“Fəxri Xiyaban” və “Nəsillərə nümunə” kitablarının təqdimatı keçirilib

post-img

XI Bakı Beynəlxalq Kitab Sərgisində “Bəxtiyar Vahabzadə təqdimat zonası”nda Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbaninin “Apostrof-A” nəşriyyatında işıq üzü görən, Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunan “Fəxri Xiyaban”, sonra isə iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru, əfsanəvi sərkərdə Həzi Aslanovun 115 illik yubileyinə həsr olunan “Nəsillərə nümunə” kitablarının təqdimatı keçirilib.

“Apostrof-A” nəşriyyatının direktoru Akif Dənzizadə diqqətə çatdırıb ki, Abdulla Qurbani 200-dən çox kitabın, hərbi marş və vətənpərvərlik mahnılarının, opera, aratoriya, simfonik poema, librettolarının və dram əsərlərinin müəllifidir.

Mərasimdə iştirak edən general-mayorlar Altay Mehdiyev, Elçin Xəlilov, Vətən müharibəsi iştirakçıları polkovnik Elvin Əzizov, Rüfət Məmmədov, Elşad Əbilov və başqaları Qurbaninin əsərlərinin Azərbaycan Ordusunun şəxsi heyətinin döyüş ruhunun, mənəvi-psixoloji hazırlığının daha da yüksəldilməsində mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar.

***

Sərgidə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin məşhur “Xəmsə”sindən “Sirlər Xəzinəsi” və “İskəndərnamə” poemalarının orijinalından türk dilinə tərcümə edilmiş kitabın təqdimatı olub.

“Xəmsə”nin türk dilinə tərcüməsini Azərbaycanın Türkiyədəki səfirliyində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin əməkdaşı, Ərzurumdakı Atatürk Universitetinin professoru Nimet Yıldırım həyata keçirib.

Tədbirdə giriş sözü ilə Azərbaycanda Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov və Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru, professor Mahirə Hüseynova da çıxış ediblər. 

Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Prezident İlham Əliyevin Sərəncamı ilə 2021-ci ilin dahi şairin 880 illik yubileyi ilə əlaqədar “Nizami Gəncəvi ili” elan edildiyini xatırladıb.

Tədbirin moderatoru, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Gəncə Bölməsi Nizami Gəncəvi Mərkəzinin direktoru Əlimuxtar Muxtarov dahi şairin əsərlərindən parçalar təqdim edib, şeirlərini səsləndirib.

***

XI Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində keçirilən Xalq yazıçıları İlyas Əfəndiyev və Elçin Əfəndiyevin xatirəsinə həsr olunmuş “Əfəndiyevlərin unudulmaz irsi” adlı tədbirdə iki görkəmli qələm ustasının zəngin ədəbi irsini əks etdirən “Elçin və kino”, “İlyas Əfəndiyev: Geriyə baxarkən”, “Elçin. Biblioqrafiya” kitablarının təqdimatı  reallaşıb.

Nəşrin ideya müəllifi  Milli Məclisin deputatı, Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva, kitabın elmi məsləhətçiləri isə Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov və “Şərq-Qərb” nəşriyyatının baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru Nərgiz Cabbarlıdır.

Məclisi giriş sözü ilə açan Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli İlyas və Elçin Əfəndiyevlərin Azərbaycan ədəbiyyatı tarixində xüsusi yerə malik olduqlarını, milli dramaturgiya və nəsrin inkişafına mühüm töhfələr verdiklərini vurğulayıb.

Sonra Milli Məclisin deputatı Günay Əfəndiyeva çıxış edərək tədbirdə iştirak edən, Əfəndiyevlər ailəsinin zəngin ədəbi irsinin qorunub saxlanılması və təbliği ideyasını dəstəkləyən hər kəsə səmimi təşəkkürünü bildirib.

Tədbir bədii hissəsində televiziya muğam müsabiqəsinin qalibi Nisbət Sədrayeva, tarzən Rüstəm Müslümov və Azərbaycanın Əməkdar artisti, kamança ifaçısı Toğrul Əsədullayev çıxış ediblər.

***

Beynəlxalq Sərgidə “Masal, masal Türkiyə, Türk dünyası – Azərbaycan” (Fairy Tale, Fairy Tale, Turkey. Turkic World – Azerbaijan) layihəsinin təqdimatı keçirilib.

Layihə Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzi ilə Atatürk Türk Mədəniyyət Mərkəzinin birgə əməkdaşlığı ilə ərsəyə gəlib. Bu əməkdaşlıq çərçivəsində “Masal, masal Türkiyə” mobil proqramına türk nağıllarına həsr olunmuş “Türk Dünyası – Azərbaycan” adlı yeni bölmə əlavə edilib.

Mərasimdə Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov qeyd edib ki, layihənin məqsədi Azərbaycan şifahi xalq yaradıcılığı və folklor nümunələrinin təbliği, eləcə də müasir texnologiyalardan istifadə etməklə bu irsin daha geniş uşaq auditoriyasına çatdırılmasıdır. 

Onun sözlərinə görə, proqramda Azərbaycan nağıllarının mətnləri və audioversiyaları artıq Azərbaycan və türk dillərində mövcuddur və gələcəkdə onların beş aparıcı dünya dilinə tərcüməsi planlaşdırılır ki, bu da layihəni beynəlxalq auditoriya üçün əlçatan edir.

Atatürk Türk Mədəniyyət Mərkəzinin direktoru Zeki Özsöz bildirib ki, əməkdaşlıq çərçivəsində Azərbaycan tərəfi ilə birlikdə nağıllar seçib, onların mətnləri, illüstrasiyaları və audioversiyalarını hazırlayan xüsusi komissiya yaradılıb. Proqrama artıq 30-a yaxın Azərbaycan xalq nağılı daxildir və bu istiqamətdə işlər davam etdiriləcək.

Tədbirdə uşaq yazıçısı Solmaz Amanova türk dilinə tərcümə edilərək Ankarada nəşr olunan “İlmenin macəraları” kitabından danışıb.

Qeyd edək ki, Azərbaycan xalq nağıllarının mətnlərini Respublika Uşaq Kitabxanası hazırlayaraq Türkiyə tərəfinə təhvil verib.

Hazırladı:
F.ƏLİYEVA
XQ







Mədəniyyət