Naxçıvan Teatrının “Simurq quşu” tamaşası Bakı səhnəsində
Bu günlərdə Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında Xalq yazıçısı Kamal Abdullanın “Kim dedi ki, simurq quşu var imiş” əsəri əsasında hazırlanan “Simurq quşu” tamaşasının təqdimatı böyük maraq və alqışlarla qarşılandı. Naxçıvan Dövlət Milli Dram Teatrının hazırladığı fəlsəfi məzmunlu səhnə əsəri tamaşaçılara yüksək ideyalar, rəmzi obrazlar və müasir teatr estetikasının harmoniyasını təqdim etdi. Səhnədə baş verən həqiqəti tamaşa boyunca izləyiciləri duyğusal və düşüncəyə sövq edən bir səyahətə apardı.
...Pərdə açılır və biz səhnədə gəmi kapitanını görürük. Kapitan kamerton kimi situasiyanı yönləndirir, tamaşaçını dərin fəlsəfi mühakiməyə hazırlayır. Həyatda oyun, oyunda həyati “pazllar” seyrçini düşündürür, mistik qatlara enməyə vadar edir. Kapitanın varid olduğu adada Cəllad, Şahzadə, Padşah, Vəzir hərəsi öz qanunlarıyla yaşayırlar.
Hadisələr mifoloji zaman müstəvisində baş verir. Kamal Abdulla müəllif olaraq bu zamanı təfəkkür süzgəcindən keçirərək tamaşaçıya təqdim edir. Vəzirin tamaşaçılara üz tutub suallar və cavablar haqda söylədiyi mühakimələr sanki adama həyat imtahanını xatırladır. Həyat suallarla yaşanır, suallar yaşamağa, düşünməyə təkan verir.
Tamaşada əsas rolları Əməkdar artistlər Səməd Canbaxşiyev (Kapitan), Günay Qurbanova (Səs), Xalq artisti Şirzad Abutalıbov, Əməkdar artist Bəhruz Haqverdiyev, aktyorlar Əlizamin Abbasov (Ada sahibi), Anar Eyvazov (Nağılçı), Zakir Fətəliyev (Padşah), Şəbnəm Qaybalıyeva (Gözəl qız), Şirzad Abutalıbov (Vəzir), Uğur Nəsirli (Şahzadə), Xəlil Hüseynov (Cəllad), Ələsgər Quliyev (Dev) canlandırırlar. Onlar müəllifin ideyalarını səhnənin pafosu və şərtiliklərinə uyğun şəkildə böyük peşəkarlıqla çatdırırlar. Oyun estetikasının şərtlərinə əməl olunur və tamaşaçı bu oyunda sanki öz taleyini görür.
Aktyorların uğurunu xüsusi qeyd etmək lazım gəlir. Səməd Canbaxşiyev Kapitan roluna təbii cizgilər əlavə edərək ona əlahiddəlik qazandırır. Şirzad Abutalıbovun Vəziri son dərəcə canlı və dinamikdir, bu aktyorun səhnə plastikası məmnunluq doğurur. Ümumiyyətlə, paytaxtdan kənarda fəaliyyət göstərən teatr aktyorlarının əməyi ayrıca qiymətləndirilməlidir. Məhz bu tamaşada mən peşəkar aktyorlar gördüm və onların siması yaddaşıma həkk olundu.
“Simurq quşu” tamaşası bu aktyorları mənə sevdirdi. Səhnədəki fəlsəfi diskurs məni öz iç dünyama enməyə sövq etdi, o fikirlər ki, dünya qədər əbədidir, həmin düşüncələr seli içimdən keçib getdi. Təbii ki, hərə öz anladığı kimi refleksiya eləyib bu tamaşanı. Tamaşa insan düşüncəsində müxtəlif variasiyalar doğurur. Çoxqatlı mətn Kamal Abdulla yaradıcılığının spesifik xüsusiyyətidir və Naxçıvan teatrının belə bir fəlsəfi əsərin səhnə həllini tapması, doğrudan da, böyük uğurdur.
Səhnə əsərinin yüksək səviyyədə ərsəyə gəlməsində teatrın yaradıcı heyətinin böyük əməyi olub. Tamaşanın quruluşçu rejissoru Mir Qabil Əkbərov, quruluşçu rəssamı Araz Xudiyev, musiqi tərtibatçısı Əfsanə Şirəliyeva, rejissor assistenti isə Leyla Yaqubovadır. Mir Qabil Əkbərov müəllifin konseptual paradiqmasına sadiq qalaraq pyesi məhz bu aspektdən zühura gətirməsi alqışa layiqdir.
Yumaq kimi bir-birinə dolanan mizanlar sonda qəribə bir ahəng yaradır. Kosmosdan xaosa, xaosdan kosmosa keçidlər tül qədər zərifdir. Nağılçının keçmişlə gələcək arasında vurnuxması mistik haşiyədə - qapı çərçivəsində bir başqa məna qazanır. Personajlardan biri (Vəzir) söyləyir:
Kağızdan evcik qurub,
qızıl saray bilmişik.
Nahaqdan incitmişik
qüssəli ürəkləri.
Bu dünyaya, bəlkə də,
bir az vaxtsız gəlmişik.
Kim deyərdi solacaq,
soldu nar çiçəkləri.
Vaxt gələcək ağrımız
örtüləcək çiçəklə,
Bütün yaralarımız
yenidən bitişəcək.
Hər şey qurtaracaqdır
xoşbəxt bir gələcəklə,
Soldu nar çiçəkləri –
indi nar yetişəcək.
Hər son bir başlanğıc deməkdir, hər başlanğıc bir sondan xəbər verir. Biz hamımız Simurq quşuyuq. Nə vaxtsa bunu anlayacağıq… Anlayanda yeni bir nağıl başlanacaq.
Kənan HACI,
yazıçı-dramaturq


