müvafiq tədbirlər görülür. Sədrliyimiz dövründə, həmçinin Qoşulmama Hərəkatına üzv dövlətlərin beyin mərkəzlərinin ilk iclası keçirilib, onların şəbəkələşməsi istiqamətində ilk addımlar atılıb”.
***
Beynəlxalq münasibətlər sistemində ədalətin bərqərar olmasının ən güclü təşviqatçılarından biri olan Qoşulmama Hərəkatı respublikanın sədrliyi dövründə də öz üzv dövlətlərinə, o cümlədən, Azərbaycana qarşı yönəlmiş ədalətsizliklərə biganə qalmayıb, xüsusilə, Vətən müharibəsi dövründə ölkəmizin ərazi bütövlüyü və suverenliyinə qarşı yönəlmiş təcavüzü pisləyərək, bu istiqamətdə BMT çərçivəsində irəli sürülən təxribatçı addımların qarşısını alıb.
Elə bu qeydləri də Azərbaycan Prezidentinin həmin məsələyə münasibət bildirərkən söylədiyi fikirlərlə yekunlaşdırmaq istəyirik. Dövlət başçımız bu il iyulun 5-də Bakı Konqres Mərkəzində Qoşulmama Hərəkatının əlaqələndirmə bürosunun “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda nazirlər görüşündəki çıxışında demişdir:
“Fürsətdən istifadə edərək, işğal zamanı və işğaldan sonra Azərbaycanın ədalətli mövqeyini dəstəkləməkdə göstərdikləri prinsipial mövqeyə görə Qoşulmama Hərəkatı ölkələrinə dərin minnətdarlığımı bildirmək istəyirəm. Mən xüsusilə 2020-ci və 2022-ci illərdə Qoşulmama Hərəkatı ölkələrinin BMT Təhlükəsizlik Şurasında Azərbaycan əleyhinə olan birtərəfli və qərəzli bəyanatların qəbul edilməsinin qarşısını aldıqları iki hala istinad edirəm”.
İttifaq MİRZƏBƏYLİ
XQ