Dünya bərpaolunan enerjiyə keçid mərhələsində

post-img

2030-cu ilədək tələbatın yarısını bu mənbələr ödəyəcək

Beynəlxalq Enerji Agentliyinin (BEA) yeni hesabatında dünyanın bərpaolunan enerjiyə keçiddə “qarşısıalınmaz” keçid dövrü yaşadığı, 2030-cu ilə qədər isə elektrik enerjisinin yarısının bərpaolunan mənbələrdən təmin ediləcəyi proqnozlaşdırılıb. 

Hesabatda deyilir ki, qazıntı yana­caqlarına qoyulan investisiyaların ya­rıya endirilməsi zəruridir. Bunun üçün əsas diqqət ölkələrin bərpaolunan enerjinin genişləndirilməsi, elektriklə işləyən nəqliyyat vasitələrinin sayının artırılmasına yönəldilməlidir. 

Sənəddə “təmiz enerji” texnologi­yalarında artımın qənaətbəxş olduğu da qeyd edilib. Belə ki, 2020-ci ildə satılan hər 25 avtomobildən birinin elektriklə işlədiyi halda, ötən müd­dətdə bu rəqəm beşdə birə yüksəlib. Agentliyin icraçı direktoru Fatih Birol deyib: “Təmiz enerjiyə keçid bütün dünyada baş verir və bu, qarşısıalın­maz bir prosesdir. Sadəcə onu sürət­ləndirmək lazımdır, çünki təmiz ener­jiyə keçid nə qədər tez olsa, hamımız üçün bir o qədər yaxşıdır. Hökumət­lər, şirkətlər və investorlar təmiz enerji keçidlərinə mane olmaq yerinə, bu prosesi dəstəkləməlidirlər”.

Fatih Birol bu fikrini əsaslandır­maq üçün Böyük Britaniyanın və digər hökumətlərin yeni neft yataqlarının açılması ilə bağlı qərarlarını tənqid edərək onların neft və qazın dünya­nın enerji və iqlim gələcəyi üçün təh­lükəsiz seçimlər olduğu iddialarının həmişəkindən daha zəif göründüyünü də vurğulayıb. 

BEA-nın hesabatında Yaxın Şərqlə bağlı narahatlıqlar da öz əksini tapıb. Agentlik bildirib ki, gərginliyin artmasının dünya enerji bazarlarına necə təsir edəcəyi hələ aydın deyil. Lakin BEA xəbərdarlıq edib ki, bu, onsuz da sabit olmayan qlobal iqtisa­diyyatı daha çox qeyri-müəyyənliyə düçar edəcək, çünki İran və Səudiyyə Ərəbistanı kimi Yaxın Şərq ölkələrinin resursları dünya neft ehtiyatlarının 67 faizini təşkil edir.

Sözügedən hesabatın sonunda günəş və külək enerjisinin yaradıl­ması və genişləndirilməsinin enerji dəyişkənliyinin uzunmüddətli həllini təmin ediləcəyinə ümid ifadə olu­nur. Bu istiqamətdə respublikamızın mövqeyinə gəlincə, deyə bilərik ki, hazırda təmiz ətraf mühit və “yaşıl inkişaf” yeni milli inkişaf strategiyası ölkəmizin 5 prioritet istiqamətindən biridir, Azərbaycan könüllü olaraq 2050-ci ilə qədər istixana qazı tullan­tılarını 40 faizə endirilməsi, eyni za­manda, Qarabağ və Şərqi Zəngəzur bölgələrində “yaşıl enerji” zonasının yaradılması məsələlərinə mühüm önəm verir, atmosferə atılan istixana qazlarının azaldılması sahəsində ge­nişmiqyaslı layihələr icra edir. Ötən il Qlazqo şəhərində keçirilən iqlim sammitində respublikamızın 2050-ci ilə qədər istixana effekti yaradan qazların emissiyasının həcmini 40 faizə qədər azaldılması şərtinin hə­dəf kimi götürülməsi və düşməndən təmizlənən ərazilərimizdə “təmiz 0” emissiya zonasının yaradılması ilə əlaqədar planlar bəyan etməsi bunun bariz ifadəsidir. 

Bundan başqa, Azərbaycanda bərpaolunan enerji mənbələrindən istifadə və enerji səmərəliliyi ilə bağ­lı vəzifələr də müəyyənləşdirilib, ət­raf mühitə atılan istixana qazlarının 2030-cu ilə qədər 35 faiz azaldılması, elektrik enerjisinin qoyuluş gücündə bərpaolunan enerji mənbələrinin pa­yının 30 faizə çatdırılması nəzərdə tutulub. 

Azərbaycanda atmosferə atılan istixana qazlarının azaldılması və de­karbonizasiya sahəsində də böyük işlər aparılır. “Azərbaycan Respub­likasının 2022─2026-cı illərdə sosi­al-iqtisadi inkişaf Strategiyası”nda Azərbaycanın təmiz ətraf mühit və “yaşıl artım ölkəsi”nə çevrilməsi ilə bağlı çoxsaylı tədbirlər planlaşdırılır. Sənəddə qeyd olunduğu kimi, yaxın illərdə ölkəmizdə təbii resurslardan dayanıqlı və davamlı istifadə təmin olunacağı, ətraf mühitə sənayeləş­mənin təşviqi məqsədilə tullantıların səmərəli idarə olunması sisteminin inkişafı nəzərdə tutulur. Bunun da nəticəsində tullantıların təkrar emalı prosesinin əhatə dairəsinin ölkə üzrə 20 faizə, regionlarda isə 10 faizə çat­dırılacağı gözlənilir. 

Ümumiyyətlə, respublikamızda son illər həyata keçirilən sosial-iqti­sadi inkişaf strategiyası ekoloji prob­lemlərin operativ həllinə, ətraf mühitin mühafizəsi istiqamətində ardıcıl və səmərəli tədbirlərin görülməsinə əl­verişli şərait yaradıb. Bunun nəticə­sidir ki, respublikamızda təmiz ekoloji mühitin gerçəkləşdirilməsi məqsədilə mövcud təbii resursların dayanıqlı və səmərəli istifadəsi, tullantıların idarə edilməsi ilə bağlı infrastrukturun ya­radılması istiqamətində ardıcıl tədbir­lərin həyata keçirilməsinə başlanılıb. Təkcə onu qeyd etmək kifayətdir ki, Azərbaycanda 2023-cü ilin dövlət büdcəsində ətraf mühitin mühafizə­sinə 360 milyon manatdan çox vəsa­it ayrılıb ki, bu da 2022-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 24 faizdən artıqdır. 

BMT Baş Assambleyasının 78-ci sessiyasında Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur bölgələrini “yaşıl enerji” zonasına çevirmək məqsədi­nin də prioritet istiqamət kimi diqqət­də saxlanması məsələsi də xatırladı­lıb. Bildirilib ki, adları çəkilən iqtisadi rayonlar hazırda sürətlə “yaşıl enerji” zonasına çevrilir. Əslində, bu region­da bərpaolunan enerji mənbələrin­dən istifadə, enerji səmərəliliyi, eko­loji təmiz texnologiyalar, o cümlədən nəqliyyat vasitələrinin tətbiqi və digər məsələləri əhatə edəcək “yaşıl zona”, yaxud “yaşıl məkan” konsepsiyasının hazırlanmasına hələ Vətən müharibə­sindəki şanlı qələbəmizdən az sonra başlanılıb. 

Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərdə “yaşıl ener­ji” zonasının yaradılması ilə bağlı qarşıya mühüm vəzifələr qoyub. Bu məsələ “Azərbaycan 2030: sosial-iq­tisadi inkişafa dair Milli Prioritetlər”də öz əksini tapıb. 

Prezident İlham Əliyev 2021-ci il mayın 3-də “Azərbaycan Res­publikasının işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonası­nın yaradılması ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb. Döv­lət başçısı Qarabağ və Şərqi Zən­gəzurun ərazilərində “yaşıl enerji” zonasının yaradılması ilə əlaqədar müvafiq konsepsiyanın və baş pla­nın hazırlanması üçün ixtisaslaş­mış beynəlxalq məsləhətçi şirkətin cəlb edilməsi məqsədilə 2021-ci ilin dövlət büdcəsində nəzərdə tutul­muş Prezidentin Ehtiyat Fondundan Energetika Nazirliyinə 1 milyon 391 min 40 ABŞ dollarının manat ekviva­lenti məbləğində vəsait ayrılmasını qərara alıb. 

Sözügedən bölgənin bərpaolunan enerji istehsalı üçün potensialı böyük­dür. Belə ki, Yer səthinə düşən günəş radiasiyasının miqdarına görə, Qara­bağın cənub düzənlik hissəsi – Füzu­li, Cəbrayıl, Zəngilan rayonları Naxçı­van Muxtar Respublikası ərazisindən sonra ikinci yerdə dayanır. Burada bir kvadratmetr üfüqi səthə düşən günəş radiasiyası ildə 1600-1700 kilovat/saat təşkil edir. Bu ərazilərin ümumi günəş enerjisi potensialı 3 min-4 min meqavatdır. Ərazidə ölçü müşahidə stansiyalarının quraşdırılması yolu ilə potensialın daha dəqiq hesablanması nəzərdə tutulur. 

Qarabağda külək enerjisi isteh­sal etmək mümkün olacaq. Belə ki, regionun dağlıq hissəsində 100 metr hündürlükdə küləyin orta illik sürəti­nin saniyədə 7-8 metr olduğu geniş ərazilər mövcuddur. Kəlbəcər və La­çın rayonlarının Ermənistanla sərhəd ərazilərində küləyin orta illik sürəti saniyədə 10 metrə çatır. Ümumilikdə Qarabağın dağlıq ərazilərində külək enerjisinin potensialı 300-500 meqa­vat kimi qiymətləndirilir. Ölçü müşahi­də stansiyalarının quraşdırılması yolu ilə bu sahənin də dəqiq potensialının hesablanacağı qarşıda önəmli vəzifə kimi durur. 

XQ

İqtisadiyyat