Azərbaycan–Gürcüstan dostluq münasibətləri etibarlı əməkdaşlıq modelidir
Azərbaycan və Gürcüstan arasında münasibətlər bu gün regionun ən etibarlı və uzunömürlü strateji tərəfdaşlıq modellərindən birdir. Tarixən yaxın olan iki ölkə və xalq müstəqillik qazandıqdan sonra bir-birinə arxa duran, regional və beynəlxalq müstəvidə qarşılıqlı maraqları müdafiə edən etibarlı tərəfdaşlara çevrilib. Cənubi Qafqazın mürəkkəb geosiyasi mənzərəsində Bakı–Tbilisi xətti sabitliyin, əməkdaşlığın və inkişafın əsas dayaqlarından biri hesab olunur.
Azərbaycanın son illər əldə etdiyi siyasi sabitlik, iqtisadi inkişaf və beynəlxalq müstəvidə artan nüfuzu Gürcüstanla münasibətlərin yeni mərhələyə qədəm qoymasına şərait yaradıb. Gürcüstan bu prosesdə həm regional təhlükəsizlik baxımından, həm də nəqliyyat-logistika və enerji layihələri kontekstində mühüm tərəfdaş rolunu oynayır. İki ölkənin dövlət başçıları və yüksək səviyyəli rəsmiləri arasında keçirilən mütəmadi görüşlər, imzalanan sənədlər və reallaşan layihələr münasibətlərin sıradan diplomatik əlaqələr deyil, məhz strateji əməkdaşlıq formatında qurulduğunu sübut edir.
Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin inauqurasiyadan sonra ilk rəsmi səfərini Azərbaycana etməsi, ardınca Baş nazir İrakli Kobaxidzenin, xarici işlər naziri Maka Botçorişvili, digər yüksək səviyyəli rəsmilərin Bakıya səfərləri bu ölkənin Azərbaycanla münasibətlərə verdiyi əhəmiyyətin bariz nümunəsidir.
Siyasi müstəvidə Azərbaycan və Gürcüstan arasında yüksək etimad mühiti formalaşıb. Hər iki ölkə beynəlxalq təşkilatlar çərçivəsində bir-birinin ərazi bütövlüyünü dəstəkləyir, ortaq diplomatik mövqe sərgiləyir və qlobal məsələlərdə birgə addımlar atır. Xüsusilə 44 günlük Vətən müharibəsinin gedişində Gürcüstanın tutduğu mövqe bu etimadın konkret təzahürünə çevrildi. Ermənistanın hərbi yüklərinin qonşu Gürcüstan ərazisindən keçirilməsinə icazə verilməməsi, uzun illər formalaşmış dostluq və qarşılıqlı hörmətin nəticəsi kimi qiymətləndirilir. Gürcüstanın bu mövqeyi regionda sülh və sabitlik naminə atılan cəsarətli və prinsipial addım idi.
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Kopenhagendə verdiyi açıqlamasında Azərbaycanın regionda strateji tərəfdaş olduğunu açıq şəkildə bildirdi. O, münasibətlərin qorunub saxlanılmasının və inkişaf etdirilməsinin vacibliyini vurğulayaraq, bu tərəfdaşlığın həm ikitərəfli, həm də regional kontekstdə mühüm rol oynadığını vurğuladı. Onun sözlərinə görə, Cənubi Qafqazda sülhün təşviqi Gürcüstanın əsas hədəflərindən biridir və bu yolda Azərbaycanla birgə fəaliyyət böyük əhəmiyyət daşıyır.
***
Gürcüstanın səhiyyə naziri Mixeil Sarcveladze Ermənistanla Azərbaycan arasında əldə olunmuş sülh razılaşmasının ölkəsində böyük məmnunluqla qarşılandığını deyib. Onun sözlərinə görə, regiona sülhün gəlməsi bütün Cənubi Qafqaz xalqları üçün həyati dərəcədə vacibdir. Azərbaycan xalqının ərazi bütövlüyünə qovuşması və məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması Gürcüstanda böyük sevinc və məmnuniyyət hissi ilə izlənilib. Nazirin qeyd etdiyi kimi, bu uğurlar təkcə Azərbaycanın deyil, bütün regionun uğurudur və yeni imkanlar pəncərəsi açır.
Tarixən mövcud olmuş əməkdaşlıq hazırda təkcə dövlətlərarası münasibətlərlə məhdudlaşmır. İki ölkənin kommersiya qurumları, səhiyyə, nəqliyyat, energetika və digər sahələrdə qurduğu sıx əməkdaşlıq gələcəkdə daha məhsuldar nəticələrin əldə olunmasına zəmin yaradır. Gürcüstanlı nazirin vurğuladığı kimi, bu münasibətlərin intensivləşdirilməsi, daha məhsuldar əməkdaşlığın qurulması hər iki ölkənin inkişafına xidmət edəcək və regionun iqtisadi- siyasi sabitliyinə töhfə verəcək.
Hazırda iqtisadi və enerji əməkdaşlığı Azərbaycan–Gürcüstan münasibətlərinin dayaq sütunlarından birini təşkil edir. Beynəlxalq enerji kəmərləri, nəqliyyat dəhlizi regionun enerji təhlükəsizliyi və iqtisadi inteqrasiyası baxımından mühüm rol oynayır. Gürcüstan bu layihələrdə tranzit ölkə kimi çıxış etməklə yanaşı, Azərbaycanın qaz təchizatında iştirak edir və qarşılıqlı fayda əsasında əməkdaşlıq həyata keçirilir. Bu gün Azərbaycan Gürcüstan vasitəsilə Avropa ölkələrinə təbii qaz ixrac edir. Bu, Tbilisinin həm iqtisadi, həm də geosiyasi mövqeyini daha da möhkəmləndirir.
Xüsusilə Azərbaycan, Gürcüstan və Qazaxıstanın Orta Dəhliz üzrə vahid uzunmüddətli tariflərə dair razılaşması daşımaların səmərəliliyini artırmağa, logistikanın rəqabətədavamlılığını gücləndirməyə xidmət edir.
Müasir dövrün çağırışlarından biri olan “yaşıl enerji” sahəsində də Azərbaycan– Gürcüstan əməkdaşlığı sürətlə inkişaf edir. Azərbaycanın təşəbbüsü ilə irəli sürülən “Trans–Xəzər Yaşıl Enerji Dəhlizi”, “Mərkəzi Asiya–Azərbaycan Yaşıl Enerji Dəhlizi” və digər layihələr, bərpaolunan enerji mənbələrinin regional miqyasda ötürülməsini təmin etməklə yanaşı, Gürcüstanın tranzit rolunu daha da artırır.
Azərbaycanın energetika naziri Pərviz Şahbazovun Qazaxıstanda keçirilən “Qazaxıstan Enerji Həftəsi” çərçivəsində iştirak etdiyi tədbirlərdə çıxışında Azərbaycanın “yaşıl enerji” gündəliyindəki hədəfləri və bu hədəflərin reallaşmasında Gürcüstan da daxil olmaqla regional tərəfdaşların rolunu vurğulayıb. Bildirib ki, Azərbaycan 2030-cu ilədək enerji balansında bərpaolunan mənbələrin payını 40 faizə çatdıracaq. Bununla paralel regional enerji şəbəkələrinin birləşdirilməsi Tbilisinin layihələrdəki iştirakını zəruri edir. Bu baxımdan, Gürcüstanın enerji infrastrukturunun modernləşdirilməsi, regional enerji bazarına inteqrasiya və şəbəkələrin uyğunlaşdırılması istiqamətində atacağı addımlar Azərbaycanla münasibətlərin keyfiyyətcə yeni mərhələyə keçməsinə səbəb olacaq.
Beləliklə, Azərbaycan–Gürcüstan münasibətləri regional sabitlik və inteqrasiyanın əsas dayaqlarından biri kimi çıxış edir. Bu münasibətlər qarşılıqlı etimad, ortaq maraqlar, tarixi dostluq və praqmatik siyasətə əsaslanır. Onların gələcək inkişafı isə təkcə Cənubi Qafqaz üçün deyil, bütün Avrasiya məkanı üçün strateji əhəmiyyət kəsb edir.
Pünhan ƏFƏNDİYEV
XQ