“Abşeron” yatağı xaricdə böyük maraq doğurur

post-img

Bu, Azərbaycanın Avropanın enerji tələbatında oynadığı rolun önəmi ilə bağlıdır

“Fitch Ratings” beynəlxalq reytinq agentliyinin məlumatında “Abşeron” qaz-kondensat yatağının “Şahdəniz-2”dən sonra Azərbaycanın ən böyük qaz mədəni olduğu və onun işə salınması ilə Dövlət Neft Şirkətinin (SOCAR) biznes profilinin yaxşılaşdığı bildirilir. 

Adıçəkilən reytinq agentliyi SOCAR və Fransanın “TotalEnergies” şirkəti­nin 2023-cü ilin iyul ayında “Abşeron” qaz-kondensat yatağında hasilatın başlandığını qeyd edir. Agentlik, eyni zamanda, SOCAR-ın bu il “Abşeron”­da 1,8 milyon barel neft və 707 milyon kubmetr təbii qaz hasil edəcəyini proq­nozlaşdırır.

Məlumatda qeyd edilib ki, Azər­baycanda əksər neft və qaz layihələri hasilatın pay bölgüsü sazişləri əsa­sında həyata keçirilir və bu müqa­vilələrdə SOCAR minoritar paya ma­likdir. Şirkət bu layihələrdə dövləti təmsil edir, neft və təbii qazın satışını həyata keçirir. Bundan əlavə, SO­CAR-ın dövlətin dəstəklədiyi digər iri enerji təşəbbüslərdə, o cümlədən, Cənub Qaz Dəhlizi (SGC) kimi la­yihələrdə payı var.

“Fitch Ratings”in bildirdiyinə görə, SOCAR-ın neft və qaz hasilatı 2022-ci ildə sutkada 284 min barel neft ekvivalenti səviyyəsində sabit olaraq qalıb. Bu, Azərbaycanın neft hasilatının 6 faiz azalması və qaz hasilatının isə 7 faiz artması fonunda baş verib. Agenliyin qənaətinə əsasən, vəziyyətin belə dəyişəcəyi gözlənilməz olub. Hazırda təbii qaz hasilatının artmasına əsaslanılaraq, 2023-2025-ci illərdə SOCAR-ın hasilatının ildə 0,5 faiz yüksələcəyi proqnozlaşdırılıb. 

Onu da deyək ki, Bakıdan təxminən 100 kilometr cənub-şərqdə yerləşən “Abşeron” qaz-kondensat yatağından ilk qaz cari ilin iyul ayının əvvəlində hasil edilib. Bu il avqustun 4-də isə SOCAR, “TotalEnergies” və ADNOC (Əbu-Da­bi Milli Neft Şirkəti) şirkətləri arasında “Abşeron” qaz-kondensat yatağında 30 faizlik iştirak payının satışı ilə bağlı saziş imzalanıb. SOCAR və “TotalE­nergies” şirkətlərinin hər birinin iştirak payları isə müvafiq olaraq 35 faiz həd­dində müəyyənləşdirilib. 

SOCAR-dan verilən məlumata görə, “Abşeron” qaz-kondensat yata­ğının işlənməsinin İlkin Hasilat Sxemi (İHS) mərhələsi sualtı hasilat quyusunu “Neft daşları”ndakı mövcud qurğular­la əlaqəli yeni qaz emalı platformasına birləşdirir. İHS mərhələsinin hasilat gücü gündəlik 4 milyon kubmetr qaz və 12 min barel kondensat təşkil edir. Qazın Azərbaycanın daxili bazarına satılacağı nəzərdə tutulur.

Yuxarıda qeyd edildiyi kimi, İHS la­yihəsi çərçivəsində hazırda gündəlik 4,3 milyon kubmetr qaz və 1400 ton kon­densat hasil olunur. “Abşeron” yatağının ehtiyatı da daxil olmaqla Azərbaycanın təsdiqlənən qaz ehtiyatı 2,2 trilyon kub­metrdir. Ölkəmizin illik qaz ixracı isə 21 milyard kubmetr təşkil edir. Yaxın 5 il ər­zində Azərbaycan bu həcmdə qaz ixracı­nı 30-31 milyard kubmetrə qədər artırma­ğı planlaşdırır. Avropaya qaz ixracının isə 11 milyarddan 20 milyard kubmetrədək yüksəldilməsi proqnozlaşdırılır.

Yeri gəlmişkən, ADNOC-un Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) hüdudların­dan kənarda ilk investisiyanı ölkəmizə yatırması respublikamızda xarici sər­mayədarlar üçün yaradılan əlverişli in­vestisiya mühitinin növbəti təzahürüdür. Sazişin Azərbaycan və BƏƏ arasında strateji əlaqələri daha da gücləndirəcəyi və ölkəmizin etibarlı təbii qaz təchizatçı­sı kimi mövqeyinə dəyərli töhfə verəcəyi gözlənilir. 

Neft Araşdırmaları Mərkəzinin rəh­bəri İlham Şabanın sözlərinə görə, Əbu-Dabi Milli Neft Şirkətinin (ADNOC) satınalma proseduru tamamlandıqdan sonra “Abşeron” qaz-kondensat yata­ğında 30 faiz iştirak payı əldə etməsi ilə Xəzər dənizinin ölkəmizin sektorundakı layihələrə yeni bir nəfəs və baxış forma­laşdıracaq.

Azərbaycanın son 10 ildə ərəb ölkələ­ri ilə əlaqələri genişlənməkdədir. ADNOC şirkəti Birləşmiş Ərəb Əmirliklərinin 90 faizdən çox neftini Əbu-Dabi Əmirliyində çıxarır. Belə bir şirkətin Azərbaycanda təmsilçiliyi isə qərblə şərq arasında yeni münasibətlərin formalaşmasına zəmin yaradır. 

Respublikamızın indiyə qədər imza­ladığı 40-a yaxın hasilatın pay bölgüsü və risk servis tipli müqavilələri çərçivə­sində faktiki olaraq ərəb şirkəti yox idi. Bir vaxtlar Azəri-Çıraq-Günəşlidə yarı ərəb şirkəti olub, ancaq onlar da sonra­dan paylarını satıb gediblər.

“Abşeron” qaz-kondensat yatağı “Şahdəniz–2” kimi mürəkkəb geoloji struktura malikdir. Lakin “Şahdəniz-2” layihəsindən daha dərində yerləşir. Ona görə də “Abşeron” qaz-kondensat yata­ğında da manifold texnoloji üsulu ilə ha­silatın həyata keçirilməsi gerçəkləşəcək. Bu isə çox bahalı layihədir. Bu baxımdan SOCAR və “TotalEnergies” yarıbayarı paya malik idilər. Onlar öz paylarından 15 faiz kəsib ərəb şirkətinə satışa çıxar­dılar. Bu, “Abşeron–2” layihəsi üzrə mümkün kapital yatırımında risklərin daha azaldılması mənasını verir.

Yeri gəlmişkən, “Abşeron” layihə­si çərçivəsində bir ildə maksimum 1,5 milyard kubmetr qazın hasil edilməsi planlaşdırılır. Bu qazın bütünlükdə Azər­baycanın daxili tələbatının ödənilməsinə yönəldilməsi qarşıda mühüm vəzifə kimi durur. Yatağın ikinci mərhələsində çıxa­rılacaq qazın isə xarici bazarlarda satıl­ması və yaxın beş il ərzində bu perspek­tivin gerçəkləşməsi nəzərdə tutulur. Eyni zamanda, yatağın ikinci mərhələsində nə qədər qazın hasil olunacağlı ilə bağlı SOCAR və onun tərəfdaşı hazırda danı­şıqlar aparır.

Sonda qeyd edək ki, “Abşeron” çox mürəkkəb quruluşa malik qaz-konden­sat yatağı olaraq indiyədək Xəzər dəni­zində açılan və istismar edilən ən dərin hissədə yerləşir. Əgər “Şahdəniz” yatağı dənizin 550 metr dərinliyində yerləşir­sə, “Abşeron” 600 metr dərinlikdədir. O cümlədən məhsuldar qaz layları əgər “Şahdəniz”də 6 min 800–7 min 100 metr dərinlikdədirsə, “Abşeron” yatağında bu 7 min 300 metr dərinliyə qədər uza­nır. Ona görə, mürəkkəblik baxımından Xəzər dənizində indiyənədək hasilat gözlənilən ən mürəkkəb yataqdır.

Göründüyü kimi, “Abşeron” qaz-kon­densat yatağından çıxarılan “mavi yana­caq” mühüm önəm daşıyır. Çünki indiyə kimi, Azərbaycanın ixracla bağlı əsas qaz resursu “Şahdəniz” qaz-konden­sat yatağı idi. Bu gün isə artıq ölkəmizə məxsus iki böyük qaz-kondensat yatağı var. 

Mirağa ƏHMƏDOV,
iqtisadçı-ekspert

Prezident İlham Əliyev “Abşeron” qaz-kondensat yatağının fəaliyyə­ti ilə bağlı çıxışlarının birində bildirib ki, bu yataqda 350–360 milyard kub­metr qaz ehtiyatları var. Amma həmin göstəricinin daha çox olacağı gözlə­nilir. Çünki artıq Azərbaycanda olan təcrübə onu göstərir ki, ehtimal olu­nan resurslardan daha böyük ehtiyat­lar üzə çıxır və 100 milyon ton kon­densat da bura əlavə edilsə, vəziyyət haqqında aydın təsəvvür yaranır. Bu konsendat isə, əslində, xam neftə bə­rabər olan bir məhsuldur və beləliklə, Azərbaycan bundan sonra da etibarlı qaz təchizatçısı olacaqdır. 

Dövlət başçısı onu da bildirib ki, “Abşeron”un birinci mərhələsində çıxarılacaq qazın daxili tələbata is­tiqamətləndirilməsi təsadüfi deyil. Çünki buna ehtiyac var. Artan əhali, getdikcə güclənən sənaye bunu tələb edir. İkinci mərhələdə çıxarılacaq qaz isə təbii ki, ixrac yolu ilə dünya bazar­larına çıxarılacaq. Çünki bu yatağın tam işlənməsinin mərhələli yollarla öz həllini tapacağı proqnozlaşdırılıb. 

Yeri gəlmişkən, “Fitch Ratings” beynəlxalq reytinq agentliyinin məlu­matında “Abşeron” yatağından bu il 700 milyon kubmetrdən artıq qaz, 1,8 milyon barel qaz kondensatı çıxarıla­cağı bildirilir. 

Qeyd edim ki, bu yataq istisma­ra veriləndən indiyədək 453 milyon kubmetr qaz və 171 min ton qaz kon­densatı çıxarılıb. Onu da əlavə etmək lazımdır ki, yataqda illik hasilatı 1,5 milyard kubmetrdən 6 milyard kub­metrədək artırmaq planlaşdırılır.

Vaqif BAYRAMOV
XQ



İqtisadiyyat