Azad Qarabağın dirçəliş sədaları III MDB Oyunları tribunasından ucalır

post-img

Birlik ölkələrinin idman yarışları yaxın keçmişin ənənələrini yaşadır

Yozef Blatter hələ FIFA-nın prezidenti olduğu dövrdə ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışarkən belə demişdi: “Azərbaycanlıları xoşbəxt xalq hesab edirəm!”.

Yaxın tariximizə nəzər salsaq, ölkəmizin təkcə idman meydançalarında, tatami üzərində deyil, diplomatiyada da saysız-hesabsız uğurlarının şahidi olarıq. Ərazi bütövlüyümüz və suverenliyimizin bərpasından tutmuş müxtəlif beynəlxalq tədbirlərə örnək ev sahibi kimi nüfuz qazanmağımız dövlətimizin imicinə müsbət təsirini göstərib. Bu cür uğurlu ölkənin vətəndaşı olmaq insana qürur verir. Hazırda beynəlxalq ictimaiyyətin diqqəti yenə Azərbaycana yönəlib. Çünki III MDB Oyunları kimi mötəbər idman yarışına ilk dəfə ölkəmiz ev sahibliyi edir. İdman tariximizdə mühüm dönüş nöqtəsinə çevrilən oyunlar dünyaya ötürdüyü mesaj, yaratdığı birlik və həmrəylik ruhu ilə seçilir.

Oxuculara xatırladaq ki, MDB Oyunları ilk dəfə 2021-ci ildə Rusiyanın Kazan şəhərində keçirilib, ikinci dəfə Belarusun paytaxtı Minskdə baş tutub. Olduqca qürurverici hadisədir ki, III MDB Oyunlarına məhz Azərbaycan ev sahibliyi edir. Respublikamızın müxtəlif şəhərlərində keçirilən oyunlar həm idmançılar, həm də tamaşaçılar üçün əsl bayrama çevrilib desək, yanılmarıq. Sentyabrın 28-dən başlayan və 8 oktyabra qədər davam edəcək, 23 müxtəlif idman növü üzrə təşkil olunan oyunların yaddaşımızda silinməz izlər buraxacağı şübhəsizdir. Gəncə şəhəri 8 idman növündə yarışan idmançılara ev sahibliyi edir. Mingəçevirdə su idmanının 4 növü üzrə yarışlar keçirilir. Qəbələ 4 növ üzrə maraqlı qarşılaşmalara şahidlik edir. Şəki, Göygöl, Yevlax və Xankəndidə də müxtəlif idman növləri üzrə oyunlar təşkil olunur.

Xankəndidə – zəfərin, milli iradənin, sarsılmaz qələbə ruhunun nümayişi olan torpaqlarda keçirilən yarışlar tarixi kontekstdə dərin məna kəsb edir. İllərlə işğal altında qalan Xankəndi indi azadlıq nəfəsi ilə dirçəlir, idman yarışlarına ev sahibliyi edir, Azərbaycanın gələcəyə inamını, sülhə və birliyə çağırışını göstərir. III MDB Oyunları bölgənin sosial-iqtisadi inkişafına təkan verir, gələcəkdə daha böyük beynəlxalq layihələrin həyata keçirilməsi üçün zəmin hazırlayır.

MDB ölkələrinin idman heyətləri ilə yanaşı, Azərbaycan hökumətinin dəvəti əsasında digər dövlətlərin idmançıları da yarışlara qatılıblar. Bu, oyunlara beynəlxalq miqyas, nüfuz qazandırır və onu MDB ölkələri çərçivəsindən çıxararaq daha geniş coğrafiyada tanınan idman hadisəsinə çevirir. Azərbaycanın qonaqpərvərliyi, oyunların təşkilatçılığı və idmançılara göstərilən şərait yüksək qiymətləndirilir. Sadaladığımız faktlar ölkəmizin böyük idman tədbirlərinə ev sahibliyi etmək bacarığını bir daha isbatlayır.

III MDB Oyunlarının rəmzləri də xüsusi diqqət çəkir. Yarışın maskotları – "Bəbir" və "Leyla" simvolik məna daşıyır. Bəbir Azərbaycanın gücünü, çevikliyini və qətiyyətini, Leyla isə özündə sülhü, xoş məramı, zərifliyi və qonaqpərvərliyi ifadə edir. Maskotlar uşaqlardan böyüklərə hər kəsin rəğbətini qazanır və oyunların ruhunu daha da cazibədar edir. Yarışların “Hər qəlbdə bir qələbə” şüarı da dərin mənaya malikdir. Bu şüar iştirakçılara və tamaşaçılara xatırladır ki, qələbə təkcə medal qazanmaqla deyil, həm də dostluq qurmaq, birlik yaratmaq və insan ruhunu zənginləşdirməklə ölçülür.

Azərbaycanın ev sahibliyi etdiyi oyunlarda əldə olunan qalibiyyətlər ölkəmiz üçün xüsusi önəm daşıyır. İdmançılarımız xalça və su üzərində, tatamidə, müxtəlif arenalarda öz bacarıqlarını nümayiş etdirərək medallar qazanırlar. Bu, gənc nəslin gücünü və potensialını göstərir. Oyunlar boyunca Azərbaycan idmançıları uğurlar əldə edir, üçrəngli bayrağımızı yüksəklərə qaldırır. Uğurlarımız həm bizə qürur bəxş edir, həm də ölkəmizin idman tarixində yeni səhifələr açır.

III MDB Oyunları dünyaya göstərir ki, Azərbaycan beynəlxalq idman ailəsinin güclü və etibarlı üzvüdür. Buraya gələn hər bir qonaq Azərbaycanın qədim şəhərlərinin gözəlliyini görür, insanların mehribanlığının və qonaqpərvərliyinin şahidi olur, ölkəmizin inkişafına heyran qalır.

Oyunlar informasiya və ictimai diplomatiya müstəvisində mühüm hadisələrə yol açır. Bu çərçivədə təşkil edilən mediaturlar xüsusi əhəmiyyət daşıyır. Oktyabrın 2-də mediatur çərçivəsində 60-dan çox yerli və xarici media nümayəndəsinin Şuşa və Xankəndiyə səfəri baş tutub. Mediaturun ilk ünvanı Şuşa şəhəri, Azərbaycanın mədəniyyət paytaxtı idi. Jurnalistlər Mərkəzi meydan, Xurşidbanu Natəvanın evi, Xan qızı bulağı, Qala qapıları, Yuxarı Gövhər Ağa məscidi və Cıdır düzü kimi tarixi məkanları ziyarət ediblər. Burada onlara şəhərin əsrlər boyu daşıdığı mədəni dəyərlər barədə məlumat verilib. İkinci səfər Xankəndiyə olub. Media nümayəndələri burada oyunların keçirildiyi Xankəndi şəhər stadionuna baş çəkərək kamandan oxatma yarışlarını izləyiblər.

Beləliklə, mediatur həm Qarabağın bərpasının, həm də Azərbaycanın bölgədə yaratdığı yeni təhlükəsizlik və inkişaf mühitinin nümayişi oldu. Xarici jurnalistlərin gördükləri mənzərə onların oxucu, tamaşaçı, dinləyici və izləyicilərinə ötürdükləri materiallarda daha geniş şəkildə əksini tapacaq. İdman vasitəsilə qurulan körpülərin gələcəkdə daha böyük əməkdaşlıqlara zəmin yaradacağı şübhəsizdir.

Beləliklə, III MDB Oyunlarının Azərbaycanda keçirilməsi özü bir tarixdir, deyə bilərik. Bu tarix Gəncənin idman arenalarında, Mingəçevirin suda yarış meydanlarında, Qəbələnin dağ ətəklərində, Şəkinin qədim küçələrində, Göygölün mavi sularında, Yevlaxın meydanlarında və Qarabağın ürəyi Xankəndidə yazılır. Azərbaycan bütün dünyaya göstərir ki, idman siyasət qədər gücə malikdir, insanları bir araya gətirir, qəlbləri birləşdirir. Bu oyunlar hər birimizə bir daha xatırladır ki, qələbə həmrəylikdə, bir-birinə olan dəstəkdədir.

Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi III MDB Oyunları həm idman, həm də milli mənəviyyat baxımından misilsiz hadisə kimi yaddaşlarda birdəfəlik qalacaq və gələcəkdə daha böyük uğurlara vəsilə olacaq.

Nəzrin ELDARQIZI
XQ



Siyasət