“Gələcək çox tez gələcək”

post-img

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında Azərbaycanın daimi təmsilçisi, texnika üzrə fəlsəfə doktoru İbrahim Nəbioğlunun “Gələcək çox tez gələcək” kitabının təqdimat mərasimi keçirilib.

Milli Məclisin sədr müavini, Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov mərasimi açaraq İbrahim Nəbioğlunun şəxsiyyəti, dərin və çoxistiqamətli yaradıcılığı, özünəməxsus üslubu və müraciət etdiyi mövzular barədə danışıb.

O, İbrahim Nəbioğlunu çağdaş Azərbaycan maarifçiliyinin görkəmli simalarından biri kimi qiymətləndirərək, onun ziyalı ailəsində dünyaya gəldiyini, cəmiyyətdə daim yazıb-yaratmaq həvəsi, zəngin yaradıcılıq enerjisi və maarifçilik eşqi ilə seçildiyini xüsusi vurğulayıb. Bildirib ki, İbrahim Nəbioğlu uzun illər Azərbaycan Dövlət Televiziyasının ilk Türkiyə təmsilçisi kimi səmərəli fəaliyyət göstərib, həmçinin BBC-nin Orta Asiya və Qafqaz müxbiri, Rus xidmətlərinin Türkiyə üzrə müxbiri olub. O, yerli və xarici mətbuatda yüzlərlə məqalənin müəllifi, 20-dən çox sənədli filmin ssenari müəllifi və redaktoru, müxtəlif qəzetlərin köşə yazarıdır.

Akademik Rafael Hüseynov İbrahim Nəbioğlunun siyasi-ictimai fəaliyyətinə də toxunaraq, onun Azərbaycanın İstanbuldakı Baş Konsulu kimi dövlətçiliyə sədaqətlə xidmət etdiyini vurğulayıb.

Muzeyin direktoru İbrahim Nəbioğlunun 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Türkiyənin televiziya verilişlərində tarixi Zəfərlə bağlı çıxışlar edərək Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırdığını bildirib. Qeyd olunub ki, İbrahim Nəbioğlu dövrünün, yaşadığı zamanın nəbzini tuta bilən, cazibəsi ilə heyran etməyi, düşündürməyi bacaran istedadlı qələm sahibidir. Natiq dərin biliklərin, dəqiq elmi məlumatların toplandığı “Gələcək çox tez gələcək” kitabını gələcək nəsillər üçün dəyərli informasiya mənbəyi kimi dəyərləndirib, müəllifə yeni yaradıcılıq uğurları arzulayıb.

Milli Məclisin deputatı Fazil Mustafa, Şərqşünaslıq İnstitutunun baş elmi işçisi, professor Solmaz Rüstəmova-Tohidi, filosof, təhsil eksperti, professor Şahlar Əsgərov, Əməkdar incəsənət xadimi, Azərbaycanın Xalq artisti, tanınmış teatr, kino və televiziya rejissoru Ramiz Həsənoğlu, Alman–Azərbaycan Cəmiyyətinin sədri, professor Çingiz Abdullayev, bəstəkar, şair və naşir Rasim Müzəffərli və digərləri çıxış edərək nəşrlə bağlı fikirlərini bölüşüblər.

Çıxışlarda kitabın təqdimatının elmi ictimaiyyət üçün mühüm mədəniyyət hadisəsi olduğu bildirilib. Qeyd olunub ki, akademik Rafael Hüseynovun “Ön söz” yazdığı yeni nəşr akademik Azad Mirzəcanzadənin xatirəsinə ithaf olunub. Azərbaycan intellektual mühitində mühüm yer tutacaq bu kitab gələcəyə çağırış, dəyərlər toplusu olmaqla yanaşı, maarifçilik ənənələrinin bərpası və intellektual mədəniyyətin inkişafı baxımından əhəmiyyətlidir.

Qabil ƏLİYEV
XQ

Mədəniyyət