“İqlim Dəyişikliyi üzrə Azərbaycan Universitetləri Şəbəkəsi”nin qlobal hədəfi
ADA Universitetində “İqlim Dəyişikliyi üzrə Azərbaycan Universitetləri Şəbəkəsi”nin rəsmi açılışı ölkəmizin iqlim diplomatiyası üçün strateji bir dönüş nöqtəsidir. Təşəbbüs ölkədə ali təhsil müəssisələrinin, dövlət qurumlarının və beynəlxalq tərəfdaşların bir mərkəzdə toplanmasını təmin edir. Məsələ burasındadır ki, akademik institutların birləşməsi yalnız elmi potensialı artırmaqla kifayətlənmir, həm də siyasi qərarların sübut-dəlilli hazırlanmasına imkan yaradır.
Əslində, suallar çoxdur: belə bir şəbəkə həqiqətən də qlobal səviyyədə hansısa təsiri göstərə bilərmi? Azərbaycan bu təşəbbüsü regional və beynəlxalq siyasət müstəvisində bir alətə çevirməyi bacaracaqmı? Və ən əsası – akademik mərkəzli bir təşəbbüs dövlət siyasətinə necə inteqrasiya olunacaq? Cavabların axtarışı göstərir ki, şəbəkənin gücü yalnız təhsil və tədqiqatda deyil, həm də siyasətin formalaşdırılmasında və xarici əlaqələrin möhkəmlənməsindədir.
Universitet şəbəkələrinin əsas gücü onların yalnız təhsil verməklə kifayətlənməməsində, həm də siyasi prosesə sübut əsaslı bilik və analitik yanaşma gətirə bilməsindədir. “İqlim Dəyişikliyi üzrə Azərbaycan Universitetləri Şəbəkəsi”nin ADA Universitetində təşəkkül tapması Azərbaycanın iqlim gündəliyini daha qlobal və strateji müstəviyə daşıyır. Şəbəkə vasitəsilə universitetlər dövlət qurumlarının qərarvermə mexanizmlərinə birbaşa təsir göstərə bilən intellektual platforma funksiyasını yerinə yetirəcək.
Beynəlxalq təcrübəyə nəzər saldıqda görürük ki, Birləşmiş Krallıqda və Almaniyada ali məktəb şəbəkələri hökumətlər üçün əsas siyasət brifinqləri hazırlayır, araşdırma nəticələrini dövlətin iqlim proqramlarına yönləndirir, bununla da milli siyasətə strateji istiqamət verir. Bəs Azərbaycanda bu, necə tətbiq edilə bilər? Şəbəkəyə üzv universitetlər müntəzəm olaraq iqlim dəyişikliyi üzrə araşdırma nəticələrini birgə hesabatlar şəklində hazırlaya, siyasətçilərə təqdim edə və beynəlxalq tərəfdaşlarla paylaşa bilər.
Azərbaycan artıq alternativ enerji sahəsində strateji addımlar ataraq özünü yalnız neft və qaz ixracatçısı kimi deyil, həm də “yaşıl enerji mərkəzi” kimi təqdim etməyi bacarıb. Qarabağ və Şərqi Zəngəzur regionları bu kontekstdə xüsusi əhəmiyyət daşıyır. Burada həyata keçirilən günəş və külək enerji layihələri ölkənin enerji keçidinin lokomotivi olmaqla yanaşı, həm də siyasi mesaj xarakteri daşıyır.
“İqlim Dəyişikliyi üzrə Azərbaycan Universitetləri Şəbəkəsi”nin araşdırma və innovasiya proqramları ilə bu layihələrin sinxronlaşdırılması, Qarabağ və Şərqi Zəngəzuru yalnız enerji istehsalı bölgəsi deyil, həm də iqlim texnologiyaları və təcrübələrinin sınaq meydanına çevirə bilər. Nəticədə Azərbaycanın həm daxili enerji təhlükəsizliyi möhkəmlənəcək, həm də beynəlxalq tərəfdaşlara sübut olunacaq ki, Bakı real “yaşıl keçid” siyasətini praktik olaraq həyata keçirir.
Niyə Qarabağ və Şərqi Zəngəzur xüsusi əhəmiyyət daşıyır? Çünki bu bölgələr tarixi və siyasi baxımdan yalnız suverenliyimizin simvolu deyil, həm də Azərbaycanın iqlim diplomatiyasının ən güclü dayağına çevrilə bilər. Qarabağın “yaşıl enerji zonası” elan olunması daxildə milli birliyi möhkəmləndirir, xaricdə isə Azərbaycanın modern inkişaf modelinə inamı artırır. Şərqi Zəngəzur tranzit və enerji dəhlizlərinin qovşağı olaraq, alternativ enerji layihələrinin regional və beynəlxalq bazarlara çıxış imkanlarını genişləndirir.
Xarici investorlar üçün ən önəmli şərtlərdən biri siyasi sabitlik, ikincisi isə beynəlxalq şəbəkələrə effektiv inteqrasiyadır. Azərbaycanın bu sahədə üstünlüyü odur ki, həm regional sabitlik proseslərində lider mövqe tutur, həm də qlobal iqlim diplomatiyasında aktiv iştirak edir. “İqlim Dəyişikliyi üzrə Azərbaycan Universitetləri Şəbəkəsi”nin yaradılması bu baxımdan strateji əhəmiyyət daşıyır.
Xarici investisiya mühitini necə daha da cazibədar etmək olar?
Əvvəla, universitetlər şəbəkəsi çərçivəsində hazırlanacaq elmi nəticələr və siyasət brifinqləri Azərbaycanın iqlim və enerji keçidindəki praktiki addımlarını sübutlarla dəstəkləyəcək. İkincisi, pilot layihələr – məsələn, Qarabağda və Şərqi Zəngəzurda alternativ enerji üzrə “yaşıl zonalar”– ölkəni xarici kapital üçün açıq sınaq meydanına çevirəcək. Üçüncüsü, beynəlxalq universitetlər və təşkilatlarla birgə fəaliyyət Azərbaycanın “etibarlı tərəfdaş” imicini gücləndirəcək.
Bu model region ölkələrinə və Avropaya da mesaj verir: Bakı yalnız enerji resurslarının tədarükçüsü deyil, həm də bilik və innovasiyalar mərkəzidir. Beləliklə, xarici investisiya mühiti həm də siyasi sabitlik üçün dayanıqlı zəmin yaradır.
“İqlim Dəyişikliyi üzrə Azərbaycan Universitetləri Şəbəkəsi”nin uğur qazanması üçün onun fəaliyyətini yalnız akademik müstəvi ilə məhdudlaşdırmaq olmaz. Əksinə, bu platforma dövlətin siyasət proseslərinə sistemli şəkildə inteqrasiya edilməlidir. Azərbaycan üçün əsas üstünlük ondan ibarətdir ki, iqlim dəyişikliyi artıq həm də milli təhlükəsizlik, iqtisadi sabitlik və beynəlxalq nüfuz məsələsidir. Universitetlərdən ibarət şəbəkənin siyasi mexanizmə çevrilməsi necə baş verəcək?
Birincisi, şəbəkə dövlətlə birgə siyasət tövsiyələri hazırlamaqla faktiki siyasi institut funksiyası daşıya bilər. İkincisi, beynəlxalq tərəfdaşlarla əməkdaşlıq vasitəsilə Azərbaycanın mövqelərini qlobal iqlim sammitlərində gücləndirər. Üçüncüsü, daxildə gənclərin, müəllimlərin və ekspertlərin birgə fəaliyyətini təşkil edərək vətəndaş cəmiyyətinin siyasətə təsirini artırar.
Bu təşəbbüs siyasət, elm və diplomatiyanın birləşdiyi yeni mərhələnin başlanğıcıdır. Azərbaycan özünü həm regionda, həm də beynəlxalq aləmdə iqlim həlləri istehsalçısı kimi təqdim edə bilər. Akademik şəbəkənin siyasətə inteqrasiyası və alternativ enerji layihələri ilə sinxronlaşdırılması ölkəni yalnız tranzit ölkəsi deyil, həm də qlobal iqlim gündəliyinin fəal oyunçusuna çevirir.
Şəbnəm ZEYNALOVA,
XQ-nin siyasi analitiki,
siyasi elmlər üzrə fəlsəfə doktoru