52,6 milyard manatlıq sənaye məhsulu istehsal olunub

post-img

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2025-ci ilin yanvar-oktyabr aylarında 52,6 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,2 faiz az sənaye məhsulu istehsal edilmişdir. Neft-qaz sektorunda məhsul istehsalı 2,2 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 4,9 faiz artmışdır.

XQ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, sənaye məhsulunun 60,8 faizi mədənçıxarma sektorunda, 32,8 faizi emal sektorunda, 5,4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 1,0 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.

Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 4,6 faiz azalmış, əmtəəlik qaz hasilatı isə 1,7 faiz artmışdır.

Emal sektorunda əczaçılıq məhsullarının istehsalı 2,0 dəfə, kompüter, elektron və optik məhsulların istehsalı 98,4 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 57,1 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 26,1 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 12,6 faiz, tütün məmulatlarının istehsalı 11,2 faiz, qida məhsullarının istehsalı 9,5 faiz, kimya sənayesi məhsullarının istehsalı 8,4 faiz, neft məhsullarının istehsalı 0,9 faiz artmış, maşın və avadanlıqların istehsalı 1,2 faiz, içkilərin istehsalı 1,8 faiz, tikinti materiallarının istehsalı 4,3 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 7,4 faiz, geyim istehsalı 9,2 faiz, hazır metal məmulatlarının istehsalı 10,0 faiz, mebel istehsalı 10,9 faiz, elektrik avadanlıqlarının istehsalı 11,6 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 12,9 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 18,6 faiz, poliqrafiya məhsullarının istehsalı 19,9 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 22,5 faiz, kağız və karton istehsalı 27,1 faiz azalmışdır.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 1,0 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 5,4 faiz artmışdır.

XQ    

İqtisadiyyat