Ermənistan döyüş poliqonuna çevrilə bilər

post-img

Hindistanın haylara silah tədarükü Nehrunun ruhunu incitməkdir

 

Cənubi Qafqazdan min kilometrlərlə uzaqda yerləşən bəzi ölkələr hər vəchlə bölgədə sülhün yaranmasına imkan vermirlər. Həmin ölkələr 30 ildən artıq dövrdə regionda əsas gərginlik mənbəyi olan Ermənistanı dəstəkləmək işindən bu gün də əl çəkmirlər. Bununla onlar 44 günlük Vətən müharibəsində ağır məğlubiyyətə uğrayan İrəvanı revanşizmə sürükləyirlər. Belə ölkələrdən biri Fransadırsa, digəri Hindistandır.

Qeyd edək ki, Azərbaycanla Hindis­tan arasında tarixən yaxşı münasibətlər olub. Hindistanlı zəvvarlar uzun əsrlər boyu Suraxanıda yerləşən atəşpərəstlik məbədinə ziyarətə gəliblər. Buranı öz­lərinə müqəddəs məkan, doğma ocaq biliblər. Əlaqələr Azərbaycanın çar Ru­siyasının, Hindistanın isə Britaniya im­periyasının tərkibində olduğu dövrdə də davam edib.

Ötən əsrin əvvəllərində azərbaycan­lı neft maqnatı, xeyriyyəçi Hacı Zeyna­labdin Tağıyevin təbii fəlakətdən əziyyət çəkən Hindistan müsəlmanlarına yardım etdiyinə dair faktlar var. Sovet İttifaqı döv­ründə isə Azərbaycanla Hindistan ara­sında yüksək səviyyəli mədəni əlaqələr mövcud olub. Azərbaycanın mədəniyyət xadimləri Hindistan şəhərlərində qast­rollarda olub, geniş konsert proqramı ilə çıxış ediblər.

1947-ci ildə Britaniya Hindistanı adla­nan çox geniş əraziyə və böyük əhaliyə malik müstəmləkə torpağı müstəqillik qa­zanıb. Onun yerində iki müstəqil dövlət – Hindistan və Pakistan yaranıb. Yeri gəl­mişkən qeyd edək ki, sonralar (1971-ci ildə) benqallar da Hindistandan ayrılaraq, müstəqil Banqladeş dövlətini qurublar. “Soyuq müharibə” dövründə – dünyada iki qütb arasında kəskin qarşıdurmanın mövcud olduğu onilliklər ərzində Hindis­tan müstəqil siyasət yürüdüb. Nə nüvə­sində ABŞ-ın dayandığı NATO-ya, nə də SSRİ-nin qurub yaratdığı Varşava Müqaviləsi Təşkilatına qoşulub. Ölkənin ilk Baş naziri Cəvahirləl Nehrunun xarici siyasətdə neytral mövqe tutması özünü Qoşulmama Hərəkatının yaradılmasın­da göstərib. O, Misir Prezidenti Camal Əbdül Nasir və Yuqoslaviya Prezidenti İosip Broz Tito ilə birlikdə Qoşulmama Hərəkatının yaradılmasından əvvəl ke­çirilən üçtərəfli məsləhətləşmələrdə iş­tirak edib. 1955-ci ildə İndoneziyanın Bandunq şəhərində keçirilən konfransda məşhur “Bandunq prinsipləri” qəbul olu­nub. Həmin prinsiplərə dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət, di­gər dövlətin ərazi bütövlüyünə və siyasi müstəqilliyinə qarşı yönəlmiş hər hansı fəaliyyətdən, eləcə də güc tətbiq etmək­dən və güc tətbiq etməklə hədələməkdən imtina, BMT Nizamnaməsinə uyğun ola­raq, bütün beynəlxalq mübahisələri dinc, sülh yolu ilə həll etmək, qarşılıqlı maraq və əməkdaşlığın təşviq olunması, ədalət və beynəlxalq öhdəliklərə hörmət etmək kimi ümumbəşəri dəyərlər daxildir. Bu mənada Hindistanın Azərbaycan torpaq­larını 30 ildən çox işğal altında saxlayan Ermənistanı dəstəkləməsi, ona silah-sur­sat satması təkcə üzvü olduğu Qoşulma­ma Hərəkatının “Bandunq prinsipləri”nə qarşı çıxmaq deyil, həm də dünyanın ən görkəmli siyasi xadimlərindən olan Cəva­hirləl Nehrunun ruhunu incitməkdir.

***

Bugünlərdə Hindistanın “The Econo­mic Times” qəzetinin yaydığı məlumatda Nyu Dehlinin imzalanmış müqavilələr çərçivəsində silah-sursatın növbəti par­tiyasını Ermənistana çatdırmaq imkan­larını nəzərdən keçirdiyi bildirilib. Qəzet mənbələrə istinadən yaydığı məlumatda qeyd edib ki, Ermənistanın yüksək rüt­bəli nümayəndəsi Nyu Dehlidə iki ölkə arasında 2022-ci ilin sentyabrında imza­lanmış müqavilələr əsasında həyata ke­çiriləcək silah tədarükü ilə bağlı danışıq­lar aparıb. Məlumata görə, müqavilələrin dəyəri 20 milyard rupi (244,7 milyon dol­lar) təşkil edir.

Qeyd edək ki, müqaviləyə uyğun ola­raq, Hindistan ötən il Ermənistana xaricə ilk dəfə satılan “Pinaka” reaktiv yaylım atəşi sistemləri, “Svati” adlanan radarlar, həmçinin tank əleyhinə raketlər verib. Si­lahlar İran ərazisindən keçən nəqliyyat dəhlizi vasitəsilə çatdırılıb.

Hindistanın Ermənistanı silahlandır­ması Azərbaycanda haqlı etiraz doğurur. Dövlətimizin rəsmi şəxsləri bu istiqamət­də etirazlarını vaxtaşırı Nyu Dehliyə çat­dırırlar. Cari ilin mayın 19-da Hindistanın ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Sridharan Madhu­sudhananın etimadnaməsini qəbul edən Prezident İlham Əliyev deyib ki, bu gün Ermənistanda revanşist qüvvələr baş qaldırmaqdadır, ölkəmizə qarşı ərazi id­diaları davam edir. Ermənistanın sürətlə silahlanmasının yeni təhlükələr yaratdı­ğını deyən Prezident İlham Əliyev qeyd edib ki, əgər, doğrudan da, İrəvan Azər­baycanla sülh istəyirsə onda nə üçün 100 milyonlarla dollar dəyərində silah alır? Azərbaycan Prezidenti vurğulayıb ki, bu siyasət bölgə üçün yeni təhdidlərə gətirib çıxara bilər.

Ermənistan Vətən müharibəsi zama­nı böyük zərbə alaraq, sarsıdıcı məğ­lubiyyətə uğrayıb. Hərbi texnikasının böyük hissəsini itirib, şəxsi heyətdən də xeyli itkiləri olub. İndi isə İrəvan bunların yerini doldurmağa çalışır. Ermənistanın müxtəlif ölkələrdən silah-sursat alması xoşagəlməz hal olsa da, bu alqı-satqı çətin ki, Azərbaycanla hərbi paritet ya­rada bilsin. Elə sadə ermənilər də bu fikirdədirlər. Rusiyalı jurnalist Aleksey Pivovarovun “YouTube”dakı “Redaksi­ya” kanalında Ermənistanda baş verən proseslərlə bağlı reportajında İrəvan sa­kini Qor Sarkisyan deyib: “Azərbaycan Türkiyədən, İsraildən ən müasir silahlar alır. Rusiya da Azərbaycanın silah aldığı ölkələr sırasındadır. Bundan əlavə, Bakı Pakistanla hərbi sahədə əməkdaşlıq edir. Ermənistan isə 5 ildə Hindistandan cəmi 18 ədəd “Haubitsa (artilleriya silahı növü) və “Qrad” tipli artilleriya silahı alıb. Mən hesab edirəm ki, bu, doğru deyil”.

Ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov da “Xalq qəzeti”nə açıqlamasında bildirib ki, hələlik silahlar Ermənistana göndə­rilməyib: “Bu, sadəcə sazişdir. Mən dü­şünmürəm ki, Ermənistanın o qədər si­lah-sursat almaq imkanı olsun. Ola bilsin ki, maraqlı qüvvələr məhz Hindistan silah bazarından istifadə edərək, Ermənistanı silahlandırmaq istəyirlər”.

Şair Ramaldanov qeyd edib ki, ümu­miyyətlə, Ermənistanı silahlandırmaq istəyən dövlətlərin əsas məqsədi Cənubi Qafqazda münaqişə ocağını sönməyə qoymamaqdır: “Silahlandırmanın məqsə­di budur. Silahlandıran qüvvələr də yəqin ki, sonra silahlarla bağlı tələblərini, tapşı­rıqlarını qoyacaqlar. Sonra isə ermənilər həmişə olduğu kimi xarici qüvvələrin əlin­də alət olaraq yenə də Cənubi Qafqazda gərginlik yaratmağa çalışacaqlar. Mənim mövqeyim bütün sülhsevər insanların mövqeyi kimi mənfidir. Ermənistan hə­mişə belə siyasət yürüdüb və zənnimcə, belə də qalacaq”.

Ancaq hərbi ekspert bildirib ki, Prezi­dent İlham Əliyevin də çıxışlarında qeyd etdiyi kimi, Ermənistan öz revanşist ide­yalarından əl çəkməsə, Azərbaycanın “dəmir yumruğu” yenə də onların başını əzməkdə davam edəcək.

Səxavət HƏMİD
XQ



Siyasət