“Bir kəmər, bir yol” quruculuğunda Azərbaycan memarlığı

post-img

Ölkəmiz Avrasiyanın yeni nəqliyyat infrastrukturunu formalaşdıran aparıcı mərkəzdir

Planetar miqyaslı müasir dünyada hər iqtisadi təşəbbüs, xüsusilə “Bir kəmər, bir yol” kimi qlobal əhatəyə malik meqalayihənin dərinliyində siyasi məqsədlər və strateji hədəflər daşıyır. Çin tərəfindən irəli sürülən konsepsiya Avrasiyanın siyasi xəritəsini yenidən cızan, təsir mərkəzlərini diversifikasiya edən geosiyasi tənlikdir.

Məhz bu tarixi transformasiya prosesinin episentrində dayanan Azərbaycan aydın milli maraqlarına, uzaqgörən liderlik fəlsəfəsinə və qətiyyətli siyasi iradəsinə söykənərək təşəbbüsün əsas seqmenti olan Orta Dəhlizin fəal memarı və strateji moderatoru kimi çıxış edir. Azərbaycanın “Bir kəmər, bir yol” layihəsindəki iştirakı iqtisadi səmərədən daha çox, ölkənin milli müstəqilliyini möhkəmləndirən, xarici siyasətinin çoxşaxəli təbiətini gücləndirən və Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallıqda aparıcı rolunu təsdiq edən şüurlu və suveren siyasi seçimdir. Ölkənin həmin qlobal layihəyə verdiyi töhfə, əslində, onun ənənəvi güc mərkəzlərindən asılılığını azaldan, alternativ əməkdaşlıq platformaları yaradan və nəticədə strateji muxtariyyətini sarsılmaz təməllər üzərində quran mühüm dövlətçilik strategiyasının təcəssümüdür.

Azərbaycanın “Bir kəmər, bir yol” təşəbbüsünə, xüsusilə Orta Dəhlizə verdiyi strateji önəmin siyasi köklərini anlamaq üçün ölkənin coğrafi və geosiyasi mövqeyinin yaratdığı tarixi çağırışları nəzərə almaq lazımdır. Dövlətimiz müstəqilliyini bərpa etdiyi ilk gündən etibarən Şimal və Cənubdakı böyük qonşularının (Rusiya və İran) hegemonluq cəhdləri ilə üzləşmiş, onların nəqliyyat- kommunikasiya xətləri üzərindəki inhisarçı mövqeyi ölkənin xarici dünya ilə sərbəst əlaqələrini məhdudlaşdıran amil olmuşdur. Həmin ölkələrdən keçən ənənəvi marşrutlar hər zaman siyasi təzyiq vasitəsi kimi istifadə edilmə potensialı daşımışdır. Məhz bu reallığı dərindən dərk edən ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi ilə Şərq–Qərb istiqamətində alternativ nəqliyyat dəhlizlərinin yaradılmasını xarici siyasətinin təməl prioritetlərindən birinə çevirmişdir.

Bakı–Tbilisi–Ceyhan neft və Bakı– Tbilisi–Ərzurum qaz kəmərləri ilə başlayan strategiya Bakı–Tbilisi–Qars dəmir yolunun inşası ilə özünün logistik zirvəsinə çatmışdır. Bu layihələr iqtisadi səmərə ilə yanaşı, ilk növbədə, Azərbaycanın Qərblə, Avropa institutları ilə birbaşa və hər hansı vasitəçidən asılı olmayan əlaqələrini təmin etmək məqsədi daşıyırdı. “Bir kəmər, bir yol” təşəbbüsü yarananda Azərbaycan artıq bu istiqamətdə addımlar atmış, müasir infrastruktura malik hazır platforma rolunu oynamağa başlamışdı. Beləliklə, Azərbaycanın Orta Dəhlizə qoşulması, sadəcə Çinin təklifinə reaktiv cavab deyildi, əksinə, ölkənin onilliklər boyunca apardığı suveren və müstəqil xarici siyasət xəttinin məntiqi davamı və kulminasiyası idi. Orta Dəhliz Azərbaycan üçün şimal və cənub marşrutlarına alternativ yaratmaqla ölkənin siyasi manevr imkanlarını genişləndirir, onun heç bir güc mərkəzinin təsir dairəsinə düşmədən balanslaşdırılmış və milli maraqlara söykənən siyasət yürütməsinə imkan verir.

Azərbaycanın “Bir kəmər, bir yol” strategiyasının digər mühüm siyasi aspekti ölkənin apardığı çoxvektorlu xarici siyasətin mükəmməl təcəssümü olmasıdır. Dövlətimiz Orta Dəhlizin mərkəzi liderinə çevrilməklə eyni anda bir neçə qlobal və regional güc mərkəzi üçün əvəzolunmaz tərəfdaş statusu qazanır. Bir tərəfdən, Azərbaycan layihənin təşəbbüskarı olan Çin üçün Avropaya ən qısa və təhlükəsiz çıxışı təmin edən etibarlı tərəfdaşdır. Bu, Pekinlə siyasi və iqtisadi əlaqələrin strateji səviyyəyə yüksəlməsinə zəmin yaradır.

Digər tərəfdən, həmin dəhlizin son nöqtəsi Avropa İttifaqı olduğu üçün Azərbaycan Avropanın təchizat zəncirinin təhlükəsizliyi və enerji şaxələndirilməsi siyasəti üçün həyati əhəmiyyət kəsb edir. Bu amil Azərbaycanın Avropa ilə münasibətlərində ona əlavə siyasi çəki və rıçaqlar qazandırır. Eyni zamanda, Orta Dəhliz Azərbaycanın strateji müttəfiqi olan Türkiyə ilə əlaqələri yeni, iqtisadi- siyasi inteqrasiya mərhələsinə keçirir və Türk dünyasının Mərkəzi Asiyadan Anadoluya qədər fasiləsiz quru əlaqəsinin onurğa sütununu formalaşdırır.

Nəhayət, dəhliz Mərkəzi Asiya respublikalarının okeana ən optimal çıxış marşrutu olduğu üçün, Azərbaycan həmin ölkələrə strateji qapı rolunu oynayır və Türk Dövlətləri Təşkilatı çərçivəsində inteqrasiya proseslərinin liderinə çevrilir. Beləliklə, Azərbaycan eyni layihə vasitəsilə Çin, Avropa İttifaqı, Türkiyə və Mərkəzi Asiya ilə münasibətlərini eyni vaxtda dərinləşdirir, onların maraqlarının kəsişdiyi və uzlaşdığı platforma yaradır. Bu, ölkəni potensial münaqişə meydanından əməkdaşlıq körpüsünə çevirən, onu beynəlxalq təcrid cəhdlərindən sığortalayan və xarici siyasətinin dayanıqlılığını təmin edən müdrik diplomatik manevrdir.

Ölkəmizin “Bir kəmər, bir yol” təşəbbüsündəki iştirakı iqtisadi mülahizələri aşan, dərin və çoxşaxəli siyasi məna kəsb edən strateji dövlətçilik aktıdır. Bu siyasət dövlətin geosiyasi mövqeyinin yaratdığı çağırışları fürsətə çevirmək, milli suverenliyi xarici təsirlərdən qorumaq və beynəlxalq aləmdəki rolunu artırmaq məqsədi daşıyan düşünülmüş və ardıcıl strategiyanın məhsuludur. Orta Dəhlizin fəal memarına çevrilməklə ölkəmiz özünü Avrasiyanın siyasi dialoq və maraqların uzlaşdığı mərkəz kimi təsdiq edir. Bu strategiya ölkəyə həm Şərqlə, həm də Qərblə kons truktiv münasibətlər qurmağa, eyni zamanda, Türk dünyası daxilində inteqrasiyanın lokomotivi rolunu oynamağa imkan verir.

Yusif ŞƏRİFZADƏ
XQ

Siyasət